Hələ də güzgüyə baxanda bir anlıq diksinib ətim ürpəşir. Elə bilirəm, o, güzgüdən mənə baxıb nifrət edir.
Onun haqqında az-çox məlumatım var idi. Bunu mənə Züleyxa danışmışdı. Zalım qızı elə bil onun haqqında az-çox bildiyi məlumatı tələm-tələsik gözümə soxmağa çalışırdı.
Nazirliyə işi düşmüşdü. Qəbuldan bizim şöbəyə, mənim yanıma göndərmişdilər.
Qapını döyüb içəri girəndə gözlərimə inanmadım. Hərəkəti, davranışı heç dəyişməmişdi. Bədəni çox dolmuşdu, amma baxışları, sifətnin cizgisi olduğu kimi qalırdı. Əvvəl ki, xasiyyəti heç yontalanmamışdı. Hələ bir az da, köntöyləşmişdi.
Onda bir az uşaqlardan çəkinəcəyi var idi. Özünü yığışdırırdı, çox da, nala-mıxa vura bilmirdi. Yersiz danışanda ağzının üstə vururdular.
Məni görəndə çox sevincək oldu.
Gülümsənərək:
–Ay qız, bir denən ki, burda işləyirəm. Mən də dağa-daşa düşmüşəm. Fikirləşirdim, görəsən yenə kiminlə üzbəsürət dayanacam. İşim düzələcək, ya düzəlməyəcək:–dedi.
Arxasınca da, giley-güzar edib:
–Özün bilirsən də, indi doğru-düzgün işə də, hərə bir mız qoyur. Elə bil ki, sənin işin düzələndə canları çıxacaq. Bu insanlar, görəsən niyə belədi? Mərdimazarlıq, işə pəl vurmaq bunların qanında, canındadı deyəsən:-dedi.
İş arxasınca gəldiyini elə bil yadından çıxmışdı. Əvvəlcə, ordan-burdan, sinif yoldaşlarmız haqqında danışdı.
Bilirdim qara qızın qarnında başqa dərdi var. Elə bil ki, yazıq neçə vaxtdı ürəyini boşaltmaq üçün adam üzünə həsrət qalıb.
O, danışırdı, mən gözümü döyə-döyə ona qulaq asırdım.
Əsas mətləbə keçib:
–Bəs xəbərin varmı Rasimdən? Bilirsənmi heç onun başına nə işlər gəldi?–dedi.
Başımı bulayıb:
–Yox! –dedim. –Nə olub?
–Heç o yazığın da, işi gətirmir ki, gətirmir. Elə bil it nəfsinə düşüb. –dedi.
Arxasınca qımışıb başını buladı:
–Səndən sonra bütün işləri tərsə-məsəb getdi.
–Məndən sonra niyə? Mənə nə dəxli var? –dedim.
Ağzını büzüb:
–Bıy başıma xeyr, az, o boyda zurna-düdüyü danacaqsanmı? –dedi.
Dillənmədim. Fikirləşdim, “qoy danışsın, görək axrını gətirib haraya çıxaracaq”.
Zalım qızı elə bil onun haqqında bildiyi nə məlumat vardısa tələm-tələsik gözümə soxmağa çalışırdı.
–Bəs deməzsənmi, yazıq oğlan iki dəfə evləndi. Heç biri ilə yola getmədi, ayrıldılar. Indi də subaydı. Başı havalı gəzir. –dedi.
Arxasınca da:
–Sən onun mısdır-mısdır gəzməyinə baxma, üzdə elə görünür, hər qadın tab gətirib onda otura bilməz. Hərədə bir eyib tapır. Haraya qədər desən qaşıyıb qan çıxaran adamdı. Onunla kim yol gedər.
–Niyə? –dedim.
–Niyə də olmasın. Əlbət də, belə də olmalıydı. Sənin kimi gözəl-göyçək qızdan sonra, o, hansı qadını sevə bilərdi? İlk eşqi daşa dəymişdi. Adamın ki, ilk sevdiyindən bəxt gətirmir, ondan sonra, həyatından küsülü qalır.
Mənim də dilim dinc durmadı:
–Yaxşı, sən Rasimin ağır xasiyyətli olduğunu hardan bilirsən? Elə danışırsan, elə bil, bir yerdə oturub durursunuz. –dedim.
Üzümə tərs-tərs baxıb:
–Nə bilim! Mən də ağızdan-ağıza eşitmişəm. Rasimlə mənim nə alış-verişim ola bilər?
–dedi.
Ağzını büzüb:
–Yoxsa qısqanırsan? –dedi.
–Nəyinizi qısqanacam, mənə nə dəxli var. –deyib güldüm.
***
Şəhərə çıxmışdım. Qəflətən uzaqdan gözümə sataşdı. Mənimlə üzbəsürət gəlirdi. Açığı, fikirləşdim, sinif yoldaşım olub, görüşüb hal-əhval tutum. Üzümə bir balaca xoş təbəssüm qonmuşdu. Qəflətən məni görəndə elə bil bunu ilan çaldı. Sir-sifəti dəyişdi. Mənə nifrət dolu baxışla baxıb, iri addımlarla yanımdan uzaqlaşdı.
–Bu niyə belə edir? –deyə fikirləşdim.
Çevrilib gözdən itənədək arxasınca baxdım. Qanırılıb geri baxmadı da, harasa tələsirmiş kimi bir anda gözdən itdi.
Onda gördüm, hələ də, mənə nifrət edir. Bilmirəm, o nifrətə layiqəm, yoxsa yox.
Ucundan-qulağından eşitmişdim, “Rasim məni istəyir”.
O dərəcə də reaksiya vermirdim.
Utancaq xasiyyəti var idi. Üzbəsürət gələndə qızarıb-bozarırdı, çalışırdı baxışlarını məndən gizlətsin.
***
Sinif rəhbərimiz arada gəlib bizimlə söhbət edir, gündəliyimizə baxır, təlimdən, tərbiyyədən danışıb məsləhət verirdi.
Diqqətlə ona baxıb, qulaq asırdım. Gözü mənə sataşdı.
Gülümsənərək:
–Leyla, sənin nə cəlb edici, qaynayan gözlərin var. O gözlərin sehrinə düşməmək olmur:–dedi.
Uşaqlar öz aralarında xısın-xısın gülüşdülər. Bikə müəllim uşaqların üstə çəmkirib:
–Hırıldaşmayın? –dedi.
Qəflətən müəllimin belə bir söz deyəcəyini unamırdım. Utandığımdan başımı yerə dikib dinmədim.
Sinif rəhbərimiz dərs gündəliyini yığmışdı. Bir-bir gündəliyi yoxlayıb təhvil verirdi. Növbə mənim gündəliyimə çatdı. Diqqətlə eşələyib nəsə axtarırmış kimi, gündəliyin üzlüyünü açdı.
Yəqin, gündəliyin arxasında güzgü əlinə toxunmuşdu. Diqqətimi onun hərəkətinə cəmləmişdim.
Gündəliyin üzlüyünü çıxarıb diqqətlə güzgü bükülmüş vərəqə göz gəzdirdi. Güzgünü uşaqlara göstərib üzünü turşutdu.
Hamı boylanıb mənə baxdı. Başımı yerə dikib müəllimin hərəkətinə diqqət yetirirdim.
Müəllim vərəqi açıb oxumağa başladı. “Bu güzgünü sənə hədiyyə edirəm. İstəyirəm, bu güzgüdə özün öz gözlərini görə biləsən. Biləsən ki, o işıqlı gözlərin əzabını mən necə çəkirəm. İstəyirəm çəkdiyim əzab-əziyyətə şahidlik edə biləsən”.
Nə qızın, nə də, məktub yazanın adı o məktubda qeyd olunmamışdı.
Məktubu oxuyub müəllim mənə tərəf baxdı.
–Leyla, səni ağıllı şagird bilirdik. Bu məktubdan sonra, sənə ağıl dərsi keçək, yoxsa, dərs öyrədək?
Ayıb olsun sənə, belə bir hərəkətə necə yol verirsən?–deyib nifrət dolu baxışla mənə baxdı.
Başımı yerə dikmişdim, heç nə deyə bilmirdim. Güzgü mənim gündəliyimdən tapılmışdı. Desəydim də, heç kəs mənə inanmazdı. Necə inandıra bilərdim, “güzgü mənim deyil, Səbinənindir”.
Nə düşünərdilər, deməzdilərmi, güzgü Səbinəninsə, sən niyə gündəliyinin arxasında də gizlətmisən?
Özüm öz sualıma cavab tapa bilmirdim. Başqasını necə inandıra bilərdim?
Həm də, Səbinənin burda nə günahı var idi?! Məni etibarlı bilib güzgünü saxlamaq üçün vermişdi.
Həm də, onun mənə olan etibarını, inamını yerlə yeksan edə bilərdim.
Öz-özümə fikirləşdim, kaş onda o güzgünü götürməyəydim.
Səbinə o güzgünü mənə verib, “ehtiyatlı bir yerdə saxla, sonra səndən götürərəm”:–dedi. –Evdə kiminsə əlinə keçsə məni danlayacaqlar.
Üzüm kəsmədi, deyəm ki, axı, bizimkilər də görsə məni danlaya bilər. Deyərlər, səni oxumağa gördərmişik, yoxsa, kimdənsə güzgü almağa.
Mən də evdə ələ keçməsin deyə, gizlin yer bilib, gündəliyin axasında gizlətdim.
Onda, gündəlik çirklənməsin deyə qalın ağ kağızla üzləyirdik. Həm gec çirklənirdi, həm də, tez xarab olub əzik-üzük görsənmirdi.
Neçə vaxt idi, o güzgünü gündəliyin arxasında gizlətmişdim. Xəyalımdan çoxdan çıxmışdı.
Heç baxmamışdım da, o, mənə saxlamaq üçün verdiyi nə idi. O xasiyyətim yox idi, kiminsə əşyasına icazəsiz, baxıb əl vurum.
Özü deməsəydi heç bilməzdim, güzgüdü, yaxud, başqa bir əşyadı. Səliqə ilə həmin o məktuba bükülmüşdü.
Yazıya 170 dəfə baxılıb