II pərdə
4-cü şəkil
Türk döyüşçüləri əllərində bayraq qaçaraq gəlirlər. Fevzi Çakmak paşa da onların ardınca gəlir.
Fevzi Çakmak paşa (həyəcanla məlumat verir). İyirmi üçüncü tümənimiz Afyonda düşmənin dördün ü tümənini darmadağın etdi. Başqa tümənimiz Dumlupınarda yunan qüvvələrini mühasirəyə alıb. Düşmən mühasirəni yarmaq istəyir, fəqət müvəffəq olmur.
Atatürk. Sabah birinci kolordumuz Dumlupınara həmlə edəcək. İsmət paşa, siz ikinci ordu ilə, mən isə birinci ordu ilə hücumda iştirak edəcəyik. Fevzi paşa, siz qərargahda qalırsınız.
Döyüş meydanı. Pulemyot və top atəşləri. Yunan əsgərləri qaçırclar.
Yunan zabiti (əlində tapança, silahı yuxarı qaldıraraq yunan əsgərlərini hədələyir). Geriyə qayıdın, hara qaçırsınız? Əclaf uşaqları!
Əsgər. Cənab polkovnik, siz də, nə qədər başınız salamatdır, aradan çıxın. Artıq bizim işimiz bitib. Heç allah özü də köməyimizə çata bilməz. Ordumuz mühasirəyə düşüb. Az sonra gec olacaq.
- Geriyə dönün! (atəş açır).
Əsgər yıxılır. İkinci əsgəri də vurmaq istəyəndə o, zabitə atəş açır, zabit yerə sərilir. Tapançası düşür. Səhnə qaranlıqlaşır. Şəkil dəyişir.
Atatürk (səhnədə görünür, üzünü döyüş meydanına tutaraq). Ordu komandanları əmr edirəm: Dumlupınar ərazisində yerləşən düşmən üzərinə hücum!
Dərviş paşa gəlir.
(Dərviş paşaya). Dərviş paşa, sərəncamında olan qüvvələri süngü hücumuna qaldır!
Dərviş paşa. Oldu, cənab Baş komandan! (gedir).
Atatürk gedir. Top və pulemyot atəşləri eşidilir.
İsmət paşa və Fevzi Çakmak paşa gəlirlər.
İsmət paşa. Əfəndim, Böyük Türk hücumu Mustafa Kamal paşanın necə bir komandan olduğunu dünyaya anlatdı. Düşmənin sonu çatıb. Ardı-arası kəsilməyən pulemyot və top atəşindən yunanlar göz aça bilmirlər. Ordumuz inadla irəli keçməyə çalışır, yunanlar müqavimət göstərirlər. Fəqət bu müqavimət zəifdir, bizimkilər onların müdafiə xəttini yarıb irəliləyirlər.
Fevzi Çakmak paşa… Əsgər və zabitlərimizin hünərini görəndə adamın fərəhi köksünə sığmır. Halal olsun igidlərimizə!
Atatürk (gəlir). Sizi təbrik edirəm, əfəndilər. Yunan ordusu sürətlə geri çəkilir. Yunan əsgərlərinin bir çoxu silahlarını yerə ataraq qaçır. Düşmən ordusunda böyük çaxnaşma yaranıb. Daha bərk qaçanlar geridə qalanları ayaqlayaraq keçirlər. Yunan ordusunun qaça biləcəyi bir yol qalıb: Qızıltac vadisi. Onu da qapayın. Düşmən ağ bayraq qaldırıb. Təklifiniz nədir?
Fevzi Çakmak paşa. Buyruq sizinkidir. Sakarya Meydan müharibəsində olduğu kimi, bu qələbənin də müəllifi sizsiniz.
Atatürk. Belə danışıqdan xoşum gəlmir. Mən tək, yalqız nə edə bilərəm. Bu qələbə hamımızındır. Əmrimi yunan tərəfinə bildirin: “Silahları yerə atıb iki yüz metr geri çəkilsinlər!”
İsmət paşa (durbinlə baxaraq).Yunanlar öz bayraqlarını endirib, deyilənə əməl edirlər. Bir fikir verin. Yunan generalı əlini belinə apardı. Aha, tapançasını çıxarıb qana boyanmış meydana atdı. Elə bildim atəş açıb beynini göyə sovuracaq.
Fevzi Çakmak paşa. Onlardan bu qeyrəti gözləmə. Ağılları olsaydı, bu günə düşəcəklərini, ağ bayraq qaldıracaqlarını görər, özlərinə əziyyət verib bu qədər yolu basa-basa gəlməzdilər.
Onun sözlərini eşidən zabitlər gülüşürlər. Atatürkü də gülmək tutur.
Atatürk. 200 min nəfərdən ibarət yunan ordusu mühasirəyə düşdü. Düşmənin 300 topunu ələ keçirdik. Təslim olmaq istəməyib müqavimət göstərən düşmən əsgərləri və zabitləri böyük itkilər verdi. Kütahya azad olundu. Düşmənlərin bir qismi qaçıb canını qurtarıb. Onlara dərs vermək, ayaqlarını türk torpaqlarından kəsmək üçün qaçış yollarını qapamaq və İzmir istiqamətində onları təqib etmək lazımdır. Əmr edirəm: “Ordular! İlk hədəfiniz Ağdənizdir!.. İrəli!..”
Hərbi geyimli oğlan və qız səhnədə görünürlər.
Oğlan. Baş komandan marşal Mustafa Kamal paşanın çağırışından az sonra Uşaq, Əskişəhr, Nazilli, Simav, Salihli, Alaşəhər, Gördes, Manisa düşmən tapdağından qurtuldu. Az keçmiş türk ordusu İzmirə daxil oldu.
Qız. 4 il idi ki, Kadifəqalanın başı üzərindən yunan bayrağı asılmışdı. Yunanlar bu müddət ərzində əhaliyə olmazın divan tutmuşdular.
Oğlan. İzmirdə Mustafa Kamalçı əsgərlərdən biri Türkiyənin şanlı-şöhrətli bayrağını götürüb qala bürcünün pillələri ilə qalxaraq yunan bayrağını çıxartdı və izdihamla dolu meydana atdı. Sonra əsgər türk bayrağını öpərək əvvəlki yerinə taxdı.
Qız. Düz dörd il idi ki, bürjdəki bayraq dirəyi türk bayrağından ötrü darıxır, onun yolunu həsrət və sızıltı ilə gözləyirdi.
Oğlan. İzmirlilər qalanın ətrafına yığışıb sevinc və qürur hissilə bürjdə dalğalanan bayrağa tamaşa edirdilər.
Atatürk marşal geyimində türk ordusunun, türk komandirlərinin müşayiəti ilə İzmirə daxil olur. Alqış və ura səsləri eşidilir. Sinələrdə Atatürkün şəkli.
Səslər. Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
– Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
– Düşmənə ölüm! Türkiyə türklərindir!
Atatürkü gül-çiçəklə qarşılayırlar.
Atatürk (sağ əlini yuxarı qaldıraraq izdihamı salamlayır). Böyük zəfər münasibətilə türk xalqını təbrik edirəm!
Ura sədaları ətrafa yayılır.
(sözünə davam edir).Türk əsarət qəbul etməyən bir millətdir! Türk milləti ölmək istəməz. O daim yaşayacaqdır! Afyonkarhisar-Dumlupınar Meydan müharibəsi türk tarixinin ən mühüm bir dönüş nöqtəsini təşkil edir. Milli tariximiz çox böyük və çox parlaq zəfərlərlə doludur. Fəqət, türk millətinin burada qazandığı zəfər qədər qəti nəticəli və bütün tarixə, yalnız bizim tariximizə deyil, dünya tarixinə yeni yön verməklə qəti təsirli belə bir meydan müharibəsi tanımıram!
Səslər ucalır:
Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
(əlini qaldırıb izdihamı sakitləşdirir). Əfəndilər, bu zəfər yalnız mənim əsərim deyildir. Uğurlar bütün millətin qərarı və birgə inamla çalışmasının nəticəsidir, Qəhrəman millətimizin və məşhur ordumuzun qazandığı müvəffəqiyyət və zəfərlərdir! Ona görə də gəlin deyək: Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
Atatürk irəliləyir. Bu zaman onun ayaqları altına yunan bayrağı atırlar. Atatürk bunu görüb dayanır.
(əsgərlərdən birinə müraciətlə). Bayrağı qaldır.
Yaşlı qadın (irəli keçərək). Oğlum, bu bayrağın üzərilə yeriyin. Yunan bayrağını tapdayıb keçin.
Atatürk. Olmaz, anacan (izdihama). Bayraq bir millətin istiqlaliyyət nişanəsidir. Düşmənin də olsa, ona hörmət bəsləmək gərəkdir.
Yaşlı qadın. Oğlum, o zaman yunan kralı İzmirə girəndə bizim bayrağımızı basdayıb keçdi axı…
Atatürk. Biz düşmənlərimizə də, dünyaya da öz qabiliyyətimizi, öz mərifətimizi göstərməliyik, anacan. Deyirsiniz yəni onun səhvini mən də təkrar edim?
Yaşlı qadın baxa-baxa qalır. Sonra başı ilə «yox» deyir.
Rüfət paşa (İsmət paşaya). Bu, bir şəxsiyyət kimi Mustafa Kamal paşanın böyüklüyünü göstərir.
Gedirlər. İzdiham dağılır.
Şəkil dəyişir. Atatürk qərargahdadır. Lətifə xanım daxil olur.
Atatürk (onu görüb ayağa qalxır). Bir görün kim gəlib?! Sizdən nə əjəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!
Lətifə (təqsirini boynuna alaraq). Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirləndim.
Atatürk. Kimi kimə qısqandınız, Lətifə xanım?
Lətifə. Sizi Aydana.
Atatürk. Aydanı harada görmüsünüz?
Lətifə. Burada, sizin qucağınızda.
Atatürk (qəh-qəhə çəkir). Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!
Lətifə. Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.
Atatürk. Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevinjimdən qucaqlamışdım.
Lətifə. Hər şeydən xəbərim var, əfəndim. Məni əfh edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.
Atatürk. Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.
Lətifə. Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaqsınız ki… (ehtiyatla) Heç olmasa namizədiniz var?
Atatürk. Təbii… Namizədim də var. Bu sizsiniz, Lətifə xanım! Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?
Atatürk Lətifə xanımın əllərindən yapışaraq, onun gözlərinin dərinliklərinə nüfuz edir
Lətifə (gizli bir sevinc içərisində). Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim. Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və “hə” deyirəm.
Atatürk onu qucaqlayır.
Bir arzumuz var. Bu həm mənim, həm də atamındır. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.
Atatürk. Mən də sənin təklifini qəbul edir və “hə” deyirəm.
Lətifə. Elə isə mən gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.
Atatürk (onu yola salaraq). Buyurun.
Şəkil dəyişir. Aydan çiynində tüfəng qərargahın qarşısında dayanıb. Bir dəstə yüksək hərbi rütbəli əsir qərargaha gətirilir. Aydan onlara baxır. Əsirlərin üst-başları toza-torpağa bulanıb, düymələri qırılıb. Yaxaları açıq, paqonları yerindən oynayıb. Onlar Aydanın yanından keçib qərargaha daxil olurlar.
Aydan (kənara tüpürərək söyür). Vəhşilər! Qaniçənlər! Türkiyə xalqına və ölkəyə böyük bəlalar, fəlakətlər gətirmiş, çoxlu sayda insanın ölümünə bais olmuş bu kəslər başlarını qaldırıb ətrafdakıların üzünə baxa bilmirlər.
Əsirləri içəri aparırlar. Atatürk kresloda əyləşib. O, ayağa qalxıb ən yüksək rütbəli iki zabitə – general Trikopis və general Diyenisə əl uzadır.
Atatürk. Əsir düşdüyünüz üçün sıxılmayın. Buyurun, əyləşin. Cənablara qəhvə və siqar gətirin.
Dərhal qəhvə və siqar gətirilir. Əsirlər siqar çəkir, qəhvə içirlər.
- Bizə qarşı belə münasibət sizin tərəfindən böyük alicənablıq və lütfkarlıqdır.
Atatürk. Müharibə bir tale oyunudur. General, bəzən ustası da məğlub olur. Siz öz öhdənizə düşən vəzifəni yerinə yetirdiniz.
Diyenis (gülərək Atatürkə). Cənab marşal, siz də öz vəzifənizi yerinə yetirdiniz.
Trikopis. Məni son dərəcə maraqlandıran bir məsələ var: siz az qüvvə ilə, demək olar ki, bütün döyüşləri udursunuz. Bunun səbəbi nədir?
Atatürk. Cənab general, hər bir türk döyüşdən qabaq öz-özünə deyir: «Mən yaşaya bilmək üçün mütləq müstəqil bir millətin övladı olmalıyam!» Ordunun gücü bundadır. Türk əsarəti qəbul etməyən bir millətdir! Azadlıq türkün həyatıdır!
Trikopis. Cənab marşal, siz müharibəni haradan idarə edirdiniz? Yəqin ki, qərargahınız Afyon-Karahisarın çöllərində qurulmuşdu.
Atatürk. Belə zənn edirsiniz? Nə üçün belə uzaqda? Xeyr, mən birbaşa döyüşlərin getdiyi meydandan, süngülərin parladığı yerdən müharibəni idarə edir, əmrlər verirdim.
Trikopis (təəccüb içərisində). Deyirəm axı… Zəfəri belə qazanarlar! Bizdə isə əksinə, müharibə beş yüz əlli kilometr məsafədən xəritə üzərində düşünülərək, pərgərlə ölçülərək idarə olunurdu. Gözlə görünməyən isə idarə olunmaz.
Atatürk. İdarə olunar. Fəqət bu, məğlubiyyətə gətirib çıxarar.
Şəkil dəyişir. Aydan türk zabiti ilə söhbət edir.
- Əsir düşən yüksək hərbi rütbəli zabitlər kimlər idi?
- Desəm inanmazsan. Bunlar I yunan ordusu komandanı general Trikopis və II yunan ordusunun komandanı general Diyenisdir.
- Bunlar idi bizim üstümüzə gələn, Mustafa Kamalı hədələyən?!
Zabit. Bəli, onlar idi. Amma, görürsən, özləri əsir düşdülər. Bunlardan savayı daha onlarla yüksək rütbəli zabit əsir götürülüb. Desəm, ağzın açıla qalar. Eşitdiyimə görə, Mustafa Kamal paşa əl verib əsir generallarla görüşüb, onları qəhvəyə, siqara qonaq edib.
Aydan (təəccüblə). Düşmənlə görüşüb? Onlara siqar, qəhvə təklif edib? Niyə? Nə üçün? Mustafa Kamal paşa, yaxud ordu komandanlarımızdan hər hansı biri yunanlara əsir düşsəydi, bir Allah bilir, onlarla necə rəftar edər, onlara necə divan tutardılar.
- Paşa həzrətləri öz insanlığını göstərib. Həm də onlardan yüksəkdə durduğunu nümayiş etdirib. Onların törətdikləri cinayətlərə gəldikdə isə, bunun üçün divan var, məhkəmə var.
Aydan. Mən bir şeydən təskinlik tapıram ki, xəbis niyyətlə Türkiyə ərazisinə soxulan ordu və onun başında duran komandanlar layiqli cəza alıblar. Başqa düşmənlərimizi də belə aqibət gözləyir. Yaşasın türk ordusu, var olsun Mustafa Kamal paşa!
- Var olsun, var olsun!
PƏRDƏ
Yazıya 192 dəfə baxılıb