Narkotika bir bəladır, dünyanı dağıdır.
Cümşüd universitetin kimya fakültəsini bitirmişdi. Əvvəl niyyəti şəhərdə qalmaq, ev-eşik sahibi olmaq idi. Bu işdə dayısına çox güvənirdi. O dayı ki, bir el boyda hörməti, nüfuzu var idi. Şair idi, alim idi, qəzetçiydi dayısı.Tez-tez televizora çıxar, gah İrandan, İraqdan, gah da Böyük Turandan danışardı. Veriliş getməmişdən qabaq kənddə hamı bilərdi ki, filan gün, filan saatda onun çıxışı olacaq. Bunu bacısı uşaqları, qohumları yayardı. Veriliş vaxtı allah tərəfi, insafən hamı nəfəsini içinə çəkib, axıra qədər səssizcə onu dinlərdilər. Axı necə olsa, bu elin, bu kəndin oğlu idi. Onun öyünc, qürur yeri idi. Evdə hamı Cümşüdə:” Universiteti qurtaranda sən də şəhərdə qal. Dayın kimi şan-şöhrət sahibi ol!..”-deyərdi. Bu fikir onu qanadlandırar, içində rəngbərəng şəhər duyğuları yaradardı. O duyğular hələ xəyal içindən boylanır, ulduzlar qədər uzaq, çox uzaq bir mənzildə yanıb-sönürdü. Heç bir şeydən çətinliyi yox idi Cümşüdün. Cibində xərcləməyə pulu vaxtlı- vaxtında gəlir, geyim-keçimi, üst-başı, necə deyərlər, ilin fəsilləri kimi dəyişirdi. Baba, nənə bir tərəfdən aldıqları təqaüddən əl tutur: ” Qoy oxusun! Nə var, elə oxumaqda var!..”-deyirdilər. Evə o qədər də yük düşmürdü, hələ babalı, nənəli günlərin sevinci, nəşəsiylə qızınırdı Cümşüd. Hələ sıxıntısı olan yaxın dostlarını yeməkxanada bəzən qonaq edir, tələbə təqaüdü alınana qədər ciblərinə pul da qoyurdu.
Həyat çox qəribə olduğu qədər də, sərt və amansızdır. Bəzən insanı elə dolaylara salır ki, hələ çəkdiklərini heç “Min bir gecə” nağıllarındakı kimi 40-cı otağa qədər yaşadıqlarını xəyallarına belə gətirə bilmir. Uçurumun qırağındakı qayanın qaşından yapışıb ilğımla həqiqət arasında çırpınır. Ağrılar-acılar, suallar yığın-yığın üstünə axıb tökülür. Ömür cığır-cığır haçalanır, yollar dumandan sıyrılıb cığır qurşağını kəmər kimi belinə dolayır. İnsanı haralara aparmır bu dünya?! Sel ağzına düşmüş saman çöpü, taxta parçası kimi atıb-tutur, heç uff da demədən oynadıb o sahilə, bu sahilə çırpır. Həyat insafsız, amansızdır, deyirlər. Yıxdığını buraxmır, sürüyüb arxasınca aparır.
Həyat sonuncu kursda acılarını Cümşüdə də yedirtdi. Atası cavankən dünyasını dəyişdi. Evdə heç kəsin, heç kəsin ağlına da belə gəlməzdi ki, belə ayrılıq zəngi tez çalınacaq. Ana bütün ağrıları çiyninə götürdü. Təklikdə ağlayıb sıtqasa da, uşaqları sınmasın, sıxılmasın deyə, onların yanında göz yaşlarını içinə axıtdı. Dörd qız, iki oğul böyüdürdü evdə ana. Hərəsinin də min qayğısı, min dərdi-səri. Evdə qəlb sınıqlığı böyüyürdü, uşaqlar desələr də, deməsələr də. Ana özünü oda-közə çırpırdı, gündüzlər çöldə, üzüm sahəsində, gecələr həna başında. Arzuları yumaq kimi açılır, ilmə-ilmə, buta-buta naxışlanıb xalçaya, kilimə dönürdü. Palaz da toxuyurdu. Dişiylə, dırnağıyla didə-didə, cırmaqlaya-cırmaqlaya eyvanlarında yuva qurmuş qaranquş kimi balalarına ruzi gətirirdi. Cümşüd də daha Bakı nağıllarını, xəyallarını unutmuşdu. Dayısının köməkliyi ilə qəzetdə bir işə də düzəlmişdi. Arada görüm-baxım da edirdi dayısı. Neyləsin, onun da gücü ona çatırdı. Şəhər yeriydi, dayısının da ailəsi böyükdü, özünə görə qayğıları vardı. Beləcə bir il də ötüb keçdi. Cümşüd kəndə qayıtdı. Evin qayğıları ilə yaşadı, ağrılarını çiyninə götürdü. Necə var, qaydasıyla bacılarını köçürtdü. Özündən kiçik qardaşını ev-eşik sahibi etdi. Həm atalıq, həm qardaşlıq yükünü çəkdi. Bir gün ana: “ Vaxt keçir axı, ay oğul! Sənin də yuvan olmalıdır!”-dedi. Ürəyindəkini anasına açıb danışdı. Bir gözəl sonalanıb, “Vağzalı” qanadında isti, doğma bir yuvaya köçdü. Alışdı şamlar, xınalandı əllər. Beləcə, göydən üç alma düşəcək ümidinin işığına bələnmiş bir ömür dastanı, bir ömür nağılı başladı…
Son günlər Cümşüd yaman narahat idi. Nə qərar verəcəyini özü də bilmirdi. Tez-tez həyətə düşüb çıxır, ağaclarla danışırmış kimi barmaqlarıyla gövdələrini oxşayır, saralmış yarpaqlarını sığallayırdı. Səhərin şehi, gecədən qalmış qırov ovqatına soyuqluq qatır, içində özünə də bəlli olmayan qəribə duyğu oyadırdı. İş otağında başının üstünə vurduğu “Mendeleyev cədvəli”nə baxmağa ürək eləmirdi. Elə bilirdi ki, Mendeleyev ondan küsüb inciyəcək, kinayəli-kinayəli baxışları ilə: ”Nədir… axı mənim günahım nədir?”-deyə ondan soruşacaqdı. Heç nə! Nə günahı var idi ki, daha Mendeleyevdən ailəsinin çörəyini çıxara bilmirdi. Cümşüd çox, çox sevdirmişdi uşaqlara kimyanı, Mendeleyevi , onun cədvəlini. Çoxları kimyaçı olmaq istəyirdi. Elementlərin atom çəkisini, valentliyini, rəngini, ruhunu, daha nə bilim nələri əzbərdən bilirdi uşaqlar. Ancaq nə faydası, quru tərif, savadlı, bilikli olması Cümşüdə bir gün ağlaya bilmirdi. Yarı ac, yarı tox, uşaqlarını nə qədər aldadacaqdı ki?! Qəpirətivçi Səfiqulunun mağazasından nisyə götürdüyü malların siyahısı hər gün böyüyürdü. Utansa da, yenə də üz tutmağa məcbur idi. Üzü qara olsun kasıbçılığın, beləcə hər gün özündən uzaqlaşır, duyğu-duyğu payız yarpaqları kimi tökülürdü. Həyata Mendeleyev cədvəlinin gözü ilə baxmaqdan daha yorulmuşdu Cümşüd. Qayğıları başından aşır, çırpınır, özü üçün, ailəsi üçün nəsə bir şey etmək, yaratmaq istəyirdi. Məktəb onun qayğılarını ödəyə bilmir, müəllim maaşı qapıdan gəlməmiş bacadan çıxırdı. Bazar, dükan borcu üst-üstə yığılırdı. Onunla işləyən kişi müəllimlərin çoxusu “İran bazarı”nda yer götürüb çax-çuxla məşğul olurdu. İlbəil məktəbdən kişi müəllimlər azalır, “ Müəllim qadın sənətidir!”-deyənlərin baxışları qarşısında tab gətirə bilmirdi. Daha “Mendeleyev cədvəli” də onun yerindən oynamış, uçunmuş ürəyini məktəbə ürəkdən bağlaya bilmirdi. Elə bil məktəbə könülsüz gəlib, könülsüz də gedirdi. Əvvəllər keçirdiyi musiqili tədbirlər, gecələr də yada düşmürdü. Atasından yadigar qalmış tardan gitaraya, sonra da elektrogitaraya keçmişdi. Gözəl çalmağı, mahnıya uyub uzaqlara, xəyalın qanadlarında çox uzaqlara getməyi var idi. Bir müəllim yoldaşı ona, nədənsə, tez-tez “Dalğalar”ı çalmağı xahiş edirdi. Barmaqları göyərçin kimi simlər üstə qonardı. Allah, Allah bir yanğı, bir haray-həşir qoparırdı ki, deyərdin elə bil qapını açsan indicə dəniz köpüklü, bəmbəyaz dalğaları ilə içəri töküləcək. O dalğaların səsi, o dənizin nəfəsi hamını tilsimə salar, ovsunlayardı. Nə yazıq ki, o səs “Mendeleyev cədvəli” kimi daha uzaqda qalmışdı. Məşədi Məmməd bağında yığılan dostları-toy əhli onu tez-tez toylarda çalmağa dəvət edirdilər. O, isə əvvəllər bunu özünə sığışdırmaz, müəllim adıyla toy çalğıçısı adını yanaşı qoymağı ağlına belə gətirməzdi. Düşünürdü, dünən gözünə görünməyə cəsarət edə bilməyən şagirdləri sabah qabağına beş manat pul atıb mənim havamı çal deyəndə o, nə vəziyyətə düşə bilərdi?! Sərxoşun da havası, utanan sifətimi olur? Bunu ağlına gətirəndə havalanır, az qala dəli olmaq dərəcəsinə gəlirdi. Elə bil cəmiyyət müəllimi ağsaqqallıq, ağayanalıq mərtəbəsindən yerə çırpır, onun adındakı müqəddəslik aynasını çilikləyib ayaqlar altına tökürdü. İndi Çayçı Qələndər də, kommunxozun müdiri Səməndər də, hələ o cibkəsən dükançı Hazarxan da “müəllim” olmuşdu. Müəllim olmaya-olmaya müəllim! Daha Cümşüd nəyi gözləməliydi ki?! Getdi, taleyin zər atdığı oyuna getdi. Cümşüd müəllim getdikcə məktəbdən soyudu, daha əvvəlki həvəslə, şövqlə dərs deyə bilmədi. Dilinə min cür bəhanə, yalan yeridi. O qədər yalan ki, bəzən uydurduğu yalanlara özü də inanmalı oldu. Bir gün gələndə, beş gün bəhanə tapıb məktəbdən yayındı. Beləcə, az qala ətəyində namaz qılınmalı Cümşüd müəllim “Cümü” müəllim oldu. Bir kənd dolusu nüfuzunu öldürdü, arxasınca yığıb-yığışdıra bilmədiyi bir yığın lətifə, atmaca, gülməcə buraxdı. Dərsə gələndə də gözləri axar, yuxulu olardı. Elə gözlərinin qabağında uşaqlar bəzən onu təqlid edər, onun qüruruna toxunardılar.
Günortadan sonra mavi rəngli , dəmir darvazalı qapıları döyüldü. Cümşüd qapını açanda gözlərinə inanmadı. Gələnlər tanıdığı çalğıçı tanışları, dostları idi. Əlimyandıda ona ehtiyacları var idi. “Eşşək Qəzənfər” kimi tanınan gitaraçıları qəfil ailəsi ilə daimi yaşamaq üçün Urusiyyətə getmişdi. Qaynı biznesmendi, böyük şirkəti var idi. Pula pul demirdi, kağız pulları, göy əskinasları, elə bil ki, payız xəzəlləri kimi başına tökülürdü. Arvadı Zərifə qardaşını dilə tutub Qəzənfərə də yanında bir iş düzəltdirdi. Düzdür, Qəzənfər əvvəl nəm-güm edir, getmək istəmirdi. Ürəyində:” Əşşi, yaşımın bu çağında dağa-daşa düşmək mənim harama yaraşır?!”-deyə özünə təsəlli verir və getməmək üçün bir bəhanə uydurmaq istəyirdi. Ancaq Zərifə ona gözünü necə bərəltmiş, necə inandırmışdısa, Qəzənfər heç kimə bir söz demədən, qəfil yır-yığış edib yola çıxmışdılar. Qəzənfər qapalı adam idi, heç kiməsə bir söz deməz, sirrini içində saxlayıb çürüdərdi. Allah, allah yeməyə başlayanda doymaq da bilməzdi. Buna görə də uşaqlar ona ayama qoşub, öz aralarında zarafatyana “Eşşək Qəzənfər” deyirdilər. İndi toyların qaynayan, üst-üstə yığılan vaxtı idi. Gitarasız da toy olardımı?! Buna görə də əlacsız qalıb, Cümşüdün ayağına xahişə, “yalvarmağa” gəlmişdilər.
Dəstənin adı “Xoruzban” idi. Düzü, bu ad əvvəlcə Cümşüdə çatmadı. Hətta, “ Necə yanı “Xoruzban”?! Ad qəhətliyidir… Qoymağa admı tapılmırdı?!”-deyə dodağının altında qımışmışdı da. Sonra, beş-altı toydan sonra buna alışmış və ürəyində dostlarına haqq da qazandırmışdı.
Toy qurtaran kimi orda çox ləngiməz, səsgücləndiriciləri, musiqi alətlərini səliqəylə qoşanağaraçı Cəlilin “Jiquli”sinin yük yerinə yığar, yeməyə oturmadan ev yiyəsindən bir qazan dolusu yemək və toyun xərcini alıb, təzə evlənənlərə xoşbəxtlik diləyib yola düşərdilər. Əsl mərəkə, məclis Cəlilgilin ikimərtəbəli, aynabəndli evlərində başlardı.
Cəlilin otuz səkkiz yaşı var idi. Hələ subaylıqdan əl çəkmir, “Ay oğul, mənim gəlin, nəvə görmək istəyimi nə vaxt doğruldacaqsan?!”-deyə tez-tez soruşan anasının boynunu qucaqlayıb:” Qoy bir az özümü tutum, bax, elə bu payızdaca səni… söz verirəm, sənin kimi gözəl anamı sevindirəcəyəm!..”-deyərdi. Beləcə, bir payız da ötər, ay dolanar, il olardı. Ana “Vağzalı” həsrətindən əriyər, bəslədiyi toy toğlusu sanki ağrı-acı olub ürəyində gəzərdi. Nədənsə, Səmayə xalanın duaları da keçmir, arzuları göyərmirdi. Ananın ürəyinə yatan, xəyalında bəmbəyaz gəlinlik libasında görmək istədiyi qızlar da durna qatarı kimi köçüb gedər, eyvandan boylanan ana toy karvanına baxa-baxa, dərindən bir ah çəkib:” Xoşbəxt olsunlar!.. Sağ əlləri də bizimkinin başına!…”-deyərdi.
Cəlilin dostları səhərə qədər yeyib-içər, qazanclarını rahat bölüşər, toyda gördükləri maraqlı anları xatırlayıb, doyunca gülərdilər. Sonra birisi filtirli siqaretin içini doldurub çəkər, o birisi kağızın üstünə ağ duz kimi toz töküb iylərdi. Dəstəbaşı, müğənni Zülfüqar lap ağın çıxarardı. Xörək qaşığında alışqanla ağ tozu əridib, su halına salar, sonra şprislə çəkib qoluna vurardı. Cümşüd bunlara baxdıqca gözü kəlləsinə çıxar, “Bunlar nədir?”-deyə soruşduqda, hamısı birdən-birə, gülə-gülə: ”Zəhrimardır! Zəhrimar!..”-deyərdilər. Təkcə Cəlili yaxın qoymazdılar. Axı Cəlilin maşınıyla toya getdikləri kimi, səhərin açılmağından xəbər verən ilk xoruz banında da evlərinə gedəcəkdilər. Düzdür, o zəhrimardan Cümşüdə də təklif edirdilər, ancaq o, özü-özündən iyrənir, uçurumun astanasına gəldiyini dərk etdikcə, bu dünyadan baş götürüb qaçmaq istəyirdi. Ancaq hara, hara qaçasıydı ki?! Evin hər gün artan qayğıları ona qaçmağa imkan verəcəkdimi? Məgər görmürdü ki, “mərhəmətinə” sığındığı qəpirətivçi Səfiqulunun borc dəftərindəki siyahı böyüyür, o da yavaş-yavaş dəyişib, sifətini turşudur?!
Toy elə toy idi. Ancaq onun da qəribə bir baş ağrısı, ürək bulanması var idi. Çal-çağırlı günlərində iki hadisəni unuda bilmirdi Cümşüd. Birincidə, yekəqarın, tosmərək bir kişi qabaqlarına bir “şirvan” atıb, ədalı-ədalı:” Mənim havamı çalın!-demişdi.-Uzundərəni.” Elə çalmağa bənd idilər ki, oynayan içəridə bir mərəkə qopartdı ki, gəl görəsən. Səsgücləndiriciləri qırıb tulladı. Çalğıçıların dövrəsinə yığışdıqları stolu təpiklə vurub aşırdı. İçkili olduğu üçün söyüb-söylənməyinə də sərhəd qoymadı. Toy yiyəsiylə qohum olduğu üçün ötkəm tanımadı.Aləm qarışdı bir-birinə. Kimi fit çalır, kimi stəkan-nəlbəkini hara gəldi fırladır, yumruq, təpik davası gedirdi. Ev yiyəsi həmin gün “manısları” o ki var günahlandırdı.”Toyumu zay edib, xərcimi batırdınız!”-dedi. Düz nə az, nə də çox, yarıbayarı kəsdi pulları. Nə deyə bilərdilər ki, toyu batırmışdılar. İş milisə düşmüşdü. Beş nəfər xəstəxanalıq olmuşdu. Yaxşı ki, ölən, şikəst qalan yox idi. O günü kor-peşiman qayıtmışdılar. Hərəyə dilənçi payı qədər qalmışdı. Ona da çalğıçılar öz aralarında qəpik-quruş deyirdilər… Bir də, ikinci dəfə şabaş çox olmuşdu. Hardasa, elə bir toyun haqqı qədər. Biri kədərdən, ağrıdan, biri də sevincdən, fərəfdən o “zəhrimara”ı dadmışdı Cümşüd. Sonra nə olmuşdusa, xəyalı göylərdə uçmuş, özünü dünyanın ən böyük, ən ağıllı adamı saymışdı. Daha “zəhrimarı” özü axtarır, özü alırdı. Hərəkəti, oturuşuğu , duruşuğu da dəyişmişdi. Məktəbin yolunu itirmiş, həmişə ciddi görünüşdə olan Cümşüd müəllim daha uşaqlarla zarafatlaşır, bəzən oturduğu dərs otaqlarında gözləri baxa-baxa süzülür, hətta gözlərini bir hovur yumub ayaqüstə yatmağı, xoruldamağı da olurdu. Daha o, Cümşüd müəllim yox, uşaqlar demişkən, “Cümü müəllim” olmuşdu.
“Zəhrimar” öz işini görmüşdü. Əlləri tutmur Cümşüdün, barmaqları bir ümiddən asılı xəzan yarpağı kimi əsirdi. Gözləri axır, sifəti min ilin yorğunu təki kobudlaşır, kələ-kötürləşirdi. Daha toylara da çağırılmır, heç bir dəstə onu yaxına buraxmırdı. Evə gəlir də gəlmir, ehtiyac içəridə soyuq-soyuq dolaşır, söz-söhbət yaradırdı. Evin yeganə çörək gətirəni o idi. Uşaqları hələ məktəbliydi. Onların da yaxşı musiqi duyumu var idi. Arada onları da özüylə aparırdı ki, məclisin havasına uyğunlaşsınlar, kimin yemi, kimin tələbi nə olduğunu ucundan-qulağından dərk etsinlər. Arada, məclisin şirin yerində gitaranı oğullarına ötürür, çay içə-içə özü də kənardan baxırdı. Düzdür, toyun zəhmi ağır idi, uşaqlar hələ alışmamışdılar, arada xalları xallara qarışdırır, dəstə başçısı demişkən, keçidlərdə bəzən yersiz “quş” da buraxırdılar. Amma toyun bir yaxşı xüsusiyyəti o idi ki, buna heç kəs fikir vermir, səsgücləndiricinin gurultusu altında içkidən dumanlanmış başlar onu ayırd edib tutmaq fürsəti, imkanı qazanmırdı. Elə bil duyğular korşalır, hissiyyatlar öz gücünü itirirdi. Hamı oynamağa, düşündüyü “tamaşa”sı ilə seçilməyə çalışırdı. Kimin hünəri nə idi ki, başqasının oyununu kəsə. Onda bir mərəkə qopurdu ki, gəl görəsən. Belə məqamlarda Roma qladiatorları da onları görsəydi, bəlkə həsəd də aparardı. Toy sahibinin ərki vardı “sülh” yaratmağa, ancaq iş bərkə düşəndə onu da eşitmir, onu da aralığa salıb yaxşıca döyürdülər. Toyda şuluqluq salmaq, necə deyərlər, bəziləri üçün vərdişə, qəhrəmanlığa dönmüşdü. Ona görə də toy sahibi qabaqcadan çalğıçılarla da şərt kəsir, bərk-bərk tapşırırdı ki, “amanın günüdür, səhvə yol verməyin, kimisə cızığından çıxarmayın…”. Bunu Cümşüd çox görmüşdü, hətta qatışığa düşüb döyüldüyü də az olmamışdı. Neyləsin, bir tikə çörəyin xətrinə susur, hər şeyi ürəyinə salıb bütün əzablara dözürdü. Hər gün gərginlik, hər gün əsəbilik, yuxusuzluq təbiətən sakit görünüşlü Cümşüdü, özü də hiss etmədən, dəyişdirirdi. Küçə-bayır söhbəti danışığına,yersiz oturuşuğu- duruşuğu, görünüşünə çox xələl gətirirdi. Müəllim adı, sanki ona büsbütün yad olmuşdu. Bu ad çəkiləndə utanır,özü-özünə çəkilib içindəki ağrı-acısının əzabında boğulmaq, əriyib itmək istəyirdi.
İnsan ümidə sığınıb yaşayır. Ümidin bitdiyi yerdə ömür də bitir. Deyirlər, sonuncu ölən ümiddir. Ümid Tanrı sevdasıdır. O, həmişə insanı çağıran, “Var ol!”-deyən Tanrı nidasıdır. Qulaqlar tutulanda, o nida kəsiləndə göylərdən zülmət yağır. Elə bil ulduzlar da küsüb, daha o göylərin yaxasından asılmır. Ulduzlar kəhkəşanı da çırağını söndürüb işıq-işıq parlamır. Heç durnalar da qərib göylərin nisgilinə bələnib daha uzaqlara uçmur. Heç bu son bahar da gəlmir, xəzan nəğməsini oxuya. Rəng-rəng, ilmə-ilmə payız xalısı toxuya. Qızılı-çəhrayı yarpaqlar otların yaxasından boyunbağı kimi asıla. Dağlar da içində bir ağrıya söykənib bir az da qocalacaq. Bir baxış, bir həsrət göynərtisi kimi büküm-büküm içinə çəkiləcək. Dünya bir baxış boyu kiçiləcək, bir korşalmış göz işığına dönüb bulağına daş qoyacaq.
Cümşüdün kiçik oğlu Fəxri həssas idi. Atasının sarsıntılarını gözlərindən oxuyur, nələr çəkdiyini yaxşı anlayırdı. Özünə qapılmağından, xətər yetirəcəyindən qorxur, narahatlanırdı. Hiss etdirmədən, evdə kiməsə bir söz demədən sakitcə onu izləyirdi. O “zəhrimar”ın havası, vaxtı gələndə atasının özünü necə dağa-daşa çırpdığını da az görməmişdi. Arada hirslənəndə:” Kəsəcəm, vallah, kəsəcəm o barmaqları… Mənə xəyanət edən o barmaqlar nəyimə gərəkdir?!..”-deyib bərkdən qışqırır, barmaqlarından qisas alırmış kimi yumruğunu düyünləyib bərk-bərk divara çırpırdı. Barmaqları əzilib, qanı damana qədər çırpırdı.
Cümşüd ev əşyalarının saxlandığı yarıqaranlıq zirzəmiyə girmişdi. Quru tut ağacının gövdəsindən kəsilmiş ət taxtasının üstündə əyləşib, çənəsini baltanın sapına söykəmişdi. Dalğın, hardasa bir az da küsgün, baxışlarını bir nöqtəyə zilləyib dərin fikrə getmişdi. Cavabsız suallar axın-axın üstünə tökülür, ürəyini, yaddaşını cırmaqlayırdı: -İndi mən neyləməliyəm? Qabağa yol yoxdur, qaranlıqdır, geriyə də qayıda bilmərəm. Bütün körpüləri yaxıb-yandırmış, hər şeyi alt-üst etmişəm. Düşmənin edə bilmədiyini özüm-özümə etmişəm. Mən niyə, niyə axı bu xəyanətə yol vermişəm, taleyimə balta çalıb, ömrümə sağalmaz yara vurmuşam? Allahım, niyə… niyə bu günə düşdüm? Niyə sənin verdiklərinə arxa çevirib, nankorluq etdim. Mənə daha nə verməliydin ki, vermədin. Ağıl, düşüncə, qabiliyyət verdin, insan kimi yaşayım deyə. Mənsə, verdiklərinə şükr edib yaşamaq əvəzinə, ömrümə, taleyimə düşmən kəsildim. Eyvanımızdakı o bapbalaca dimdikləri ilə balalarına ruzi gətirən qaranquş qədər də olmadım. İndi əlimdən nə gəlir… heç nə!.. Ömrü əridib yelə verdim. Beş qəpiklik hörmətim var idi, onu da itirdim. Axı mən kimə lazımam… kimdir məni itirib-axtaran. Heç evdəkilərin də üzünə baxa bilmirəm. Artıq yükə çevrilmişəm, nə qədər məni çiyinlərində daşımalıdırlar ki?! Uşaqlarıma nə gün ağladım, heç düz-axıllı təhsil də verə bilmədim. Yazıqların nə yaşıdır ki, hələ canları da bərkiməyib, çəlimsizdirlər. Səhərə qədər yuxusuz qalmaq, onun-bunun ədası, tənəsi ilə qol-boyun olmaq, oynamaq asandır məgər?! Bir tikə çörəyin xatirinə susursan, ancaq susqunluğun bütün günü əzaba, ağrıya dönüb yaddaşında oyalandıqca içini yeyirsən. Hardasa, duyğularınla bir anlıq özün olmaq istəyirsən, ancaq ilğımlanan duyğuların korşaldıqca, sanki hər gün səndən uşaqlaşır, elə bil ki, içində özün olanı basdırıb arxaya baxmadan da nagahani bir yol tutub gedirsən. Axı bu nə həyatdı, bu nə ömürdü biz yaşayırıq: ölə-ölə, sürünə-sürünə. Bir ömür ki, sənə vəfa qılmır, onu yaşamağın nə mənası var. İlan, çayan, kərtənkələ deyilik ki, sürünə-sürünə yaşayaq. Sən Tanrının böyüklüyünə bax ki, insanı həyatda əzəldən nida işarəsi kimi düm-düz yaşamağa çağırır. Sonra əməlinə, günahlarına görə qarşısına açılımlar, bükülmələr qoyub sual işarəsi kimi “Niyə? Axı niyə?” mühakiməsi ilə yandırır. Günahkar uzaqda deyil, bulaşdığımız günah elə içimizdədir. Bir anlıq həzz, nəşə iradəmizi qırıb ona hökm edirsə, özümüz də həyatın quluna, köləsinə çevrilmirikmi? Məgər iztirab, əzab içində boğulmaq kiməsə fərəhli, işıqlı bir ömür yazırmı?! Yox, yazmır! Bəs onda insan niyə bilə-bilə çırpınıb ona sarı can atır? Şeytanı qatmayaq, “Şeytan yoldan çıxartdı!”-deməyək. Özümüz də iblisləşirik, odda, közdə yansaq da, yenə qaranlığa, şərə bulaşırıq. Allahım, ölmək, ölmək istəyirəm! Niyə bu qədər aciz, zavallı, yazıq günə düşdüm? Özüm öz əlimlə öz evimi yıxdım?! Hansı günə şükr edim, hansı ümidə sığınım? Daha sığınası ümid də qalmayıb, ayna kimi çiliklənib tökülüb. Qırıq, sökük ümidlər məni hara qədər apara bilər ki?!
Fəxri yarıqaranlıq zirzəmidə divardan asılmış qırmızı soğan rəsələrinin böyründə durmuşdu. İçərinin havası təmiz olsun deyə həmişə bir layını azacıq açıq qoyduqları pəncərədən içəri girmişdi. Atası arxası ona tərəf olduğundan oğlunu görmürdü. Ancaq aralarındakı məsafə o qədər də böyük deyildi. Atasının dodaqları altında pıçıldadıqlarını da yaxşı eşidirdi. Cümşüdün ürək ağrısıyla dediyi: ”Allahım, ölmək, ölmək istəyirəm!” kəlmələri Fəxrini silkələdi. İrəli yeridi, atası baltanı barmaqlarına vurmaq istədiyi yerdə arxadan baltanı tutdu. Cümşüd qanrılıb həyacanla, çaşqınlıqla arxaya baxdı. Kiçik oğlu Fəxri idi. Fəxri göz yaşlarını saxlaya bilmədi. Atasını bərk-bərk qucaqlayıb için-için ağladı. -Ata bizi kimin ümidinə buraxıb gedirsən? Olmaya bizi də atasızlıq oduyla yandırmaq istəyirsən? Axı niyə, niyə?! Özün demirdinmi ki, ata ağrısını atasız olanlar bilər?! Demirdin ki, dünyanın bütün sərvətini qurban verərəm, təki atam qapımı döyüb, o xoşbəxt atalı günlərimi geri qaytara?! Bəs bizə ata lazım deyil?! Axı atasızlıq ağrısı hər gün səni yandırırsa, onda necə rəva bilirsən, bu ağrı odunda biz də yanaqmı?! Qurbanın olum, ata, canına qıyma?! Təkcə sənin quru adın, quru nəfəsin bizim varlığımız, yaşamağımızdır. Allaha şükür, əlimiz çörəyə çatır, azdan-az, çoxdan da çox qazanırıq. Kimdən pis yaşayırıq ki?! Atalı günlər taleyin bizə verdiyi işıqlı, xoş günlərdir!.. Amandı, canım ata, o günləri əlimizdən alma!..
Fəxrinin acı göz yaşları içərisində dediyi hər sözü tikan olub Cümşüdün ürəyinə sancılır, qurğuşun kimi çiyinlərindən asılıb, az qala, nəfəsini kəsirdi. Göz yaşlarını saxlaya bilmir, oğlunun üzündən öpə-öpə, qırıq-qırıq: “ Fəxrim…, qürurum…, balam mənim! Bəs mən neyləyim, Sizin üzünüzə baxa bilmirəm axı?! Bu günah məni öldürür, hər gün qurd kimi içimi yeyir, hər gün səssizcə məni öldürüb dirildir. Bu xətanı, günahı çiynimdə daşıya bilmirəm axı?! Niyə mən bu oyuna gəldim, özümü bataqlığa salıb, hər gün əzaba, nifrətə doğru çəkildim? Beləmi tərbiyə almışdım, beləmi ata-ana qayğısı, nəfəsi ilə böyümüşdüm? Mən yolumu azdım, oğul, buna görə həyat mənə haram görünür. Yalançı nəşəyə, səraba, ilğıma uyub içimdə bir anlıq “xoşbəxt, işıqlı dünya” qurmaq istədim. İşığım qaranlıq, dünyam zülmət oldu. Hər gün düşdüyüm bataqlıq çəkdi, çəkdi özünə! İndi elə bilirsiniz mən yaşayıram? Yox, yaşamaq nədir, müqəvvayam! Hissiz, duyğusuz, həyat eşqi ölmüş, müqəvva! Məhsulu yığıldıqdan sonra çöldə atılıb qalmış, unudulmuş, sərsəri küləklərin, qarın, yağışın aramsız döydüyü gərəksiz bostan uyuğuyam.
-Yox, elə demə, elə demə, ata!- Fəxri atasının sözünü kəsdi.- Sən bizim üçün hər şeysən! İstiliksən, işıqsan, arxa, dayaqsan. Dar gündə üstünə qaçacaq, qucağına sığınacaq yerimizsən. Bundan da böyük var-dövlət olarmı bizə?!
Fəxri atasının çiyinlərindən tutub özünə tərəf çəkdi. Üzündən, gözündən öpə-öpə, əllərindən tutub yarımqaranlıq zirzəmidən çölə çıxartdı. Həyətdə ağaclar çiçəkləmişdi. Hasar dibindəki yasəmənin ətri aləmi başına götürmüşdü. Arılar vızıldayıb çiçəkdən-çiçəyə qonur, qumrular asta-asta ötür, eyvandakı qaranquş yuvasındakı körpələr, ətcə balalar yem daşıyan ananı görüb haray-həşirlə civildəşirdilər. Külli-kainatın gözəli Günəş, bəlkə də, bu günkü kimi belə işıqlı, belə isti, doğma olmamışdı. Ev də, elə bil, Cümşüdün gözündə böyümüşdü: ağıllı, doğma, mehriban oğulları kimi!..
Bakı şəhəri, 2022, 19 yanvar-15 may.
Yazıya 58 dəfə baxılıb