İmamverdi Əbilov – ömrün məna sıxlığı – Azər TURAN yazır…

Bu ev bülbül yuvasıdır – dəyməyin,

Qapısını bəd niyyətlə döyməyin.

İmamverdi – bir təvazö heykəli,

Qabağında özünüzü öyməyin!

Qabil

 

İmamverdi Əbilov əyalətdə bir ədəbiyyat müəllimi idi ki, akademik Nizami Cəfərovun “Patriarx” məqaləsində dediyi kimi, onun “tarix (və millət) qarşısındakı çoxlu xidmətləri içərisində ikisi, tamamilə doğru olaraq, xüsusi qeyd edilir ki, onlardan birincisi bütün türk dünyasının romantik mütəfəkkiri (və bilavasitə yerlisi) Əli bəy Hüseynzadənin sovet dövründə ideoloji təzyiqlər altında unutdurulmasına qarşı cəsarətlə mübarizə aparması olmuşdu… İkincisi isə o idi ki, müasir Azərbaycan poeziyasının yaradıcılarından Rəsul Rzaya müxtəlif məqsədli (və motivli) hücumların şiddətləndiyi dövrdə İmamverdi Əbilov onun yaradıcılığının araşdırıcısı (və müdafiəçisi) kimi tanınmışdı…”.

Onun ünsiyyət miqyası, təsir dairəsi elə geniş idi ki, evinə Səməd Vurğundan başlayaraq, Azərbaycan ədəbiyyatının bütün işıqlı simaları, Yusif Məmmədəliyevdən başlayaraq, Elmlər Akademiyası Rəyasət Heyətinin bütün üzvləri hamılıqla gəlib-gedib…

İmamverdi müəllim gənc yaşlarında görkəmli dövlət xadimi, o zaman Neftçala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Kamran Hüseynovun təqdimatı ilə Partiya Komitəsinin ikinci katibi seçilmişdi. Neftçalanın bir rayon mərkəzi kimi qurulması da, rayondakı həlledici vəzifələrdən erməni şovinistlərinin qismən uzaqlaşdırılması da həmin illərə, Neftçalanın “Kamran əsrinə” aiddir. Kamran Hüseynov “Bir ömrün salnaməsi” kitabında yazır: “Çox təvazökar, savadlı, yaşından asılı olmayaraq, geniş dünyagörüşünə malik olanlardan biri İmamverdi Əbilov idi. Belə fikirləşdik ki, müəyyən vaxtda ictimai işdə işləsə, geniş sahələrdə məşğul olsa, onun dünyagörüşü daha da artar. Elə ona görə də o, Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə məsləhət görüldü”. O zaman İmamverdi Əbilovun 24 yaşı vardı. Həmin kitabında Kamran Hüseynov ilginc bir məqama toxunur. Mircəfər Bağırovla görüşüb yeni təyinatları müzakirə edirlər və s… Kamran Hüseynov yazır ki, “əfsuslar olsun, bu işlər mən gedəndən sonra çox davam etmədi. İ.Əbilov vəzifəsindən kənarlaşdırıldı. Lakin Əbilov ruhdan düşmədi, mənliyini itirmədi. Hərtərəfli öz üzərində çalışdı… S.Vurğun yaxşı demişdir: “Qızılı udsa da qara torpaqlar, // Yenə qiymətini özündə saxlar”. Kamran Hüseynov fikirlərini belə davam etdirir: “Tarixdə belə hadisələr çox olub. Görkəmli şəxsiyyətlər öz elinin içində işləyə-işləyə çox yüksək dərəcələrə çatıblar. Məsələn, dünya mədəniyyəti tarixində görkəmli yer tutan tarixçi, filosof Plutarx nə qədər dəvət olunub ki, Afinada, Romada işləsin, lakin imtina edib, heç birinə getməyib. Adını da qoyub ki, mən kəndimdən getsəm, kəndim mənəvi cəhətdən yoxsullaşar. İmamverdi Əbilov özünün bütün nailiyyətlərini elə öz yerində, Neftçalada, Muğan elində əldə edib. Hamının da böyük hörmətini qazanıb. Mən inanıram ki, Neftçala, Muğan camaatı da, Azərbaycan xalqı da onun uğurları ilə fəxr edirlər”.

Nizami Cəfərovun yuxarıda xatırlatdığım qeydləri yadıma Söhrab Tahirin “Mən sənə Təbrizdən baxıram” məqaləsindəki bir frazanı saldı: “1971-ci il idi. Salyanda Yazıçılar İttifaqının səyyar plenumu keçirilirdi. Özü də bu, elə-belə plenum deyildi, dövlət işçiləri, ətraf rayonların birinci katibləri də dəvət olunmuşdular. O vaxta qədər və həmin illərdə Əli bəy Hüseynzadə cəmiyyətə bir turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıtdırılmışdı, tanıtdırılırdı. Akademiyada elmi işçilər vaxtaşırı onun əleyhinə yazırdılar. Lenini tərifləyib Hüseynzadəyə zərbə vurmaq bir vəzifə kimi başa düşülürdü. Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini indiki kimi xatırlayıram: “Mənim əzizlərim, – dedi – siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz”. Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim. Düşündüm, əgər Əli bəy Hüseynzadə bu qədər əzizdirsə, bəs onda niyə onu ədəbiyyatda, mətbuatda bu qədər vururlar, yamanlayırlar. Elə bu fikirdəydim, bir də gördüm, hamı altdan-altdan bir-birinə baxır ki, görək kim bu natiqin cavabını verəcək. Salona qəribə bir sükut çökmüşdü və qəfil, elə bil ki, partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar neçə illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin böyük cəsarətinə, ayıq milli şüuruna hörmət etməyə başladım”.

Elə həmin konfransda iştirak edən yaxın dostu, rəhmətlik akademik Bəkir Nəbiyev 1971-ci ildə onun haqqında “Tənqidçi” adlı məqalə yazıb “Azərbaycan müəllimi” qəzetində dərc etdirmişdi. Bəkir müəllim sonralar “El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov” adlı bir kitab yazdı və o kitabda bütün bu məsələlərə də toxundu. Mən isə indi bu sitatları gətirdikcə həm də həyəcan keçirirəm. Əli bəy Hüseynzadə və Rəsul Rza onun həyatından yaşıl işıq zolağı kimi keçib. O həm də Rəsul Rza barədə ilk kitabın müəllifi idi və 1960-cı ildə nəşr olunmuş həmin kitabında Rəsul Rzanı Verxarnla, Uitmen, Mayakovski, Araqon, Nazim Hikmətlə müqayisə etməyə cəsarət göstərən 33 yaşlı İmamverdi Əbilovu Rəsul Rza “Azərbaycan ədəbiyyatının yeni yollarını hərarətlə təbliğ edən” alim kimi dəyərləndirir, onu “yeni şeirin qəhməri” adlandırırdı. Neftçala şəhər 1 saylı orta məktəbin ədəbiyyat müəllimi İmamverdi Əbilov, doğrudan da, yeni şeirin qəhməriydi. İncə şeir zövqü vardı… Həm də qəribəydi ki, 1960-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında müasir ədəbiyyat barədə ən çox onun məqalələri dərc olunurdu. Və bu məqalələr, əsasən, o dövrün Əli Kərim, Məmməd Araz, Sabir Əhmədli, Nəriman Həsənzadə kimi gənc müəlliflərinin yaradıcılığını ehtiva edirdi. Təəssüf ki, sonralar ədəbi tənqid tarixinə həsr olunmuş araşdırmalarda yada salınmayan, yaxud nadir hallarda xatırlanan bu yazılar, ümumiyyətlə, həmin müəlliflərin yaradıcılığına həsr olunmuş ilk məqalələr olaraq diqqətdən kənarda qaldı.

İndi heç xatırlayan yoxdur, onun məqalələri bəzən müzakirə təriqi ilə çap olunurdu. Həmin müzakirələrə də Nigar Rəfibəyli, Mehdi Məmmədov, Həsən Seyidbəyli, Bəxtiyar Vahabzadə kimi görkəmli yazıçılar, sənət adamları qatılırdı.

…Onda da elə indiki kimi, kimlərsə “bizdə ədəbi tənqid yoxdur” deyə ədəbi tənqidi qaralamaqla məşğul idi. Və bu qaralama kampaniyasına ilk təpki görkəmli dövlət xadimi və sənətşünas Cəfər Cəfərovdan gəlmişdi. 1965-ci ildə Yazıçıların IV Qurultayında ədəbi tənqidlə bağlı məruzəsində Cəfər Cəfərov: “”Bizdə tənqid yoxdur” deyən səslərə, əlbəttə, haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu cür düşünənlər M.Arifin, M.C.Cəfərovun, Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin, H.Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Xəlilovun, Gülrux Əlibəyovanın, Qulu Xəlilovun, Yaşar Qarayevin, İmamverdi Əbilovun və başqalarının üzərinə qələm çəkməyi özlərinə rəva bilsinlər” – deyirdi.

Yaxud Azərbaycan tənqidinin patriarxı Kamal Talıbzadə 1967-ci ildə “Tənqidimiz haqqında qeydlər” kitabında yazırdı: “Tənqid sahəsinə istedadlı, nəzəri cəhətdən hazırlıqlı gənclər gəlmişdir ki, onlarsız bugünkü tənqidi təsəvvür etmək çətindir. Yaşar Qarayevin, Gülrux Əlibəyovanın, Şamil Salmanovun, Arif Səfiyevin, İmamverdi Əbilovun son məqalələri bu fikri təsdiq etmək üçün kifayətdir. Ədəbi hadisələri nəzəri məsələlərlə əlaqələndirməyə meyil onların müsbət keyfiyyətlərindəndir”. Bu fikirlər səslənəndə əyalətdə qəsəbə orta məktəbinin 30 yaşlarında bir ədəbiyyat müəllimi olan İmamverdi Əbilov həm də Azərbaycan ədəbi tənqidinin tanınmış, öndə olan nümayəndələrindən biriydi.

Əlbəttə, statusuna görə o, orta məktəbdə ədəbiyyatı tədris edən adi bir müəllim idi, amma həm də hamıdan fərqliydi. Görkəmli pedaqoq alim, professor Rəfiqə Mustafayeva ona ünvanladığı məktubda qeyd edirdi ki, “İmamverdi müəllim, səmimiyyətlə etiraf edirəm ki, pedaqoji yaradıcılığa məni ruhlandıran ən güclü amil Sizin “Orta məktəbdə siyasi lirikanın tədrisi” kitabınız olub. Siz hamımızın müəllimisiniz, hamımız üçün ideal şəxsiyyətsiniz”.

“Hamıdan fərqliydi” yazdım, fikrimi əsaslandırmaq istəyirəm. Tutaq ki, Mirzə İbrahimovun 1971-ci il dekabrın 3-də Akademik Dram Teatrında keçirilən yubiley iclasında Mirzo Tursunzadə, Rəsul Həmzətov, Şöhrət, Məmməd Arif, Mustafa Topçubaşov, Mehdi Mehdizadə, Məmməd Rahim, Süleyman Rüstəm, Əfrasiyab Bədəlbəyli, Tahir Salahov, İsmayıl Şıxlı ilə yanaşı, o da rəyasət heyətində əyləşir və bu mötəbər ədəbiyyat məclisində ona da söz verilir. Hədsiz təvazökar adam idi və mən “Ədəbiyyat qəzeti”nin baş redaktoru olandan sonra, yəni hadisələri daha yaxından və daha aydın nəzərlərlə müşahidə etmək imkanı qazanandan sonra bütün bunların necə baş verdiyinin fərqinə varmağa başladım. Ədəbi tənqidlə məşğul olsa da, hər halda, məhdudiyyətlərin bol, sosial şəbəkələrin olmadığı çağlarda, rayonda yaşayan, orta məktəbdə ədəbiyyat müəllimi işləyən birinə yüksək ədəbi elitanın bu həssasiyyətinin kökü nə ilə bağlıydı? Bu necə olurdu? Bilmirəm. Bəlkə heç özü də bu suala cavab tapa bilməzdi. Hətta bir dəfə soruşmuşdum ondan. “Bilmirəm”, demişdi. Rəyasət heyətində oturmalı olduğumu və çıxış edəcəyimi İmran Qasımov dedi, rəsmi tədbirdən sonra “İnturist” mehmanxanasında keçiriləcək ziyafətdə iştirak etməli olduğumu isə Cabir Novruz söylədi. “Hətta ziyafətə də dəvət olunmuşdun?”. “Hə. Məmməd Rahim tamada idi” – demişdi…

Şəxsi kitabxanasında qorunan mindən çoxu avtoqraflı iyirmi minə yaxın kitabın, yüzlərlə məktubun, onlarca səs yazısının, fikir həyatımızın böyük simalarının bu torpaqda çəkilmiş yüzlərlə fotoşəklinin, əlyazmalarının arasında Mirzə İbrahimovun yazdığı məktublar da qorunur və ədəbiyyat tariximizin araşdırılması baxımından maraqlı olan bu məktublar özü ilə bağlı yuxarıdakı sualları cavablandırmağa, ədəbiyyatımızın cavabsız suallarına cavab tapmağa da vəsilə ola bilər. Məsələn, Mirzə İbrahimovun belə bir məktubu: “Əziz qələm yoldaşım və dostum İmamverdi müəllim. Mən diqqətlə Sizin yazılarınızı oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idrakı inkişafı üçün çırpınan əsl vətəndaş ziyalının ürəyinin səsini eşidib sevinirəm… Mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və çox lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə, oyunbazlıq vasitəsinə çevirən cərəyanları və onların gözqamaşdırıcı “tapıntılarını”, forma oyunlarını, ədəbazlığını daxilən qəbul edə bilmərəm… Bu il “Mayak” romanını oxuculara vermək fikrindəyəm… “Mayak”ı qurtaran kimi “Pərvanə”nin ikinci kitabını yazacağam… Əlinizi sıxıram. Hörmətlə: Mirzə İbrahimov. 20.11.74”.

Yuxarıda “cavabsız suallar” dedim. Mirzə İbrahimovun “Mayak” adlı əsər yazmasından onun tədqiqatçıları da xəbərsiz idi. Mən rəhmətlik professor Teymur Əhmədovla da bu barədə danışmışdım. Tale elə gətirdi ki, əski əlifba ilə yazılmış bu romanı dəyərli alim Kənan Aslan tapdı və əsərdən bir parça ilk dəfə Teymur Əhmədovun təqdimatında və Kənan Aslanın transliterasiyası ilə 2017-ci ilin 30 dekabrında bizim “Ədəbiyyat qəzeti”ndə dərc olundu.

Onun ədəbi tənqidçiliyinin rakursu fərqli olub. Tutaq ki, müasir ədəbi proses, uşaq ədəbiyyatı ilə bağlı məqalələr qələmə alıb, eyni zamanda cənub ədəbiyyatımızı araşdırıb, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Əli Tudə, İsmayıl Cəfərpur, Söhrab Tahir barədə yazıb. Bununla yanaşı, orta məktəblərimizdə Cənub ədəbiyyatının tədrisinin zəruri olduğunu konseptual şəkildə irəli sürən “Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək” məqaləsini də qələmə alıb. Yaşar Qarayev 1983-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş “Ədəbi tənqidin vəziyyəti və vəzifələri” məqaləsində İmamverdi Əbilovun həmin məqaləsinə istinadən deyirdi: “İndi bizim auditoriyamız yalnız Azərbaycan deyil, həm də bütün yaxın Şərqdir. Bilavasitə Cənubda ədəbi proses də müasir tənqidin diqqətindən kənarda qalmamalıdır. “Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək” – İmamverdi Əbilovun bu məqaləsindəki çağırış vaxtında irəli sürülən və ucadan səslənən bir müraciətdir: Şəhriyar, Səhənd, Sahir, Səməd Behrəngi kimi şairlər, anadilli “Dədə Qorqud”, “Varlıq”, “Koroğlu”, “Çənlibel”, “Araz”, “Azərbaycan”, “Odlar Yurdu”, “Birlik”, “Xalq sözü” kimi qəzet və jurnallar indi tənqidi fikirdən də, tədris və təlim proqramından da hər məktəbliyə məlum olmalıdır”.

Bu sətirləri yazıram, yaddaşımda xatirələr sayrışır. Süleyman Rəhimov, həyat yoldaşı Zərqələm, oğulları Arif və Aqillə bizə gəlib. İndi 1970-ci ilin həmin 17 may gecəsində evimizdə Süleyman Rəhimovun səsi yazılmış lent yazısını dinləmək imkanım var: “İmamverdi müəllim! Mən böyük məmnuniyyət hissilə sizin evdə nəinki bir-iki kəlmə, bir neçə kəlmə danışmaq, demək istərdim. Mən birinci dəfə 1955-ci ilin noyabr ayında sizin evdə olmuşam. Elə o vaxt da, Mirzə Cəlil demiş, bizim uşaqların anası Zərqələm xanım mənimlə idi. Sizin evdə çox böyük hörmət görmüşəm, çox dadlı, təamlı xörəklərdən yemişəm və bu gün də ikinci dəfə böyük bir fasilədən sonra yenə də sizin gözəl evinizdə, ailənizin içindəyəm, yenə də Qələm xanım – Zərqələm xanım mənimlədir, bu da təsadüfi deyildir. Çünki mən bir yana gedəndə Zərqələm xanım, çox çətin ki, mənimlə gedir… İndi axşamdır. Gecəyə işləyir. Sizin evdə qonaq qalmışıq. Yenə də böyük hörmət görürük… Mən sizin məqalələrinizi əksərən oxumuşam, oxuyuram. Gözəl, istedadlı, nəzəriyyəçi bir alim olan sizi – İmamverdi müəllimi həmişə qiymətləndirirəm və nəzəriyyə sahəsində çalışan yüksək dərəcəli alimlərimizdən biri hesab edirəm. Əgər siz bu gün Bakıda deyil, burada, Azərbaycan torpağının bu gözəl, basəfa Neftçala şəhərində yaşayırsınızsa, bu o demək deyil ki, siz mərkəzdən, Bakıdan təcrid olunmusunuz, xeyr. Siz mənən mərkəzdəsiniz, Bakıdasınız, öz qələminizlə siz bizim coşqun və qaynar ədəbi həyatımızda iştirak edirsiniz… Təkrar-təkrar sizə xoşbəxtlik arzu edirəm. Sizə yaxın bir il, ya il yarım içərisində doktorluq dərəcəsini almağı arzu edirəm və qoy bu xəyal uçuşunda olsa da, sizə bizim Elmlər Akademiyasının üzvü olmağı da arzu edim. Sağ olun…”.

1 saylı orta məktəbin ədəbiyyat müəllimi İmamverdi Əbilov fərqli adam idi. Bir də görürdün axşam evimizin qapısını Ali Məhkəmənin sədri Abdulla İbrahimov açdı. Dost idilər. Gecədən keçmişə qədər Abdulla İbrahimovla “Qurani-Kərim”dən, Tolstoydan etdikləri söhbətin şahidiyəm. Yalnız Abdulla İbrahimov gedəndən sonra raykomun birinci katibi xəbər tuturdu ki, gecə Ali Məhkəmənin sədri rayonda – İmamverdi müəllimin qonağı olub…

Ona çoxlu şeirlər həsr olunmuşdu. Ən çox şeir həsr edən isə Bəxtiyar Vahabzadə idi. Bəxtiyar Vahabzadə ilə dostluğu bir kitablıq mövzudur. Evimizə ən çox gəlib-gedən də Bəxtiyar müəllim olmuşdu. Bakıya yolumuz düşəndə gedəcəyimiz ev Vahabzadənin evi olardı. İndi atamın arxivində Bəxtiyar Vahabzadədən aldığı 135 məktub qorunur. Məktublar da nə məktublar… Bəxtiyar müəllim heç kəslə bölüşmədiklərini onunla bölüşür: “…Çoxdandır görüşmürük. Sənin üçün təşnəyəm. Sənə, yalnız sənə demək üçün ürəyimdə o qədər sözüm var ki… Deyirəm, bəlkə də, dünya sənin kimi yaxşı adamların, duyan və duyğusu öz başına bəla olan adamların üzünə görə bu qədər salamat qalıb. Bu günlər Bakıya gəlməyəcəksən ki? Səni yaman görmək istəyirəm… Hörmətlə, Bəxtiyar. 08 may 1974”.

“”Muğam” poemasının elə yerləri var ki, yazanda sənin doluxsunmuş gözlərin, kövrək ürəyin göz önümə gəlib. Duyanlar olmasaydı, heç kəs öz duyduğunu kağıza köçürməzdi. Beləliklə də, ədəbiyyat yaranmazdı. Bununla da dünya nə qədər vecsiz və boş olardı. Təkcə elmlə dünya necə də yarımçıq olardı… Əziz dost, səninlə söhbət eləməyə, bölüşməyə nə qədər ehtiyacım var. Hörmətlə, Bəxtiyar. 11 fevral 1975″.

Vahabzadə müxtəlif kitablarında çap olunmuş “Əbədi gənclik”, “Göygöl”, “Din” şeirlərini ona həsr etmişdi. Haqqında üç məqalə yazmışdı. Hər şeirin, hər məqalənin öz tarixçəsi vardı. İndi mən o şeirlər, məqalələr barədə yazmayacağam. Amma “Ay Allah” şeirini ona həsr etməsə də, bu yazıda o şeiri mütləq xatırlatmaq istəyirəm. Çünki müstəqillik dövrünün rakursundan baxanda sovet dövrü ədəbiyyatımızın ilk metafizik şeiri kimi “Ay Allah”ın yeri əlahiddədir və müasir tədqiqatların predmetinə çevrilməlidir.

Bəxtiyar Vahabzadənin 1969-cu ilin mart tarixli belə bir məktubu var: “Əzizim İmamverdi! Bu şeiri başladığım gün sən bizə gəldin. Müqəddəs duyğu ilə alışdığım gün, müqəddəs bir insan, pak bir vücud bizə gəldi. Bu da təsadüfi deyildi. Buna görə də həmin şeiri sənə göndərməyi özümə borc bildim”, – deyə hələ mürəkkəbi qurumamış “Ay Allah”ı atama göndərmiş və 28 iyul 1969-cu il tarixli növbəti məktubunda şeirin meydana gəlməsinin səbəblərini bir-bir izah etmişdi…

İmamverdi müəllimin arxivində həm də Xudu Məmmədovun çoxlu məktubları qorunur. 1964-cü ilin 31 dekabrında yazılmış bu məktubu hansı oğul iftixar hissi ilə oxumaz: “Əziz İmamverdi müəllim! Bilmirəm, Sizə öz minnətdarlığımı hansı sözlərlə yazım. Keçən il Sizə olan səfərimiz mənim xatirimdən heç vaxt silinməyəcəkdir… Bu yay üç min kilometrlik bir səfərə çıxdıq. Mənim üçün böyük mənası olan bir nəticə ilə qayıtdıq: Azərbaycan mənzərələrini mənim qəlbimdən heç bir mənzərə çıxara bilməz! Qafqaz dağı böyükdür, lakin gözəl deyildir. Gözəlliklə böyüklük arasında fərq çox böyükdür. Biz özümüzlə Bəxtiyarın mənə bağışladığınız kitabını aparmışdıq. Elə bil, o bizim üçün yazılmışdı. Lakin rast gəldiyimiz adamlar da onu sevib, bizi çox sevindirdilər. Onun elmi fəaliyyətindəki müvəffəqiyyəti də məni çox şad etdi. Ünvanını bilmədiyim üçün təbrik edə bilmədim. Görəndə deyin ki, oxucular yeni səfərlər üçün yeni kitablar gözləyir. Biz o zaman danışdıq ki, Bakıya gələndə bizim də xəbərimiz olsun… Mehriban ailənizə mənim salamımı deyin! Hörmətlə, dostunuz Xudu”. Buradan belə anlaşılır ki, Bəxtiyarın kitabını Xudu Məmmədova İmamverdi Əbilov bağışlayır. Xudu Məmmədov Bəxtiyarın ünvanını bilmədiyi üçün onu təbrik edə bilmir. Həm də yazır ki, görəndə Bəxtiyara deyin, oxucular yeni səfərlər üçün yeni kitablar gözləyir. Söhbət sonralar dostluqları Azərbaycanın sədaqət və mənəviyyat simvoluna çevrilmiş iki insanın ilk tanışlığından gedir. Xudu Məmmədovun yazdığı məktub da, evimizdə olarkən maqnitofon lentinə dedikləri də bu söhbətin sənədləşmiş təsdiqidir… Həmin səs yazısı 1969-cu ilin 10 sentyabrında evimizdə lentə alınıb. Dost məclisidir. Yola düşməzdən əvvəl atam onların səsini lentə köçürüb. Bir-bir danışırlar:

“Bəxtiyar Vahabzadə: Məsud, Xudu müəllim, İmamverdi bu məclisdə oturmuşuq… Bu qapıya, bu ocağa bizim böyük sənət bahadırlarımız gəlib. Bu qapını Səməd Vurğun açıb, bu qapını Süleyman Rəhimov açıb, bu qapını Rəsul Rza açıb. Bu qapıya gəlməyən bir ədəbiyyatçı, bir şair, bir ədib mən təsəvvür eləmirəm. Hamı bu qapını açıb. İmamverdinin evi ədəbiyyat evidir, ona görə də müqəddəsdir, ona görə də pakdır. Bu evdə gör kimlər var. Bu evdə Füzulidən tutmuş, bugünkü ədiblərimizə qədər… Şekspirdən tutmuş, Sartra qədər, ondan sonra… bütün klassiklər bu evə yığılıb. Bu otaqda musiqi var, burda şeir var. Bəs İmamverdi kimdir? Nə ücün İmamverdinin başına toplaşıb bu gözəl adamlar, bu gözəl şəxsiyyətlər, bu gözəl ruhlar? Ona görə ki, İmamverdinin özü təmizdir, özü müqəddəsdir, özü pakdır. Hər adam bir xüsusiyyəti ilə tanınır… Məndən soruşsalar ki, İmamverdi nəyin simvoludur? – deyərdim ki, İmamverdi təmizliyin simvoludur, paklığın simvoludur.

Məsud Əlioğlu: İcazə versəydiniz, Bəxtiyar müəllim, mən bir əlavə edərdim. Bizim cox gözəl dostlarımız var. Hərəsinin öz ətri var, öz mənası var, öz qəlbi var. Amma İmamverdi bizim elə bir dostumuzdur ki, o, bütün dostlarımızın hamısından cox gözəl bir xüsusiyyəti ilə secilir, fərqlənir. O da budur ki, İmamverdi xiridardır, mənəviyyat xiridarıdır, insanlıq xiridarıdır. Onun insan mənəviyyatına o qədər eşqi, şövqü, bağlılığı var ki, bununla məşğul olaraq az qala özünü unudub.

Xudu Məmmədov: Cox qəribədir ki, Bəxtiyar müəllim, mənim məsələn, sənnən tanış olmağımın, yəni böyük müasirimlə tanış olmağımın iki səbəbkarı, ikisi də buradadır… Biri İmamverdi, biri də Məsud. Mənim ücün bu iki nəfər, və sonradan üçü olan mənim dostlarım müqəddəs günün qardaşları sayılır. Demək, nə isə elə bil ki, ziyarətgahı adam özü yaradır.

Məsud Əlioğlu: Bu ziyarətgahı İmamverdi özü yaradıb. Bu ziyarətgah olmaya da bilərdi. İnsan ziyarətgah yaradan olsa, Salyanda da yaradar, Qarabağda da yaradar…

Bəxtiyar Vahabzadə: İnsan özü insan olsa…

Xudu Məmmədov: Məsələn, İmamverdidən qabaq da burda ziyarətgah yaradan olardı. Amma öz aləmində İmamverdi bu evi ziyarətgah yaradıb. Bunların hamısının bir mahiyyəti var. Ziyarətgah yaratmaq arzusunu Allah bizi yox eləməmək məqsədi ilə qoyub bizim qəlbimizə ki, onu da ayrı-ayrı adamlar saxlayır. Başa da düşə bilmirik, bu nə sirdir belə? Nə təhər ola bilər ki, adam şeirnən də yaşaya bilər, onun evini şeir dövlətləndirə bilər? …Odur ki, mən hər ikinizə, indi Bəxtiyar müəllimə görə hər üçünüzə ziyarətgahınıza görə çox minnətdaram…

Məsud Əlioğlu: Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeirinən ayrılaq burdan. Bəxtiyarın ürəyindən olar”.

Məsud Əlioğlu “Ucundadır dilimin həqiqətin böyüyü” misrasıyla başlayan “Hali-Vətən” şeirini söyləyir… 1969-cu ildir. Əli bəy Hüseynzadənin adı yasaqdır. Mənim isə 6 yaşım var. Qapının arxasında dayanıb bu qəribə şeiri dinləyirəm. Yəqin ki, Əli bəy Hüseynzadənin adı şüuruma ilk dəfə onda daxil olur…

Xalq yazıçısı Elçinin təbirincə “Azərbaycan maarifçiliyi, ziyalılığı ənənələrini davam etdirən, ədəbi (və əxlaqi!) estafeti o rəhmətliklərdən qəbul edib, həmin ənənələri qoruyaraq XXI əsrə gətirən görkəmli ədəbiyyatşünas” İmamverdi Əbilovun səksən illik yubileyində Prezident ona fərdi təqaüd verilməsi ilə bağlı Sərəncam imzaladı. Yubileyində iştirak etmək üçün 180 kilometrlik Bakı-Neftçala yolunu qət edib, bir deyil, bir neçə akademik, bir neçə millət vəkili, bir neçə nazir, bir neçə universitet rektoru, bir neçə səfir gəldi. Bütün Xalq şairləri, əksər Xalq yazıçıları gəldi. Təkcə Bakıdan deyil, Türkiyə, Yaponiya, Almaniyadan qonaqlar gəldi. İctimai Televiziya bu yubiley mərasimini iki saatdan artıq yayınladı. İndi bu sətirləri yazdıqca həmin verilişin videosuna baxıram. Vaqif Səmədoğlu danışır: “…İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12-13 yaşım olanda – Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər, o gün şahidi oldum… Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim – gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətində oturub. Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr eləmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da, heyran qalmışam”. O tədbirdə Xalq yazıçısı Anar da iştirak edirdi və ilk çıxışı da o etdi. Amma buna qədər Anar müəllim “Ədəbiyyat qəzeti”nin həmin günkü sayında İmamverdi müəllimə açıq məktub yazmış, ürək sözlərini bölüşmüşdü. Anar müəllimin ona həssasiyyətinin ən ilginc dəlili isə yazıçının “Xalqıma vəsiyyətim” adlandırdığı çox-çox dəyərli əsərinin – “Yaşamaq haqqı”nın ilk səhifəsinin İmamverdi müəllimlə başlaması idi: “Bakıdan çox da uzaq olmayan Neftçala şəhərində dəyərli alim-ədəbiyyatşünas, əsl ziyalı İmamverdi Əbilov yaşayır. İmamverdi müəllimin evi – bu balaca əyalət şəhərində işıq saçan bir ocaqdır. Bu evi bir çox müəlliflərin avtoqraflı kitabları ilə zəngin nadir kitabxana adlandırmaq olar. Muzey də demək olar – ev yiyəsinin ömrü boyu topladığı “eksponatlarla”- əlyazmalar, fotoşəkillər, məktublarla zəngin muzey. Ünlü şəxsiyyətlərin – yazıçı, alim, dövlət xadimlərinin imzaladığı, Bakıdan, Azərbaycanın başqa yerlərindən, Türkiyədən, İrandan, Rusiyadan gələn yüzlərlə, bəlkə, minlərlə məktub. İmamverdi müəllim valideynlərimlə mehriban dost münasibətlərində olub və onun arxivində Rəsul Rza, Nigar Rəfibəyli ilə məktublaşmaları da özəl yer tutur. Filologiya elmləri doktoru İmamverdi Əbilovun namizədlik dissertasiyası Rəsul Rzanın yaradıcılığına həsr edilmişdi. Mən də İmamverdi müəllimlə məktublaşıram, dəfələrlə evində olmuşam”.

Anar müəllimin xatırlatdığı eksponatların arasında elə əlyazmalar var ki, onların nəinki oxşarı, bənzəri, heç surətləri də başqa heç yerdə yoxdur. Vaqif Səmədoğlunun əlyazısı ilə “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, Məmməd Arazın “Qaraçı çal”, Xəlil Rzanın “Bir gün vətən desə vüsal günüdür”, Söhrab Tahirin “Anam Nəsibə, qızım Nəsibə”, Rüfət Zəbioğlunun “Habil”, Cabir Novruzun “Həyat, sən nə qəribəsən?”, Rəfiq Zəkanın “Ötən günlərimi qaytaraydılar” şeirləri və s… Müxtəlif şairlərin onlarca şeiri… Hətta Bəxtiyar Vahabzadənin indiyə qədər heç yerdə çap olunmamış “Qan udub dövran əlindən” şeirinin əlyazma nüsxəsi… Və bu şeirlərin bir çoxu ya İmamverdi müəllimin evində yazılıb, ya da ilk dəfə burada yazıya köçürülüb. Başqa əlyazmalar da var. Məsələn, çoxları bilmir ki, Şəhriyarın “Heydərbabaya salam” poemasının Bakıda ilk redaktəsini Məsud Əlioğlu edib və həmin redaktə olunmuş yeganə nüsxəni Məsud Əlioğlu İmamverdi müəllimə bağışlayıb. Yaxud əlyazmalar içərisində biri və ən vacibi Rəsul Rzanın anası Məryəm xanımın şeirləridir və bizim evdə qorunanlar da o şeirlərin yeganə nüsxəsidir. Atamın yas çadırında Anar müəllimə bunu xatırladanda “Məryəm xanım şeirlərini əzbər söyləyərmiş, onları kağıza köçürən babam İbrahim olub” – dedi. Deməli, Rəsul Rzanın anasının şeirləri Rəsul Rzanın atası İbrahimin əl yazısı ilə bizim evdədir…

Anar müəllimin dediyi eksponatlar, əslində, ata ocağımızın relikviyasıdır. Hz. Əlinin rəngli şəkli 1959-cu ildən evimizin divarındadır. Onu Rəsul Rza İraq səfərindən gətirib atama bağışlayıb.

Yaxud qara rəngli “Belarus” pianosu… Səksəninci illərin əvvəlində Emin Sabitoğlu bizə qonaq gəlmişdi. Atamın qəribə şakəri vardı. Evimizə qonaq gələndə “Vodka”nı büllur kuzələrə doldurub qoyardı süfrəyə. Üstünə də nar suyu sıxardı… Yeyib-içdilər. Sonra Emin Sabitoğlu Nazim Hikmətin “Gəlsənə dedi bana” şeirini türkcə və öz gözəl xətti ilə atamın ağ üzlü xatirə dəftərinə yazdı… Pəncərə açıq idi. Sabitoğlu pəncərəni bağlamağımızı istədi. Bağladıq. Pianonun arxasına keçdi və ilk dəfə eşitdiyimiz bir musiqini ifa etdi. Son akkordları vuranda isə “Azərbaycan Cümhuriyyətinin himnidir”, – dedi. Bu hesabla, himnimiz Muğan torpağında ilk dəfə 1980-ci illərin əvvəllərində İmamverdi Əbilovun evində səsləndi…

Yuxarıda qeyd etdim ki, İmamverdi müəllimin ünsiyyət miqyası, təsir dairəsi çox geniş idi. Özbəkistanın Xalq şairi Zülfiyyə yeni çıxan kitablarını, qazax alimi Marat Xamrayev türkoloji tədqiqlərini ona göndərir, fikir mübadiləsi edir, məktublaşırdılar. Gürcü yazıçısı Dumbadze atasının Azərbaycan Sənaye İnstitutunda Beriya ilə bir yerdə təhsil aldığını, sonra Beriyanın zavalına gəldiyini, adının türkcə Nadir adından götürüldüyünü və b. xatirələrini onunla bölüşmüşdü. Müəlliflər yeni əsərləri barədə fikrini öyrənmək üçün kitablarını ona göndərirdilər. Məsələn, belə: “Kitabı göndərirəm. Şeirlər xoşuna getsə bir şey yazarsan. Çap etdirməyə bir yer tapılar. Hörmətlə, məhəbbətlə Süleyman Rüstəm. 18 sentyabr 1972-ci il”. SSRİ himninin müəllifi Qarold Reqistan, rus şairi və alimi, yeseninşünas Sergey Koşeçkin Moskvadan Bakıya – Süleyman Rüstəmə qonaq gələndə şair öz dostları ilə birgə Neftçalaya – İmamverdi müəllimə də baş çəkərdi.

Hətta SSRİ rəhbərlərindən Andrey Qromıko ilə səmimi münasibətləri vardı…

Sovet dövründə dünyada kifayət qədər nüfuzlu Krupskaya mükafatı ilə təltif olunmuşdu… Din duyğusu da fərqliydi. Sovet illərində bölgədə qatı dindar kimi tanınan Məşədi Əlabbas Qazinski də, keşiş Zaxar da onu tez-tez ziyarət edərdilər. Belədə evimiz işıqla dolardı… Həmin illərdə evində mövludlar təşkil edərdi. Bakıdan Lənkəranacan qonaqlar dəvət edərdi. Onun bu tərəfini yaxın dostu, professor İmamverdi Həmidov indi hamıdan yaxşı bilir. Yenə də sovet dövründə 1975-ci ildə Pirətəvan ziyarətgahının dövlət tərəfindən qorunmasına çağırış etmiş və “Kommunist” qəzetində “Daş şahidin ehtiyacı” adlı məqalə yazmışdı. Doğulduğu kənddəki məscidin tikilməsi də onun adıyla bağlıdır və s…

Haqqında çəkilmiş televiziya filmlərinin birində, “Mən nə iş görmüşəm ki… Ev tikməmişəm, yol çəkməmişəm”, – söyləyir. Amma bu torpaqda, Xalq şairi Qabilin məşhur dördlüyündə yazdığı kimi, “bülbül yuvasında təvazö heykəli” kimi var oldu. Yurdu Vətən qıldı. Doğulduğu torpaqdan ayrılmadı. Xalq şairi Nəriman Həsənzadə demişkən, biz dedik, İmamverdi əməl etdi.

İmamverdi Əbilovun sağlığında nəşr olunan sonuncu kitabına – “Ömrün və elmin romantikası”na yazdığı ön sözdə filologiya elmləri doktoru Elnarə Akimova onu Azərbaycan ədəbiyyatının Ay düşən yeri adlandırır. “Ay qədər təmiz, işıqlı və uzaq… Bu uzaqlıq onun görünməyən tərəflərinin həmişə pünhan qalmasına imkan verib, bir az əlçatmaz, bir az da arzulanan edib. Mühit içrə bulaşmayıb, sadəliyinə, təmizliyinə xələl gəlməsinə izn verməyib, mənəvi dəyərlərin fövqündə (keşiyində!) dayanmaqla ədəbiyyatın fəza elementinə çevrilib”.

2016-cı ilin 9 aprelində dünyasını dəyişdi. Hüznlü xəbər bütün sevənlərini sarsıtdı və təbii ki, həmin gün telefonuma çoxlu zənglər oldu. İlk zəng isə yaxın dostu, professor Qəzənfər Paşayevdən gəldi. Nə vaxt dəfn olunacağını soruşurdu. “İki saatdan sonra” dedim. Və Qəzənfər Paşayevlə Şirindil Alışanlı İmamverdi müəllimlə vidaşlamağa hamıdan əvvəl gəldilər. Elə sonuncu dəfə də gəlib rəhmətliyə baş çəkən onlar olmuşdu. Sonra Azərbaycan ədəbi cameəsi hamılıqla onun yas mərasimində iştirak etmək üçün Neftçalaya gəldi. Yasın sonuncu – yeddinci günü isə təkcə mənim deyil, İmamverdi müəllimin yurddaşlarının yaddaşında əbədi həkk olundu. Məclisin sonuncu günü akademik Vasim Məmmədəliyev Quran tapşırdı. Akademikin Quran və irfan işıqlarıyla süslənmiş söhbəti bitəndən sonra İmamverdi müəllimin yerlilərinin istəyinə görə Ramiz Rövşən “Sevgi məktubu” şeirini oxudu. “Haçan aşar bu sümükdən, // ətdən olan hasarı?! // Ruhum uçar göyə sarı, // sevgi məktubu kimi…”.

Bir də Musa Yaqub… Adamların arasında məni səslədi. “Bayaqdan düşünürəm ki, bu itkinin əvəzini nəylə qaytarmaq olar? Bu hüzr yerində mən bu itkinin təsəllisini tapdım; əsl səmimiyyət, mənəvi bağlılıq, qədirbilənlik mənasında. Sevinirəm, sən də sevin ki, o duyğular ölməyib, öləziməyib, bizi sabaha aparır… Sapsağlam, dipdiridir”.

87 illik ömrün dünyayla irtibatı belə sona çatdı.

…2006-cı ilin 9 dekabrında Xalq şairi Zəlimxan Yaqubla Salyana, Aşıq Pənahın yubileyinə getmişdik. Tədbirdən sonra Zəlimxan: “Gedib İmamverdi müəllimə baş çəkək, Bakıya sonra qayıdarıq”, – dedi. Gecədən keçmiş Salyan-Neftçala yolunda Zəlimxan Yaqub hər zaman dediyi sözləri bir daha təkrar etdi: “Bu düzəngahın sonunda İmamverdi müəllim olmasa, bizi bu yerlərə hansı duyğu çəkib apara bilər”.

İndi nə gedib ziyarət edəcəyim adam var, nə də sən varsan, Zəlimxan. İmamverdi müəllimdən sonra o yerlərin cazibəsi çox azaldı…

Bu yazını Şəhriyarın sözləri ilə bitirmək istəyirəm: “Mənim atam, süfrəli bir kişiydi… El əlindən tutmaq onun işiydi. Gözəllərin axıra qalmışıydı. Ondan sonra donərgələr döndülər. Məhəbbətin çıraqları söndülər…”.

 

7 aprel 2022

 

Ədəbiyyat qəzeti

Yazıya 116 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.