Muğam müsabiqəsi haqqında düşüncələr

Ələmdar Məmmədov:Münsiflər Mehriban xanımın bu qayğısına  tez-tez, yerli-yersiz təşəkkür səsləndirməkdənsə, öz vəzifələrini layiqincə icra edib, doğru-düzgün seçim etsəydilər daha yaxşı olardı”.

IX “Muğam” Televiziya Müsabiqəsi davam edir. Təəssüflər olsun ki, əvvəlki müsabiqələrdə mövcud olan səhvlər yenə təkrar olunur. Buna görə də dəyərli hüquqşünasımız Ələmdar Məmmədovun VIII “Muğam” Televiziya Müsabiqəsi zamanı qələmə aldığı, mətbuat səhifələrində dərc edilən bu məqaləni yenidən sizinlə paylaşırıq. 

Yaxşı olmaq asandır, adil olmaq çətin!

V.Hüqo

Artıq 20 ilə yaxındır ki, mədəni həyatımızda möhtəşəm hadisə baş verir. Xalqımız qədər məhrumiyyətlərə məruz qalan muğamımızı dirçəldən və gümrahlaşdıran müsabiqələr keçirilir. 44 günlük zəfər savaşından sonra baş tutan bu ilki 8-ci muğam müsabiqəsi bir çox cəhətdən əlamətdardır. Final mərhələsinin bir neçə il öncə xəyal kimi görünən Şuşada keçirilməsi, ilk dəfə çox sayda azyaşlının müsabiqəyə qatılması, şəhid ailələrinin və qazilərimizin dəvət olunması çox müsbət  haldır.

Müsabiqə təşkilatçıların, icraçıların, iştirakçıların, radio və televiziya işçilərinin gərgin əməyi nəticəsində ərsəyə gəlib.

Lakin ən böyük məsuliyyət münsiflərin üzərinə düşür.

9 nəfərdən ibarət münsiflərin hər biri sənətdə, ədəbiyyatda öz sözünü demiş, onlarla gənc sənətkar yetişdirmiş, muğamımızı və son nəticədə Azrbaycanımızı dünyaya tanıtmış, xüsusi məziyyətləri olan böyük sənətkarlardır.

Məs: İlqar Fəhminin izahında hətta bildiyin şeir və qəzəli sanki təzədən öyrənirsən. Əsl məktəbdir!

Münsif olmaq özü də bir sənətdir. Burada təkcə bilik, bacarıq, ustalıq kifayət etmir. Əsas məsələ ədalət tərəzisinin düzgün qurulmasıdır.

Ədalət isə başqasına ziyan vurmamaq, hər zaman hər kəsə haqqı olanı verməkdir.

Hamının sevinclə qarşıladığı bu müsabiqədə bəzi münsiflərin laqeydliyi, qeyri obyektivliyi, bilərəkdən və ya bilməməzlikdən qıcıq yaradan hərəkətləri təəssüf hissi yaratdı.

Məsələn:

2-ci turda qeyri adi hadisə baş verdi… Məlumdur ki, el arasında “yetim segah”kimi tanınan xaric segahın ən mahir və təkrarolunmaz ifaçısı İslam Abdullayev (Segah İslam) olub. Onun Qumrinin çətin yadda qalan, məxsusi nəfəs və səs diapozonu tələb edən “Keçər qürbətdə ömrüm ah ilə bir həmzamanım yox” sözləri ilə başlayan segahını 110 ildir ki, heç kim təkrar etməmişdi. Doğrudur, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər “Yetim segah” ifa ediblər, lakin tez yadda qalan, asan tələffüz edilən qəzəllərlə oxuyublar. Deyirlər, Cabbar Qaryağdıoğlu hansı məclisdə İslamı görərmiş, ondan “Yetim segah” ifa etməyi xahiş edərmiş. Sonrakı illərdə Xan Şuşinski, Yaqub Məmmədov, Arif Babayev, Alim Qasımov kimi korifeylər “Yetim segah” oxusalar da, Qumrinin qəzəli ilə ifa etməyiblər. Və birdən bu müsabiqədə İslamın segahını səsləndirən Daşqın Kürçaylı tamaşıçıları bir əsr əvvələ aparır, sanki İslamın, Cabbarın avazını, səsini eşidirik. Əslində gənc müğənni qədim muğamla müasir muğamın sintezini yaratmışdı. Zalda oturanlar alqışlarını əsirgəmədilər. İfa sona çatdıqdan sonra söz münsiflərə verildi. Hamı münsiflərin eyni anda yüksək bal verəcəyini gözlədiyi halda, qəribə yanaşma oldu. Biri gözlərini yummasını irad tutdu, digəri “cəsarətinə görə” 9 bal verdi, digər xalq artisti isə bu qəzəli Alim Qasımovun ifasında eşitdiyini bildirdi (Alim Qasımov çox segah ifa edib, lakin Qumrinin qəzəli ilə yox). Başqa bir xalq artistimiz, özün kimi oxu, dedi (İslamı, Cabbarı, Xanı, Yaqubu, Arifi, Alimi, Zeynəb xanımı, Səkinə xanımı yamsılamaq özü də bir hünər deyilmi?). Bir xalq artistimiz də daha irəli gedərək “zildə sözlərini başa düşmək olmur” deyə, 8 bal verdi. Yalnız axırıncı danışan Fərqanə Qasımova bu segahın İslam Abdullayevə aid olduğunu bildirdi. Beləliklə, Daşqın Kürçaylı cəmi 79 bal topladı. Adamda belə təsəvvür yaranır ki, xalq artistləri, professor, dosent vəzifəsi daşıyan münsiflər sanki ən məşhur və uzunömürlü segahımıza qulaq asmayıblar.

Sənətinə və şəxsiyyətinə hörmət etdiyim xalq artisti Mələkxanım münsif kimi bir sıra ziddiyətli qərarlar səsləndirdi.   Məsələn, Aydan Süleymanzadə Qarabağ şikəstəsini zəif oxudu. Ilk sözü deyən Mələkxanım “Qarabağ” adına görə sənə 9 bal verirəm, dedi. Digər münsiflər isə aşağı bal verdilər və Aydan cəmi 61 bal toplayaraq müsabiqəni tərk etməli oldu.   Əmrah Məmmədova digər münsiflər 8 bal verdi. İlk fikir bildirməli olan Mələkxanım heç bir şərh vermədən 7 bal göstərdi.  4-cü turda Mələkxanım iki azyaşlı ifaçıya izahatsız və şərhsiz 7 bal verdi.

5-ci turda adlı-sanlı xanəndələrin belə ifa edə bilmədiyi “Ovşari” muğamını məharətlə oxuyan azyaşlı Sabir Ağayevə bütün münsiflər 10 bal verdilər. Yuxarıda qeyd edildiyi kimi, adətən şərhsiz qiymətlər verən Mələkxanım balaca ifaçını “xeyli danladıqdan” sonra, 9 bal göstərdi (Bu məsələ ilə əlaqədar görkəmli yazıçımız Seyran Səxavət “Moderator.az” saytında öz iradını bildirib).

Digər münsiflərimiz də qüsurlu qərarlar verirdilər. Daşqın  Kürçaylı 12 dəqiqə möhtəşəm “Simayi şəms”ifa etdi. İrad tutdular ki, Yavər Kələntərlini yamsılayırsan (Rəvanə Əmiraslanova bu gün də oxuyanda ustadı hörmətli Səkinə xanımı xatırladır).

3-cü turda  Vüsal Qasımov “Mənsuriyyə”ni ortabab oxudu. Xüsusilə, əvvəlində səs pərdəyə oturmurdu. Münsiflər bir nəfər kimi “cəsarətinə görə” həmin məqamda ən yüksək olan 9 bal verdilər. 6-cı turda Səbinə Abbasova “Şikəsteyi fars “ oxudu. Muğamı zəif oxusa da, sözləri aydın və düzgün çatdıran gənc müğənniyə hörmətli İlqar Fəhminin digər həmkarları kimi 8 bal göstərməsi təəccüb doğurur.

Adlarını çəkmək istəmədiyim iki xalq artisti danışanda adamda belə təsəvvür yaranırdı ki, sanki onlar Azərbaycan dilini bilmirlər. Münsiflər səhvləri qeyd edərkən, necə oxumağı göstərsələr daha yaxşı olardı (bir neçə dəfə Fərqanə Qasımova və Teyyub Aslanov cəhd etdilər,lakin görünür onlara belə iş görməməyi tapşırdılar).

Tamaşacı zövqü alqışlarda ifadə olunur. Bunu nəzərə almaq lazımdır.

Müsabiqənin 2-ci yarısında münsiflərin qeyri adekvakt hərəkətləri qismən azalsa d,a yenə təəccüblü yanaşmaların şahidi olduq. Bir neçə misal gətirmək istəyirəm: 7-ci turda Daşqın Kürçaylı on dəqiqə ərzində segah zabulun 5 şöbəsinə dəydi, bərdaşt oxudu, mayədən  manəndi müxalif eylədi, segah və zil manəndi müxalifə dəydi, təsnif oxudu. On dəqiqədə bu gəzişmələri edən hər bir xanəndə alqışa və təşəkkürə layiqdir. Amma münsiflər Daşqının çıxışını cəmi 75 balla qiymətləndirdilər. Nəzəri biliyinə heç bir şübhə olmayan Sərdar müəllim bu “danlaq prosesində” xüsusi fəallığı ilə seçilirdi. Üzeyir bəyin məqalələrinə istinad edən Sərdar müəllim “danlağının” sonunda əsəbi halda iki dəfə “bu nə deməkdir, bu nə səyahətdir?” – deyə, 9 bal göstərdi (Yaqub Məmmədov 10 dəqiqə, Xan əmi isə 6 dəqiqəlik “Mirzəhüseyin segahı”nda nələr etmədilər? O olmasın bu olsun filmində Xan 100 saniyədə “Kürdü-şahnaz”ın demək olar ki, bütün şöbələrini gəzişmişdi).

Hörmətli Sərdar müəllim! İncəsənət nümayəndələri ilə incə və yumşaq davranmaq lazımdır. Gəncləri sındırmaq olmaz. Sizin iradlarınız bəzən ittiham nitqinə bənzəyir.

Səkinə xanım, Razi Şükürovun bərdaştda bütün şöbələri gəzişməsini qeyd etdi. Razi Şükürovun ustalığına heç bir şübhə olmasa da, zil oxuyan xanəndələrdən misal gətirilsəydi daha yaxşı olardı.

Münsiflər haqlı olaraq gənclərə söz səhvlərini və tələffüzünü irad tuturlar. Xüsusilə, İlqar Fəhminin izahları çox mükəmməldir. Təəssüf ki, bəzi münsiflər özləri sözləri düzgün tələffüz etmir, Azərbaycan dilinin qrammatik qaydalarına əməl etmirlər.

Bəzən adamda belə təsəvvür yaranır ki, müəyyən şəxslərə deyiləsi sözlər və fikirlər əvvəlcədən qərarlaşdırılır.

Tahir Şəfiyev əvvəlki çıxışlarına nisbətən zəif oxudu. Münsiflər haqlı olaraq aşağı – 8 bal göstərdilər. Yalnız Fərqanə xanım 9 bal göstərdi. Axırıncı fikir bildirən İlqar müəllim heç bir söz demədən, sanki acığa, plan doldururmuş kimi 7 bal göstərdi. Cəmi 64 bal.

Sərdar müəllim Məftunun (bəlkə də Tahirin) ifasına münasibət bildirərkən səhvsiz oxudun, lakin zövq ala bilmədik, – deyib, aşağı bal göstərdi. Maraqlıdır, Sərdar müəllimin zövq alması üçün ifaçı daha nə etməli idi?

Münsiflər tərəfsiz olmalı, öz rəğbətini gizlətməyi bacarmalıdır.

Mərhum ustadımız Əlibaba müəllim deyirdi ki, xanəndə 30 yaşa qədər öyrənir. Vüqar Əbilov gənclər arasında ən yaşlı olmaqla bərabər, ifa etdiyi muğamların incəliklərini bilən, sabit çıxışı ilə fərqlənən pəsxan xanəndələrimizdəndir. 9-cu turda Vüqar ən zəif çıxışını etdi. “Bayatı Qacar”da bərdaşt edə bilmədi, səsi pərdədən çıxdı. Tez mayəyə düşdü, xeyli pəstən oxuduqdan sonra “Hüseyni”, “Şikesteyi-fars” eylədi. Təsnifi başlayanda da səsi “sürüşdü”. Vüqar özü də əvvəlkilərdən zəif oxuduğunu bilirdi. İlk sözü deyən Arif müəllim haqlı olaraq Səkinə xanımın tələbəsi olsa da, zil pərdəyə dəymədin, – deyə 9 bal verdi. İki tur əvvəl başqasının (Daşqının ) şöbə gəzişmələrini kəskin tənqid edən Sərdar müəllim Vüqarın gəzişmələrini xüsusi şövqlə bəzədi və ayaqları düzgün verdiyinə görə 10 bal göstərdi. Digər münsiflər də hətta Vüqarın təəccübünə səbəb olan təriflər yağdırıb 10 bal göstərdilər. Düzü, yadıma keçən müsabiqədən bir hadisə düşdü. Tanınmış xanəndələrin birinin qardaşı oğlu müsabiqəyə qatılmışdı. Gəncin səsi xəstələndiyi üçün qətiyyən işləmirdi. Münsiflər onu zorla saxladılar. ”Səs olanda oxumağa nə var, səs olmayanda oxumaq igidlikdir” – dedilər. Təkrar turda hiss olunurdu ki, gənc oxumaq istəmir. Özünü zorla bəzi münsiflərin əlindən qurtarıb müsabiqəni ləyaqətlə tərk etdi.

Bəzən sanki irad tutmaq xatirinə söz deyənlər olur. 9-cu turda Daşqın Kürçaylı möhtəşəm rast oxudu. Hamı 10 bal verdi. Mələkxanım, “Çox narahat oxudun, zəngulələrin səliqəsiz idi, eşqin yox idi”, – dedi və 10 bal göstərdi. Hörmətli Mələkxanım, əgər bu qədər nöqsanı var idisə, nə üçün 10 bal göstərdiniz? Sanki, hamı bu gəncə irad tutmaq istəyir, ən mükəmməl ifasına heç nə tapmadıqda, “yaxşı oxudun, dinamika çatışmırdı”, deyirlər. Əlbəttə, Daşqında həyəcan hiss olunurdu çünki, tənqid olunacağını qabaqcadan bilir və öz potensialını tam göstərə bilmirdi.

Ümumiyyətlə, zil oxuyanlara tez-tez təkrar edilən irad “zildə sözlərini başa düşmək olmur” ifadəsidir. Maraqlıdır, irad tutanların özləri zil pərdədə sözləri aydın deyə bilirlərmi?

Keçən əsrin 30-cu illərində təkcə görkəmli şəxslərimiz deyil, həm də kimliyimizi, mənliyimizi bildirən muğamımız da repressiyaya məruz qalmışdı. ”Oxuma tar, səni istəmir proletar şuarı” ilə başlanan bu kompaniyaya nakam şairimiz M.Müşfiq kimi ziyalılarımız

Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..

– deyə, cavab verdilər. Belə bir fikir formalaşmışdı ki, pessimist əhval- ruhiyyə yaratdığından və fərdiyyətçiliyi təbliğ etdiyindən muğam kommunist əxlaqına zidd elementdir. Xüsusi ilə şaqraq zəngulələr vuran, uzun nəfəsli zil oxuyan xanəndələr sanki kommunistlərin gözünə bıçaq kimi girirdi. Çünki zil zəngulələr qəhramanlıq, döyüşkənlik, cəngavərlik  rəmzi kimi xalqımızın ruhuna daha uyğun idi. Belə bir vəziyyətdən çıxış yolunu dahi Üzeyir bəy Cabbar Qaryağdıoğlunun dəstəyi ilə pəsxan xanəndələrin önə çəkilməsində gördü. Beləliklə, muğam dəstgahlarının mahir bilicisi pəsxan Zülfü Adıgözəlov ön plana keçirildi və muğamımız ağır basqılardan qurtulmuş oldu. Tezliklə Zülfü Adıgözəlovun ardıcılları əmələ gəldi. Ağabala Abdullayev, Sahib Şükürov, Əbülfət Əliyev, İldırım Həsənov, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, cənubda Mustafa Payan (o taydan bu taya Mustafa Payan, Oxuyur Vahidin qəzəllərini. B.Vahabzadə) sonrakı dövrlərdə Ağaxan Abdullayev, Tələt Qasımov, Razi Şükürov və başqaları, məhz, Zülfü məktəbinin yetirmələridir. Maraqlıdır ki, 30-cu illərin ortalarından 50–ci illərin axırlarına qədər zil oxuyanlara meydan verilmədi. Hətta inqilaba qədər artıq tanınmış  xanəndələr Xan Şuşinski və Seyid Şuşinskinin səsləri lentə yazılmırdı.

Yaqub Məmmədovun səhnəyə gəlməsi ilə “zilxanlara” qismən imkan verildi. Sonrakı illərdə Canəli Əkbərov, Sabir Mirzəyev, Qədir Rüstəmov, Qaraxan Behbudov və Alim Qasımov, çətinliklə olsa da, öz sözlərini deyə bildilər. Lakin “zilxanlara” hücum heç vaxt dayanmadı və bu gün də davam edir.

Zil zəngulələrə münasibətin acı nəticəsidir ki, Ovşarı muğamını zil pərdədə oxuyan azyaşlı ifaçı Sabir Ağayev  növbəti turda Şur (Şur-şahnaz)             muğamını axıra qədər bəm pərdədə ifa etdi və haqlı olaraq aşağı bal aldı.

Muğamın gözəlliyi şaqraq zəngulələrlə ifadə olunur, zümzümə etməklə yox!

Azyaşlıları və gəncləri hazırlayan xanəndələrimizin zəhməti danılmazdır və hər cür alqışa layiqdir. Amma müəllimlərin zalda hərəkəti bəzən az qala  işarələr etməsi düzgün deyildir. Məsələn, 10-cu turda Ülkər Abdullayeva “Mahur hindi” muğamını əla ifa etdi və haqlı olaraq münsiflərdən maksimum bal aldı. Sənətdə olduğu kimi pedoğoji fəaliyyətində də böyük uğurlar qazanan müəlliminin sürəkli, nümayişkəranə və davamlı şəkildə alqışlaması müsabiqə qaydalarına uyğun deyil. Yenə 10-cu turda Vüqar Əbülovun ufasına ağsaqqal münsifin öz hisslərini təkçə üz ifadəsi ilə deyil, həm də əl oynatması ilə büruzə etməsi müsabiqə ruhuna tamamilə zidd hərəkətdir.

Fikrimizcə, ifalar qiymətləndirilərkən məxsusi hallar da qeyd olunmalıdır.

Məsələn,10-cu turda Humayun oxuyan Məftun Səfərli “bidad”da bir ağız segah etdi. Deyilənlərə görə Məftuna qədər bunu heç kim etməmişdi. Lakin təəssüf ki, münsiflər bu “ilki” layiqincə qiymətləndirmədilər.

Müsabiqə qaydalarına uyğun olsada xanəndənin qəzəli üzünə oxuması ifanın effektini azaldır. Keçən müsabiqələrdə belə xanəndələrə tövsiyyə xarakterli iradlar səslənsədə,bir neçə dəfə üzünə oxuyan Vüqar Əbilova heç bir söz deyilmədi.

Fikrimizcə münsiflərin seçilməsində aşkarlıq olmalı, bütün münsiflər rotasiya olunmalıdır. Bəzi münsiflərin hərəkətlərinin nəticəsidir ki, 2-ci turdan başlayaraq finalçıların kimlər olacağı barədə kuluarlarda gəzən söz-söhbət demək olar ki, öz təsdiqini tapdı. Hətta müsabiqəni tərk edəcək iştirakçının hansı qrupdan olacağı da əvvəlcədən hiss olunurdu.

20 il öncə muğamımız tənəzzül dövrünü yaşayırdı. Toylarda muğam ustalarını az görürdük. Cənublu qardaşlarımız muğam  ifa edəndə elə təsəvvür yaranırdı ki, başqa millətin nümayəndəsi oxuyur. İndi isə ancaq Azərbaycan muğamına xas olan nəfəslə və təmiz Azərbaycan dilində oxunuş eşidirik. Bu, keçirilən müsabiqələrin ən böyük uğurlarından biridir.

Xalqımız həmişə sənətə və sənətkara hörmətlə yanaşıb, son tikəsini bölüşüb, yaşadıb sənətkarı. Son 30 idə bu sevgiyə dövlət qayğısı da əlavə olunub. Tam məsuliyyətlə demək olar ki, bu gün dünyanın heç bir ölkəsində sənətkarlar dövlət qayğısı ilə bizdəki səviyyədə əhatə olunmayıb. 200-ə yaxın sənət adamına fəxri adlar verilib, müxtəlif mükafatlarla təltif olunublar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük sənətkarımız Əlibaba Məmmədovu xəstə olarkən evində yoluxması və onunla dialoqu bunun bariz nümunəsidir.

Hamıya bəllidir ki, muğamımızın və keçirilən müsabiqələrin əsl hamisi hörmətli Mehriban xanımdır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın səyi və dəstəyi nəticəsində 2008-ci ildə muğamımız UNESKO-nun mədəni irs siyahisinə daxil edilib. Sonrakı illərdə tar, kamança və digər mədəniyyət nümunələrimiz cəmi 13-ü bu siyahıya əlavə olunub. Bu ilki muğam müsabiqəmizdə Mehriban xanımın dəstəyi və xeyir-duası ilə həyata keçirildi. Münsiflər Mehriban xanımın bu qayğısına  tez-tez, yerli-yersiz təşəkkür səsləndirməkdənsə, öz vəzifələrini layiqincə icra edib, doğru-düzgün seçim etsəydilər daha yaxşı olardı.

         Heç kim unutmasın ki, ictimai-siyasi fəaliyyətində minlərlə xoşməramlı əməllərinə görə nəinki ölkəmizdə, hətta dünyada xeyirxah insan kimi tanınan Mehriban xanım həm də Heydər Əliyev ocağında yetişmiş tanınmış dövlət xadimidir. Və bir gün himayə etdiyi, mən deyərdim ki, hətta əzizlədiyi layihənin icra vəziyyətini yoxlatdırar!!!

TƏKLİFLƏR:

1.Gələcək müsabiqələrdə münsiflər mütləq rotasiya olunmalı, Qəzənfər Abbasov, Aqil Məlikov  kimi muğam bilicilərini dəvət edilməlidir.

2.Münsiflər səhvləri qeyd edirlər, lakin necə   oxumağı göstərmirlər (bir neçə dəfə Fərqanə Qasımova və Teyyub Aslanov bunu etdilər). Bu boşluğu doldurmaq üçün Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev və Gülyanaq xanım kimi nisbətən gənc sənətkarları münsiflər heyətinə qatmaq lazımdır.

3.Münsiflər seçilərkən sənətdə uğurları, ustalığı ilə yanaşı, fikrini səlist ifadə edən, natiqlik qabiliyyəti olan sənətkarlara üstünlük verilməlidir.

4.Bal verilməsi 5-8 arası olmalı, 9 bal çıxarılmalı və son dərəcə yüksək ifaya görə, nadir halda 10 bal göstərilməlidir. Münsiflərə hər turda  bir dəfə 10 bal vermək hüququ verilməlidir.

5.Müsabiqənin obyektiv keçirilməsi üçün, ifaçını hazırlayan müəllimlər zalda olsalar da, gözdən uzaq yerdə oturmaları məqsədə müvafiqdir.

6.Qaliblər müəyyən edilərkən sosial şəbəkələrdə kimin ifasına  neçə nəfərin baxması nəzərə alınmalıdır.

7.Aparıcıların alqışların kəsilməsində və münsiflərə söz vermə ardıcıllığında müəyyən qayda yaradılması zəruridir.

8.Tamaşıçıların zala buraxılmasında tərəfsizlik olmalıdır. Eyni münsifləri və izləyiciləri nə qədər görmək olar? Arzu edənlərin nə vaxt, hara və kimlərə müraciət etməsi əvvəlcədən elan olunmalıdır.

Ələmdar Məmmədov, hüquqşünas

 

P.S.

Xalq artisti Mənsum İbrahimova

Hörmətli Mənsum müəllim!

Bir dəfə Sizinlə söhbətimizdə, xanəndələrimiz  nə üçün İslam Abdullayevin, Şəkili Ələsgərin, M.M.Fərzəliyevin təsniflərinə müraciət etmirlər, – deyə soruşduqda, – indi o səslər yoxdur, – dediniz və mən Sizinlə razılaşdım. Qocaman xanəndələrin biri deyirdi ki, klassik muğam Yaqubla getdi, Arifdə ilişib qalıb. Böyük sənətkarımız Əlibaba Məmmıdov çıxışlarının birində dedi ki, hamı oxuyur, amma mən 60 ildə 3 səs eşitmişəm – Xan əmi, Yaqub Məmmədov və Arif Babayev. Əgər Əlibaba müəllim sağ olsaydı, sonuncu müsabiqədə ifalarında “bərdaşt” eyləyən, tarın bütün pərdələrində gəzişən və səs məlahətini itirməyən, bəm də və zil də çətin qəzəlləri doğru-düzgün tələffüzlə dinləyiciyə çatdıran, tamaşaçılar tərəfindən ən çox alqış qazanan, sosial şəbəkələrdə baxış sayı hamıdan üstün olan, yerli-yersiz irad və tənqidlərə məruz qalsada ruhdan düşməyib, finalçı olmağı bacarıb, şərikli 3-cü mükafata layiq görülən, Cabbarın “Vilayətisini”, Seyidin “Bərdaştını” (çahargah), Ələsgərin “Rahabını”, Xanın “Kürdü-Şahnazını” ,Yaqubun ağ segahlı “Mənsuriyyəsini” 21-ci əsrə daşıya biləcək,  Sizin dediyiniz “səslə” bir əsrdən sonra  İslamın “Yetim Segahını” oxuyan və bununla da klassik muğamla müasir muğamın sintezini yaradan Daşqın Kürçaylını da bu siyahiya əlavə edərdi. Allahın nəzəri, ustadların diqqəti bu gəncin üzərində olsun.

Amin!

.

 

Yazıya 32 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.