Nəriman HƏSƏNZADƏ – Tarixin yaddaşı (şeirlər)

55876_qauivdae3nTarixin yaddaşı

“…Sən nə vaxt yalan-cəfəng

uydurmağı tərgidəcəksən?!”

       A.S.Puşkinin ermənilər haqqında dediklərindən

Qanlı döyüş səngərində

“Su!”, “Su!” deyən

yaralıya,

su verməyib bir erməni,

suqabı da

dolu suymuş.

Puşkin görüb o səhnəni,

üsyan edir

bu dünyaya,

Hardan bilsin o sərsəri

hansı yolun

yolçusuymuş.

Ünvanına nələr deyir,

nələr deyir.

İnsandısa – ermənidən

bir az insanlıq

istəyir.

Bir az mərhəmət

istəyir,

bir az ədalət

istəyir.

İstəyir ki, güllələsin,

şərəfsizi.

Nə çiynində tüfəngi var,

nə cibində

bir gülləsi.

Şair özü açılıbdı, –

silah kimi,

tüfəng kimi.

Əl sinədə, ürək səsdə,

qəfil qalxan

külək kimi.

Lənətləyir ermənini,

haqdan gələn

haqq sözüylə.

Qurğuşunla, barıtla yox,

şərəfiylə,

nüfuzuyla.

“Oğru!” deyir,

“Qorxaq!” deyir,

“Dovşan!” deyir,

“Qaraçı!” deyir,

“Qul!” deyir…

Rus şeirinin günəşinə

qoca tarix

sağ ol! – deyir.

Sülhməramlı elçi

Birinci xanım,

Birinci vitse-prezident

Mehriban Əliyevaya

Çaxdı şimşək kimi, doğdu gün kimi,

Ali Baş Komandan yardı cəbhəni.

Onun arxasıydın –

sən özün kimi,

zaman alqışladı səngərdə səni.

Şəhid anasını qucaqlayanda,

susdun, kəlağayı cəkib başına.

Yanında kövrəlib o ağlayanda,

sən təsəlli oldun

o göz yaşına.

Sən ayrı olmadın eldən-obadan,

qəlbin sudan duru – Aydan arıydı.

Məscidə gedəndə əlində “Quran”,

dilində Tanrının dualarıydı.

Sən – şair anası, əsgər anası,

şahanə gəlini

ulu öndərin.

Həyatın mənası, ömrün mənası,

tale kitabında yazılıb sənin.

Bir arzu, bir istək yaşatdı bizi,

sevindi Xalqımız, İqtidarımız.

Muğamdan doğuldun,

İlham Pərisi,

“İstiqlal marşı”nı çaldı tarımız.

Şərqdə – Şərq ürəkli bir inci oldun,

Avropada – Sülhməramlı bir elçi.

Ledilər yanında Birinci oldun,

rəsmi görüşlərdə,

yenə Birinci.

Çəkdiyin qayğılar sona yetmədi,

gündüzlər fikirli, gecələr oyaq.

44 Gün gözünə yuxu getmədi,

Şuşada qalxınca,

üçrəngli bayraq.

Gah nigaran gördüm, gah da mülayim,

adi təbəssümün – bir ehtiramdı.

(O sizin qızınız, Arif müəllim,

anasız vaxtımda,

mənim anamdı!).

Salam, Xudafərin körpüsü, salam!

Salam, O Taydakı Azərbaycana!

Yüz il sonra keçdi üstündən İlham,

bir də cəbhə dostu –

                        Mehriban Ana!

Salam, O Taydakı Azərbaycana!

Bağ qonşuları

Ev alma, qonşu al.

            Atalar sözü

Qohumdan əzizdi qonşu, deyiblər,

Qalsın qulaqlarda bir tana kimi.

Qonşu yaxındadı,

                        dadına yetər,

qohumun bir əli çatana kimi.

Bura bağ yeridi, birdən darıxsam,

ürəyim istəsə, ya elə bir gün, –

gərək mən uzun bir nərdivan qoyam,

hasar qonşumuzu,

                        səsləmək üçün.

Qonşu var, qonşuya dost-qardaş deyir,

burda əsl sözü, dilsiz daş deyir.

Xaricdə görmüşdüm, şirin yuxuydu,

qonşunun-qonşuya nəydi töhfəsi, –

bağlar arasında hasar yoxuydu,

məftil çəkmişdilər,

                        hasarəvəzi.

Otların içində itmişdi “çəpər”,

ortaq eləmişdi o, bağları da.

Qonşu budaqlara,

                        söykənmişdilər,

qonşu ağacların budaqları da.

Kimdi hasar çəkən o qaradinməz?

O səni bəyənməz, məni bəyənməz.

o da bir hasardı –

                        qürurlu, məğrur.

hasar, o “hasar”a söykənib durur.

Burda hasarlanır, vətən torpağı,

biri o birinə söyləyir əhsən!

Allahım, çətindi Səndən aşağı,

bizi bizdən qoru,

                        qoruya bilsən.

“İlham cəngisi”

Arazın o tayından qələm dostum

Hüseyin Şərqi ustad aşığımız

Çingiz Mehdinin saz ansamblının

lent yazısını mənə göndərib

         Müəllif

Deyin, mən heyranam Aşıq Çingizə,

ürəyim soyumur təkcə “Sağol!”la.

Apardı, gətirdi məni Təbrizə,

o səslə –

                        o simlərarası yolla!

Qaladan-qalaya yürüşmü gedir,

İgid qıyyası var, at kişnərtisi.

İstiqlal yolunda döyüşmü gedir? –

şəhid sinəsiymiş –

                        sazın sinəsi.

Sazda Araz axır, sazda Kür daşır,

qoyma,

                        sel aparır Saramı, Aşıq.

Yenə gözlərimdə şimşək oynaşır,

qaytar bu dünyaya, dünyamı, Aşıq.

Bir sarı siməmi əsirdi dünya? –

can quşu uçdumu, qəfəsdə qalmır.

Mən indi bildim ki, bir sirdi dünya, –

heç kəsin qisası,

                        heç kəsdə qalmır.

Arazdan bu yana – “İlham cəngisi”,

sinəmə sıxdığım saz töhfəsiydi.

44 Gün tarixin ilk salnaməsi,

qədim dünyamızın,

                        möcüzəsiydi.

Gəzir səngər-səngər şərəfli adı,

orda Sərkərdədi, burda Diplomat.

O da bir eşq ilə sevir həyatı, –

“Paşinyan, nooldu?!”,

                        bu da zarafat!

“İlham cəngisi”nə köklə havanı,

oxuyaq, İlahi bir ehtirasla.

Yeni Azərbaycan İntibahını, –

mən burda qələmlə,

                        sən orda sazla.

Oxuyaq, İlahi bir ehtirasla.

***

44 gün səngərdə birinci Əsgər,

qızğın müsahibə: dörd dildə,

dörd gün!

Oğlum, təbrik düşür sənə də, Bəylər,

qaldır ağ başını qoy hamı görsün.

Sənin sədaqətin pakdır, təmizdir,

Ali Baş Komandan – Sərkərdəmizdir!

Olaydım

Sən ki, belə qəm çəkirsən,

yanında loğman olaydım.

Sən mənə heyrət edəndə,

mən sənə heyran olaydım.

Görəydim bu dünya nədir,

xəyal nədir, röya nədir?!

Dünyadakı məna nədir,

yanında həyan olaydım.

Dönəydi ömrün təkəri,

qovuşaydı Kür, Həkəri.

Sən on beş yaşında pəri,

mən subay oğlan olaydım.

Özünə inan

Hələ bu dünyanın axırı deyil,

sıxma ürəyini, qoyma darıxsın.

Dostun, eloğlunun paxılı deyil,

gərək qarşına da

yaxşısı çıxsın.

Ağıllı itirir ağlını bəzən,

çeynənib pis dilə-ağıza düşür.

Haqsız eləyirlər haqlını bəzən,

tərif haqlıya yox,

haqsıza düşür.

Bir az səbrli ol, bir az da möhkəm,

özgəsi dananda, özünə inan.

Eşit sözlərimi, gör nə deyirəm, –

günlərin içində

bir Günə inan.

Yandıran, söndürən bir əldi yəqin,

yanan ocağı da, sönən şamı da.

Dünyada Vaxt adlı bir münəccimin

hökmü də qətidir,

sərəncamı da.

Həyatın özü

Qadın gözəlliyi güclüdür, inan, –

İnsandan, poladdan, oddan, Tanrıdan.

      P.Ronsar

Hər kişi dalınca bir qadın ağlar,

dənizlər yanında –

çaylar, bulaqlar,

az olar bəlkə də o göz yaşından,

ağlayır, dünyanın yaranışından.

Ağladan özüdür,

ağlayan özü,

dönüb ağlayana göz qoyan özü!

Sevinci, kədəri göz yaşındadı,

qadınlar –

hər yaşda qız yaşındadı.

Mən qadın görmüşəm, əsl uşaqdı,

ən böyük istəyi bir oyuncaqdı.

Mərhəmət gəzdirər dilinin altda,

bitər qaratikan kolunun altda.

Baxar,

boynubükük bənövşə kimi,

sınar,

buz baxışdan bir şüşə kimi.

Həyatın özündə əsl həyatdı,

hələ yazılmamış bir külliyyatdı.

Yarpaqdı,

qönçədi,

güldü,

təzə-tər,

nə açan iydələr, nə yasəmənlər,

bir qadın ətrinə gördüm ki, dəyməz,

nə elə ətir var,

nə elə nəfəs.

Qadınsız qaldığım illərə hayıf! –

illər –

o illər də yol göstərmədi.

Dedim: şeir yazan əllərə hayıf,

bu əllər, doyunca sığal görmədi.

Avtoqraf – 1

AzTV “Ovqat”a,

Səyyarə Səyyada,

hörmətlə

Bir ölçü cihazı olsaydı əgər,

deyərdi səndədir ağıl da, hiss də.

Gözəllik yarışı keçirsəydilər,

səniydin,

                        birinci gözəlimiz də.

Sənin ovqatınla çox oynadılar,

səndən “yuxarıydı”,

                        səndən adilər.

Qızım, gümrah görüm həyatda səni,

sən “Ovqat”ı yaşat,

                        “Ovqat” da səni.

Avtoqraf – 2

Qələm dostum,

prof. Paşa Qəlbinura,

hörmətlə

Şair, alim Paşadı,

O, mülayim Paşadı.

Qəlbinurdu, işıqdı,

göylərdən tapşırıqdı, –

yerdə gözləri açmaq.

Paşam, gözümü aç, bax!

Qəlbindəki o nurdan,

O işıqdan, bax, ordan,

Paşam, qaytar həyatı,

Dünya,

                        gözəl dünyadı.

Aslan müəllim

İsrafil Qurbanova,

dərin hörmətlə

Aslan, ay İsrafil, yadıma düşüb,

neyləyim, vəfası bu imiş yerin.

Dost üzü varıydı, sadə gülüşü,

icra başçısıydı,

                        onda Şəmkirin.

İstəyi, tələbi nəydi əsgərin,

o gedib yerində araşdırardı.

Telefon zəngini,

ulu öndərin,

            poçt orda, səngərlə calaşdırardı.

Aslan o cəbhənin komandanıydı, –

gedən döyüşləri tənzim eləyən.

Bizim hamımızdan o cavanıydı.

ağsaqqal sözünü,

                        yerində deyən.

Fikri təmkinliydi, çıxışı aydın,

mən də əl çalmışam, qəlbimdə istək.

Şanlı əsgəriydi bu Hərəkatın.

səngərsiz döyüşdü,

                        son nəfəsədək.

Qaldı o döngələr, o sualtılar,

kim deyir, köhnənin təzəsi yoxdu.

Şahini –

qonanda nişan alırlar,

şahin – şığıyanda, qəzası yoxdu.

Tədbirə getmişdik, alqışlayırdı,

bir-bir əl tuturdu o, başçı kimi.

Gələn qonaqları qarşılayırdı, –

köhnə dostu kimi,

                        tanışı kimi.

Şair Söhrab Tahir sağıydı hələ,

dilində o taylı, bu taylı Vətən.

İmir Məmmədli də Tiflisdən gəlib,

parçalar deyirdi,

                        Rmaravelidən.

Qaynar ürəyində bir Allah eşqi,

özü – hər sözünün məhək daşıydı.

Aslanın yaşamaq, yaratmaq eşqi

Şəmkirdə,

            kürsüdən

                        çağırışıydı.

Nə yaxşı…

Nə yaxşı, bacınız var, –

bu ailə,

nə yaxşı!

Ay Nailə,

nə yaxşı!

Dindirəndə “can” deyir,

gülə-gülə,

nə yaxşı.

Ay Nailə,

nə yaxşı.

Allah ona dəyməsin,

şuxdu hələ,

nə yaxşı!

Ay Nailə,

nə yaxşı!

Mən də çəkdim köçümü

bu sahilə,

nə yaxşı!

Ay Nailə,

nə yaxşı!

Sizi fikirləşirdim,

gələ-gələ,

nə yaxşı!

Ay Nailə,

nə yaxşı.

Nə yaxşı, taleyimiz

güldü belə,

nə yaxşı!

Ay Nailə,

nə yaxşı.

“Ədəbiyyat qəzeti”nin

baş redaktoru Azər Turana!

Arxivimi töküb-töküşdürürdüm, təsadüfən sizə təqdim etdiyim bu əlyazmamı tapdım. “Kimin sualı var” adlı poemamdandı. Əsər birinci dəfə ayrıca kitab halında 1984-cü ildə 7 min tirajla “Gənclik” nəşriyyatında nəşr olunub. İkinci dəfə “SBS” mətbəəsində 7 cildliyimin ikinci cildində 5 yüz tirajla 2010-cu ildə çıxıb.

Nəşrlərin heç birində yoxdu. O vaxtkı senzura zamanı çıxarılmışdır. Əsər ulu öndərin hakimiyyəti illərində əzmlə yeritdiyi “Qoy ədalət zəfər çalsın!” siyasi-ictimai yaradıcılıq xəttinə həsr olunmuşdu.

Yeri gəlmişkən deyim ki, bu poema üstə Yazıçılar İttifaqının o vaxtkı rəhbərliyi mənim “yoldaşlıq” məhkəməmi də qurmuşdu. Mərhum ulu öndər işə qarışdı. Mən onda yazmışdım ki, Heydər Əliyev şairi-şairdən, yazıçını-yazıçıdan qoruyur. Həqiqət beləydi.

Amma bu başqa mövzunun söhbətidi.

Sizə hörmətlə,

Nəriman Həsənzadə,

Xalq şairi

Bakı, 01 avqust 2021

“Kimin sualı var?!”

Poemasından ixtisar edilmiş parça

Professor,

kaş hər kəsin bacarığı,

kaş hər kəsin istedadı,

şərt olaydı.

Kaş bizi pərt eləyənin

bir yol özü pərt olaydı,

ürəyinə dərd olaydı.

Kaş qohuma,

kaş rüşvətə,

vəzifəyə, “mən ölüm”ə

heç üzgörən olmayaydı.

Kaş qiymətsiz nakəslərə

qiymət verən olmayaydı.

Kürsülərdən çox deyirik,

qəzetlərdə çox yazırıq. –

bəzən əsl kadrların

qabağında “yox!” yazırıq.

Olur bəzən:

jurnalistin işində biz,

aqronomu işlədirik,

çoxunu da unuduruq.

Taxta kimi, saxsı kimi

canı quru, beyni quru

bəziləri kadr olur,

bir az keçir, müdir olur.

bir az keçir s…lis olur.

Cəmiyyətin bədənində yara olur.

üzümüz də qara olur.

Mən kadrlar şöbəsinin

boğazından yapışardım,

gedib Ali Məhkəmədə

şahid kimi çarpışardım.

Sən ey mənim Respublikamı,

millətimi dala çəkən!

Çıxışında qərarlardan

misal çəkən,

misallara mala çəkən,

səninlədir mübarizəm!

Bu nifrətim, bu qəzəbim!

Mən adamlar tanıyıram, –

vəzifəsi, diplomu var.

Ancaq Mayakovskini

Sabir ilə çaş-baş salar.

Eləsi var, –

uşaqlıqdan nəşəxordu,

gözü baxır, amma kordu,

gəlib keçib yerimizə.

Vəzifəsi elədir ki,

biz oxuyaq,

gərək o da

fikir desin şeirimizə.

Eləsi var, işi qurur,

bir deputat,

ya raykomun bir katibi

kömək durur, –

keçir o da rəhbər olur.

Fəqət sonra,

bu Vətənə zərər olur.

Var başqa cür xoşbaxtı da, –

bircə dəfə,

vəzifəyə keçir o da.

Ordan çıxır, bura gəlir,

burdan çıxır, ora gedir,

bacarmasa, başqa yerə!

Axırı ki,

layiq olsun ona görə.

Bir vəzifə təkəri var,

dələ kimi hey fırlanar.

Var, ancaq var eləsi də,

alimi də, fəhləsi də.

O, ocağa düşsə əgər,

ocaq daha gur alışar.

Onun əli olsa əgər,

bulaqlara Kür qarışar.

Sısqa sular selə dönər,

sarı torpaq

təzə, sarı gülə dönər.

Onun yeri dənizdirsə,

ora qoyun, tufan olar.

Onun yeri səmadırsa,

süni peykə qoyun onu.

göndərin Qütb ulduzuna,

axırı ki, duyun onu.

O, bugünkü nəslimizdi,

onu belə danışdıran

bizim böyük əsrimizdi.

Susa bilmir,

dözə bilmir.

O istəyir, –

Magellanın gəmisini

sürsün özü.

O istəyir, –

bayraqlarda şüar olsun

şeiri, sözü.

O istəyir, –

Arximedin

tapsın dayaq nöqtəsini.

O istəyir, –

bir insanın nəfəsində,

min insanın nəfəsini.

O istəyir, –

hava yolu, dəniz yolu,

dəmir yolu dəysin gözə, –

Moskvadan və Bakıdan

Ərdəbilə və Təbrizə…

Müdir oğlan

indi işə döndü yəqin,

gözləyir ki, mən ərizə yazmalıyam,

qoy gözləsin.

“Nida!” Əlvida!

Kaliforniya tələbəsi

Gözəl Məmmədovaya

Pozncr! Tanıyıram, çox məşhursunuz,

fəxri təltiflər də – bu ada məxsus.

Haqqı, hüququ var, amma hər kəsin,

mənim tariximə daş atırsınız.

Allah işinizi

                        xeyir eləməsin,

yatan şəhidləri oyadırsınız.

Böyük bir ştatdı Kaliforniya,

bir də erməninin qaynaşan yeri.

Qarabağ – söhbəti düşüb araya,

o qız,

                      dediyindən dönməyib geri, –

orda təhsil alan qarabağlı qız

qədim tarixi də heç unutmayıb.

Qalxıb, Qarabağı siz danıbsınız,

o fəxri adlara nə deyim,

                        hayıf!

Dünən faşistlərlə girdi döyüşə,

Fransa uğrunda şəkili bir gənc.

De Qol özü gəldi burda görüşə,

bizim yadımızdan

                        çıxarmı o heç?!

Burda qucaqlaşdı iki qəhrəman,

“Qardaşdı Fransa və Azərbaycan!” –

Bəli, belə dedik biz onda yalnız,

biz onda haqlıydıq,

                        siz onda hardaydınız?!

Dedim ki, məşhurdu sizin adınız,

belə dar məqamda nəydi bu mərəz?

Məşhur bir obrazı yada saldınız,

“Qraf” rütbəsini,

                        almadınız, bəs?!

Rusiya, tarixi Valday söhbəti,

baxışdan-baxışa rəsmi ehtiram.

Bu dünya eşitdi bir həqiqəti, –

“Qarabağ – bizimdi”,

                        “Nida!”, vəssalam!

Getdi əsrlərə o səs, o nida,

illər ədaləti salacaq yada.

Filankəs ordaydı, o Konfransda,

hələ filankəs də,

                        “Nida!”, Əlvida!

“Yanıq Kərəmi” və

Aşıq Ədalətin son gülüşü

El qızımız Soltan xanıma

minnətdarlıqla

Ədalət – dillərdə bir bayatıydı,

qarışıq düşmüşdü tağı-tağ üstə.

Bu ad yiyəsinin son saatıydı,

biz ayaq üstəydik,

o yataq üstə.

Hanı loğmanların min bir məlhəmi? –

dərman yox,

taleyi yazırdı, Tanrım!

Yatağa düşmüşdü “Yanıq Kərəmi”,

“Koroğlu cəngisi” susurdu, Tanrım!

Hanı, qara sazın varmı əvəzi,

ovsuna düşmüşdük onun səsində.

Hanı, Ədalətin qıyya çəkməsi,

saznan oynaması,

dost məclisində!

Yubiley günümdə, bizim Qazaxda,

bir doğmalıq gördüm, daha nə danmaq.

– “Yanıq Kərəmi!” çal, – dedim o vaxt da,

– Ədalət,

biz də bir feyziyab olaq!

– “Yanıq Kərəmi”di çaldığım, şair,

hardasan,

qadasın aldığım, şair…

Bir sinə dolusu güldü Ədalət,

bir də o görüşlər kaş ələ düşə.

Sən özün şahidsən, ana təbiət,

“Yanıq Kərəmi”yə,

o sön gülüşə.

Güldü… və qeyb oldu, getdi qəfildən,

sən bizi mat qoydun o son anda da.

“Yanıq Kərəmi”ni çalanda da sən,

yanıb Kərəm kimi,

kül olanda da.

Bakılılar

Bakı kəndlərinin birinin adı belədir:

“Zabrat – 1”, “Zabrat – 2”.

Deyilənə görə, rus generalına

bakılılar güclü müqavimət göstərmiş,

o, çara müraciət etmişdir.

        Müəllif

Peterburqdan Bakıya

fərman verdi Nikolay:

“Zabrat!” – dedi Nikolay.

Yəni “zəbt elə!”

“ya Tut!”,

“İnsafı.

rəhmi unut!”.

“Çarın

hirsini

soyut!”…

General təkrar etdi

səngər-səngər Bakıda.

Yüz min əsgər Bakıda!

Taleyin döndü üzü,

parladı rus süngüsü.

qılınclar çıxdı qından,

o ilan yatağından

yeridi od qoşunlar.

Canlara – qurğuşunlar,

torpağa – yad ayaqlar,

yad kölgələr yeridi,

rus ac, mələr yeridi.

Qalxmışdı bakılılar, –

ölümlə üz-üzəydi,

bu da bir möcüzəydi.

Cəbhəni yara bilmir,

əsir apara bilmir,

rus soldatı Bakıda.

rüsvay oldu Bakıda.

“Zabrat!” – ikinci dəfə,

öldü ayaqlar altda,

soldat – ikinci dəfə,

hücum – ikinci dəfə,

fəryad – ikinci dəfə.

Harda “İstiqlal!” – dedik,

“Zabrat!” – dedi orda çar.

Həlak oldu oğullar.

Beləcə, tariximiz

yazıldı odla, qanla.

Qatil, ayağa qalxdıq

Xalq adlı qəhrəmanla.

Nəfəs aldıq yenidən,

özün şahidsən, Vələn!

***

Evdə bir gözləyənin,

evdə səni deyənin,

gözü yolda qalanın,

evdə bir danlayanın

yoxdusa,

yoxdu həyat.

Dad!..

Təklik əlindən dad!

***

Heç kəsə möhtac olma,

tox yanında ac olma.

Sıxsa da vacib bir iş! –

nə minnət, nə də xahiş!

Nə yaxına, nə yada.

əmin, dayın olsa da,

halal payın olsa da.

İnanma heç mənə də,

sənə “can!” deyənə də,

süfrəndə yeyənə də.

– Necə?! Cəmiyət, fılan.

İnsanam, axı insan!

– Döz onda, döz… bacarsan.

Mənbə: http://edebiyyatqazeti.az

Yazıya 203 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.