Hər hansı bir yazarı tanımaq üçün onun əsərlərini ya özüm oxuyuram, ya da kimsə barəsində danışanda qulaq müsafiri olaraq onu kəşf edirəm özüm üçün. Qeyd edim ki, oxuyub tanıdığım müəlliflər çoxluq təşkil edir.
Rəşad Məcidi “11 sentyabr” hekayəsindən sonra tanımışam. Belə ki, bu hekayə barəsində eşitmişdim, yaxşı mənada sözü-söhbəti geniş yayılmışdı. Mən də hekayəni əldə edib maraqla oxudum. Gördüm ki, bu qədər danışılmağına, haqqında yazılmağına, müzakirələrə səbəb olmağına dəyərmiş.
Hekayə çox gözəl idi. Buna səbəb həm əsərin real faktlar əsasında yazılması, həm də Rəşad Məcidin nəsrin incəliklərini dərindən bilməsindən irəli gəlirdi. Çoxlarımızın gözü qarşısında Amerikanın iki nəhəng göydələninin terror nəticəsində çökməsini qələmə alan yazıçını, bu əsər usta bir nasir kimi tanıtdırıb sevdirdi mənə.
Aradan xeyli müddət keçdi. Bir gün AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair dramaturq Xəzangül xanım Rəşad Məcidin kitablarını bölməyə gətirdi və dedi:
– Bunlar Rəşad Məcidin kitablarıdı, onunla görüş keçirəcəyik. Mən fürsətdən istifadə edib “Səbəbi sənsən” kitabını götürdüm və başladım oxumağa.
Əlbəttə, o görüş əsaslı səbəblərdən təxirə salındı, ancaq bilirik ki, olacaq.
Sözüm onda deyil, sözüm “Səbəbi sənsən” kitabı haqqındadır.
Əvvəla onu nəzərinizə çatdırım ki, kitabın adı “Sənə görə” kimi yaddaşıma həkk olunub. Niyəsini bir azdan siz də görəcəksiniz. Söz düşəndə “Sənə görə” kitabı deyirəm. İndi də keçirəm əsas məsələyə, yəni “Sənə görə” yox, “Səbəbi sənsən” kitabı haqqında fikirlərimi sizlərlə bölüşməyə.
Adətim üzrə yazarı tanımaq istəyəndə onu çox diqqətlə oxuyub, sonra müəyyən fikrə gəlməyim üçün təsəvvür yaradıram. Rəşad Məcidi də tanımaq üçün “Səbəbi sənsən” kitabını birinci səhifədən axıra kimi sevgi ilə, mehr-məhəbbətlə, diqqətlə, ancaq yaxşı nə varsa görmək, duymaq istəyi ilə oxudum. Sona çatanda şairin şeirlərini təsəvvürümdə gül-çiçək ləçəklərinin üstündəki şeh damlalarına bənzətdim. Bax beləcə:
Əgər səndən yaxşısını
Tapmağa ümidim olsaydı,
Çoxdan atmışdım səni.
Əgər sənin eynini tapa bilsəydim,
Bir az sənə bənzərinə rastlaşsaydım əgər…
Amma neynim,
Səndən sonra yüz pillə boşdu.
Şairin şeirləri qısadı, yığcamdı, sözü uzatmır, girişsiz dərhal mətləbə keçir, demək istədiyini oxucuya çox rahatlıqla çatdıra bilir. Bu zaman şeir də, oxucu da rahat nəfəs alır. Məsələn:
Çəkilir qasırğa, dağılır duman,
Yağış çisələyir, səngiyir tufan,
Tale gəmisinə yol açır zaman,
Qarşıdan bir rahat qərinə gəlir.
Meh əsir ruhumun həyəcanına,
Şeh çökür beynimin dörd bir yanına.
Əllərim qayıdır öz ünvanına,
Çırpınan ürəyim yerinə gəlir.
Hər vüsal, hər görüş toy-bayram idi,
Şirin təlaş idi, həyəcan idi,
Bir vaxt qanadlanan, uçan can indi,
Yanına sürünə-sürünə gəlir.
Sevilən yazarın şeirlərini oxuduqca hiss elədim ki, onun misralarından ən gözəlini seçib misal çəkə bilmirəm. Bu da Rəşad Məcidin özünəməxsus yazı tərzindən, hiss-duyğularının ifadəsindən doğan qəribə bir yaradıcılıqdır. “Pozuldu” şeirində olduğu kimi:
Adlarımız yanaşıydı nə vaxtdı,
Heç bilmədim haçan adım pozuldu.
Bədənimin istiliyi çəkildi,
Damağımın şirin dadı pozuldu.
Sellər axdı, sular keçdi aradan,
Sona qədər olammadın yarıdan.
Kim saxladı bu röyanı yarıda,
Bu nağılın sonu, ardı pozuldu.
Yaşatdığın günlərimə baxırdım,
Naxış-naxış, ilmə-ilmə baxırdım.
Nootbukda sanki fimə baxırdım,
Düyməsini qurdaladım, pozuldu.
Görkəmli şair lirik yazılarında həssasdır, diqqətlidir, alicənabdır.
O, qarşısındakına məhəbbətlə, sevgiylə yanaşmağı bacarır, ədəb-ərkanla səbr edib gözləyir. Bunu onun “Gələrəm” şeirində görürük. Lirik qəhrəman qətiyyətlə gəlirəm yox, incəliklə gələrəm deyir, yəni icazə versən gələrəm:
Bir səhər yuxudan
Sən oyat, gələrəm!
Çağırsan o dəqiqə,
O saat gələrəm!
Belimdə ağrı var
İkiqat gələrəm!
Önündə dayanıb
Farağat gələrəm!
Baxma ki, xəstəyəm,
Ya süstəm – gələrəm.
Əmrin var – baş üstə,
Göz üstə – gələrəm.
Sözümdə dəqiqəm,
Dürüstəm – gələrəm!
Təki sən arzula,
Sən istə gələrəm!
Mən ədəbi əsərlərdə qarşısındakının diliynən özünü sevdirmək cəhdini, özünü sevilən kimi göstərmək cəhdini heç xoşlamıram. Sən özünü, sevgini, nifrətini, ümumiyyətlə duyğularını ifadə et, ağıllı, diqqətli oxucu kimliyini başa düşəcək.
Rəşad Məcidin yaradıcılığı mənə ona görə xoş gəldi ki, o, özünü yazmağı ön plana çəkir, özünün qəlbindəkiləri yazır və sevilir. Onun sevildiyinə inanırsan.
İnam gözəldir. Bu gözəlliyi yaradan da gözəldir. Necə ki, R.Məcid “Sənəcən “şeirində qeyd edir:
Sənəcən necə yaşadım
yenə eləcə yaşaram…
Bilirəm, sözdü deyirəm –
Yağılaşıb, yadlaşaram,
Unudaram olanları…
Hisslərimi soyudaram,
Keçmişimə qayıdaram…
Yadıma salıram indi…
Səndən əvvəl yada düşmür –
Təqvim səninlə başlayır,
Doğulduğum gün də, ay da
Uşaqlığım, qocalığım,
Gəncliyim də –
Hamısı sənlə başlayır.
İndi necə salım yada,
Səndən öncə nə olub ki?
Heç nəyi xatırlamıram –
Səndən qabaqlara aid
Yaddaşda nəsə qalıb ki?
Şairin kitabının adına yenə qayıdıram, “Səbəbi sənsən”. Ancaq şeirin adı “Sənə görədir – Səbəbi sənsən”dir. Bu şeir həm maraqlı, həm qəribə, həm də içində gizlin bir mətləb və məna var. Həmin məna sonda açılır. Onun ruhunun davası sənə görədir. Sən yoxsan o, bir davakar uşağa dönür, səbəbsiz sənə görə hamını sancır. Belə eşqin böyüklüyü göz qabağındadır:
Özümü hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim sevinməyim, ya şadlanmağım –
Hamısı, hamısı sənə görədir.
İndi ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın.
Sınıq taleyimin, bağlı baxtımın
Açılan qapısı sənə görədir.
Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi,
Payızın ortası yazın gəlməyi –
Bu bahar havası sənə görədir.
Ancaq uçulur dam – sən olmayanda,
Dərdə dözmür adam sən olmayanda,
Hamını sancıram sən olmayanda,
Ruhumun davası sənə görədir.
Təkcə bu şeirə görə kitabın adını “Sənə görə” bilmişəm.
Kitabın içindəki sonuncu şeir həm ritminə, həm tərzinə görə fərqlidir. Şairin yaradıcılığının fərqli-fərqli dönüşlərdən keçməsi ona ancaq uğur gətirir. Rəşad Məcidin “Sən olduğun zamanlar” şeirinin ən yaxşı nümunə olduğunu hesab edirəm. Əsər oynaqdır, kədərlidir, hərəkətlidir, oxuyub nəfəsini dərmədən sona çatırsan. Qəmli bir əhval-ruhiyyə səni bürüyür. İçində işıq öləziyəndə, sanki yuxudan ayılırsan. Keçmişinə nəzər salıb yaşadıqlarını xatırlayır, ləzzətlə gülümsəyirsən. Nə yaxşı ki, o günlərin sevincini, xoşbəxtliyini canında, qanında saxlamısan. Hər şeyin ötüb-keçməsinin labüd olduğunu fikirləşib, həyatının boşa xərclənmədiyini hiss edib, bu gününə şükür deyirsən.
Mən də şükür deyirəm. Şükür deyirəm ki, Rəşad Məcidi oxudum, tanıdım və yaradıcılığını sevdim. Onun son şeirini də nəzərinizə çatdırıb sağollaşıram:
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən olduğun zamanlar.
Onda mən göydə idim, qanadlarım var idi,
Dünya balaca yerdi, qucağıma dar idi,
Hamı mənim bələdçim, hamı mənə yar idi,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən olduğun zamanlar.
Dərd nədi, ağrı nədi, bədənim quş kimiydi,
Məsafələr, uzaqlar bircə qarış kimiydi.
Yaşamaq məndən ötrü tutan naxış kimiydi
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən olduğun zamanlar.
Müşkül nəsə yox idi, dərd vecimə deyildi,
Kimə ağız açırdım “buyur tez gəl” – deyirdi,
Hamı alqış eləyib uğurlar diləyirdi,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən olduğun zamanlar.
İndi suyu sovulmuş bir dəyirman kimidir,
İtirilmiş yurd yeri, getmiş dövran kimidir,
Biraz da yuxu kimi, qalın duman kimidir,
Hər işimin içində sən olduğun zamanlar,
Tanrıya, Peyğəmbərə tən olduğun zamanlar.
Yazıya 84 dəfə baxılıb