MÜDRİKLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN ALİM

сканирование0001Bu günlərdə (5 dekabr 2023) pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovu 50 yaşı tamam olur. Gözəl insani keyfiyyətləri, aydın fikri, dərin zəkası, qibtəedici hafizəsi, geniş dünyagörüşü, zəngin iş təcrübəsi olan Kamal müəllim aydın mövqeyi olan ziyalılardandır. Kamal müəllim öz dəsti-xətti və xüsusi yaradıcılıq diapozonu olan ziyalılardandır. Professor İramin İsayevin “çinar ağacı yarpağından tanındığı kimi Kamal Ca­­ma­lo­vun da yaradıcılığı öz qələm üslubu ilə tanınır” – gözəl fikrinə mən də şərikəm. Kamal müəllim 300-yə yaxın elmi məqalənin, 300-dən artıq publisist məqalənin müəllifidir. Kamal müəllim elm və təhsil, təhsilin inkişafı kimi yazıları ilə oxucularının görüşünə daha çox “Azərbaycan müəllim”, “525-ci qəzet”, “İki sahil”, “Böyük Azərbaycan”, “Təhsil problemləri”, “Psixoloq”, “Şərq qapısı” və s. kimi qəzetlər vasitəsilə gəlir. Hər bir müəllim, tələbə, geniş oxucu kütləsi internet saytlarından da Kamal müəllimin maarifçi dolu yazılarından bəhrələnə bilir. Azərbaycan Milli Kitabxasının elektron bölməsində Kamal müəllimin yazılarına geniş yer verilmişdir. Həmçinin, əməkdar müəllim Kamal Camalovun  “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi”, “Təlim nəticələrinin qiymətləndirilməsinin forma və va­si­­tə­lə­ri”, “Hüseyn Cavid və məktəb”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkir­lə­­ri­nin­ gözü ilə”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında görüşləri”, “Azərbaycan romantiklərinin maarifçilik ideyaları”, “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları”, “Mollanəsrəddinçilərin maarifçilik ideyaları”, “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” və s. adlı dərslik, dərs vəsaiti və monoqrafayiları pedaqoji ictimaiyyətin stolüstü kitabına çevrilmişdir.

Adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz bu kitablar haqqında Azərbaycanın tanınmış nüfuzlu alimləri akademik Hüseyn Əhmədov, akademik İsa Həbibbəyli, akademik Oruc Həsənli, professor, əməkdar müəllim Əjdər Ağayev, professor, əməkdar müəllim Akif Abbasov, professor Fərahim Sadıqov, professor, əməkdar müəllim Fərrux Rüstəmov, professor Hümeyir Əhmədov, professor, əməkdar müəllim Piralı Əliev, professor, əməkdar müəllim İntiqam Cəbrayılov, professor, əməkdar müəllim Firədun İbrahimov, professor, əməkdar müəllim Gültac Əliyeva, professor Ləzifə Qasımova, professor Nubar Muxtarova, professor Müdafiə Mahmudov, professor, əməkdar müəllim Müseyib İlyasov, dosent, əməkdar müəllim Ənvər Abbasov, dosent Allahverdi Eminov və digərləri elmi jurnallarda, mətbuat səhifələrində Kamal Camalov yaradıcılığından geniş bəhs etmişlər.

Göründüyü kimi, Kamal müəllim 50 yaşına kimi 25 illik pedaqoji fəaliyyəti illərində elmin zirvəsinə əli dolu gəlmişdir.

Tanınmış alim Kamal Camalov respublika səviyyəli elmi-praktik konfranslarda çıxışları ilə yanaşı Azərbaycanın hüdudlarından kənar Türkiyə, Rusiya, Amerika, Kuba, İsveç, Makedoniya, Hollandiya, Gürcüstan, Özbəkistan və s. kimi ölkələrdə də çıxışları ilə də vətənimiz Azərbaycanı layiqli şəkildə təmsil etmiş, sertifikatlar almışdır. Əsl vətənpərvər və dəyərli vətəndaş Kamal müəllimin ürəyi daim doğma yurda sədaqət, ana vətənə məhəbbət və Azərbaycan Respublikasının müstəqilliyinə təmənnasız xidmət eşqi ilə döyünür.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, Ulu öndər Heydər Əliyev adına “Qızıl medal”a layiq görülmüş professor Kamal Camalov təhsil sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə şəxsən görüşmüş və Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Kamal Camalovun elmi-pedaqoji kadr hazırlığı sahəsində fəaliyyəti də diqqətə layiqdir. Professor K.Camalov 2 (iki) doktorluq, 8 (səkkiz) namizədlik dissertasiyanın rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi ilə 1 (bir) nəfər gənc tədqiqatçı elmə vəsiqə almış, 3 nəfəri isə müdafiə ərəfəsindədir. Həmçinin, əməkdar müəllim Kamal Camalov müxtəlif müəlliflər tərəfindən hazırlanmış 40-dan artıq dərslik, dərs vəsaiti və monoqrafiyaların elmi redaktoru, rəyçisi və tərtibçisidir. 50-dən artıq avtoreferatlara müsbət rəy yazmışdır.

Bütün bunlar Kamal Camalovun yorulmaq bilməyən yaradıcılıq imkanının, çalışmaq istəyinin və tükənmək bilməyən enerjisinin məhsulu deyilmi?

Professor Kamal Camalov elmi fəaliyyəti ilə yanaşı çex pedaqoqu Yan Amos Komenskinin “ata kimi sevməsən, müəllim kimi hərəkət edə bilməzsən” devizini rəhbər tutaraq tələbələrinə yüksək qayğı və həssaslıqla yanaşır. Hər bir tələbənin taleyi ilə bağlı məsələdə sanki özünü o tələbənin yerində hiss edir. Əbəs yerə deyilməyib ki, “böyük pedaqoq olmaq üçün həm də gözəl insan olmaq lazımdır”. Arif Ərdəbili yazır ki, “O şəxsin sözləri ürəyə yatar ki, şirin dili və gözəl fikri olsun”. Bu mənada, tələbələri maarifçi Kamal Camalova qəlbən dolu hüsn-rəğbət bəsləyirlər. Tələbəlik illərində mənim də müəllimim olmuş Kamal Camalov yüksək insani keyfiyyətlərə malik, sözün əsl mənasında ziyalıdır. Onun ziyalılığı sadəliyində, təvazökarlığında, xeyirxahlığında, peşəkarlığında təzahür edir. Professor Kamal Camalovun elm və təhsil yolunda yorulmaq bilmədən apardığı mənfəətli işlərinə görə haqqımız çatır deyək ki, o, sözün həqiqi mənasında, bugünkü gəncliyə örnək olası bir alimdir.

Eynəlqüzzat Miyanəçinin gözəl bir fikri var. O, yazır ki, “Fədakarlıq bacarmayan mənəvi yüksəlişdən məhrum olar”. Öz fədakarlığı ilə mənəvi yüksəliş zirvəsinə çatmış professor, əməkdar müəllim, ictimai-siyasi xadim Kamal müəllimi qarşıdan gələn 50 yaşı münasibətilə “Pedaqogika və psixologiya” kafedrasının hər bir əməkdaşı adından səmimi qəlbdən təbrik edir, öz ifadəsi ilə desək ona həyatda bəşəri nemət olan can sağlığı, elmdə və şəxsi həyatında yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq.

Tanrı Sizi qorusun Kamal müəllim!

 

SEVİNC VƏLİYEVA

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika üzrə fəlsəfə doktoru

Pedaqogika və psixologiya kafedrasının müdiri

Yazıya 22 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.