Mən Şəhid bacısıyam! Bu cümləni söyləmək nə qədər qürurlu olsa da, bir o qədər ağrılıdır. Qəhrəmanlar diyarı Gədəbəy rayonu Çobankənd kəndinin şəhidi Şamxal Əlizadənin bacısıyam. Mənim qardaşım 2020-ci ildə Şuşa-Xankəndi uğrunda gedən döyüşlərdə Şəhid oldu. Qardaşım Şəhid olandan sonra o qədər çətin günlər yaşamışdım ki, içimdəkiləri necə söyləməyi, necə ifadə etməyi bilmirdim. Bircə onu bilirdim ki, içimdəkiləri bir az da saxlasam, ürəyim sinəmdən çıxacaq…
Bir gün yazıçı-jurnalist İradə Aytel və “Polad ürəklər” layihəsinin çəkiliş qrupu Şamxal Əlizadənin adının işığıyla bizim kasıb evin qonağı oldu. Çəkiliş sonrası jurnalist xanım mənə dedi ki, içindəkiləri saxlama, danışa bilmirsənsə yaz, yazdıqca Şamxallı günləri xatırlayacaqsan, Şamxalla söhbət edəcəksən, içindəkiləri Şamxala söyləyəcəksən, onda bir az da olsa təsəllin olacaqdır. Mən o xanımın dediklərini etdim. Qarşıma qoyduğum qalın dəftərin vərəqləri ağırlaşdıqca, içimdəki ağrı sanki yüngülləşirdi… Doğrudan da, mən Şamxalla danışır, dərdləşir, arzu və istəklərimi onunla bölüşürdüm. Üstəlik, qardaşımla fəxr etdiyimi, bütün döyüşçü və şəhid oğulların mənim qardaşım olduğunu söyləyirdim Şamxala… Beləcə, xatirələrimin sonuncu nöqtəsini qoydum. Gədəbəyin Rusiyada yaşayan oğulları kitabın çapı üçün maddi dəstəyi öz üzərinə götürdü. Və mən dəftərimi götürərək Bakı şəhərindəki Azərbaycan Nəşriyyatının dördüncü mərtəbəsinə yollandım. Məni orada yaşı təxminən 60 olan, nurani sifətli, şirin ləhcəli, davranışından sadəlik, mərhəmət yağan Ramiz Hümmətov qarşıladı. Sonra öyrəndim ki, Ramiz Hümmətov böyük bir kompüter mərkəzinin müdiridir. Bunu biləndən sonra o insanın sadəliyinə bir daha heyran qaldım.
Biz bir neçə gün kitabın dizayn işləri ilə bağlı bir yerdə işlədik. Mən kitabın uyğun yerlərinə əlavə olunacaq şəkillər seçirdim, Ramiz müəllim səliqəli şəkildə dizayn edərək kitaba yerləşdirirdi. Elə olurdu ki, bir fotonu bir neçə dəfə dəyişdirirdim. O böyük insan kitabı səbrlə yenidən dizayn edirdi.
İradə Aytelin redaktorluğu, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin mətbuat katibi Ramiz Hümmətovun dizaynerliyi ilə “Şəhid qardaşım” kitabı nəfis bir tərtibatla çapdan çıxdı.
Ramiz müəllimin təklifi ilə kitabın sonunda 40-a yaxın Şəhidin – 44 günlük zəfər tariximizdə döyüşmüş Gədəbəy oğullarının da şəkilləri və tərcümeyi-halları yer aldı. Və bizim kitab 40-a yaxın Şəhid ailəsinin evinə yol açdı, o ailələr kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə, başda Ramiz Hümmətova təşəkkürlərini bildirdi.
Kitabımın təqdimat mərasimlərində də mən Ramiz Hümmətovun adını qürurla çəkib, ona təşəkkürlərimi sunurdum. Mənim minnətdarlığıma Gədəbəylin şəhid ailələri də qoşulurdu…
Ramiz Hümmətovun qəflətən ölümü biz şəhid ailələrini də çox sarsıtdı. Şəhid və qazilərin, Vətən üçün əlindən gələni edənlərin ictimaiyyətə, gələcək nəsillərə tanıdılması üçün Ramiz müəllim çox işlər görürdü… Təəssüf edirik ki, onun görəcəyi işlər yarımçıq qaldı…
Biz – Gədəbəy rayon Şəhid ailələri Ramiz Hümmətovun ailəsinə, yaxınlarına dərin hüznlə baş sağllığı verir, mərhuma Ulu Tanrıdan rəhmətlər diləyirik!
Aytac Əlizadə
Yazıya 47 dəfə baxılıb