Şura hökumətinin vaxtları idi. Xəlil baş mühəndis işləyirdi. Çalışdığı müəssisənin işi ilə bağlı ara-sıra Moskvaya, Leninqrada gedib-gəlirdi. Getməyinə gedirdi, amma rus dilini heç babat da bilmədiyindən çətinliyi olurdu. Rəis ona:
-Bəlkə sənin əvəzinə müavinini göndərək? -deyəndə Xəlil daş atıb başını tuturdu:
-Yox, ay rəis. Qudurtma uşaq-muşağı. O hara, Moskva, Leninqrad, Kiyev hara? Qudurar. Özüm əlinlə, ayağımla başa salacağam. Bir də niyə narahat olursunuz. Gedib-gələndə sizi ki yarıdıram ki. Yarıtmasam, siz deyəndir.
Ezamiyyət bir bəhanə idi. Gəzməkdən, yol getməkdən, Moskvanı, Leninqradı, Kiyevi gəzib dolaşmaqdan, əylənməkdən ötrü Xəlilin ürəyi gedirdi. Həm də rus qızarı ilə oturub-durur, gün keçirirdi. Çoxlu tanışları vardı.
İndi Moskvada idi. Neft Nazirliyinə gəlmişdi. Müəssisənin hesabatını təhvil verib tapşırıqlarını almışdı.
Tanya ilə danışmışdılar ki, “Bakı” restoranında görüşüb istirahət etsinlər. Görüş saat 18-də olacaqdı. Bir neçə saat vaxtı vardı. Xəlil mehmanxanaya qayıdıb duş qəbul elədi. Çay içib uzandı ki, bir az dincini alsın.
O uzanan bir də telefon zənginin səsinə oyandı. Tanya idi:
-Xalil, tı qde?
Xəlil saata baxdı.18.32 idi.
-Vay, – deyib ayağa sıçradı və cəld şalvarını geydi:
-Tanya, Tanyacan, tı mne bağışla, yəni izvini. Yatıb qalmışam, yəni spal qalmlşam. Ostalsa.
Tanyanı gülmək tutdu. Rusca:
-Səni gözləyim, yoxsa çıxıb gedim? – deyə soruşdu.
Xəlil tez:
-Kuda idyoş, ya idu. Tam sidi ki, ya idu…
Xəlil taksi çağırıb tez restorana sürdürdü.
Tatyana bəzənib-düzənib ətirlənmişdi. Onu görən Xəlilin az qala ürəyi gedə. Öz-özünə: “Ə, bu rus qızları özlərinə baxa, özləırini istədə bilirlər də…”
Tatyana ayağa qalxıb irəli yeridi. Özünü Xəlilin üstünə atdı:
-Xalilçik, doroqay…
Xəlil də öz növbəsində:
-Can Xalilçik, – dedi. – Loblu tebya, ay Tanya.
Gülməkdən Tatyananın gözləri yaşardı, rusca:
-Xalilçik, – dedi. -Bilirsən səni niyə çox istəyirəm?!
Xəlil soruşdu:
-Niyə, ay Tanya?
Tatyana:
-Rus dilində danışığına görə, -dedi. -Təzə dil açan uşaq var ha… sən rusca onun kimi danışırsan. Çox xoşuma gəlir.
Bunu eşidən Xəlili də gülmək tutdu. Öz-özünə: “Nə edim, çulumu sudan çıxarır, işlərimi yoluna qoturam ki…”
Bakı şəhəri, 22 aprel 2025-ci il
Yazıya 5 dəfə baxılıb