Xarıbülbülün Xarıgülnarı – Əsəd CAHANGİR

 47024093_1606668549479895_2694821910696427520_nÜnüm ünlə,

sözüm dinlə, firəngistan!

Sənə salam var Firəngizdən!

Hə, düz eşitdin adın,

xalqın sevilən sənətçisi Firəngizdir

ağ alnını Şuşa torpağına qoyan bu qadın!

İllərini əlindən almısan,

ömründən nə az, nə çox,

otuz il çalmısan onun!

Bunu bilirsənmi,

ölüb yerə girirsənmi?

Gülnar oynamışdı qırx il öncə,

amma bu dəfə tamaşaçısı – Allah,

səhnəsi – Cıdır düzü!

Nə oynayır, nə də yapır,

oyunçusu, yapımçısı –

bu dəfə – zaman özü!

And olsun ki, bu qadın

qu desən, qulaq tutulan

qaranlıq gecələrdən

işıqlı səhərə gəlib!

Doğulduğu şəhərə gəlib

otuz ildən sonra

güllü bir may günü,

xarıbülbüllü toy günü…

Amma

deməyin ha

eləcə ziyarətdir!

Şəkillərə baxın bir –

birində qiyam var, birində rüku,

üçüncüdə səcdə.

Bu da bir ibadətdir!

Bu da bir ibadətdir!

Əzizinəm, Şuşadı,

Kəbə ilə qoşadı!

Başına dönək, Şuşa,

təvaf eləyək səni,

bəs, bu otuz ili sən

necə dözdün,

necə yaşadın?

Gəlin,

dəyişək təqvimləri,

əqrəbləri lap başa fırlayaq,

zamanı sıfırlayaq!

Tarixə gələcəkdən başlayaq,

şeytanı bu gündən daşlayaq,

lap elə bu zamandan!

Nuhun tufanı,

İsanın mövludu,

Məhəmmədin hicrəti yox,

Firəngizin öz alnını

şəhid qanı tökülən torpağa

basdığı andan!!!

Bəlkə də, şişirdirəm,

bəlkə də, yanılıram,

bu gün könlüm şüşədir.

Bu gün sözümün canı

fikrimin əvvəli-sonu

Şuşadır!

Allah,

sənə şükr olsun!

Şəhidlərimin adı

adın kimi zikr olsun!

Şəhid bacıları bacım,

anaları anam olsun!

İlbilgə xatun Mehriban,

Bilgə kağanımız İlham olsun!

Qazilərimizə ehtiram,

Dost ellərə salam olsun!

Sular axsın, durulsun,

göyərsin otlarımız,

ulaşsın qurdlarımız!

Kişnəsin alma gözlü

Qarabağ atlarımız!

Cıdır düzündə

bir şülən qurulsun!

Ötükəndəki kimi ət təpələnsin,

tökülsün qımızlar,

göl kimi çalxalansın,

dəniztək ləpələnsin!!!

Sonra dağ başında tütək üç tütün,

Çatsın el-aləmə ünümüz bütün!

Ozanlar ozanı Dədəm Qorqudla

Yazanlar yazanı Anar

dərə, təpə, düz gəlsinlər,

biri əlində qələm,

o biri qolça qopuz – gəlsinlər!

Boy boylasınlar,

soy soylasınlar,

qaynasınlar, daşsınlar,

düzüb qoşsunlar!

Səsimiz batıdan batıb, doğudan car olsun,

üzü görklü Məhəmməd Mustafa eşqinə,

Tanrı bizə yar olsun!

Və Cıdır düzü

xarıbülbüllərdən süzülən

mənəkşə nurlarla dolsun!

Başını səcdədən qaldıran Firəngiz

görsün dörd yanı mənəkşə,

dağı, ormanı mənəkşə…

Üzü nur saçsın!

Bircə addım atıb,

vaxtın sınırların aşsın,

dönüb Xarıgülnar olsun…

 

Yazıya 328 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.