Elvin Mahiroğlu – şeirlər

18_22_18_Cumayev Elvin Mahir oğlu 1990-cı ildə Qax rayonunun Marsan kəndində dünyaya göz açıb. 2010-cu ildən yazıb-yaratmağa başlayan şairin bir neçə şeirini təqdim edirik:

 

Ay balam yazmayım ancaq necə i’zah eləyim,

Salaraq qəlbimə hey şamu-səhər ah eləyim?,

 

Mən kasıb səndə kasıb gəl danışaq dərdimizi,

Nə fayda aləmə car çək eşidən kimdi bizi,

 

Ağarır dan yeri biz işləyirik axşamacan,

Nə qədər tab eləsin zəhmətə yazıqdı bu can.

 

Bu məsəldirki maaş fəhləyə dərman puludur,

Haqq-halal alın təriynən alınan qan puludur.

 

Hələ mən söyləmirəm ərzağa pul hardan ola,

Desəmki ət alıram şər yarana böhtan ola.

 

Biz itirdik qadası çoxdan ağız dadımızı,

Duysa Allah duyacaq naleyi-fəryadımızı.

 

Elvinəm  mən şeirin xatirinə gop elədim,

Qoyaraq nöqtəni ah çəkməyə stop elədim…

 

*. *. *

 

Dünya

Fələk at oynadır öz vərdişiynən,

Kişi məşğul olur qadın işiynən,

Toy edir evlənir kişi kişiynən,

Xarabı çıxıbdır zamanın dünya,

 

Aşiq ömür sürür yardan aralı,

Saçına dən düşür dəyişir halı,

Kimi dindirirsən qəlbi yaralı,

Üstünü qazıma yaranın dünya,

 

Şər üstün tutulur bu ittifaqda,

Ey dünya razı ol mənlə bu haqda,

Yaxşılar sayılmaz qalır qıraqda,

Qədrini bilirlər yamanın dünya.

 

Elvinəm mən çoxdan eyləmişəm hiss,

Ürəklərdə məskən salıbdır iblis,

İnandırım səni vallah keçir pis,

Hər ilin hər günün hər anın dünya,

De nədir fikirin gümanın dünya?…

 

*.  *. *

 

Qələm əhli niyə tüğyan eləmirsiz?,

Düzərək incini ad-san eləmirsiz,

Atılıb şir kimi meydan eləmirsiz,

Çəkilibdir hərə bir yanə yazan yox,

 

Şairə mey verir ilham bu məsəldi,

Dost olub şəmlə yaratmaq nə gözəldi,

Çarəsiz qaldı yetim şəm dilə gəldi,

Dolanır ba’şıma pərvanə yazan yox.

 

Bu heca vəznidi yazdım oxu indi,

Yaza bildinsə əruz bu afərindi,

Elə gəlməsin sənə sadə vəzindi,

Salaraq sözləri səhmanə yazan yox.

 

Tuturaq dahilərin saxsı qabınnan,

Süzürəm mən içirəm söz şərabınnan,

Qorxuram həmkarımın inqilabınnan,

Bəsdir Elvin daha meyxanə yazan yox…

Yazıya 102 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.