BAŞ KOMANDANIN MEYDAN MÜHARİBƏSİ
(“Samsundan başlanan yol” romanından)
1922-ci ilin ortaları idi. Yunan ordusu Sakarya Meydan müharibəsində uduzsa da, çəkilib getməmişdi. Türkiyənin bəzi əraziləri hələ onların nəzarəti altında qalırdı. Bu ərazilərdə gördükləri tədbirlərdən aydın olurdu ki, onlar yeni bir qanlı müha-ribənin planını hazırlayırlar. Düşmən qüvvələri Afyon-Əskişəhr istiqamətinə kimi geriləyib burada müdafiə xətti qururdular. Bu xətt üzrə onların üç korpusu mövqe tutmuşdu. Bu indiki vəziyyətdə yunan ordusunun tutduqları son mövqe idi və onlar yenidən hücuma keçməklə I və II İnönü və Sakarya Meydan müharibələrində gözlərində dondurulmuş arzularını dirçəltmək, xam xəyallarını canlandırmaq, türklərə sarsıdıcı zərbələr endirməklə öz döyüş qüdrətlərini nümayiş etdirmək istəyirdilər. Onlar strateji əhəmiyyəti yerləri məftil çəpərlərlə dövrəyə alıb möhkəmləndirirdilər.
Hələ ki yunan qüvvələri Anadoluda idi, türk xalqının, türk mil-lətinin rahatlığını pozurdu.
Həm yunan, həm də türk ordusu hər iki tərəf üçün böyük itkilər bahasına başa gəlmiş Sakarya müharibəsindən sonra özünə gəlməyə çalışırdı. Yunanlar özgə ərazisində olsalar da, türklərlə müqayisədə onların döyüş ehtiyatı, gücü, qüvvəti çox idi. Türkiyədə həm hökumətin daxilində müəyyən ziddiyyətlər, həm də ölkədə iqtisadi problemlər vardı. Ordunun əyər-əskiyi də az deyildi. Bunu yunanlar çox yaxşı başa düşür və anlayırdılar ki, hazırkı vaxtda türk ordusu onların üzərinə hücuma keçmək iqtidarında deyil. Yunanların da, ingilislərin də gümanı belə idi ki, türk ordusu sülh bağlamaq məcburiyyətində qalacaq. Bu zaman əlverişli məqam yetişəcək, yunanlar öz ağır şərtlərini irəli sürəcəklər.
Düşmən belə fikirləşirdi. Ağıllı, qəti, cəsarətli və çevik tədbirləri ilə həmişə əks tərəfi mat və heyrətdə qoyan Mustafa Kamal paşanın fikri isə başqa idi. Düşmənin nə düşündüyünü o, yaxşı bilirdi. Ona görə də hücum taktikasını seçmiş, lakin bunu hələ ən yaxın silahdaşlarına, komandanlara belə açıqlamamışdı.
Yunan ordusunun hərbi potensialını diqqətdən qaçırmaq olmazdı. Mustafa Kamal yaxşı anlayırdı ki, yarımçıq hazırlıqdan, öz imkanlarını ölçüb-biçmədən hücuma başlamaqdansa, bu fikrə düşməmək daha sərfəlidir. O, kabinetinə qapılıb siqarını tüstülədə-tüstülədə, başını əlləri arasına alaraq dərindən götür-qoy edə-edə, müxtəlif variantlar və əks variantlar üzərində baş sındıra-sındıra neçə müddət idi ki, hüjum planı hazırlayırdı. Üzərinə düşən məsuliyyəti aydın təsəvvür edirdi. Kiçicik bir səhv qanlı fəlakət gətirə bilərdi. Mustafa Kamal paşa axır ki, son qərara gəldi və döyüşdə iştirak edəcək ordu komandanlarını Ağşəhərə çağırdı. Ağşəhər Karacahisar və Konya arasında yerləşirdi. Məsləhətləşmələrdən, məşvərətlərdən sonra Baş komandan sözə başladı:
– Biz müdafiə mövqeyində dayanıb gözləyə bilmərik. Bu, düşmənə özünəgəlmə, dincəlmə, əlavə qüvvə qazanma, yeni strategiya tapma imkanı verər. Gözləmə mövqeyi tutsaq, düşmən elə vəziyyətdə başımızın üstünü alacaq ki, öz halımıza qalacağıq. Biz düşmənin ağlına gəlməyən taktika yeritməliyik. Orduda müəyyən hazırlıq işləri görülüb. “Milli vergi” barədə verdiyimiz 10 əmr də təsirini göstərib. Əhali orduya hərbi sursat, silah, yemək və pal-paltar gətirir.
O, sözünə ara verib adı çəkilən əmrlə bağlı hadisələri yadına saldı.
Mustafa Kamal paşa hələ cəbhəyə gəlməmişdən əhaliyə müraciətlə xahiş etmişdi ki, imkan daxilində orduya kömək göstərsinlər. Sonra onları əmin etmişdi ki, yunan ordusunu ana yurdumuzun müqəddəs ocağında boğaraq vətəni azadlığa və istiqlaliyyətə qovuşduracaqlar.
Baş komandan marşal Fevzi Çakmak paşanı (o, Sakarya meydan müharibəsindən sonra marşal hərbi rütbəsinə layiq görülmüşdü), Qərb Cəbhəsinin komandanı general İsmət paşanı, Cənub Cəbhəsinin komandanı Rüfət bəyi də dəvət etməklə millət vəkilləri ilə bir müşavirə keçirmişdi. Burada ordunu qüvvətləndirmək üçün nəzərdə tutduğu tədbirləri açıqlamışdı:
– Əfəndilər! Təcili qərarlar qəbul etməliyik. Bu işdə siz mənə yardımçı olmalı, xalqımız arasında izahat işləri aparmalısınız. Qələbə naminə ölkəni fövqəladə səfərbərliyə almalıyıq. İstəyirəm Məclisin sədri kimi “Milli vergi” barədə əmr verim. Bu vergi nə-zərdə tutur ki, ordunun ehtiyaclarını təmin etməkdən ötrü hər ailədən bir ədəd alt paltarı, bir cüt çarıq, bir cüt corab alınsın… Hər bir tacir ona məxsus malın qırx faizini, əhali evlərdəki taxıl, heyvan və yem tədarükünün yenə qırx faizini ordunun sərəncamına versin. Bunları borc kimi alırıq. Qələbədən sonra geri qaytaracağıq. Kimdə silah və sursat varsa, 3 gün ərzində gətirib təhvil versin. Deyilənlərin həyata keçməsi üçün gərək hər şəhərdə, kənddə və qəsəbədə milli vergi komissiyaları yaradaq… Yeri gəlmişkən, poladəridənlərin, sənaye emalatxanalarının, dəmirçilərin, xarrat və dülgərlərin siyahısı da tərtib olunmalıdır. Onların qüvvəsindən istifadə edəcəyik.
Həmin əmrdən bir müddət keçmiş ara-sıra şər qarışanda at və uzunqulağa qoşulmuş arabalarda türklərə hərbi sursat, əsgərlərə geyim gətirilirdi.
Süvari korpusun komandanı Fəxrəddin Altay paşa dedi:
– Paşa həzrətləri, qeyd etdiyiniz əmr köməyimizə çox çatıb. Vaxtında və düzgün verilmiş əmrdir.
Mustafa Kamal dedi:
– Əfəndilər, gərək bizdə dövlət və xalq orduya münasibətdə yekdil, həmrəy ola. Xüsusən ölkənin indiki halında imkanlı şəxslər öz varisləri ilə yanaşı ordumuza da maddi kömək göstərməlidirlər. Həm də bu, məcburi deyil, könüllü əsasda olmalıdır (O vaxtdan çox-çox illər keçib. Ötən əsrin iyirminci illərindən başlayaraq hazırkı günün özündə də varlı adamlar öz vəsiyyətnamələrində övladları, varisləri ilə bərabər, Mətmətcik vaqfına da pay ayırırlar. Varisi, oğul-qızı olmayanlar isə bütün varidatını bu vaqfa köçürürlər).
Mustafa Kamal paşa sözünə davam etdi:
– Mən yunan ordusu üzərinə hücuma keçmək əmrini vermək istəyirəm. Lakin, əfəndilər, hücum əmri hələlik gizli qalmalıdır. Bunu yalnız biz, buraya toplaşan komandanlar bilməlidirlər. Yu-nanlar xəbər tuta bilərlər. İstəyirəm siz də fikrinizi söyləyəsiniz.
II ordunun komandanı Yaqub Şövqi paşa sözə başladı:
– Əfəndilər, mən yerimi şirin salmaq üçün yox, həqiqətən ürək-dən deyirəm. Bu hücum planı çox ağıllı düşünülmüş bir plandır. Lakin son dərəcə sürətli və təhlükəlidir. Odur ki hər birimiz çox sayıq və çevik hərəkət etməli, əməliyyatları zərgər dəqiqliyi ilə yerinə yetirməliyik.
Marşal Fevzi Çakmak paşa fikirli-fikirli:
– Paşam, Böyük hücum planını mən də bəyənir və təqdir edirəm. Yaqub paşa demişkən, yaxşı plandır, həm də son dərəcə risklidir. Amma gəlin soyuq başla düşünək: ordumuz bir nəfər kimi dəmiryolunun cənubundadır. Bəs başqa cəbhələrdə vəziyyət necədir? Biz onları unutmuş, oralarda, demək olar ki, qüvvə saxlamamışıq…
Nurəddin paşa söz aldı. O, I orduya başçılıq edirdi:
– Fevzi Çakmak paşa çox önəmli bir məsələni yada saldı. Cəbhənin əsas mərkəzi olan rayonun arxa hissəsi göllərlə əhatə edilib. Birdən biz deyən olmasa, allah eləməsin, ciddi çətinliklərlə üzləşsək, yaxud bizə uğursuzluq üz versə, onda nejə olsun? Bizim I ordu çıxılmaz vəziyyətə düşə bilər.
Komandanlar yaranacaq təhlükəli anları da nəzərə almaqla, zəif mövqeləri canlı qüvvə və hərbi texnika ilə təmin etmək şərtilə Böyük hücumun planını qəbul etdilər. Mustafa Kamal paşa üzünü onlara tutaraq dedi:
– Əfəndilər, sizə hücuma hazırlıq əmri verirəm!
Komandanlar qələbə arzusu və inamı ilə Baş qərargahı tərk etdilər. Mustafa Kamal Karajahisara yola düşdü.
Baş komandan Sakarya Meydan müharibəsindən fərqli olaraq sərkərdə libasında idi. Yaxalığında müşür fərqlənmə nişanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən düşən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu alması münasibətilə ona təbriklərini çatdırdılar. Mustafa Kamal onlara təşəkkürünü bildirdi.
…1922-ci ilin avqust ayının 26-da Karacahisardan Böyük Türk hcjumu başlandı. Türk topçuları aramsız atəşlə döyüş meydanını lərzəyə gətirirdilər. Yunan qüvvələri qəfil hücumdan çaş-baş qalmışdılar. Döyüş meydanında qaçışır, itkilər verirdilər. Qısa vaxt ərzində hücum Afyon-Konya dəmiryolu xətti boyunja daha geniş vüsət aldı. Əsas ağırlıq türklərin şimaldan II ordusu, cənubdan isə I ordunun üzərinə düşürdü.
Marşal Fevzi Çakmak paşa, Qərb Cəbhəsi komandanı general İsmət paşa, I ordu komandanı Yaqub Şövqi paşa, süvari korpusun komandanı Fəxrəddin Altay paşa döyüşün uğurla, türk qüvvələrinin xeyrinə getməsi üçün əzmkarlıq nümayiş etdirirdilər.
Mustafa Kamal Baş komandan kimi döyüşü idarə edir, əmrlər verirdi. Sürətli hücum, sarsıdıcı zərbələr öz təsirini göstərirdi. Türklərin atəş nöqtələri yunan piyadalarını qabağa keçməyə qoymurdu. Yunan ordusu belə güclü həmlə ilə rastlaşmamışdı. Düşmənin ələ keçirdiyi mövqelərin bir çoxu alındı və onlar geri çəkilməyə başladılar. Fəxrəddin Altay paşa at belində Baş komandana yaxınlaşaraq raport verdi:
– Paşa həzrətləri, düşmən Dumlupınar mövqelərinə çəkilirlər. Bu onların əsas uğursuzluqlarından biridir.
Mustafa Kamal paşa gülümsünərək dedi:
– Fəxrəddin paşa, bu, qələbəmizin başlanğıcıdır. Əməliyyat biz düşündüyümüzdən də əla gedir. Nəbadə tələsəsiniz və səhvə yol verəsiniz. Soyuqqanlı və təmkinli olun.
Düşmən tutduğu ərazilərdə azğınlıq edirdi. Kənd-kəsəkdə əhalinin günü qara idi. Yunan əsgərləri evlərə, daxmalara soxulur, əllərinə keçəni talayırdılar. Həyət-bacadan mal-qaranı sürüb-aparır, toyuq-cücəni boğazlayıb kəsir, yaxud diri-diri daşıyırdılar. Onsuz da ac-yalavac olan və güclə dolanan ailələrin, arvad-uşağın ah-naləsi göylərə qalxır, qadınlar, qarılar saçlarını yolub şivən qoparırdılar.
Yunan əsgərləri bütün kəndi bürüyən aclıq və səfaləti, iztirab, xəstəlik və nalələri görüb sevinir, alçaq və yaramaz əməllərinə haqq qazandırmaq üçün rişxəndlə deyirdilər:
– Əsgərlərimizə yemək-içmək lazımdır. Gərək qarınları tox ola ki, sizinkilərin analarını ağlar qoya bilsinlər. Siz isə buralarda ölməzsiniz. Həyət-baca ot-çayırla doludur. Nə qədər istəyirsiniz otlayın. Yeri eşələyin. Kefiniz istəyən qədər soxulcan, gölməçələrdə isə xirtdəyəcən qurbağa var. Yeyin, özünüz üçün kef eləyin.
Onların cavabını vermək, yerlərində oturtmaq lazım idi.
* * *
İstehkam qurulmuşdu. Əsgərlər dincəlirdilər. Söhbət edir, siqaret çəkirdilər. Samətin səsi gəlirdi:
– Bizimkilər düşmənə divan tutdular.
Özgün əlavə etdi:
– Yunanların itkisi çoxdur.
Fərhad da öz fikrini bildirdi:
– Hər halda arxayınlaşmaq olmaz.
O, su qabını çıxarıb baxdı, çalxaladı. Su qalmadığını görüb Uğura dedi:
– Ciyərim yanır, su ver.
Uğur su qabını əlində saxlayaraq, zarafatla cavab verdi:
– Bir şərtlə su verirəm: Molla əmidən bir lətifə de, eynimiz açılsın.
Fərhad:
– Suyu şərtlə verirsənsə, istəmirəm, deyə incidiyini ona çatdırdı.
Uğur yerindən qalxdı. Onu qucaqlayıb öpdü:
– Ay mənim azəri qardaşım. Dəymə-düşər olma, zarafat edirəm, həm də lətifə istəyirəm.
Fərhad güldü:
– Zarafat etdiyini də, lətifə istədiyini də bilirdim. Amma… burada bir cənab var. Qaş-qabağı açılmır. Əvvəlcə qoy dərdini desin, sonra bir lətifə məndən.
O, Bəyazidə müraciətlə soruşdu:
– Nə olub, Bəyazid? Dəryada gəmin qərq olub?
Bəyazid ah çəkdi:
– Gözü yolda olanım var. Elə ki, döyüş səngiyir, yadıma düşür. Müharibə qurtarsaydı, toyumuzu edərdik.
Özgün zarafata saldı. Əlləri tüfəngin qundağını nağara kimi səsləndirdi:
– Dostumun könlünə toy düşüb.
Fərhad tez dilləndi:
– Bizdə belə vaxtda “Vağzalı” çalırlar, – dedi və züm-zümə etdi.
Bəyazid fikirli:
– Mən nə hayda, siz nə hayda?! Kefinizdən qalmırsınız, – deyə dərdini onlarla bölüşdü. – Ay qardaşlar, insafınız olsun, toya görə darıxmıram. Afyon yunanların əlindədir. Neçə müddətdir evdən, nişanlımdan xəbər tuta bilmirəm. Qorxuram başlarına bir iş gələr.
Samət ona ürək-dirək verdi:
– Gəlməz inşallah. Tezliklə Afyonu azad edəcəyik. Əlində tutduğun nişanlının şəklidir? Olar biz də baxaq.
Onlar şəklə baxdılar. Özgün dilləndi:
– Zövqün pis deyil, dostum. Qəşəng qızdır. Darıxmağa, narahat olmağa dəyər. Xoşbəxt olun.
Fərhad əli ilə işarə etdi:
– Dayanın, lap yerinə düşdü. Nişanlının gözəl olması da şərtdir. Gözəl qızı yaxşı oğlana verirlər. İnanmırsınız? Onda görək Molla nə deyir? Molla Nəsrəddinin kifir qızı varmış. Bir gün düşmənlərindən biri qıza elçi düşür. Molla əlüstü qızı verir. Toy günü qohumlar Mollanı danlayıb: “Belə də iş tutarlar? Qızını düşmənə niyə verdin?” Molla onlara səbirlə qulaq açıb deyir: «Qızımın sir-sifətini görsəydiniz, belə deməzdiniz. Mən düşmənimə yaxşılıq eləməmişəm, ondan intiqam almışam!»
Gülüşdülər. Dərviş paşa bir neçə əsgərlə gəlib onlara müraciətlə dedi:
– Siz öz mövqeyinizdə qalın. – Sonra öz əsgərlərinə əmr etdi. – Düşmən üzərinə hücum!
Onlar getdilər. Atışma başlandı. Bir leytenant gələrək, aralıdakı xəndəyi Fərhada göstərdi və dedi:
– Ağacın arxasında gizlənən düşmən əsgərini görürsən? Bayaqdan bizimkiləri pulemyot atəşinə tutub. Çox təhlükəli nöqtədir. Atəş ara vermir. Gülləyə heyfi gəlmir. O atəş nöqtəsini susdurmaq lazımdır.
Fərhad:
– Oldu, cənab komandir! – deyə baş endirdi və atəş açdı.
Leytenant getdi. Fərhad atəşi davam etdirdi. Arada onun səsi eşidilirdi:
– Al gəldi! Susdurdum. Getdi ölən yoldaşlarına baş çəkməyə.
Birdən Fərhad sinəsini tutub yıxıldı, tüfəngi yerə düşdü. Özgün:
– Fərhadı vurdular! – deyə qışqırıb onun yanına süründü. Dostunu qucaqlayaraq soruşdu. – Fərhad, yaralandın? Güllə harandan dəyib?
Fərhad sinəsini göstərdi. Özgün onu qaldırıb döyüş meydanından çıxarmaq istədi. Fərhad əlini qaldırıb onu saxladı:
– Yox, qardaş, deyəsən mənimki bura qədər imiş. Ağır yaralanmışam. Sağ qalmağa gümanım yoxdur. Molla Nəsrəddin burada, bilirsən, nə deyir?!.
Sözünü tamamlaya bilməyib Özgünün qolları arasına düşdü. Fevzi Çakmak paşa yaxın gəlib soruşdu:
– Yaralanan kimdir? Fərhad?
Marşal onun başı üzərinə əyildi. Sanitar da özünü çatdırdı. Özgün dilləndi:
– Paşam, deyəsən, canını tapşırdı. Hərəkətsizdir.
Sanitar Fərhada sarı əyildi, yoxladı və ümidsiz halda ayağa qalxdı:
– Özgün düz deyir. Həlak olub. Allah rəhmət eləsin! Yaxşı oğlan idi.
Fevzi Çakmak paşa təəssüflə dedi:
– Cənnətlik olsun! İgid əsgər idi! Özü də zarafatcıl və şən! Heyf! Fərhad azəri torpağından gəlmişdi. Qardaşlıq borcunu yerinə yetirdi. Onu qəhrəmanlara layiq təntənə ilə dəfn edin.
Əsgərlər Fərhadın qoluna girib qaldırdılar. İki nəfər xərək gətirdi.
* * *
…İki gün sonra Baş komandan ordu komandanlarına əmr etdi:
– Dumlupınar ərazisində yerləşən düşmən üzərinə hücum!
Amansız döyüşlər şiddətləndi. Ardı-arası kəsilməyən top atəşindən yunanlar göz aça bilmirdilər. Türk qüvvələri inadla irəli keçməyə çalışır, yunanlar müqavimət göstərirdilər. Lakin bu müqavimət zəif idi, türklər onların müqavimət xəttini yarmışdılar. On beş gün ərzində türk ordusu yüz kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmişdi.
Ertəsi gün 200 min nəfərdən ibarət yunan ordusu mühasirəyə düşdü. Təslim olmaq istəməyib müqavimət göstərən düşmən əsgərləri və zabitləri böyük itkilər verdi. Kütahya azad olundu. Yunan ordusu sürətlə geri çəkildi. Bir çox əsgərlər silahlarını yerə ataraq qaçmağa can atırdılar. Yunan ordusunda elə çaxnaşma yaranmışdı ki, daha bərk qaçan döyüşçülər geridə qalanları ayaqlayaraq ötüb keçirdilər.
Düşmən ağ bayraq qaldırmışdı. Baş komandan göstəriş verdi. “Silahları yerə atıb iki yüz metr geri çəkilin!” Yunanlar çar-naçar deyilənə əməl etdilər. Müşahidə məntəqəsindən onları seyr edən türk zabitlərindən biri yunan generalının əlini belinə apararaq tapançasını çıxarıb qana boyanmış meydana atdığını görüb dedi:
– Bunu istəyirdiniz?! Ağlınız olsaydı, bu günə düşəcəyinizi, ağ bayraq qaldıracağınızı görər, özünüzə əziyyət verib bu qədər yolu boş-boşuna gəlməzdiniz.
Onun sözlərini eşidən zabitlər gülüşdülər, Baş komandanın da dodağı qaçdı.
Düşmənə dərs vermək, döyüşçülərin ayaqlarını türk torpaqlarından kəsmək üçün onların içərilərinədək soxulub qaçış yollarını qapadılar. İzmir istiqamətində yunan ordusunun təqibi başlandı. Mustafa Kamal paşanın “Ordular! İlk hədəfiniz Ağdənizdir! İrəli!” çağırışından az sonra Uşaq, Əskişəhr, Nazilli, Simav, Salihli, Alaşəhər, Gördes, Manisa düşmən tapdağından qurtuldu. Az keçmiş türk ordusu İzmirə daxil oldu.
Dörd il idi ki, Kadifəqalanın başı üzərindən yunan bayrağı asılmışdı. Yunanlar bu müddət ərzində əhaliyə olmazın divan tutmuşdular. İzmirdə özlərini bu yerin qanuni sahibi kimi aparırdılar. Mustafa Kamalçı əsgərlərdən biri Türkiyənin şanlı-şöhrətli bayrağını götürüb cəld qala bürcünün pillələri ilə qalxmağa başladı. O, yunan bayrağını çıxarıb izdihamla dolu meydana tulladı. Bir anın içərisində bayraq didim-didim edildi. Sonra əsgər türk bayrağını öpərək öz əvvəlki yerinə taxdı. Düz dörd il idi ki, bürcdəki bayraq dirəyi türk bayrağından ötrü darıxır, onun yolunu həsrət və sızıltı ilə gözləyirdi.
İzmirlilər qalanın ətrafına yığışıb sevinc və qürur hissilə bürcdə dalğalanan bayrağa tamaşa edirdilər.
İzdihamın arasından səslər ucalırdı:
– Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
– Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
– Düşmənə ölüm! Türkiyə türklərindir!
Nə vaxtdan meydana toplaşmış izmirlilər dağılışmaq bilmirdilər. Əksinə, yeni-yeni adamlar – cavanlar, yaşlılar, uşaqlar dəstə-dəstə gəlib camaata qarışırdı. 30 avqust qələbəsi hər kəsdə böyük ruh yüksəkliyi yaratmışdı. Onların sevincinin həddi-hüdudu yox idi. Hamı səbirsizliklə Mustafa Kamal paşanın gəlişini gözləyirdi.
Nəhayət, Mustafa Kamal paşa marşal geyimində türk ordusunun, türk komandirlərinin müşayiəti ilə yanında marşal Fevzi Çakmak paşa yüngül minik maşınında İzmirə daxil oldu. Alqış və ura səsləri göylərə bülənd oldu, Baş komandan gül-çiçək yağışına qərq oldu. Mustafa Kamal paşa sağ əlini yuxarı qaldıraraq onu alqışlayan izdihamı salamladı:
– Böyük zəfər münasibətilə türk xalqını təbrik edirəm! – dedi.
Ura sədaları ətrafa yayıldı. Mustafa Kamal paşa sözünə davam etdi:
– Türk əsarət qəbul etməyən bir millətdir! Türk milləti ölmək istəməz. O daim yaşayacaqdır!
Mustafa Kamal nəfəsini dərdi. Diqqətlə ona qulaq asdıqlarını görüb dedi:
– Afyonkarahisar-Dumlupınar Meydan müharibəsi türk tarixinin çox mühüm dönüş nöqtəsini təşkil edir. Milli tariximiz çox böyük və çox parlaq zəfərlərlə doludur. Fəqət, türk millətinin burada qazandığı zəfər qədər qəti nəticəli və bütün tarixə, yalnız bizim tariximizə deyil, dünya tarixinə yeni yön verməklə qəti təsirli belə bir meydan müharibəsi tanımıram!
Səslər ucaldı:
– Yaşasın Mustafa Kamal paşa! Baş komandana eşq olsun!
Mustafa Kamal əlini qaldırıb izdihamı sakitləşdirdi:
– Əfəndilər, bu müvəffəqiyyət yalnız mənim əsərim deyildir. Mü-vəffəqiyyətlər bütün millətin qərarı və birgə inamla çalışmasının nəticəsidir, Qəhrəman millətimizin və məşhur ordumuzun qazandığı müvəffəqiyyət və zəfərlərdir! Ona görə də gəlin deyək: Yaşasın qəhrəman türk xalqı! Var olsun türk ordusu!
Akif Abbasov
Yazıya 43 dəfə baxılıb