Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Aktivist Rəssamlar Assosiasiyasının üzvləri – Nəvai Metin, Əbdüləmi Əliyev, Naqiyə Rzayeva, Məlik Məmmədxanov və Əmrah Mədətovun əsərlərindən ibarət rəsm sərgisi davam edir.
Kültür.az xəbər verir ki, sərgidə iştirak edən ədəbiyyat, mədəniyyət, elm-sənət adamları, ali və orta məktəb kollektivi, gələcəyin rəssamları məmnun qaldıqlarını söylədilər.
Sərgidəki hər bir əsəri hərf-hərf, söz-söz oxuyan, misra-misra şeirə çevirən şairlərin münasibəti isə tam fərqli, poetik idi.
Musa Ələkbərli: “Bu gün beş dəyərli rəsssamın əsəri bir aradadır. Bu əsərlərin hər biri həm üslub, həm də mövzu cəhətdən fərqlənsə də, onları ümumi bir xətt birləşdirir – milli ruh, təbiətin gözəlliyi və sənət adamının dünyaya arzuladığı barış. Aktivist Rəssamlar Assosiasiyasının “Dünyanı sənət xilas edəcək” şüarı bu əsərlərdə qabarıq şəkildə özünü təcəlla etdirir. Burada Mənim diqqətimi ən çox çəkən Nəvai Metinin “Qara dəniz” əsəri oldu. Əsərdə dənizin qabaran dalğaları sanki içindəki tufanı misra-misra hayqıran bir poeziya nümunəsidir. Nəvai bəydə də şairlik ruhu olduğuna görə onun əsərləri şair qəlbli insanlara daha doğma gəlir”.
Əkbər Qoşalı sərgi günlərini “Rəssamların bayramı” adlandırdı və fikrini belə tamamladı: “Bu gün bizi bura rəssamların özləri deyil, onların danışan, duyğularını hiss etdirən, ətrini ətrafa yayan, emosiyalarını gizlətməyən əsərləri dəvət edib. İstər ideoloji əsərlər olsun, istər də portretlər, mənzərələr olsun, üslubundan asılı olmayaraq içərisində sənətkarlıq, estetik dəyərlər olan hər bir əsər insanı özünə çəkir. Məsələn, Nəvai Metinin əsərlərndə biz bir payız çiçəkləməsi, payız gözəlliyi görürük. Əslində, payızda gözəlliklər istefa verir, dərinliyə çəkilir. Və bu dərinliyə çəkilmiş, gizlənmiş gözəlliyi biz məhz belə yaradıcı insanların, sənət adamlarının əsərləri ilə daha yaxından görürük. Hazırda Nəvai bəyin bir başqa əsərinin “Gülən insanlar”ın qarşısında dayanmışam. Mən bu gülən insanlara baxıram, onların gülüşündəki kədəri də görürəm və düşünürəm, biz bu böyüklükdə zəfər qazandıq, Qarabağın hər yerində – Xankəndində, Xocalıda bayrağımızı ucaltdıq. Sanki cəmiyyətin reaksiyası illərdir gözlədiyimiz kimi olmadı. Atalarımızdan qalan bir məsəl var, “torpağın üzü sərindir”. Bu məsəli ən çox kimsə bir əzizini, doğmasını itirəndən sonra eşidirik. Yəni əzizini itirən adam kədərin sərin, soyuq tərəfini görür, öyrəşir, nəhayət, qəbul edir. Məğər böyük uğurun, böyük qələbənin, böyük sevincin və fərəhin də soyuq tərəfi varmış. İnsan o sevinci birdən-birə içinə tam oturda bilmir. O soyuq tərəf sevincimizi, fərəhimizi də sərinlədir… “Gülən insanlar” da gülür, ancaq kədərlərini gizlədə bilmirlər. Buradakı rəssamların – Naqiyə xanımın, Əbdüləmi Əliyevin, Əmrah Mədətovun, Məlik Məmmədxanovun hər birinin əsərində sevinclə kədərin, sevgiylə nifrətin, gözəlliklə əksgözəlliyin yaşadığı paralel ömrü görürəm.”
Sərgifdə iştirak edən gənc şair İntiqam Yaşar texnalogiya əsrinin soyuqluğuna etiraz əlaməti olaraq belə tədbirlərin sayının artamasının tərəfdarı olduğunu qeyd etdi: “Mən ilk növbədə rəssamlarımızı təbrik edirəm. Bu gün belə tədbirlərə ehtiyacımız çoxdur. Müasir dövrdə texnologiyanın süni şəkildə artımı və süni şəkildə həyatımıza müdaxilə etdiyi bir zamanda sənətə böyük ehtiyac duyulur. Bu sənətin daha geniş ictimaiyyətə çatdırılması üçün belə sərgilər çox önəmlidir. Bu gün rəssamlıq barədə danışsaq da, bu fikrim sənətin digər tərəflərinə də aiddir. Əbdüləmi Əliyevin, Naqiyə Rzayevanın, Əmrah Mədətovun, Nəvai Metinin, Məlik Məmmədxanovun əsərlərinə baxdıqda, onların müşahidə baxımından bir-birini tamamladığını görürük. Əsərlərdə müraciət olunan mövzular və sənətkarlıq, üslub bir-birindən nə qədər fərqli olsa da, dünyaya barış, sülhə çağırış, sevgi və gözəlliyə dəyər hissləri çox yaxındır, doğmadır”.
Şair Mübariz Süleymanlı da sərgidən razı idi: “Sərgidəki bütün əsərlər müxtəlifliyi, məna baxımı, rəngarənliyi ilə bir-birindən fərqlənir. Əmrah Mədətovun təbiət mənzərələri daha çox diqqətimi çəkdi. Əmrah bəyin əsərlərində həm fərqlilik, həm də oxşarlıq var. Təbiətin qanunauyğunluqlarını – günəşi, dumanı, fırtınanı eyni anda birləşdirməyi, harmonik şəkildə əks etdirməyi çox gözəl bacarır. Yəni biz şairlərin yaza bilmədiklərini çəkirlər. Ümumiyyətlə bu sərgidə hər bir rəssamın yaradıcılığında Azərbaycan mədəniyyətinin, təbiətinin, incəsənətinin, folklorunun tərənnümü var. Bu əsərlərin hər birində millilik qabarıq şəkildədir. Ən çox da Məlik Məmmədxanovun əsərlərindən Azərbaycan tarixini səhifə-səhifə oxuyuruq”.
Mübariz Məsimoğlu – “Burada əsərlərini izlədiyimiz hər bir rəssamın öz dəsti-xətti, hər bir əsərin öz gözəlliyi var. Hər bir əsər barədə saatlarla fikir söyləmək olar. Məsələn, burada mənim diqqətimi Naqiyə xanımın əsərləri daha çox çəkdi. “İnsan və pələng” əsərində görürük ki, hər bir insanın, hətta ən zərif bir qadının da içində vəhşi bir ehtiras yatır. Bu əsərdə insan gözlərinin təbiətin vəhşi nümayəndələrinin gözləri ilə çox oxşar olduğunun fərqinə varırıq. Xanım rəssamın “Atlar” əsəri də çox fərqlidir. Onun yaratdığı atlar hamının çəkdiyi atlar kimi deyil, bu atlar daha incə, zərif ştrixlərlə çəkilib. Bu isə müəllifin zərif qadın ruhundan xəbər verir. Nəvai Metinin “Qara dəniz” əsərinə heyran qalmamaq mümkün deyil. Burada iştirak edən hər bir rəssam peşəkardır. Bizi bu gün bu peşəkarlarla görüşdürən, onların əsərləri ilə tanış edən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm”.
İradə Aytel sərginin insan zövqünü gəlişdirməkdən əlavə, özünüdərk yolunda da əhəmiyyətli rol oynadığını qeyd etdi: “Sözə çevirə bilmədiyimiz, heç bir səsdə, musiqidə tapmadığımız duyğuları məhz buradakı rəsm əsərlərində görmək mümkündür. Rəssam fırçasından çıxan bu əsərlər sevgini, həsrəti, ağrını, əzabı, ehtirası, qəzəbi göstərdiyi kimi, insanların özünüdərkində də böyük rol oynayır. Biz bu əsərlərin qarşısında iç səsimizi eşidir, özümüzdəki özümüzü görür, öz hisslərimizə toxuna bilirik. Məsələn, mən bu gün Məlik Məmmədxanovun “Yasəmənlər” əsərinə baxandan sonra anladım ki, mənim ən sevdiyim çiçək yasəmən çiçəkləridir. Məlik bəyin timsalında ruhumuzu cilalayan bütün bu əsər müəlliflərinə minnətdaram”.
“Sərgidən razı qalan müəlliflər də fikirlərini bizimlə bölüşərək, Rəssamlar İttifaqının əməkdaşlarına və sərgi iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.
Əbdüləmi Əliyev: “Biz – beş nəfər rəssam bu qərara gəldik ki, etüdlərimizdən ibarət sərgi açaq. Bu istəyimizi ittifaqın dəstəyi və köməkliyi ilə ərsəyə gətirdik. Buna görə ilk olaraq ittifaq rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Mən burada 18 əsərimlə çıxış edirəm. Sərginin maraqlı alınması barədə rəylər eşidirik, bu bizi çox sevindirir. Son illər rəssamlar təbiət rəsmləri deyil, emalatxanada çəkdikləri əsərlərlə çıxış edirdilər. Biz isə emalatxanalardan çıxaraq, plenar incəsənətə üstünlük verdik. Çox şadam ki, sərgimiz maraqla qarşılandı.”
Sərginin yeganə xanım rəssamı – əsərlərindən incəlik, zərafət, sevgi, gözəllik yağan Naqiyə Rzayeva Azərbaycan gözəlliklərini tərənnüm etməyin vətəndaşlıq borcu olduğunu qeyd edərək bildirdi ki, “ Sərgi boyunca bizə dəstək olan, iştirak edən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bizim məqsədimiz rəsm sənətini insanlara daha çox aşılamaq, onlarda bu sənətə olan sevgini yüksəltməkdən ibarətdir. Mənim yaradıcılığım təkcə burada sərgilənən əsərlərdən ibarət deyil. Mən şüşə üzərində qumla, ipəklə işləməyi də çox sevirəm. Müəllim olduğuma görə çalışıram ki, öyrəndiklərimi yetirmələrimə layiqincə çatdırım. Bölgələrdə olaraq etüdlər etmək, ölkəmizin gözəlliklərini tərənnüm və təbliğ etmək isə bizim həm rəssamlıq, həm də vətəndaşlıq borcumuzdur”.
Mənzərə əsərlərinin rəngarəngliyi ilə seçilən, təbiət çalarlarındakı fərqliliyi harmoniyaya çevirməyi bacaran rəssam Əmrah Mədətov da sərgidən razı qaldığını söylədi: “Biz Aktivist Rəssamlar Assosiasiyası olaraq bölgələrə səfərimi çərçivəsində canlı etüdlər edirdik. Çox şükürlər olsun ki, çəkdiyimiz əziyyət bu gün öz bəhrəsini verdi və biz orada çəkdiyimiz əsərləri böyük ictimaiyyətə çatdıra bildik. Mən çox şadam ki, sərgimiz həm əhali, həm də Rəssamlar İttifaqının rəhbərliyi, əməkdaşları tərəfindən çox gözəl qarşılandı və məmnuniyyətlərini bizə bildirdilər. Dörd gündür ki, biz buradayıq, sərgi sabah da davam edəcək. Sərgidə iştirak edən insanlar hər bir əsəri tək-tək müzakirə edir, fikirlər söyləyirlər. Bax, o fikirlər bizə qol-qanad verir. Yəni bizim əsər üzərində işləyən zaman hiss etdiklərimizi tamaşaçı yaxından duyur və bunun üzərinə öz hisslərini də əlavə edib bizə söyləyirlər. Sevinirik ki, biz insanlarda bu duyğuları, hissləri yarada, oyada bilirik”.
Azərbaycan rəssamlar Assosiasiyasının rəhbəri Nəvai Metin sərginin ərsəyə gəlməsində onlara yaxından dəstək olar Azərbaycan Rəssamlar ittifaqının böyük dəstəyi olduğunu qeyd edərək dedi: “Assosiasiyamız iki aydır ki, yaranıb və[П1] bölgələrdə təşkil etdiyimiz canlı rəsm performansları, səyyar sərgilərdən sonra bu bizim ilk böyük qələbəmiz, uğurumuzdur. Bizim assosiasiyanın məqsədi, başda Uluslalarası Aktivist sanatçılar Birliyi olmaqla, əsərlərimizin dili ilə barışı ev-ev, el-el dünyaya aşılamaqdan ibarətdir. Çox şadam ki, bu istəyimizə addım-addım nail oluruq. Bu sərgi boyunca bizimlə olan, bizə dəstək verən, əsərlərimizi izləyən, gözəl fikirlər deyən hər kəsə öz dərin minnətdarlığımı bilidrirəm”.
Günün sonunda sərgi iştirakçıları ARA-nın ayırdığı xatirə dəftərinə öz ürək sözərini qeyd edərək, rəssamlara uğurlar dilədilər, onlara təqdim edilən sərgi kataloqunun əziz hədiyyə olduğunu söylədilər.
Qeyd edək ki, 20 noyabr tarixinə qədər davam edəcək sərgiyə giriş sərbəstdir.
Yazıya 85 dəfə baxılıb