İbrahim həyətə girər-girməz Cavad özünü ona çatdırdı:
-Qaqaş, ay qaqaş, Sağsağan cücələrimizin birini də apardı.
İbrahim dilxor oldu. Öz-özünə fikirləşdi: “Bu çər dəymiş bir-bir cücələri daşıyır. Özü də elə bil evdə olmadığımı bilir. Mən dərsə gedəndən sonra, necə deyərlər, “ara xəlvət, tülkü bəy” xülyası ilə sanki əcdadının qoyub getdiyi vərəsə bilib aparır yazıq, binəva cücələri”.
Eşitdiyinə görə, Sağsağan ağıllı quşlardan hesab olunurdu.
İbrahim qardaşı Cavadın dayanıb ona baxdığını görüb çiyinlərini çəkdi:
-Ay qardaş, bir bəladır bu Sağsağan. Dadanıb həyətimizə. Gərək tələ quram. Mən evdə olanda da görünmür ki, vurub qılçalarını, qanadlarını sındırım ki, bəlkə bəd əməlindən daşınsın.
İbrahim keçib əynini dəyişdi, əl-üzünü yuyub süfrə başına keçdi. Dərsdən gəlmişdi. Anası Gülbəniz xanım gətirib onun çayını verdi, yemək tədarükündə oldu…
…Ertəsi gün eyni şey təkrar oldu.
Cavid dərsdən qayıdan qardaşına məlumat verməyə başladı:
-Dədə…
İbrahim əlinin işarəsi ilə onun sözünü kəsdi:
-Bilirəm, ay Cavid, Sağsağan cücələrimizin birini də aparıb. Allahın bəlasına gəlsin!
Cavid əlavə etdi:
-Tələyə heç yaxın gəlmədi.
İbrahimi gülmək tutdu:
-Deyirsən həm də yaman bic Sağsağandır?! Hə?
Cavid də gülümsədi.
Ertəsi gün şənbə günü idi. İbrahim dərsə getməmişdi. Evin qapısını aralı qoyub arxasında gizlənmiş, əlindəki ağacı hazır tutmuşdu. Bir də gördü ki, budur Sağsağan uçaraq gəldi, toyuq-cücənin toplaşdığı yerə endi.
Uzun və əyri quyruqlu qara-ağ tüklü, parlaq mavi rəngli qanadları olan Sağsağan ovuna hazırlaşırdı. İbrahim diqqətlə onu süzürdü. Sağsağanın da öz gözəlliyi var. Başı və gövdəsi qara, çiyinləri və alt tərəfi ağ rəngdə idi.
Cücələr o yan, bu yana dağılışdılar. Toyuqlar dayanıb baxırdılar. Sağsağan cücələrdən birini az qalmışdı ki, tutsun, toyuq onun üstünə atıldı. Başladılar süpürləşməyə. İbrahim ağacı tullaya bilmirdi. Toyuğa dəyə bilərdi. Caynağına cücə keçmədiyindən sağsağan uçub getdi.
İbrahim hesablamışdı. Sağsağan haradasa 10-dan artıq cücə aparımışdı. O biriləri də ona peşkəş etməyəcəkdi ki… Bir qədər aralıda ağacın yuxarı hissəsində Sağsağan yuva qurmuşdu. İbrahim çıxıb baxdı. Haradasa 5-6 yumurta olardı. İbrahim təəccüb qaldı. Düşüb o biri ağaca dırmaşdı. Sağsağanın buradakı yuvasında da 6-7 yumurta olardı. İbrahim: “Bu nə ağıllı quş imiş. Hər ehtimala qarşı iki yerdə yuva qurub. İşdi-şayət birdən yuvasının biri dağılsa, o birinə pənah aparar, balalarının bir qismi salamat qalar”.
İbrahim çox yox, yumurtalardan ikisini özü ilə gətirdiyi torbaya qoyub aşağı düşdü. Qazana su töküb onları qaynatdı və aparıb yuvaya qoydu.
Bir neçə gün keçdi. Sağsağan daha görünmürdü. Sən demə o, bala çıxarmaq üçün yumurtaların üstündə oturub. Bir müddət sonra bütün yumurtalardan balalar çıxıb, ikisindən başqa. Dayanıb durub, başa düşüb ki: tutduğu əmələ görə cəza alıb. Həmin gündən sonra bir daha həyətdəki cücələrə yaxın getmədi.
Bakı şəhəri, 24 sentyabr 2023
Yazıya 18 dəfə baxılıb