“COVİD – 19” silsiləsindən
Pəncərənin ağzına qonub “ qarr!.. qarr-r!..”-salıb qışqırışan iki qarğanın xoşagəlməz, qulaqbatırıcı səsindən Bəhruz kişi yatağında qurcalandı. Başını basdırıb, gözlərini bərk-bərk yumsa da , daha yata bilmədi ki, bilmədi. O, uşaqlıqdan dağda- daşda böyüdüyündən hər otun-ələfin sirrini, quşların da dilini öyrənmişdi. Kənddə olanda bu vaxtlar həmişə yuxudan durar, gecədən otların mirvari kimi gərdəninə düzülən şeh damcıları ilə qabarlı əllərini yuyub üz-gözünə çəkər, dan yerindən boylanan günəşə sarı üzünü tutub, dodaqlarının altında pıçıldaya-pıçıldaya verdiyi bu gözəlliklərə görə tanrısına min kərə şükür edərdi. Mal-qaranı örüşə ötürüb ağacların diblərini belləyərdi. Vəri açar, suyu kartof, soğan ləklərinə axıdardı. Toyuq-cücəyə dən verən Ağcaya kömək edər, samovarın gözünə köz salar, yaxşı bir süfrə açıb eyvanda oturardılar. Halal süfrələrində nə yox idi. Uca Tanrının onlara verdiyindən hər şey var idi: təmiz nehrə yağı, üz tutmuş motal pendiri, şoru, öz həyətlərindəki pətəkdən kəsdikləri beçə balı. Qaymaqlı, kəkotulu çayın, südün ətri adamı iştaha gətirərdi. Uzaqda uzanıb gedən başı qarlı Burovar dağlarına baxa-baxa yeyib-içər, deyə-gülə səhəri axşam edərdilər. Ağcanın çörəyinə çörək çatmazdı. Zalımın qızı necə bişirərdisə, qonum-qonşu tərifləməkdən doymazdı. Təndiri qalayanda, divara yapdığı kündə qızardıqca yumurtalı, zəfəranlı ayranın xoş ətri bağı-baxçanı vurar, tox olsan da, o ətirdən məst olub, bir tikə o çörəkdən dadmamaq günah olardı. O nə ətri idi, Allahım, bəlkə də cənnət qoxusu idi.
Ağca Bəhruz kişi üçün hər şey idi. Varı- dövləti, bər-bəzəyi, evinin zinəti, yaraşığı idi Ağca. Üç uşaq böyütmüşdülər yuvalarında. Ev-eşik sahibi etmişdilər. Diplom alandan sonra şəhər dəlisi olub, qutu-qutu daş evlərə sığınmışdılar. Onlar kəndin yolunu unutmuş, getdikləri o yollarda daşlar, qayalar da mamırlamışdı. Ancaq nə danaq, övladları siz deyən qədər də nankor, pis deyildilər. Gecə-gündüz telefonda başlarına dolanar, nəvələrinin telefonda üzündən öpər, gülümsər çöhrəsinə, baba-nənə deyən şirin-şəkər səsinə az qala qurban gedərdilər. Babayla nənə kənd sovqatından, onlar isə şəhər geyim-keçimindən göndərərdilər. Hələ xərclik də yollayardılar. Belə olanda inciyərdilər də onlardan. Xərclik nələrinə lazım idi. Elə aldıqları təqaüd özlərinə çatardı. Hara xərcləyəsi idilər ki, üçdə alacaqları, beşdə verəcəkləri də yox idi. İndi Ağcanın yoxluğu hər şeyin dadını-duzunu qaçırtmışdı. Elə bil Bəhruz kişinin həyatının mənasını, xoş günlərini də özüylə aparmışdı. Qəbrinin üstündə çiçək də, ot da bitdi. Hər gün o qəbirin başına dolanmaqdan bezmədi. Boynu bükük bənövşəni çox sevərdi Ağca. Nərgiz gülü, bənövşə boy verəndə qom-qom, büküm-büküm yığıb qəbrinin üstünə aparardı Bəhruz. Çöməltməz oturub xəyalən Ağcayla danışar, ötən günləri xatırlayıb geri dönərdi. Soyuq, kimsəsiz ev başına fırlanar, həyət-bacada ölü sükut onu sanki məngənəyə salıb sıxardı. Uşaqları, insafən həmin vaxtlarda şəhəri kəndə yaxın etdilər. Hər iki gündən bir gəldilər-getdilər. Bağlama-bağlama ərzaq, geyim gətirdilər, gedəndə hələ onun bütöv bir ilinə bəs edəcək pul xərcliyi də qoydular. Hər gün, heç olmasa, beş kərə telefonda “Dədə, necəsən?!”-deyib sordular. Kənddə çox qala bilməzdilər, iş-güc adamı, vəzifə sahibi idilər. Adları-sanları vardı. Biri həkim, biri alim, biri dövlət adamı idi. Rayonun başbilənləri onların bircə zənginə əl-ayağa düşər, gündə üç-dörd kərə Bəhruz kişinin halını soruşar, kənd xəstəxanasının baş həkimi tez-tez səhhətiylə, əhvali-ruhiyyəsiylə maraqlanardı. Qohumlar, qonşular, sağ olsunlar, biş-düş edib gətirərdilər. Ancaq evin istiliyi, doğmalığı sanki çatmırdı, Ağca aparmışdı onu da. Övladları, dilli-dilavər gəlinləri, şeytan nəvələri narahat idi, yanlarına aparmaq üçün dil tökürdülər, lap yalvarırdılar. “ İstəyirsən, birdəfəlik köç, şəhərə, yanımıza gəl! Hansımızın evi ürəyinə, canına yatırsa, orda qal, dədə!..” deyirdilər. Dil boğaza qoymur, boynunu qucaqlayıb üzündən öpə-öpə pərvanə kimi başına dolanırdılar. Axırda dilə tutub birtəhər razılaşdılar ki, qışı şəhərdə, onlarda keçirib, yazı-yayı kəndə qayıtsın.
Hər axşam Bəhruz kişi necə yatır, səhəri necə açırdı, bunu bir Allah bilirdi, bir də özü. Gecə elə bil o qaranlıq içinə çökür, içəridən xısın-xısın onu yeyirdi. Yuxudan tez-tez diksinib oyanır, əllərini qoynuna qoyub, baxışlarını bir nöqtəyə zilləməklə fikrində dünyanı əriş-arğac edirdi. Pəncərədən həyətə boylanır, boş qalmış həyət-bacalarda bir insan axtarırdı. İnsan ümid idi, işıq idi sanki onun üçün. Ancaq, deyəsən, o ümid də qırılmışdı, bir ins-cins də gözə görünmürdü, yiyəsiz itdən-pişikdən savayı. “ Evdə qal!” çağırışı bir xof salmışdı şəhərin canına. Ekranlar da bir tərəfdən od püskürürdü. Filan yerdə filan qədər… Dünya dağılırdı, göz görə-görə dağılırdı. İnsan övladına dünya darlıq edirdi. Ümidlər qırılır, qırılırdı. Bədbinlik, küsgünlük duman kimi şəhərin üstünə çökür, yağışa dönüb həyət-bacaya çilənirdi.
Bəhruz kişi pəncərəyə yaxın gəlib qarğalara qulaq kəsildi. Nə danışırlar, nədən danışırlar bilmək istədi. Biri ala, biri qara qarğa idi, yan-yana oturmuşdular. Bəhruz kişiyə elə göründü ki, elə bil onlar da kədərli, fikirli idilər. Qarr-r!.. Qar-rr!.. –eləyib qara qarğa dilləndi: – Bu nədir, nə sirdir, ala qarğa? Olmaya, dünya dağılır ?! Parklar, bağlar boşalıb, insanlar evlərə çəkilib, daha bizə daş atan, bizi yamsılayıb dodaq büzən də yoxdur. Zibil qabları da dolmur, çörək qırıqları da gözə dəymir. Əvvəllər bütöv çörəkləri , torba-torba yeməkləri də zibil qablarının dörd dövrəsinə tökərdilər. Utanmadan, çəkinmədən. Olmaya daha insanlar barmaqlarını sorur, yemək-içməyi də unudur?
– Qarr-r!.. Qar-rr!.. Deyirlər, bəla gəlib!- deyə ala qarğa qanadlarını sinəsinə yüngülcə çırpa-çırpa cavab verdi: – Ağır bəla, can alan, gözə görünməz bəla. Kimin düşüncəsindən qopub, kimin başının altından çıxıb bilinmir. İndi cəzalandırmaq üçün hamı günah keçisi axtarır. Əl işdən soyuyub, bəd fikirlər hər gün qapıları döyür. “ Evdə qal!”- bu görəsən, nə qədər gedəcək? Bu , çox gedə bilməz! Çox getsə, evdəkiləri evdə, çöldəkiləri də çöldə qıracaqlar!..
– Bəs sonra, sonra nə olacaq? –deyə, qara qarğa səbrini boğa bilməyib soruşdu. Sonra eyni çılğınlıqla da ayaqlarını pəncərənin ağzındakı taxtaya çırpa-çırpa: – Hər şey bizə qalacaqmı?!..-dedi.
– Bəs nə bilmişdin, qara qarğa! Eşitməmisən ki, ev, yurd sahibsiz qalanda qurd-quş çoxalar, qarğa- quzğunlar da dil açıb danışar?!..
– Ona görə də deyirlər: “ Üç yüz il boz qarğaya, yüz il Loğmana düşdü? “
– Boş söhbətdir, qara qarğa! İnsanlar təsəlli tapmaq üçün uydurublar. Üç yüz il yaşasaydıq nə dərdimiz vardı ki?!
– Gedək, ala qarğa, gedək! Düzü dünya bizimdir. Uç nə qədər istəyirsən, rahat uç! Daş atanın, kiş deyənin, ürəyinə toxunanın daha yoxdur. Bəni Adəm övladı indi bir-birini silahsız qırır, evdə oturdub ayaq üstə çürüdür, ehtiyac nə olduğunu düşünməyə vadar edir. Bəs bu təbiət gözəlliyi ilə onlara verilməmişdimi?! Dağlar ucalığı, dərələr dərinliyi, çaylar sularının şırıltısı, bulaqlar pıçıltısı ilə onlara bəs etmirdimi?! Uca yaradan düzlərə, göz işlədikcə uzanıb gedən çöllərə güllərdən xalı sərməmişdimi? Quşlar dan yerini söküb üfüqdən günəş boylananda onların səhərini xoş sürudları, şərqiləri ilə salamlamırdımı? Gecə şehləri otların, çiçəklərin yaxasına mirvari kimi səpilib qızılı günəş şəfəqləri ilə onlara min sehr yaratmırdımı?! Daş atdıqları, kiş dedikləri quşlar onların yaratdıqlarını məhv etmək istəyən cücülərdən, böcəklərdən qorumurdumu? Yenəmi deyim, gör hələ sadalamalı, sadalamadıqlarım nə qədər var?! Niyə, niyə insan övladı bunların qədrini bilmədi? Nankorluq etdimi, yox!.. yox!.. ağlını itirdi, şeytana uydu. Düz yolunu qoyub, əyriyə sarı getdi. Gedək, gedək , ala qarğa!..
– Gedək, hara gedək, qara qarğa, insansız viranəliklərəmi gedək?! Axı çöllər də, düzü-dünya da onlarsız darıxır, biz darıxan kimi…
Bəhruz kişi asta-asta pəncərənin qabağından arxaya çəkilib çarpayısında oturdu. Elə bil çiyinlərindən ağır yük asılmışdı. Güclə nəfəs alırdı. Dünya sanki dərdləriylə ürəyinə sığmışdı. Bir şımşək çaxmasına bənd olan səma kimi, bulud kimi damla-damla, dolu-dolu tökülməyə hazır idi. Xatirələr oyalanmışdı, durna qatarı kimi köçüb gəlirdi. Əlləri ilə üzünü qapayıb sakit-sakit, həzin-həzin ağladı. Ürəyi boşalıncaya qədər ağladı. Uşaqları ağladığını bilməsinlər deyə, əl-üzünü yuyub, şkafdan asdığı paltarını geydi.
– A bala, ay gəlin, ay qızım!- deyib gəlinini çağırdı.
Həyat yoldaşını işə təzəcə yola salmış Afaq xanım Bəhruz kişinin yatdığı otağa yaxınlaşa-yaxınlaşa: -Gəldim, dədə, gəldim! –dedi. Qapını döyməyə macal tapmamış qapı onun üzünə açıldı. Bəhruz kişini kostyumda görüb təəccübləndi.
– A bala, ay qızım, o çantamı mənə gətirsənə!
– Səhərin gözü açılmamış xeyir ola, ay dədə, çanta nəyinə lazımdır?
– Gedirəm, ay qızım, öz evimə gedirəm.-dedi Bəhruz kişi. Daha qarğaların dediklərini xatırlatmadı. Xatırlatsaydı, gəlini, onsuz da, ona inanmayacaq, ürəyində “ Kişi, deyəsən, xərifləyib axı?!”- deyə düşünəcəkdi.
– Bu ev sənin deyilmi, ay dədə? Olmaya sənin xətrinə dəymişik, qurbanın olum?! Axı həmişə səni böyüyüm bilmişəm. Atamı itirəndən , uşaqlıqdan ata qayğısının nə olduğunu bilməmişəm, o qayğının nə olduğunu səndən öyrənmişəm!..- qəhər onu boğduğundan daha danışa bilmədi gəlin. Susdu, göz yaşları yanaqlarını islatdı.
Afaq uşaq yaşlarında ata-anasını itirib, baba-nənə himayəsində böyümüşdü. Atası diplomat idi, təyyarə qəzasında dünyalarını dəyişmişdilər. Həmin gün beş yaşlı Afaq da onlarla gedəcəkdi. Ancaq xəstələndiyindən, “ Qoy sağalsın, sonra gəlib apararsınız!”- deyən babasının təkidiylə evdə qalmışdı. Kim bilir, bəlkə tale belə yazmışdı. Ömür dənəsi hələ bitməmişdi. Göyərməli, günəşə sarı boy atmalı idi. Fəxriylə də oxuduqları universitetin hüquq fakültəsində tanış olmuşdular. Fəxrigilin ailəsinə ilk gündən ürəyi qızmış, o ailəyə gəlin yox, lap doğma bir övlad olmuşdu. Ağca anası, Bəhruz da atası olmuşdu. Ata-ana sevgisinin nə olduğunu onlardan görmüşdü.
– Qadağa saatları qoyulub, yaşlı adamlar küçəyə çıxa bilməz, dədə! İndi nəqliyyat da yoxdur, necə gedəcəksən? Bir də, ayıbdır, ay dədə! Bərk ayaqda deməzlər ki, haa qocaya da sahib çıxa bilmədiniz?!
– Gedəcəm, qızım, üz vurma, nəqliyyat olmasa da gedəcəm! Lazım gəlsə, lap dizin- dizin sürünüb gedəcəm. Sən məndən narahat olma, qızım, hələ canım suludur, ayağım yer tutur.
– Onda, ay dədə, oğlunuza mən nə deyəcəm? Məndən inciməyəcəkmi? Dövlət adamıdır, sabah küçədə saxlasalar onun haqqında nə düşünərlər? Deməzlər ki, haa… bir qoca dədəsinə sahib çıxmayan, dövlətəmi sahib çıxacaq? Qurban olum, dədə, qoy heç olmasa özü gəlsin, sonra nə düşünəcəksinizsə elə də olsun!..
– Yox, narahat olma qızım! Evdə qalmaqdırsa, onda gərək hamı öz evində qalsın, kimsə kimə yük olmasın. Gərək o evin işığı sönməsin, ocağı qaralmasın. Bir ocaq sönürsə, o yurdun xeyir-bərəkəti də çəkilir, gələni- gedəni əskilir, həyət-bacasında səliqə-sahman da pozulur. Yad baxış, yad nəfəs sahibsiz evlərin qəddini əyir, qüruruna kölgə salır. O, evdə mənim Ağcamin xəyalı, övladlarımın şirin gülüşü yaşayır. Yəqin Ağca da məndən nigarandı. Bu vədələr həmişə qəbrinin üstünə qom-qom nərgizgülü, bənövşə aparardım. İndi haçandı getmirəm, küsüb məndən deyən, daha yuxuma da gəlmir. Rəhmətlik tez-tez deyərdi: “ Kişi sənsiz bu evin bir günü də olmasın!” Gör, mənsiz keçən bir günümün ağrısına dözməyən o ev, indi neçə aydır yolumu gözləyir. Yurddan kənarda ömür olsa da, qızım, o ömürün şirinliyi olmaz. Yurd işığına bürünməyən ömür, möhnətdə çürüyən ömürdür. Yurd insanın soyuqda yorğanı, qaranlıqda işığı, ağrılı günlərində ümidə sarılmış məlhəmi, çörəyidir. Tanrı heç düşməni də yurdsuz, arxasız etməsin!..
Bəhruz kişi ayaqlarına sarınan nəvələrini qucaqlayıb dönə-dönə öpdü, gəlini ilə sağollaşıb həyətə düşdü. Şəhərin kənarına qədər onu aparacaq sifarişli 189 saylı taksi maşını həyətdə dayanmışdı. O, maşının arxa qapısını aça-aça qaldığı otağın pəncərəsi ağzına baxdı. Qarğalar çoxdan uçub getmişdilər. O qarğalar ki…
Bakı şəhəri, 12-15 aprel 2020-ci il.
Yazıya 33 dəfə baxılıb