Azərbaycanda çağdaş pedaqogika elminin məhsuldar nümayəndələrindən biri də Kamal Həsən oğlu Camalovdur.
Tarixən belə ənənə mövcud olmuşdur ki, bəzi məşhur pedaqoqlar təhsilin, tərbiyənin, şəxsiyyətin formalaşmasının, məktəbşünaslığın aktual problemlərindən tədqiqatlar aparmaqla, dərslik və dərs vəsaitləri yazmaqla, auditoriyada, sinifdə dərs deməklə yanaşı bədii yaradıcılıqla da məşğul olmuşlar. Doğrudur onların əsl peşəsi, məşğuliyyət sahəsi müəllimlik, pedaqoqluq, təhsil nəzəriyyəsi olsa da, yazıçılığı, şairliyi özlərinə hobbi seçmişlər.
Kamal müəllimdən söz düşəndə həmin şəxslər, K.D. Uşinski, A.S. Makarenko, Rəşidbəy Əfəndiyev, Əjdər Ağayev, Fərahim Sadıqov və b. düşdü. K.D. Uşinskinin xeyli ibrətamiz hekayələri, A.S. Makarenkonun “Pedaqoji poema”, “Qüllələr üzərində bayraqlar” kimi povestləri, Əjdər Ağayevin hekayələr və şeirlər kitabları, Fərahim Sadıqovun pyesləri var. Mən özüm də 5 romanın (“Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad”, “Fateh Sultan Məhmət”, bir neçə povestin (“Ananın ürəyinə gedən yol”, “Əliş və Anna dastanı”, “Yaxşılıq qapı açar”), 2 pyesin (“Atatürk” və “Yaxşı yoldaş”), bir çox hekayələr kitablarının müəllifiyəm. Bədii əsərlərimin 10 cildliyi işıq üzü görmüşdür.
Pedaqoqlardan Əjdər Ağayev, Ağahüseyn Həsənov Azərbaycan Yazıçılar Birliyinin üzvləri idilər. Mən də birliyin üzvüyəm.
Bu il 50 illiyini qeyd edəcəyimiz pedaqogika elmləri doktoru Kamal Camalov alim olmaqla yanaşı həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Çox yaxşı!
Bu qısa məlumatdan sonra gəlin görək Kamal Həsən oğlu Camalov kimdir, fəaliyyəti hansı cəhətlərinə görə diqqətəlayiqdir.
Kamal Camalov 1973-cü il dekabrın 5-də Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açıb. Naxçıvan Dövlət Universitetində dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.
Təhsil illərində nümunəvi davranışı və təhsildəki nailiyyətlərinə görə fərqlənib, “Abbas Zamanov adına təqaüd”ə layiq görülüb.
Ali təhsilini başa vurandan sonra Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında əvvəllər müəllim, daha sonra baş müəllim vəzifələrində işləyib. Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektor təyin edilib (2018).
Müəllim peşəsinə sonsuz məhəbbətlə bağlansa da, tələbələrlə iş ona son dərəcə maraqlı görünsə də, müəllim-tələbə münasibətlərini, pedaqoji əməkdaşlığı yüksək səviyyədə qursa da onda elmə böyük həvəs olduğundan arzularının qanadlarında yola çıxaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmaq üçün ərizə verib.
“Hüseyn Cavidin pedaqoji ideyaları” mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbəri akad. Hüseyn Əhmədov) başa çatdırıb, 2004-cü ildə müdafiə edərək, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Kamal Camalov nəinki Naxçıvan Muxtar Respublikasında, eyni zamanda Azərbaycanda səmərəli müəllimlik və alimlik fəaliyyəti sahəsində dərin hörmət və nüfuz qazanıb.
Heç də təsadüfi deyil ki, o, bir müddət Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən “Gənc alimlər şurası”nın sədri olub, Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına (2009), dosent vəzifəsinə (2012), sosial-iqtisadi və siyasi inkişafda xidmətlərinə görə Ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə “Qızıl medal”a, “Ziyadar” mükafatına layiq görülüb.
Kamal Həsən oğlu Camalov Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilib.
K.H. Camalov 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, İsveç, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda işıq üzü görüb. Rusiya Federasiyasında və Türkiyə Respublikasında keçirilən beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil edib, sertifikatlar alıb.
Elmi fəaliyyətlə yaxından məşğul olan Kamal Camalov Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertasiya şurasında pedaqogika elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti” mövzusunda dissertasiya (elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, prof. O.Q. Həsənov) müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi alıb (2018).
Qarsda (Türkiyə) Əbdürrəhim Bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda “Mollanəsrəddinçi Əbdürrəhim bəy Haqverdiyev və elmi-pedaqoji fikrin inkişafı” (2020, 20-21 fevral, onlayn); Stokholmda (İsveç) keçirilən V beynəlxalq elmi konfransda “Yan Amos Komenskinin inkişafetdirici təlim haqqında görüşlərinə mollanəsrəddinçi maarifçilərin təhlilindən bir nəzər” (2020, 25-26 iyul, onlayn); Makedoniyada keçirilən IX beynəlxalq elmi-praktik konfransda “Cəlil Məmmədquluzadənin hekayələrində təlim və tərbiyənin rolu” (2020, 19 dekabr, onlayn); Hollandiyada keçirilən “Qarabağ – Dünyam Mənim” adlı XXVIII beynəlxalq elmi simpoziumda “Xurşidbanu Natəvan: zəmanəsinin qabaqcıl ziyalısı və xeyriyyəçisi” (2022, 30 iyul, onlayn) və s. mövzularda məruzə ilə çıxış edib.
Azərbaycan Respublikasının bir çox görkəmli pedaqoq alimləri – prof. Hüseyn Əhmədov, prof. Akif Abbasov, prof. Fərahim Sadıqov, prof. Ləzifə Qasımova, prof. İntiqam Cəbrayılov, prof. Müseyib İlyasov, prof. İramin İsayev, prof. Firədun İbrahimov, prof. Gültac Əliyeva və digərləri müxtəlif elmi jurnallarda, qəzetlərdə Kamal Camalov yaradıcılığından geniş bəhs etmişlər.
Kamal Camalov aşağıdakı kitabların, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir: “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” (2007), “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları” (2007), “Azərbaycan romantiklərinin maarifçilik ideyaları” (2009), “Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri” (2010), “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə” (2010), “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” (akad. O.Q. Həsənli ilə, 2011), “Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri” (A. Həşimova ilə, 2012), “Hüseyn Cavid və məktəb” (2013), “Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı (akad. O.Q. Həsənli ilə, 2014) “Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları” (L. Allahverdiyeva ilə, 2014), “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları” (2015), “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” (2015), “Mollanəsrəddinçilər və ailə-məktəb problemi” (2017), “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” (2019), “Repressiya qurbanlarının maarifçilik ideyaları” (2022) və s.
Çağdaş Azərbaycan pedaqogikasının sayılıb-seçilən nümayəndələrindən biri pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Həsən oğlu Camalov ömrünün 50-ci baharını yaşayır. Qarşıda hələ gör nə qədər yaşanmamış neçə-neçə illər, yazılmamış neçə-neçə elmi və bədii əsərlər var!!!
Allah taala Kamalın ömrünü uzun eləsin, bundan sonra da sağlam həyat tərzi keçirsin. Gün o gün olsun ki, bu kimi məqalələri 60 yaşında, 70-80-100 yaşında yazaq!!!
Kamal, 50 yaşın mübarək!!!
Akif Nurağa oğlu Abbasov,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, respublikanın
Əməkdar müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü
Yazıya 119 dəfə baxılıb