İSMAYIL MƏRCANLI İMANZADƏ – TÜRKİYƏ-AZƏRBAYCAN (şeirlər)

İsmayil 15Bir-birinə bənzəyir

Əkiz qardaşlar kimi.

Tanınıblar ən əziz

Dostlar-sirdaşlar kimi.

Ləhcələri şipşirin,

Harda var belə sərvət?

Müdriklər yaxşı demiş –

“Bir millət, iki dövlət”!

Sən bir möcüzəyə bax,

Biri ürək, biri can-

Türkiyə-Azərbaycan!

 

Ay-ulduz nişanlıdır

Möhtəşəm bayraqları.

Şimşək kimi çaxıblar

Tapdananda haqları.

Ləkəsiz bir aynadır

Dənizləri, gölləri.

“Can” deyib, “can” eşidir

Obaları, elləri.

Dağları şah vüqarlı,

Həm sultandır, həm də xan –

Türkiyə-Azərbaycan!

 

Yenilməz dar ayaqda

Ərənləri, ərləri.

Şəhid ucalığından

Güc alıb zəfərləri.

Cavad xan, Məmməd Əmin,

Atatürk, Heydər adlı

Qibləgahları canlı.

Ulu tarixlərinin

Hər sətri, sözü şanlı.

Böyük türk dünyasının

Cismində dövr edən qan –

Türkiyə-Azərbaycan!

 

Düşmənə göz dağıdır

Şəhərləri, kəndləri.

Bir qala timsallıdır

Bərələri-bəndləri.

Əzəl gündən hər biri

Dosta-dostdur, yada-yad.

Keçmişləri şərəfli,

Çağdaş günləri abad.

Dar ayaqda yan-yana

Dayanıbdılar hər an –

Türkiyə-Azərbaycan.

 fevral,2017

 

SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM

(Bir vaxtlar Böyük Mərcanlıda ən azından  görünüşü ilə çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)

 

Salam, mənim viran qalmış evim-eşiyim,

Köksündəki  “əl izləri” söylə yadınmı?

Yağmalanan künc-bucağın  yuvam-beşiyim,

Ta yanına qayıtmışam, tanımadınmı?

 

Kim sökübdür tavanını, çarhovuzunu,

Susuzluqdan çat-çat olub dilin-dodağın.

Gizli-gizli sızlamısan illər uzunu,

Güllələrə tuş gəlibdir pöhrən, budağın.

 

Heç çatdımı qulağına səsim-harayım,

Səksəkəli gözlərindən yuxun qaçdımı?

Söylə hanı xartut, innab, ağ şanı… payım,

Məndən sonra çiçəklərin bir də açdımı?

 

Görən hanı aynabəndin, qapın, pəncərən,

Nə  divarın yerindədir, nə də çardağın.

Heç oldumu əncirini, narını dərən,

Kol-kos basmış bağım-bağçam sənin gözdağın…

 

Yağıyamı qismət oldu dəmir darvazan,

Bu qapıdan adlamışdı neçə dost-tanış.

Oyaqdırsa qoy, eşitsin bəxtini yazan,

Ta susmağın yeri deyil, bir az din, danış.

 

De, budursa o zamankı yazı otağım,

Yandırılmış kitabların külü hanı bəs?

Nə qələmim yerindədir, nə də  varağım,

Əlyazmamı soraqlayıb, gəzməyim əbəs!

 

Hər daşında qəlpə izi, barıt qoxusu,

Yağış kimi yağa biləm keşkə bir anlıq.

Qərib eldə hədər getdi ömrün çoxusu,

Bir də geri qayıdarmı görən, cavanlıq?..

 

Yolun-izin ürəyimin şah damarıydı,

Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?

Bir zamanlar burda keçən ömrüm yarıydı,

Ta bilmirəm yaşamağa varmı möhlətim…

 

Keçən-keçdi, olan oldu… nə deyim daha,

Nəfəsimlə isindinsə, təzədən sevin.

Gəl, birlikdə yönümüzü tutaq sabaha,

Düşmən bilsin öz sahibi varmış bu evin…

11.07.2021

 

DAŞA SÖYKƏNƏN GƏLİN

 

Bağrına basdığın daş

Yer-göy dilə gəlsə də,

Lap dərdindən ölsə də,

Dinib danışan deyil.

Ha yalvar, ha dilə tut

Sönmüş ocaq kimidir,

Bir də alışan deyil.

Onun daş yuxusunu

Poza bilən tapılmaz.

Əzəl gündən belədir,

Ölümün mənasını

Yoza bilən tapılmaz…

Ağlama, göz yaşıyla

Göyərən deyil bu daş.

Getsən dalınca düşüb,

Yüyürən deyil bu daş.

Bir məzar sükutunda

“Közərən” kədərdi o.

Nə danışıb-dinəndi,

Nə “gəldi-gedərdi” o.

Bu daş, nakam eşqinin

Möhlət-aman bilməyən

Ölümə qarğışıdır.

Bu daş ağlar qəlbinin

Qarlı-buzlu qışıdır…

Söykən səbrinə, qoyma

Nə qəlbinin atəşi,

Nə külü olsun bu daş.

Haqdan üzmə əlini,

Qoy, sənin ismətinin

Heykəli olsun bu daş!..

2006

 

KÖLƏ ADAMLAR

 

Boyu çərçivədən uzun deyil ha,

Bəs, niyə qapıdan əyilib keçir?

Adamdır, leşsökən quzğun deyil ha,

Nədənsə hər yandan söyülüb keçir.

 

Çox şeyi dərk edib anlamasa da,

Məddahlıq “elmindən” yaxşı halıdır.

Bilir ki, kimisə verməkçün bada,

Gizlicə pusquda dayanmalıdır…

 

Aşiqdir əzəldən böhtana-şərə,

Yalanı min cürə bəzəyə bilir.

Tərif “köhlənini” çapır hər yerə,

Mənliyi heç gəlmir lərzəyə,- bilir…

 

Qorxudan qarnına dolanda sancı,

Qarışıq fikirlər ağlın çaşdırır.

Qarğışa, lənətə dönən qazancı,

Hərdən süfrəsində göz qamaşdırır.

 

Hər vaxt “məharəti” çatıb dadına,

Gah qəddin düzəldir, gah boynuu bükür.

Heyrandır yalanın “şirin” dadına,

Şərin qarşısında hər vaxt diz çökür…

 

Elə bil üzündə şeytan tükü var,

Bacarır “ağasın” güldürməyi də.

Əzəldən nəfsi ac zatı-kökü var,

Ənamdır onunçün şor dürməyi də…

 

Anbaan çoxalır, günbəgün artır,

Yurdun  çiynindəki şələ adamlar.

Haqqı sürükləyib zülmətə dartır,

Bu nökər xislətli kölə adamlar.

                            09.07.2020

 

 

SƏN NİYƏ QARŞIMA GEC ÇIXDIN, AXI

 

Anlaya bilmirəm bu necə işdi,

Köhnəmi, təzəmi gediş-gəlişdi?

De, adım indimi yadına düşdü –

Sən niyə gec çıxdın qarşıma, axı?

 

Bəlkə bir ağılsız hissə əsirsən,

Sevib-sevilməyə çox tələsirsən…

Haqqım yoxdur deyəm kəmsən, kəsirsən –

Sən niyə gec çıxdın qarşıma, axı?

 

Nə həvəs o həvəs, nə yaş o yaşdı,

Bu sevgi özü də cəngdi-savaşdı.

Qəlbinmi hökm etdi, ağlınmı çaşdı –

Sən niyə gec çıxdın qarşıma, axı?

 

Bəxt könül oxşayan naxış deyil ki,

Məhəbbət bir anlıq yağış deyil ki.

Bu keçilməz səddi, yoxuş deyil ki –

Sən niyə gec çıxdın qarşıma, axı?

 

Bir sönmüş ocaqdır hər ölüm-itim,

Qəlbini sızlatmaq deyil niyyətim.

Bəlkə heç qalmayıb ömür möhlətim –

Sən niyə gec çıxdın qarşıma axı?

31.07.2021

 

DƏLİ DEYİLƏM Kİ DƏYƏM XƏTRİNƏ

 

Həyatım, varlığım, canım-gözümsən,

Ən gözəl şeirimsən, şirin sözümsən.

Nisgilim, kədərim, gülər üzümsən,

Dəli deyiləm ki, dəyəm xətrinə!

 

Daha güvənc yerim, gümanım da sən,

Məndən ülvi sevgi umanım da sən.

Məsləkim, möhlətim-amanım da sən,

Dəli deyiləm ki, dəyəm xətrinə!

 

Hələ yol getsəm də sərt bir yoxuşla,

Qarşına çıxmadım qarla-yağışla,

Bağışla, bağışla, məni bağışla,

Dəli deyiləm ki, dəyəm xətrinə!

                                            21.07.2021

 

ЕLЕGİYА

(Gənclık illərimdə vüsalına çata bilmədiyim bir xanımın vaxtsız ölümünə)

 

Аy sеvgisi nаkаm, lаl səsi diri,

Bir məzаr dоlusu nəfəsi diri.

Yаşаmаq istəyi-həvəsi diri,

Hеyrаndаr аğıllı-dəli, şəklinə.

 

Sızlаyаn nisgilə dönmüşəm sаnki,

Sənin yoxluğuna dözmək аsаn ki?!

Ehh… indi о qədər uzаqdаsаn ki,

Çаtmаz bir kimsənin əli, şəklinə.

 

Qаyıtmаz nə yаzın, nə qışın mənə,

Dağ çəkdi gilеyin-qаrğışın mənə.

Dеsə “хоşbəхtsənmi” bахışın mənə,

Yаlаndаn dеyimmi “bəli”, şəklinə?

 

Sənsiz dərdim-qəmim dаğdаn iridir,

Göz yаşım tоrpаğı-dаşı əridir.

Ürəyim qаrаlаn оcаq yеridir,

Dinsəm səpiləcək külü, şəklinə…

 

Gözümü zülmətə zillədikcə mən,

Həsrətim dil аçır sаçımdа dən-dən.

Qоy, nаkаm еşqimin tutub əlindən,

Üzümü söykəyim ölü şəklinə…

01.07.2021

 

İNANDIM

 

İnandım hər sözünə,

Yaman ləngitdin məni.

Nə sevən kimi sevdin,

Nə atıb getdin məni.

 

Qəlbindən keçənləri

Gözlərin niyə dandı?

Vüsal soraqlı yollar

Uzandıqca uzandı…

 

Nə yaman tez unutdun,

Bəlkə yalanmış andın?

Ülvi məhəbbətimi

De, oyuncaqmı sandın?

 

Çıxıb getdin… bir eşqin,

Üstünü zülmət aldı.

Bir eşqin külü sənə,

Tüstüsü mənə qaldı…

31.05.2020

 

DÜNYA BİR OVUC BOYDADIR

 

Gül nəmərdi, çiçək şabaş

Göz dağıdır quruya yaş.

Yamaca sancılan sal daş,

Qayanın “qılçı” boydadır.

 

Dağ döşündə çəmən xalı,

Meh sübhün qanadı-qolu.

Payızın dumanlı yolu,

Bir durna köçü boydadır.

 

Xeyir ilə şər qarışıq,

Dağların “alnı” qırışıq.

Zülmətdə közərən işıq,

İynənin ucu boydadır.

 

Bağlancaq ömrün kitabı,

Verməlisən son hesabı.

Sorğu-sual, gor əzabı,

Hər kəsin suçu boydadır.

 

Anlar minib çapır atın,

Öz hökmü var hər saatın.

Dünya sonsuz kainatın

Ovcunun içi boydadır.

18.09.2020

 

Yazıya 1576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.