ŞƏHİD CAHİDİN QISA, ŞƏRƏFLİ ÖMÜR YOLU

Без названия (1)27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək sahəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan Ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı, hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlaradan, İsraillə birgə Azərbaycanda istehsal olunmuş “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Qarabağ torpaqlarının azad olunması zamanı, qələbəmizin əldə olunmasında Azərbaycan xalqı birlik göstərərək torpaqlarımızı azad etdi. Qələbəmizin əldə olunmasında bizim rayonumuzun  oğullarının da payı vardır. Belə oğullardan biri də Əsədli Cahid Zahid oğludur. Onun qısa, şərəfli ömür yolu gənclərimizə nümunə ola bilər. Şəhidin atası Zahid Əsədovla telefon əlaqəsi saxladıq, redaksiyamıza dəvət etdik. Dəvətimizi qəbul edərək redaksiyaya gəldi və oğlu Cahidin qısa ömür yolundan gözləri yaşla dolu danışmağa başladı.

“Oğlum Cahid Əsədli 18.01 2001-ci ildə Sarıxanlı kəndində dünyaya göz açıb. Ailənin son beşiyi, 3 qızdan sonra olan övladımz idi. Cahidin dünyaya gəlişinə çox sevinmişdik, qurbanlar kəsib şükür etmişdik. 3 yaşı olanda onu Rusiyaya işlədiyim şəhərə apardım, ailəliklə orada yaşamalı olduq.

Vətəndən uzaqda özümə kiçik “dövlət” qurmuşdum. Oğlum Cahid körpə ikən qürbətdə yaşamalı olmuşdu. Artıq yetkinlik yaşına gələndə onu da hərbi xidmətə  – Vətənə borcunu verməyə çağırdılar. Mən də onu doğma rayonuma gətirib Hərbi Xidmətə Çağırış Şöbəsində qeydiyyatdan keçirdim. Oğlum əsgər getmək üçün çox canfəşanlıq edir, orduya tələsirdi. “Ata vətən məni gözləyir,  Vətənin dar günündə kənarda qala bilmərəm. Bu, biz gənclərin borcudur. Biz getməsək, Vətəni kim qoruyacaq?! – dedi. “Ay oğul, sən heç doğma dilimizdə danışa bilmirsən, burda necə xidmət edəcəksən?”. Bu sualla oğlumu sınağa çəkmək istəyirdim. Cahid isə qətiyyətlə dedi:  “Ata, müharibədə dil bilmək vacib deyil, əsas odur ki, Vətəni sevərək atılasan döyüşə. Narahat olma, hər şey yaxşı olacaq”.

15 il qürbətdə yaşamışdım oğlumu Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinə qeydiyyatdan keçirdikdən bir neçə gün sonra, yanvar ayının 26-da hərbi xidmətə yola saldım. Sonra qürbət elə – Rusiyaya qayıtdım. Tez-tez Cahidlə əlaqə qura bilirdim. Cahid mənə və anasına təskinlik verirdi:  “Hər şey yaxşıdır ata, narahat olmayın, məndən nigaran qalmayın,” – deyirdi. Telefon əlaqəsi zamanı mənə deyirdi: ”Ata artıq öz dilimizdə danışa bilirəm, yavaş-yavaş öyrənirəm. Burda özümə dostlar tapmışam, hər şey yaxşıdır, xidmətimdən də razıyam. Burda bizə yaxşı baxırlar.”

…Azərbaycanda olan hadisələri böyük həyəcanla izləyirdim Cahiddən ötrü çox narahat idim. Oğlum Cahid isə bunun tam əksini söyləyir, mənə  deyirdi: “Ata, narahat olma, artıq vaxtı, zamanı gəlib, biz qisasımızı almalıyıq. Xocalı faciəsi unudulmaz faciədir, biz onların qanının yerdə qalmasına razı ola bilmərik. Biz indi qisasımızı almasaq, gələcək nəsillər bizi bağışlamaz. Narahat olma, hər şey yaxşıdır. Qisasımızı alırıq o nankor faşistlərdən. Hər gün zəfər çaldıqca içimizdə Silahlı Qüvvələrimizin Ali baş Komandanı cənab İlham Əliyevə gənclərimizin olan inamı fəxarət hissi yaradır. Hamımız Ali Baş Komandanın arxasında möhkəm dayanmışıq, tezliklə qələbə bizim olacaq”.

Qəlbim narahat halda çırpınır, həyat yoldaşım Afətə bir söz deyə bilmirdim. Beləliklə, günlər keçdi… Çiskinli bir payız günündə – oktyabırın 19-da gecəyarısı telefon zəngi çalındı. Böyük bir həyəcanla, içimdəki təlaşla telefonu açdım və yerimdə donub qaldım. Xəbər verdilər ki, Cahid Əsədli Cəbrayılın Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu xəbər belimi qırdı. Danışmağa söz tapa bilmirdim. Həyat yoldaşım Afətə nə deyəcəyimi bilmirdim. Bilet alıb Bakıya uçmalı idim. Evdən heç kimin gedə bilməyəcəyini nəzərə alıb Bakıya təkbaşına yola düşdüm.

Oğlumun cənazəsi 2020-ci il 20 oktyabrda doğma kəndimiz Sarıxanlıya gətirilib torpağa tapşırıldı. Dəfn mərasimində rayon ictimaiyyəti və kəndin camaatı  iştirak edirdi. Bu qısa ömrü Cahidi ən uca məqama – tarixin silinməz səhifəsi olan şəhidlik zirvəsinə ucaltdı. Şəhidlər heç vaxt ölmür, qəlblərdə taxt qururlar. Onun nakam ömrü tanıyanların qəlbində əbədi yaşıyacaq.

Ölümündən sonra Cahid Əsədlini Ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif etmişdir. Mükafatlar Şəhidin atası Zahid Əsədova təqdim edilib.

Vətən sağ olsun! Ailəsinə Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin!

 

Zeynəb Həsənova,

                                                 “Xalq sözü” qəzetinin əməkdaşı

Yazıya 38 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.