SƏS  – Zaur BAYRAMOĞLU

zaur bMilyardlarca qalaktikalar, ulduz topaları, nəhəng qara dəliklər və bütün bunları sicim kimi bir-birinə birləşdirərək müəyyən məsafədə tutan qaranlıq maddə… Bütün bunlar haradan yarandı? Nə mifoloji yöndən, nə də teolojik olaraq izahatlar qaneedici olmadıqları kimi, mahiyyət etibarilə də bir-birlərinin eynidir. Materializm yönündən yanaşaraq, nəyin necə olduğunu anlamağa çalışıram, amma burada da bir-birindən fərqli o qədər nəzəriyyə var ki, nə qədər çırpınsam da, işin içindən çıxa bilmirəm…

Böyük partlayış, böyük çöküş, simulyasiya, holoqram və toxum nəzəriyyəsi bunlardan sadəcə bir neçəsidir. Gələcəkdə kainatın varoluş hekayəsi, kim bilir, daha neçə formada yazılacaqdır. Ancaq mən yuxarıda adını çəkdiyim nəzəriyyələrin heç birini qəbul etməyərək indiyədək, bəlkə də, hər kəsin diqqətindən yayınan yeni bir yanaşma tərzi, yeni bir tezis irəli sürəcəyəm, amma bu tezisin nə olduğunu bilmək istəyirsinizsə, bir az səbirli olun və hekayəmizin sonunu gözləyin…

Böyük partlayışçılar hər şeyin ani partlayışla yaranıb ətrafa səpələndiyini, milyardlarla il davam edən təkamüllə indi gördüyümüz ulduz sistemlərinin, qalaktikaların yarandığını iddia edirlər. Böyük partlayışdan öncə maddə varmıydı? Yox idisə, bəs onda nə vardı? Heçlikmi? Düz məntiqlə partlayışın olması üçün maddəyə ehtiyac var. Əgər maddə yoxdursa, heçlikdə nə partlayacaq?  Ətrafa saçılan ölçüyəgəlməz  miqdarda qaz, toz buludu və enerji heçlikdən necə yarana bilərdi? Bu arada heçlik nədir? Bizim düşündüyümüz klassik anlamda yoxluqmu? Əlbəttə ki, xeyr. Heçlik sadəcə bizim duyğu orqanlarımızla görüb hiss edə bilmədiklərimiz deyil, hətta əlimizdə olan bütün müasir avadanlıqlardan istifadə etsək  də, varlığını təsbit edə bilmədiklərimiz belə deyil. Heçlik heç bir atomun, atomaltı parçacığın, enerjinin və kosmik zamanın mövcud olmadığı bir olqudur. Amma bir dəqiqə, bizim heçlik sandığımız şey əslində materiyanın başqa, hələ insan oğlunun icad etmədiyi halı ola bilməzmi? Yəni bizim maddə dediyimiz şey heçlik dediyimiz şeydən yarana bilməzmi?

Böyük partlayışçıların ortaq tezislərinə görə saniyənin on üstü qırx üçüncü  anından, yəni sıfırıncı plank zamanından   başlayaraq yaranan dəhşətli istiliyin soyumağa başlaması nəticəsində  ortaya çıxan atomaltı parçacıqların bir-biriləriylə reaktiv əlaqəyə girməsi sonucu  əmələ gələn proton və neytronlar sürətlə çoxalaraq bulud topaları yaratdılar. bu buludlar daxilində üç yüz səksən min il il boyunca bir-biriləriylə qarşılıqlı reaksiyaya girən proton və neytronlar ilk bəsit quruluşlu atomları meydana gətirdilər. Sonrakı dönəmdə kainatın hər tərəfinə yayılan bu maddə cazibə qüvvəsinin təsiri altında öz üzərinə  çökərək ilk ulduzları və planetləri  yaratdı. İlk ulduzların çəkirdəklərində qaynaşma yolu ilə daha ağır elementlər,  zamanla ölən  ulduzlardan ətrafa saçılan maddələrdən isə yeni ulduzlar yarandı…

Böyük partlayış nəzəriyyəsini dəstəkləyən fiziklərin ən görkəmli nümayəndələrindən Astrofizik Stefan Hopkinsə görə, böyük partlayışdan öncə mütləq heçlik vardı və bütün kainat böyük partlayışla yarandı.

Hopkins sadəcə böyük partlayış nəzəriyyəsini təkmilləşdirməmiş, həm də Albert Eynşteynin irəli sürdüyü nəzəriyyələrin bir çoxunu ya tamamlamış, ya da yanlış olduğunu iddia etmişdi. O,  kainatın  tabe olduğu fiziki  qanunların eyni olduğunu düşündüyündən Eynşteynin  nisbilik nəzəriyyəsi ilə Kvant fizikasının  qanunlarını  birləşdirməyə çalışırdı.  Hopkins uzun sürən tədqiqatlar nəticəsində Eynşteynin əksinə olaraq, qara dəliklərin sadəcə cazibə qüvvəsinə qapılan cisimləri udaraq böyümədiklərini, həm də sonralar “Hopkins radiasiyası” adlandırılacaq radiasiya yaymaqla kütlə itirdiklərini kəşf etdi.

Bu, Eynşteynin nəzəriyyəsi ilə daban-dabana zidd idi… Eynşteyn nəzəriyyəsinə görə, qara dəliklərin olay üfqünün  kütlə itirməsi, dolayısı ilə kiçilməsi qeyri-mümkün idi.

Kantdan bu tərəfə yaşayan filosofların əksəriyyəti kainatın qaz və toz buludlarından yaranması fərziyyəsini irəli sürərək əslində  Hopkinsin nəzəriyyəsini təməllərini qoymuşdular.

Bəzi astrofiziklərsə böyük çöküş nəzəriyyəsini dəstəkləyirlər. Onların iddiasına görə, böyük partlayışdan öncə bir kainat vardı və o, yetərincə genişləndiyindən qalaktikalar və ulduzlararası bağ qırıldı, nəticədə bütün kainat çökərək büzüldü və bizim idrak edə bilməyəcəyimiz həddə qədər kiçildi. Ondan o tərəfi mütləq yoxluqdu. O zaman yenidən böyük partlayış baş verdi. Burada düşünmədən dura bilmirəm, əgər böyük çöküş nəzəriyyəsi doğrudursa, bizim yaşadığımız kainat neçəncidir? İlk yarananmı, yoxsa ikinci, üçüncü, və ya bilmədiyimiz neçəncisə? Bir də kainatımızın əslində üstün zəkalı məxluqlar tərəfindən yaradılmış illüziyadan başqa bir şey olmadığını iddia edənlər var.

Bu nəzəriyyənin ən görkəmli nümayəndələrindən Devid Bom holoqrafik kainatda yaşadığımızı, gördüyümüz üçboyutlu əşyaların qara dəliklərin olay üfüqündən əks edən və ya orada saxlanılan iki boyutlu bilginin yansıması olduğunu iddia edirdi. Daha sonra Elen Qrat daha da irəli gedərək kainatın labarator ortamda yaradıldığını isbat etməyə çalışırdı… Amma bütün bunları izah edərkən holoqrafik kainatı labaratoriyasında yaradacaq qədər üstün zəkanı kimin yaratdığı sualına cavab vermir… Və sadəcə simulyasiya olunmuş bir kainatda yaşadığımızı iddia edənlər deyil, nə böyük partlayışçılar, nə də böyük çöküşçülər sıfırıncı saniyənin, yəni zamanın və ilk maddənin  harada və niyə yarandığını, ya da bu yaranışa hansı olqunun ehtiyac duyduğunu açıqlamır.

Bəlkə, bu sualın cavabı spritiualizm nəzəriyyəsindədir, – deyə düşünür, bir anlıq suallarıma orada cavab axtarıram.  Spritiualizm öyrətisinə görə, insanlar davamlı olaraq   reenkarnasiyadan keçərək bilgi inkişaf düzeyinə görə boyutları bir-bir yüksələrək səkkizinci boyuta  gəldiklərində tanrısallaşır, bir növ tanrılar panteonuna daxil olaraq yaradıcı qüdrət qazanırlar… Amma burada da həmən sual ortaya çıxır. Biriləri hələ gəlib səkkizinci boyuta çıxmadan və ya başqa cür desək, insanların, ümumiyyətlə, varlığın var olması üçün kainatı kim yaratdı? Öz-özünəmi yarandı? Əcəb dolaşığa düşmüşəm, – deyib qaşlarımı çatır və o dəqiqə də panteistlərin irəli sürdüyü tezisi xatırlayıram… Onların inancına görə, kainat özü özünü yaratmışdır… Bəlkə də haqlıdırlar, bilmirəm, amma hər halda bu mənim ağlıma yatmır. Bioloqların kəşfinə görə, təkcinsli və özü-özünü klonlamaqla çoxalan onurğasız heyvanlar vardır, amma bu heyvanlarla kainatı bir yerə qoymaq  absurd düşüncə olardı…

Kvantçıların da dedikləri kimi, atomlar heçlikdən yarandı, böyük partlayışla kainatı yaratdı, sonra da böyük çöküş olacaq. Yəni bir növü hər kəs öz nəzəriyyəsində haqlıdır, eləmi?

Həm böyük partlayışçılar, həm də böyük çöküşçülərin izah edə bilmədikləri yeganə şey var: maddənin haradan yarandığı… Maddə ilk başda varmıydı, yoxsa teoloqların da iddia etdikləri kimi, Tanrının “Ol” kəlməsiləmi yarandı? Yoxsa maddə sadəcə enerjinin başqa formasıdır?

Antik filosoflar maddənin əbədi və əzəli olduğunu, sadəcə şəraitə görə forma dəyişdirərək bəzən qaz, bəzənsə toz halında olduğunu iddia edirdilər. Aristotel fəlsəfənin təməllərini atarkən var olan hər şeyin əsasında maddə durduğunu düşünürdü… Sonra Aristotel metafizikanı materiya fizikasından ayıraraq onu qeyri-maddi dünyanı araşdıran elm kimi önə sürdü. Min doqquz yüz iyirmi dördüncü ildə məşhur  alman fiziki Maks Born yayınladığı məqalədə fizikada yeni – Kvant fizikası adlı bölümün təməllərini qoydu. Atomların incələnməsi ilə məşğul olan alim Kvant fizikasının elektronların sıçrama və eyni anda bir neçə yerdə görünə bilmə xüsusiyyətlərini nəzərə alaraq maddənin yoxdan varoluşunun mümkünlüyünü iddia edirdi.

Əgər kainatın harasındasa bir partlayış olacaqdısa, o partlayışdan öncə maddə var olmalı idi… Həm də atomaltı düzeydə deyil, bizim idrak edə bilməyəcəyimiz qədər sıxlıqda və bolluqda… Maddənin miqdarı elə bir səviyyədə olmalı idi ki, partlayışın təsiri yetəri qədər qüvvətli olsun, milyardlarla işıq ili uzaqlara yayıla bilsin, həm də kainata səpiləcək maddələrin qarışığından trilyonlarca ulduz yaransın.

Böyük çöküşçülərin nəzəriyyəsi isə varoluşu bir-birini əvəz edən partlayış, genişlənmə və çöküş üçbucağının içinə həbs edərək varoluşun ilkin mərhələsi haqqında açıqlama verə bilməkdən uzaqdır. Onlar  kainatın sonsuzluqdan gəlib sonsuzluğa getdiyini iddia edərək qısa yoldan işin içindən sıyrılırlar.

Son vaxtlarda aparılan astroloji tədqiqatlar nəticəsində Günəşin öz sistemi ilə birlikdə “Saman yolu” qalaktikasının mərkəzində yerləşən qara dəliyin ətrafında təxminən iki yüz əlli altı milyon ildə bir dəfə dövr etdiyi müəyyən olunub. Günəş bu dövrəsi zamanı hər altmış dörd milyon ildə bir güclü kataklizmlərdən keçir. Əlbəttə ki, kosmik zamanla deyil, Yer zamanı ilə hesablanan iki yüz əlli altı milyon il insan oğlu üçün olduqca böyük müddətdir. Amma Günəşin qara dəliyin ətrafında hər dövrəsini bir Günəş ili olaraq hesabladığımızda bizim Günəşimizin on səkkiz yaşında gəncəcik bir ulduz olduğunu görərik.

Qeyd etmək yerinə düşər ki, Günəş qara dəliyin ətrafında daha on səkkiz dövrə vurduqdan sonra partlayaraq içinə çöküb yeni bəyaz cücə ulduz yaradacaqdır.

Qorxmayın, bu, bir anda baş verməyəcək.  Kimyəvi reaksiya nəticəsində helium atomlarına dönən hidrogen bitdikdən sonra günəş öz nüvəsi ətrafındakı hidrogeni yandırmağa başlayacaq. Bu zaman şişməyə başlayan Günəşin səthi təxminən iki yüz dəfəyə yaxın böyüyərək supernovaya çevrildikdən sonra artıq yandırmağa hidrogen qalmadığında öz içinə çökəcək. Milyardlarla il sonra baş verəcək bu hadisə zamanı insan oğlu  o vaxta kimi özü-özünü məhv etməsə, hər halda başqa ulduz sistemlərində qurduğu koloniyalara  köçərək fəlakətdən yaxa qurtara biləcək.

Günəş barədə bunları düşünərkən istər-istəməz ağlıma gəlir; planetlər Günəşin, Günəşsə qalaktikamızın mərkəzindəki qara dəliyin ətrafında fırlanırsa, elə qara dəliyin də mərkəzində olduğu ulduz sistemi ilə birlikdə hansısa başqa bir obyektin ətrafında fırlanması gərəkməzmi? Böyük partlayış nöqtəsinin, yəni bərzəxin…. Günəş bir gün içinə çökərək öz sistemini, qara dəliksə digər ulduzlarla bərabər günəş sistemini udacaqsa, o zaman elə saman yolu qalaktikasının mərkəzindəki qara dəliyin də ətrafındakı ulduzları udduqdan sonra mərkəzi nöqtə adlandırdığımız bərzəx tərəfindən udulması lazım deyilmi? Bu, bir az da çöküşçülərin nəzəriyyəsinə bənzəyir, amma olsun…

Bərzəxin udduğu materiya onun əks tərəfindən çölə atılaraq yeni bir kainat, bəlkə də, paralel dünya yaradacaqdır. Mən bu udulma və yenidən yaranma hadisəsini qara dəliklər əsasında iddia edirəm. Axı bir-birinin ardınca nəhəng ulduzları, hətta işığı belə kamına çəkərək “əriştə”yə çevirib udan qara dəliklərin onları sonsuzadək bətnində tutması mümkün deyildir. Yəni qara dəliyin hələ elmə məlum olmasa da, bir də arxa tərəfləri, “bəyaz dəlikləri” olmalıdır ki, oradan udaraq şəklini dəyişdirdikləri materiyanı çölə püskürdə bilsinlər. Bərzəx də eyni sistemlə işləyərək udduğu nəhəng qalaktikaları öz bəyaz dəliyindən, ya da kontur-bərzəxindən yaranmaqda olan yeni bir kainat üçün sərbəst buraxacaqdır…

İnsan oğlu özünü dərk etdikdən sonra yaranan mifologiya və təbiətin varoluşuna dair gətirməyə çalışdığı teoloji izahlar əvvəllər bir-birinə bənzər idi. Bu bənzərlik mifologiyaların qaynağının daha ağıllı, inkişaf etmiş bir toplum olmasından, ya da insanların bu günə gələnədək yaşadıqları ortaq çətinliklər, savaşlar və sairələr səbəbinə də ola bilərdi. Sonucda Yer üzündəki heç bir xalqa, hətta bir qitədə yaşayanlara başqa qitədən kimsə gəlib əkinçiliyi, ya da maldarlığı öyrətmədi. Hər kəs ağıl, təcrübə və instinktin ortaq öyrətisiylə bir şeylər öyrənirdi. Çox uzaq keçmişdə deyil, sadəcə beş yüz il öncə Avrasiyada yaşayanlar dünyanın qalan hissəsindən xəbərsizdilər, həmçinin Amerikada və ya Avstraliyada yaşayanlar da. Bu yerlərin hər birində eyni səviyyədə olmasa belə, neçə-neçə mədəniyyətlər bir-birlərini əvəzləyərək, bu günlərə gəlib çatmışdılar. Yaşadıqları coğrafi şəraitə görə özləri üçün spesifik mədəniyyətlər yaradan insanlar əkinçilik, maldarlıqla məşğul olur, şəhərlərdə yaşayan sənətkarlar sadəcə müxtəlif alətlər deyil, həm də bir-birindən gözəl bəzək-düzək, zinət əşyaları yaradırdılar. Sonra nə oldu? Ticarətin gəlişməsi, iqtisadi maraqlar və dünyanı tanıma istəyi birləşincə insan oğlu doğasında olan bilinməyəni araşdırma dürtüsü ilə  həm uzun yolları qısaltma, həm də ətraf mühiti tanıma, yeni kəşflər edə bilmək üçün dənizlərə açıldı. Dönəmin qıt coğrafi bilgiləri ilə Hindistana kəsə yol axtaran cəsur səyyahların kiçik ilkəl gəmilərlə okeanlara açılması sayəsində bir anda yeni dünyalar kəşf olundu…Bu kəşflər sadəcə iqtisadi inkişafa və yeni imperialist dövlətlərin yaranmasına rəvac vermədi, həm də Qərb intibahını zirvəyə daşıyaraq materialist fəlsəfənin daha da inkişafına təkan verdi.

Maraqlı burasıdır ki, bəşəriyyətin ən qədimindən başlayaraq, üzü bəri mifoloji olaylar xalqların teoloji sistemlərə də təsir edərək dini mətnlərdə yeni həyat qazanırdı. Məsələn, tufan hadisəsi, Sirat körpüsü və ya Bilqamışın Tanrının hüzuruna çıxaraq onunla divarın arxasından danışması kimi…

1874- cü ildə Cənubi Mesapotamiyanın şimalında bir ingilis zabiti tərəfindən tapılan gil lövhələr Britaniyaya göndərildi. Buraya qədəri normaldı, çünki ingilislər də digər imperialistlər kimi əllərinə keçəni vətənlərinə daşıyırdılar. Normal olmayan hadisələr isə gil lövhələr Britaniyada tədqiq edilməyə başlandıqdan sonra yaşanmağa başlandı. Belə ki, Akkad dilində yazılmış mətnlərdə böyük tufandan bəhs edilirdi.

Mətnlərin tərcümə edilməsi ilə bərabər elm dünyası Nuh tufanının sadəcə dini rəvayətdən ibarət olmadığını, gerçəkdə yaşanmış olay olduğunu anladı.

İlkəl insanlar dünyanı yaşadıqları məhdud çevrədən ibarət saydıqlarından onların Dəclə və Fərat çaylarının birləşəcək qədər dəhşətli daşqın yaşanmasını yer üzünü sel basması kimi anlayaraq mifologiyalarında yaşatmaları təbiidir: axı antik dövrün insanlarının təsəvvüründə dünya onların gedə, görə bildikləri qədərdi…

Şərq intibahından minlərcə il öncə, bilinməyən torpaqlardan, bəlkə də, Göbəklitəpədən gələrək İkiçayarasının münbit torpaqlarında məskunlaşan və samilərin “Şumer” adlandırdıqları Kanqar xalqının “Bilqamış” dastanında və onlardan qalan on minlərcə gil lövhədə də sadəcə böyük tufan haqqında məlumat verilməklə qalmır, eyni zamanda Yerin kürə şəklində olduğu iddia olunur. “Bilqamış” dastanının yeddinci lövhəsində Enkudu dəmir quşun onu caynağına alıb göyə qaldırarkən öncə necə nəfəssiz qaldığından və sinəsinə dözülməz bir ağırlıq gəlib oturduğundan bəhs edir, eyni zamanda yuxarıdan yerin necə göründüyündən danışır:

… Mənə dedi ki:

– Yerə bax, nəyə bənzəyir, dənizə bax, necə görünür?

Mən: – Yer dağa, dəniz gölə bənzəyir.

Dörd saat daha uçduq və o yenə soruşdu:

– Yerə bax, nəyə bənzəyir? Dənizə bax, nəyə bənzəyir?

– Yer bir bağçaya, dənizlərsə bağbanın su arxlarına bənzəyirdi.

Dörd saat daha uçduqdan sonra o yenə soruşdu?

– Yerə bax, nəyə bənzəyir? Dənizə bax, necə görünür?

Yer sıyığa, dəniz su birikintilərinə bənzəyirdi…

“Bilqamış” dastanı Kanqar xalqının mifologiyasının məhsulu olsa da, əslində özlüyündə olduqca maraqlı məlumatları ehtiva etmişdir. Dastanın yeddinci lövhəsində bəhsi keçən hadisə necə xəyal məhsulu, mifik hadisə ola bilərdi? Axı bu eynən Yerdən yüksəldikcə astronovtların sürət və çəkisizliyin yaratdığı təzyiqlə kosmik gəmidə hiss etdikləri nəfəssiz qalma və sinəyə çökən ağırlıq, eyni zamanda dünyamızın necə görünməyinin tam dəqiq təsviridir…

Və bütün bunlar astronovtlar uzaya gedənədək insan oğlu tərəfindən bilinən bir həqiqət deyildi…

Və ya Kanqar gil lövhələrindəki “Tanrı təkdir, dəngi yoxdur” cümləsinin “lailahəilləllah”a bənzərliyini təsadüfi saya bilərik, bəs Bilqamışın Tanrının hüzuruna gedərkən onunla divarın arxasından danışmasını (Tanrının üzünü görən insan oğlu yaşaya bilməzmiş, hətta Bilqamış kimi cisminin üçdə ikisi Tanrı olsa belə) və Tanrının dörd köməkçisi olduğu haqdakı məlumatlar sizə Peyğəmbərimizin merac hadisəsini xatırlatmırmı?

Bu arada on iki aylıq il və altmış dəqiqəlik saat sistemini ilk olaraq kanqarlar istifadə ediblər.

Min illərdir, insanlığın bir-birinə ötürərək bu günlərə daşıdığı mifik hadisələr istər xalqların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər, qorxular, fəlakətlər nəticəsində ortaya çıxan bilinməyəni izah və üstün qüvvətə sitayiş ehtiyacından doğsun, istərsə də bəzi araşdırmaçıların – məsələn, professor Erik Fon Denikenin da iddia etdiyi kimi, yadplanetlilərin insan irqini təkmilləşdirmək üçün etdiyi müdaxilələr nəticəsində ortaya çıxsın, atlantikçilər, ya da muçuların iddia etdikləri kimi, məhv olmuş hansısa yüksək sivilizasiyalardan qalma bilgi qırıntıları əsasında formalaşsın, sonucda bilinən mədəniyyətlərin ən qədimindən ən yenisinə doğru bir-birinə təsir edərək gəlmişdir. Kanqar mədəniyyəti Babilə, onlarsa Misirə, Misir elmi və mifologiyası antik yunan mədəniyyətinə, oradan isə Romaya keçdiyi kimi… Sələfindən bilgiləri alıb xələfinə ötürən xalqlar nə bilimi, nə də dastanları olduğu kimi ötürməmişlər. Hər xalq gücü yetən səviyyədə onları ya təkmilləşdirmiş, mifoloji olaylara yeni don geyindirərək öz təfəkkürlərinə uyğun olaraq bəzi dəyişikliklər etmişlər…

Öyrətmənlər öyrətməni Fərabinin qurduğu təməllər üzərində yüksələn islam intibahı dönəmi Qəzalinin hər şeyin başlanğıcını kəlməyə bağlanması tezisi ilə başa çatdı…

Qəzali əsərlərində irəli sürdüyü düşüncələrlə teologiyanın banisi olsa da, materializmə yanaşması İslam intibahının önündə əyləc rolunu oynayaraq, Şərq materialist fəlsəfəsini öncə durğunluğa məhkum etdi, sonra da geriləməsinə səbəb oldu.

Hürufilik cərəyanının öndə gələn nümayəndələrindən olan böyük filosof İmadəddin Nəsimi də  Qəzalinin təsirindən baxımsız və başqa formada olsa da, yaradılışı Tanrıya bağlayaraq “Sığmazam” qəzəlində:

 

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,

Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.

 

– deyirdi.

Beytin birinci misrasından da göründüyü kimi, Nəsimi ərəbcə kaf və nun hərflərinin birləşməsindən yaranan “kun”, yəni “ol” kəlməsinə işarə edərək aləmlərin Tanrının “Ol” kəlməsi ilə var olduğundan bəhs edirdi…

Nəsimi digər böyük türk-islam düşünürlərinin içində onlarca filosofdan biri idi, axına qoşulub gedən, təfəkkür dəryasının əngin sularında axıntıya qapılan onlarca filosofdan biri…

Bilmirəm, bəlkə də, onlar Qəzalinin yaratdığı fikir sunamisində özlərini nəhəng düşüncə dalğalarının qoynuna təslim edərək metafizik dəryasında qərq olmaqda haqlı idilər, amma hər halda bu təbiət elmlərinin, materializmin kökünə vurulan balta idi. Qəzalinin fəlsəfə və materializm haqqındakı tezisləri yenicə qol-qanad açıb bütün dünyanı cəhalətin qovurucu şüalarından qorumağa  çalışan bilim ağacının qol-budağını daha fidankən budayaraq inkişafına mane oldu…

Qəzalinin təməllərini atdığı teoloji axın islam, şərq, bilim və fəlsəfəni rədd edərkən bir neçə yüzillik sonra Qərbdə fəlsəfənin teologiyadan ayrılması ilə bilimin sürətli inkişafı başlanacaq, nəticədə Avropa mədəniyyəti İntibah çağını yaşamağa başlayacaqdı… Və o gün bu gündür, biz qadının baş örtüsü, kişinin saqqalı ilə uğraşarkən Qərb bilimin və mədəniyyətin hər sahəsində geridən gələrək bizi keçəcəkdi…. Necə deyərlər, elm iltifat gördüyü yerə gedər, istənmədiyi yerə deyil…

Doğrudur, İntibah dövrünün böyük filosofları dinsiz deyildilər və böyük ixtiralar, elmi kəşflər zamanı materializmlə yanaşı, müqəddəs kitablardakı ayəti-kəlmələrin düzgün yorumlanması onların işlərini yüngülləşdirirdi. Əminəm ki, Əl-Biruninin Yerin kürə şəklində olduğu düşüncəsinin bir işıq kimi filosofun beynində yanmasında Qurani-Kərimdəki “biz onu gecə və gündüzlə örtüb bürüdük” ayəti kəlməsinin əhəmiyyətli dərəcədə rolu olmuşdu…

Amma bununla belə antik yunan fəlsəfəsinə bələd olan Biruni hər halda həm mükəmməlliyyətçi alim olan Pifaqorun “Yer yaradılışı ilə mükəmməldir, məhz buna görə də fiqurların ən mükəmməli olan kürə şəklində olmalıdır” tezisindən, həm də İsgəndəriyyə kitabxanasının üçüncü əsrdə yaşamış müdiri, astronom Hipatiyanın riyazi hesablamalarla Yerin kürə şəklində olduğunu təxmin edərək ekvatorun uzunluğunu 1,2 faiz yanlışlıqla hesabladığından da xəbərdardı.

Hələ avropalılardan yüzlərcə il öncə Əl-Biruni və İbn Sina arasında işıq sürətini ölçməyin mümkün yolları haqqındakı müzakirələrdən Əl-Biruninin düz dünya nəzəriyyəsini kökündən çürüdərək Yerin kürə şəklində olması, qütb gecələrindən Yer kürəsinin radiusunu bir neçə kilometr yanlışlıqla da olsa hesablamalarına qədər dönəmin primitiv hesablama alətləri və müşahidə cihazlarından yararlanmaqla necə böyük kəşflər etmişdilər…

Məlik şahın göstərişi əsasında çoxumuzun şair kimi tanıdığımız və Şərqdə rübailəri ilə məşhur olan Ömər Xəyyamın rəhbərliyi altında toplanan alimlərin hazırladığı və təəssüf ki, artıq heç kim tərəfindən istifadə olunmayan Sultani (Novruz) təqvimi beş min ildə bir gün xəta verirdi… Müqayisə üçün qeyd etməliyəm ki, bu gün istifadə etdiyimiz miladi təqvimin xəta payı üç min ildə bir gündür.  Amma istənilən halda dinlə bilimin qarışdırılması nəinki elmin, hətta cəmiyyətin belə bütövlükdə cəhalət girdabına düşməsinə səbəb olmuşdur. İslam dininin müqəddəs kitabı ayətlərində insanları sorqulamağa təşviq etsə də, Qəzalinin filosofları adəta toplumda istənməyən adam elan etməsi  Doğuda elmin klinik ölümə girərək yüzillər boyu Batıdan geri qalmasına səbəb olacaqdı…

Tarix boyu ən böyük icadlar dövlətlərin hərbi qüdrətlərinin artırılması ehtiyacından doğmuş, zamanla mülki sahədə də insanların yararlanması üçün istifadə edilmişdir.

Keçən əsrdə icad olunan yüksək oktanlı benzindən internetə, avtomobillərin əyləc sisteminə qədər hamımızın bildiyimiz və həyatımızda yaşadığımız ən böyük ixtiralar məhz dövlətlərin hərbi qüdrətlərini möhkəmləndirmək üçün çalışan alimlər tərəfindən icad olunub…

Sizin heç səsin dağıdıcı qüdrətindən istifadə etməklə hazırlanan müxtəlif qurğulardan xəbəriniz varmı? Bu qurğulardan bəziləri ilk olaraq Sovet ordusunda istehsal və tətbiq olunub.

Mühəndis-istehkam bölmələrində mina təmizləmək üçün istehsal olunan qurğularda zirehli avtomobilin üzərinə bağlanmış döyüş təyyarəsi motoru işə salınaraq səs önə doğru istiqamətləndirilirdi. Səs dalğalarının yüksək tezlik və şiddətlə yerə çırpılması nəticəsində əmələ gələn titrəşimlərdən torpağın altında basdırılmış minalar partlayaraq öz-özünü sıradan çıxarırdı. Bu texnikadan istifadə zamanı əmələ gələn dəhşətli gurultu nəticəsində mühəndis-istehkam bölmələrinin yerləri aşkar olunaraq düşmən üçün açıq hədəfə çevrildiyindən bu texnikalar sadəcə Əfqanıstanda tətbiq olunduqdan sonra kütləvi istehsal mərhələsinə keçmədən tarixin tozlu arxivlərindəki özünü doğrultmayan silahlar bölməsinə göndərildilər…

Mühəndis-istehkam sahəsində özünü doğrultmasa da, ordunun digər bölmələrində səsin dağıdıcı gücündən istifadə prinsipinə əsaslanan əl qumbaraları və aviabombalar istehsal olunaraq geniş şəkildə istifadə olunur, hətta müasir döyüş təyyarələrinin qaz çıxış  borularında quraşdırılan xüsusi cihazlar vasitəsi ilə xaric olunan qazın bir neçə saniyə tutularaq ani buraxılması nəticəsində baş verən “farsaj” adlı yüksək desibelli səs sayəsində kilometrlərcə radiusdakı  düşmən əsgərləri kontuziya alaraq döyüş qabiliyyətini itirir…

Ayrıca, ictimai asayişin qorunması adı altında kütləvi aksiyaları dağıtmaq üçün də müxtəlif diapozonlarda səs dalğaları yayan qurğular istehsal olunmaqdadır. Son vaxtlar həm orduda, həm də mülki   həyatda istifadə olunan “İti qovan” adlı cihazların da işləmə prinsipi kütləvi aksiyaları dağıtmaq üçün istifadə olunan cihazlarla eynidir. Bunlar daha kiçik və cibdə daşına bilən cihazlar olsalar da, yaydıqları səs dalğaları aracılığıyla bir neçə metrdən hətta ən vəhşi itlərin belə sinir sistemini pozaraq onları ya qaçıb getməyə, ya da yumaq kimi büzüşüb olduğu yerdəcə qalaraq dayanmadan zingildəməyə məcbur edir….

Bir də insan oğlu üçün səsin iki cür diapozonu var: bizim qulaqlarımızın duya bildiyi və duya bilmədiyi diapozonları….

Məsələn yaxınlığımızdakı fil bağıraraq yardım çağıra bilər, amma biz onun səsini duymadığımız halda on kilometr məsafədəki hər hansı başqa bir fil eşidərək yardımına tələsə bilər… Çünki insan qulağı bəzi heyvanların xüsusi diapozonda çıxardığı səs siqnallarını duymağa qadir deyildir.

Bu gün tibb sahəsində ultrasəs cihazlarından bir çox xəstəliklərin müayinə və diaqnostikasında istifadə olunur.

İndiyə kimi  nə materialist,  nə də metafizik filosofların heç birinin ağlına gəlməyən səsdən-səsə nəzəriyyəsi məni bir anda ayıltdı… Professor Əhməd Qəşəmoğlunun dediyi kimi, bu ilham – vəhy idi, deyəsən…

Teoloji nöqteyi-nəzərdən baxsaq, Quranda açıq-aşkar Qiyamətin İsrafilin sura üfürməsi ilə başlanacağı yazılıb. Yəni hər şey səslə məhv olacaq… Ayrıca, İsrafilin sura üfürməsi sadəcə yoxoluşun başlanğıcı deyil, həm də yer üzünün yun kimi olan dağlarla birgə “əriştə” şəklinə düşərək qara dəlik tərəfindən udulub arxa tərəfindən hələ idrakımızın mümkün olmadığı hansısa başqa formada çıxmasıyla yenidən varoluş və teoloqların sözüylə desək, ruhlar aləmində yeni bir həyatın, cənnətlə cəhənnəmin başlanğıcıdır. Və əslində İsrafilin sura üfürməsi boks raundundakı qonq kimidir. İlk üfürüşündə fani dünya bitir, ikinci üfürüşündə əbədi həyat başlayır. Amma arada keçəcək qırx illik uzay zaman dilimi var ki, bu qırx ilin yer vaxtı ilə nə qədər sürəcəyi də bilinmir. Qurani-Kərimdə bir yerdə Cəbrayıl əleyhissəlam yer vaxtı ilə uzay zaman arasındakı fərqə və əslində zamanın nə qədər nisbi anlayış olduğuna işarə edərək: “Sizin vaxtınızla min il olan bir gündə Tanrı qatına gedib dönərəm”, – deyir…

Tanrı qatı hər halda uzay xaricində bir yerdə olmalıdır ki, onun yanından bizim dünyamıza getmək üçün Cəbrayıl əleyhissəlama dünya vaxtı ilə min il olan bir gün lazım olsun….

Biz müsəlmanlar ərəbcə, ya da   hansısa ruhani, tanrısal dildə deyilən “Ol” kəlməsini iki dodaqdan çıxan söz kimi qəbul edərkən sözün səsin fonetik titrəşimindən başqa bir şey olmadığını unutmuşuq, təəssüf ki… Eynşteyn nisbilik nəzəriyyəsini icad etdiyində: “Niyə məndən öncə kimsə bunu icad etməyib”, – deyə çox təəccüblənmişdi. Amma o, Qurani-Kərimdə keçən Cəbrayılın “Mən sizin vaxtla min il olan bir gündə yerə gəlib dönürəm” kəlməsindən xəbərdar olsaydı, dərhal dönüb müsəlman olardı, eynən “iki dənizin arasındakı pərdəni götürdük, amma onları qarışdırmadıq, birinin suyu acı şor, digərinin suyu dadlı şirindir” ayəsini duyduqdan sonra müsəlman olan və dənizdəki bu qəribəliyi icad edən kaşif kimi…

Amma istənilən halda elmin inkişafı üçün mütləq surətdə  metafizika və materializm bir-birindən ayrılmalıdır. İnsanlıq tarixindən də göründüyü kimi, teoloji axımların qüvvətli olduğu dönəmlərdə elmin inkişafı geriləmişdir.

Yuxarıda da qeyd etdiyim kimi, kainatın, qalaktikaların və ümumiyyətlə, insan oğlunun görə bildiyi, varlığını hiss etdiyi hər şeyin yaranmasının, başlanğıc nöqtəsinin böyük partlayış olduğu təxmin edilir. Doğrudur, yunan filosofu Anaksaqorasdan başlayaraq, toxum nəzəriyyəsindən bəhs edən alimlər də var, amma kainatın yaradılışı barədə baş sındıran alimlərin böyük əksəriyyəti məhz böyük partlayışın üzərində durmaqdadırlar…

Son illərdə kainatımızdakı bütün kütlənin doxsan altı faizə yaxınını təşkil edərək ulduzlararası bağ, kainatın yapışdırıcısı rolunu oynayan qaranlıq maddənin çəkim gücünə baxmayaraq, qaranlıq enerji tərəfindən mərkəzdənqaçmağa məcbur edilən qalaktikaların, hətta qalaktikalar daxilindəki ulduzların belə getdikcə artan sürətlə bir-birindən uzaqlaşdıqları müşahidə edilmişdir. Bu “böyük çöküş”çüləri dəstəkləməklə bərabər, klassik fizika qanunlarının ulduz sistemində keçərli olmadığını, kainatın Kvant fizikası, ya da tamam başqa fiziki qanunlar əsasında işlədiyini göstərməkdədir. Çünki normalda ilk partlayışdan sonra şok dalğaları mərkəzdən uzaqlaşdıqca gücünü itirməli, cisimlərin hərəkət sürəti zəifləməli olduğu halda kainatımızda bunun tam əksi baş verməkdədir…

Və partlayış….

Səssiz partlayış olurmu? Təbii ki, olmaz…  Eyni zamanda partlayışsız da səs olmaz. Partlayış və səs biri olmadan digərinin mövcudluğu mümkün olmayan, istər mikro, istərsə makro düzəylərdə bir-birilərini tamamlayan iki materiyadır…

Və hər şey səsdən yarandı, səslə davam edir, səslə də məhv olacaq… Səsin müxtəlif forma, titrəşim və diapozonlarında…

Eynşteynin nisbilik nəzəriyyəsindən sonra, amma kəsinliklə ondan daha böyük icad, daha da böyük fəlsəfi yanaşma.

Təbii partlayışlara ən gözəl örnək 1883-cü ildə partlayan Krakatou vulkanıdır. Vulkanın partlayışı nəticəsində kül 40 kilometr yüksəyə püskürmüş, vulkanın yaratdığı 312 desibellik şok dalğaları altmış dörd kilometr radiusdakı insanların qulaq pərdələrini partladaraq kontuziya almalarına səbəb olmuş, beş min kilometr məsafədən rahatca duyulmuş və nəhayət, dörd dəfə Yer kürəsinin ətrafını dolanaraq sakitləşmişdi…

Bu arada xatırlatmaq yerinə düşərdi ki, səs dalğaları 194 desibeldən sonra şok dalğalarına cevrilir.

Mənim düşüncəm, ya da yaradılışla bağlı irəli sürdüyüm tezis varoluşda səsin mütləq şəkildə rolunun olmasıdır. Böyük partlayışa inanmaqla bərabər bərzəxdə olayların necə baş verdiyini tam anlamıyla bilmirəm. Bunu bilmək o qədər asan olsayd,ı NASA on milyard dollar xərcləyib Ceyms Veb teleskopunu bərzəxdəki kosmik arxa plan şüalarını tədqiq etmək üçün göndərməzdi…

 

 

Yazıya 87 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.