DEYİN, HARDADIR – Mehriban Mərdanə yazır…

332625102_895476491571215_6174771434893282658_nLaçın üçün pritça
Uzaqdan həzin bir nəğmə səsi gəlirdi:
“Siz ey ilk eşqimin şahidi dağlar…”
Bu nəğmənin qanadlarında mən də uçdum, həm ilk eşqimi, həm də uşaqlığımı itirdiyim o dağlara…
Əlbəttə, xəyallar yüyrək olar, deyirlər. Zirvələrinin başı qarlı, dumanlı dağlarla üz-üzəydim. Maraqlı mənzərə idi. Bir zamanlar biz ayrılanda mən gənc, qıvrım qara saçlı bir qarabəniz qız idim. İndi isə hər ikimiz zirvəsi qarlı dayanmışdıq üz-üzə. İllərin ağrısından, acısından artıq mənim də saçlarıma qar yağmış, bənizim də ağappaq ağarmışdı. Bax bu anı, bu görüntünü dilə gətirib qələmə almağı heç təsəvvürümə belə gətirmirdim. Çox təsirlənmişdim. Həsrət dolu gözlərimdən yazın oğlan çağında yağan yağışlar kimi göz yaşlarım axırdı. Yanağımdan süzüldükcə sanki bir ilahi qüvvə göz yaşlarımı dağlardakı bəmbəyaz qarın üzərinə çiləyirdi…
Sual dolu baxışlarla səssizcə dayanmışdım:
“Çox qocalmışam, eləmi? Qocalaram da… Necə olsun, deyirsən. İtirdiklərim, çəkdiklərim, çəkə bilmədiklərim… Bunlar azdır bəyəm?! Hanı bir zamanlar sənin yaşıl çəmənlərində qayğısız, saf, təmiz qoyub getdiyim o uşaqlıq, gənclik izlərim?!
Hanı o cavan oğlan?.. Bir birimizi ürkək baxışlarla sevib, amma dilə gətirə bilmədiyimiz gözəl hisslər hanı?..” Eh o qədər sual vardı ki…
Həmişəki kimi, dağlar çox qürurlu, lal dinməz dayanmışdı. Eşitdiyim bu nəğməni ürəyimdə zümzümə edərək ayrıldım illərdir həsrətini çəkdiyim dağlardan:
Deyin, hardadır
O üzü dönmüş?
Sevən ürəyim
Onu soraqlar…

Yazıya 80 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.