AKİF ABBASOV MƏKTƏBLƏRLƏ TANIŞLIQ

turkculuk-shutterstock_16_9_1556831540-880x4953 MAY – TÜRKÇÜLÜK GÜNÜDÜR

 

(“Samsundan başlanan yol” romanından)

Atatürk atın tərkində Akşəhərə gəzintiyə çıxmışdı. Dr. Helmi Oytac onu görcək təəccübünü gizlətmədi:

-Qazi əfəndi, nə əcəb səhər erkən gəzintidəsiniz. Bu təmiz havadan sinə dolusu nəfəs almağın yerini heç nə verməz.

Atatürk gülümsəyərək:

-Bilirəm, Helmi əfəndi. Amma məqsədim bu deyil. Mədrəsələrə baş çəkmək istəyirəm. Deyirəm, görüm uşaqlarımızın dərsi nə vəziyyətdədir, nə oxuyurlar, nə keçirlər, hansı şəraitdə məşğul olurlar.

Dr. Helmi Oytac onun fikrini təqdir etdi. O öz evinin qarşısındakı küçədə dayanmışdı.

Qazinin yavəri də onunla gəlmişdi. Dr. Helmi onları evə dəvət etdi. Nəzakətlə boyun qaçırdılar. Görüləsi işlər vardı. Atatürk dr. Helmidən soruşdu:

-Yaxınlıqda mədrəsə varmı?

Dr. Helmi cavabında dedi:

-Vardır, qazi əfəndi.

Mustafa Kamal soruşdu:

-Onlardan neçəsi fəaliyyət göstərir?

Atatürk respublika elan olunduğu ilk vaxtlardan Qərb modelinə uyğun vahid, dünyəvi Türkiyə yaratmaq istəyirdi. Ölkədə dini məktəblər, mollaxanalar, mədrəsələr baş alıb gedirdi. Atatürk dünyəvi təhsilə, dünyəvi mədəniyyətə geniş yer verməyi əhəmiyyətli sayırdı. Odur ki, dini məktəblərin və mədrəsələrin əksəriyyəti bağlanmışdı.

Dr. Helmi dedi:

-Məndə olan məlumata görə, Akşəhərdə haradasa qırx mədrəsə vardı. İndi onlardan bir neçəsi işləyir. Birisi lap yaxınlıqdadır.

Atatürk atdan endi. Mədrəsəyə baş səkmək istədiyini bildirdi. Onlar gəzə-gəzə mədrəsəyə gəldilər. Atatürk əvvəlcə bir-bir otaqları gəzdi. Onların çoxu mədrəsənin zirzəmisində yerləşmişdi. Kiçik, qaranlıq otaqlar idi. Hərəsində bir soba vardı. Bu sobalar güc-bəla ilə otaqları qızdırırdı. Buna qızdırmaq demək mümkün idisə.

Otaqların bir çoxu bom-boş idi, kimsə gözə dəymirdi. Bu otaqlardan yataqxana kimi istifadə olunurdu. Burada kəndlərdən oxumağa gələn şagirdlər qalırdılar. Onlar sobaları yandırıb həm qızınır, həm də sobanın üstündə yemək hazırlayırdılar. Otaqlar pis vəziyyətdə idi, yemək qoxusu ətrafı başına götürmüşdü. Adamın ürəyini bulandırırdı. Helmi hətta əli ilə burnunu tutmuşdu.

Dərs otaqları zirzəminin üstündəki mərtəbədə yerləşirdi. Atatürk, dr. Helmi və qazinin yavəri üst mərtəbəyə qalxdılar. Buradakı mənzərə də ürəkaçan deyildi. Şagirdlərin ayaqqabıları sinif otağının qarşısında düzülmüşdü. Gələnlər otağa keçdilər. Dərsi qafqazlı Nüman əfəndi aparırdı. O, qəsəbənin müftisi idi. Şagirdlər bir qara taxtanın ətrafında dizi üstə əyləşmişdilər. Gələnləri görüb ayağa qalxdılar. Atatürk içəridəkilərlə salamlaşdıqdan sonra üzünü müəllimə tutaraq xəbər aldı:

-Xoca əfəndi, dərsiniz nədir?

Müfti cavab verdi:

-Lisan-ül- ərəbi.

Atatürk təəccüblə müftiyə baxaraq:

-Deməli, şagirdlərə ərəb dili öyrədirsiniz.

Müsbət cavab alıb uşaqlardan birinə müraciətlə dedi:

-Tabaşiri götür, yazı lövhəsinin qarşısına keç.

Şagird deyilənlərə əməl etdi. Atatürk sözünə davam etdi:

-Mən deyənləri yazıb ərəb dilinə çevir.

Şagird əlində tabaşir yazı taxtasının önündə dayandı və Atatürkün nə buyuracağını gözlədi. Atatürk aramla aşağıdakı cümlələri dedi:

-Keçmiş Osmanlı imperatorluğu sərhədləri içində bir çox azınlığı ilə yanaşı ərəb azınlığı da vardı. Bu günkü milli sərhədlərimiz daxilində ərəb azınlığı yoxdur.

Oğlan böyük Atatürkün diktə etdiyi cümlələri yazı lövhəsində yazdı, sonra dayanıb gözlərini döydü. O deməsə də, hiss olunurdu ki, cümlələri ərəb dilinə tərcümə edə bilmir. Bunu görən Atatürk ikinci, üçüncü şagirdə müraciət etdi. Bir şey çıxmadı.

Şagirdlərdən birinin 19-20 yaşı olardı. Atatürk onu gözdən keçirib başını buladı. Şagirdlərlə xudahafizləşib çölə çıxdılar. Atatürk yavərini göndərib müəllimi çağırtdırdı. Şagirdlərin yanında deyə bilmədiklərini ona çatdırdı:

-Xoca əfəndi, düşündüm ki, sinif otağında desəm, bu pedaqoji mərifətdən kənar olar. Odur ki, burada, təklikdə görün sizə nə deyirəm. Ölkəmiz əlləşib-vuruşur, ayaq üstə qalxmaq istəyir. Belə ağır günlərdə məktəb yaşları keçmiş uşaqları hərbi xidmətə yola salmaq əvəzinə bu qaranlıq otaqlara doldurub ərəb dili öyrədirsiniz. Belə də dil öyrənərlər? Dil öyrənmək üçün mühit lazımdır, ünsiyyət lazımdır. Buradan deyirsiniz, oradan unudurlar. Bizdə ərəbcə danışan adamlar varmı ki bunlara ərəb dili dərsi keçirsiniz? İndi bu dili öyrətməyin mənası yoxdur. Hazırda ərəb dili bir elm və fənn dili deyil, xocam.

Müfti lal-dinməz dayanıb baxır, nə cavab verəcəyini bilmirdi. Atatürk ona həqiqəti anlatmışdı.

Atatürkün təklifi ilə milli təhsil məktəblərinə də baş çəkdilər. Ağır addımlarla, söhbət edə-edə gedirdilər. Atatürk ətrafı gözdən keçirirdi. Yollar qaydaya salınmalı idi. Yağış, qar yağanda çala-çuxura su yığılır, palçıq əmələ gəlir, gediş-gəlişi çətinləşdirirdi. Yay aylarında da küçələr toz-torpaqlı olurdu. Bir balaca külək qalxanda toz adamın gözünə dolur, saçlarına, üst-başına otururdu. Yan-yörə daş-kəsəkli idi, bəzi yerlərə zir-zibil atılmışdı.

Atatürk ayaq saxlayıb bu mənzərəni ürək ağrısı ilə seyr edib köksünü ötürdü:

-Bizim tərəfimizdən hələ görüləsi işlər də çoxdur. İnsanların özləri tərəfindən görüləsi işlər də. Yığılıb bu zir-zibili, daş-kəsəyi yığışdırsalar nə olar? Dünya dağılar? Bunlar bir yana. Heç olmasa, zibilləməyələr. Səliqə-sahman, hər şeydən əvvəl bu adamların özlərindən ötrü lazımdır.

Dr. Helmi Oytac:

-Doğru buyurursunuz, əfəndim. Səliqə-sahmanı özümüz gözləməliyik. Bunu da bizim əvəzimizdə dövlət görməyəcək ki…

Atatürk söhbətin mövzusunu dəyişdi:

-Mədrəsədəki vəziyyət qanımı qaraltdı. Bax bu yoldakı, küçədəki qarmaqarışığı, nizamsızlığı və səliqəsizliyi mən mədrəsədə gördüm. Məktəblərimiz o gündə olanda, yolumuz, küçəmiz, hələ evimiz də bu gündə olar. Mədəniyyət məktəbdən nəşət tapır. Mədəniyyət oxumaq, anlamaq, görə bilmək, gördüyündən nəticə çıxarmaq, ayıq yaşamaq, düşünmək, zəkanı maarifləndirməkdir.

Onlar milli təhsil məktəblərinin birinin qarşısında ayaq saxladılar. Bu, “İdadi” adlandırılan bir məktəb idi. Atatürk və onu müşayiət edənlər sinif otaqlarından birinə daxil oldular. Yazı masalarının üzərində dərs kitabları qoyulmuşdu. Kitablardan biri “Qiraət-gözəl yazı”, digəri “Məlumati-mədəniyyə mədəni bilgilər” adlanırdı. Atatürk sinfi salamladı.

Böyük Atatürkün qəfil gəlişindən müəllim həyəcanlandı. Cəld ayağa durdu, şagirdlər də yerlərindən qalxdılar. Atatürk əli ilə işarə etdi ki, narahat olmasınlar, məşğələni davam etdirsinlər. Lakin sinfə dərin sükut çökmüşdü. Müəllim dillənmir, şagirdlər də dayanıb baxırdılar. Atatürk partalardan birinə yaxınlaşıb kitabı vərəqlədi. İstədiyi səhifəni tapdı. İtidala aid bir mövzuya rast gəlmişdi. O, şagirdə müraciətlə soruşdu:

-Oğlum, itidal nə deməkdir?

Sual cavabsız qaldı. Məlum oldu ki, bu mövzu hələ keçilməyib.

Atatürk üzünü müəllimə tutdu:

-Əfəndim, bəlkə bu sözün izahını siz verəsiniz.

Müəllim dedi:

-İtidal ədalətdən gələn bir məsələ olur, qazi əfəndi.

Atatürk onun cavabından narazı qaldı:

-Xoca əfəndi, mən sizdən soruşmuram ki, itidal haradan gəlib, hara gedir. İstəyirəm itidalın mənasına aydınlıq gətirəsiniz.

Müəllim susdu. O, başı çalmalı bir kişi idi. Bu vəziyyətdə sinifdə dərs keçirdi. Həm onun geyimi, həm də savadı Atatürkü haldan çıxarırdı. O, müəllimə tərs-tərs baxıb əlini yellədi:

-Bu da bizim milli təhsil verən məktəbimiz!

Atatürk bunları deyib sinfi tərk etdi.

O biri sinif otağındakı vəziyyət heç də bundan yaxşı deyildi. Buradakı müəllim də çalmalı idi. Divardan bir neçə xəritə asılmışdı. Partaların üstündə Quran kitabları vardı. Atatürk şagirdlərdən birinə yaxınlaşıb soruşdu:

-Oğlum, dərsiniz nədir?

-Coğrafiya.

Müəllim Atatürkün məktəbə gəldiyindən xəbər tutmuş, baş aldatmaq üçün Quran kitablarını partaların üstünə düzdürmüşdü ki, ona irad tutulmasın.

Uşağın cavabından hər şey məlum oldu. Məlum oldu ki, Quranın qiraəti yox, əslində coğrafiya dərsidir.

Müəllimin bu hərəkətini görən Atatürk özünü saxlaya bilmədi:

-Xoca əfəndi, uşaqların gözləri qarşısında yalana, saxtakarlığa əl atırsınız. Bunlar sizdən hansı nümunəni götürsünlər?! Sizdən bir şey soruşmayım deyə Quranı ortaya gətirmisiniz. Ayıb deyilmi?

Müəllim deməyə söz tapmadı, gözlərini döyüb key-key Atatürkə baxa-baxa qaldı.

Məktəbi acı təəssüflə tərk etdilər. Atatürkün qanı qaralmışdı:

-Dr. Helmi, biz milli məktəblər yaradırıq. Bir görürsən, köhnə məktəblərlə – mədrəsələrlə bu yeni məktəblər arasında hələ ki bir fərq görünmür. Bilirsiniz niyə? Bu məktəblərə də mədrəsələrin ruhu hopub. Biz müəllim hazırlığını diqqət mərkəzində saxlamalıyıq. Yeni məktəblərə yeni müəllimlər, yaxşı təhsil görmüş, elmi dünyagörüşə malik müəllimlər ayaq açmalıdır. Dünyada hər şey üçün, maddi işlər üçün, mənəviyyat üçün, həyat üçün, müvəffəqiyyət üçün ən gerçək yol göstəricisi elmdir, texnikadır. Həm də milli məktəblər üçün binalar inşa etməliyik. Balalarımız, türk övladları təhsilə, elmə, mədəniyyətə qovuşmalıdır. Ən mühüm və ən məhsuldar işlərimiz milli maarif sahəsində olmalıdır. Millətin həqiqi qurtuluşu yalnız və yalnız bu yolla ola bilər.

Atatürk ayaq saxlayıb əlini dr. Helmi Oyataca uzatdı:

-Dr. Helmi, mənimlə birgə məktəbləri gəzdiyinizə görə təşəkkür edirəm. Məni vəziyyət maraqlandırırdı. Getdim, baxdım. Vəziyyəti öyrəndim. Tədbir görərik. Hələlik.

Onlar görüşüb ayrıldılar.

Atatürk atın tərkinə qalxdı.

 

Yazıya 127 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.