Allah taala saf əxlaqa, mənəvi kamilliyə, xeyirxah əməllərə malik insanlara uzun ömür versəydi, dünya cənnətə dönərdi, bəşəriyyət stresdən, gərginlikdən, mərdimazarlıqdan, məhrumiyyətlərdən yaxa qurtarardı. Amma nə etmək olar? Hərənin öz taleyi, öz ömür payı var. Kamal Xəlilov kimi.
Kamal vur-tut 54 il yaşadı. 1942-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğuldu, 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Onu tanıyanların hamısı yaxşı bilir ki, o, mənalı həyat yaşadı, özündən sonra xoş, ürəkaçan xatirələr qoyub getdi. Anılanda ona rəhmət oxunur, yaxşı əməlləri yada düşür.
Kamal əslən Şirvan (keçmiş Əli Bayramlı) şəhərindən idi. Orta təhsilini şəhər 1 nömrəli məktəbdə başa vurub Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil olmuşdu. İngilis dili müəllimliyini seçmişdi. Onda dil öyrənməyə maraq güclü idi. Rus dilini bilir, ingilis dilinə mükəmməl yiyələnməyə çalışırdı.
İdmanı da sevirdi. Sərbəst güləşlə məşğul idi. Şəhər (respublika) birinciliklərinə qatılırdı. Hətta respublika çempionu da olmuşdu.
Kamal dərslərinə ciddi yanaşmaqla bərabər ali təhsil müəssisəsinin ictimai həyatında da yaxından iştirak edirdi. Müəllimlərinin hörmətini saxlayır, nüfuzlarını qoruyurdu. Tələbə yoldaşları ilə mehriban dolanırdı, lazım gələndə onlara öz köməyini göstərir, onların dəstəklərindən də faydalanırdı. Kəsəsi, Kamal həm pedaqoji kollektivin, həm də tələbələrin sevimlisi idi.
Həm institutda, həm kənarda, həm də Əli Bayramlıda Kamalın çoxlu dostları vardı. Yaxşı dostları ilə öyünür, onlara bel bağlayır, onlarla özünü güclü hiss edirdi. Kamal görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenovla (1936-cı ildə anadan olub) da dost münasibətindəydi. Oljas Kamalın dəvəti ilə Bakıya gəlmişdi. Kamal onu götürüb Əli Bayramlıya aparmışdı.
Kamalın bir qardaşı (Möhsüm) şəhərdə çıxan “İşıq” qəzetinin redaktoru, o biri qardaşı (Tofiq) şəhər idman komitəsinin sədri idi. Qardaşları Rasimlə Valeh, bacıları Validə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda ADU) ingilis dili fakültəsini bitirmişdilər.
Tofiq mahir güləşçi olmaqla yanaşı, yaxşı ovçu idi. Kamal qardaşı Tofiqin təşkilatçılığı ilə Oljası ova da aparmışdı.
Kamal III kursda oxuyurdu. İngilis dilini yaxşı mənimsəmişdi. Bir gün onu respublika Maarif Nazirliyinə – nazirliyin xarici əlaqələr şöbəsinə çağırdılar. Onun ingilis və rus dilləri üzrə bacarıqlarını yoxladılar. Sorğu-sualdan sonra bildirdilər ki, tərcüməçi qismində onu xarici ölkəyə göndərmək fikirləri var. İnstitut məsləhət bilib. Beləliklə, az sonra Kamal Moskvaya yola düşdü. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində oldu. Onu Misir Ərəb Respublikasına göndərirdilər. Sovet mütəxəssislərinin yaxından iştirakı və köməyi ilə Asuan bəndinin tikintisində tərcüməçi kimi fəaliyyət göstərəcəkdi.
O zamanlar SSRİ adlanan imperiyaya daxil idik. Digər sahələrdə olduğu kimi, xaricdə işləməyə gedən mütəxəssislər Moskva tərəfindən müəyyən edilir, göndərilirdi. Müsəlman ölkələrinə tərcüməçilər bir sıra hallarda ittifaqa daxil olan müsəlman respublikalarından seçilirdi. Xaricdə işləyəcək mütəxəssislər əsasən ruslardan, xristianlardan ibarət olurdu. Bəzən də müsəlman ölkələrinə azərbaycanlılar, özbək, qırğız, tacik, qazax, türkmənlər də neft, energetika və s. sahələr üzrə mütəxəssis kimi cəlb edilirdilər.
Çox qədim dövlət olan Misir dünya sivilizasiyasının ilk məskənlərindən idi. Kamal Xəlilov Misirə yola düşməmişdən əvvəl bu ölkə haqqında ətraflı məlumat toplamış, onun tarixini, mədəniyyətini, xalqın adət-ənənələrini öyrənmişdi. İngilis dili vasitəsi ilə tərcüməçilik vəzifəsini uğurla yerinə yetirməklə bərabər ərəb dilini öyrənməyə səy göstərirdi.
Nəhayət, Kamalın Misir Ərəb Respublikasındakı tərcüməçilik fəaliyyəti başa çatdı. O, doğsa Vətənə qayıtdı. Evdəkilər, tələbə dostları, müəllimləri onu çox yaxşı qarşıladılar. Kamal III kursda təhsil alarkən Misirə getmişdi. Tələbə yoldaşları artıq V kursda idilər. Məsləhət oldu ki, Kamal eksternat (sərbəst) imtahan verib III kursdan V kursa keçsin. Elə də oldu.
V kursu başa vurub təhsil aldığı institutda müəllim kimi işə başladı. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun dissertanturasına qəbul olundu. Fəlsəfə elmləri üzrə namizədlik dissertasiyası üzərində işləməli oldu.
Misir Ərəb Respublikasında alarkən ərəb dilini öyrənmişdi. Bu dəfə ərəb dili üzrə tərcüməçi kimi xaricə, ərəb ölkələrinə getmək fikri vardı. Fəqət ərəb dili üzrə mütəxəssis olmasını təsdiqləyən sənədi yox idi. Odur ki, Azərbaycan Pedaqoji Dillər İnstitutunun nəzdində fəaliyyət göstərən xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsinə yazıldı, diplom aldı. O zamanlar mən də Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım, eyni zamanda xarici dilləri öyrənən ikiillik kursun ərəb dili kursunda oxuyurdum. Bu kursda dərslər axşam növbəsində həftədə üç dəfə, hər dəfə iki qoşa saat olmaqla keçilirdi. Başqa qrupda olsa da, kursun məşğələlərində Kamalla tez-tez rastlaşırdım.
Kamal Xəlilov eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda BQU) şərqşünaslıq fakültəsində görkəmli şərqşünas, məşhur ərəbşünas professor Ələsgər Məmmədovun rəhbərlik etdiyi komissiya qarşısında imtahan verərək, ərəb dili üzrə tərcüməçilik sertifikatı aldı.
Günlər, həftələr, aylar ötdü. Kamal Xəlilov yenə səfərə çıxmalı oldu. Bu dəfə yolu Suriya Ərəb Respublikasına idi. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin xəttilə Dəməşqdə ərəb dili üzrə tərcüməçi işləyəcəkdi. Sovet İttifaqından gələn mütəxəssislər və suriyalı mütəxəssisləri arasında danışıqları tərcümə edəcəkdi.
Ailəli idi. Bu dəfə tək yola düşmürdü. Həyat yoldaşı Zərifə xanım və azyaşlı oğlu Tamerlan da onunla idi. Həyat yoldaşı Zərifə Ağabəyova tibb elmləri doktoru, professor Hüseyn Ağabəyovun qızı idi. O, Kamalla eyni qrupda oxumuşd. Zərifə xanım da ingilis və rus dillərini yaxşı bilirdi. Tamerlan sonralar ingilis, rus, ərəb və fars dillərinə yiyələndi. Diplomatik işdə (respublikamızın Küveytdəki səfirliyində və s.) çalışdı.
Tərcüməçilərlə, adətən 2 illik müqavilə bağlanılırdı. Məharətli tərcüməçi olduğu, öz işinin öhdəsindən bacarıqla gəldiyi nəzərə alınaraq, Kamalla müqavilənin müddəti uzadılmaqda idi. Beləliklə, o, 5 il Dəməşqdə tərcüməçi kimi fəaliyyət göstərdi.
Kamal Suriyadan qayıtdıqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunda (ADU) müəllimlik fəaliyyətini davam etdirməyə başladı. İngilis dilini tədris edirdi. Auditoriyanı, tələbələri və təlim prosesini uğurla idarə edirdi. Müəllim-tələbə münasibətlərini səmərəli şəkildə qururdu. Pedaqoji əməkdaşlığın yüksək səviyyədə olmasına çalışırdı.
Dissertasiya müdafiə etməyə hazırlaşırdı. Fəqət, atalarımız demişkən, “Sən saydığını say, gör fələk nə sayır”. Ömrünün bahar çağında Kamalın ürəyi döyünməkdən qaldı. Çox təəssüf! Bir təsəllimiz var: Kamal Miriş oğlu Xəlilov həyatda olmasa da, həmişə böyük hörmət və məhəbbətlə xatırlanır! Allah rəhmət eləsin!!!
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Yazıya 74 dəfə baxılıb