Şəhərin işıqları – Vüsal HİCRANın hekayəsi

vusalTamaşanın ən şirin yerində işıqlar  söndü,biz teatrdan çıxanda axşam idi,əl-ələ tutub körpünün o biri başına keçdik, dünyanın ən böyük şairinin heykəli qoyulmuş yerə gəldik,həmişəyaşıl kolları ilə çevrələnmiş balaca meydançada  taxtaları qopmuş,rəngi dünyanın üzü kimi bozarmış iki-üç köhnə skamya var idi.Əllərimizlə skamyalardan birinin qarını təmizləyib yanaşı oturduq.Qaranlıq küçələrdən keçən maşınların solğun  işıqları körpünün o biri başındakı  teatrın divarlarında əks olunurdu.

Özümüzü çox xoşbəxt hiss edirdik.Həyatımızda bundan gözəl bir gün olmamışdı,bəlkə də,heç vaxt olmayacaqdı.Bu qaranlıqda mən onu  o qədər aydın görürdüm ki,sanki Günəşi əlimdə fanar kimi əyib onun üzünə baxırdım.İri qar dənələri alov saçan yanaqlarında əriyib bədrlənmiş aya bənzəyən çənəsi aşağı süzülürdü.Mənə elə gəlirdi ki,təkcə üzü-gözü deyil,bütün ürəyi,canı,ruhu ilə gülümsəyirdi.Pıçıltıyla danışanda məni heyran qoyan dodaqlarını sehrli təbəssümlər dövrələmişdi.Ən qaranlıq gecəni  min işıq ili geridə qoyan qara saçları dən-dən olub nəm yanaqlarına,boynuna yapışmışdı.Hərdən süzülüb məni uzaqlara aparan iri,mənalı və həmişə dolu görünən gözlərinə baxanda elə bilirdim ki,sanki gözümün önündən hansısa renessas rəssamının tablosu asılıb.Körpü isə  bu gözündə bizi,o biri gözündə işığı sonmüş teatrı  saxlayan tərəziyə bənzəyirdi.

-Qaranlıq olsa da…

-Niyə elə deyirsən ki?-sözünü kəsdim,-bizim ürəyimiz də qaranlıq yerdədir,beynimiz də,amma o iynə ucu boyda işıq düşməyən səltənətdə necə gözəl duyğular və düşüncələr yaranır.

-Hə,doğrudan da,maraqlıdır.Yarımçıq qaldı tamaşa.Oğlan qıza deyir ki,hər şey yaxşı olacaq,elə bu vaxt işıq söndü.

-Hər   şey yaxşı ola bilməz axı,bəlkə də buna görə söndü.

-Sən niyə beləsən axı?

-Necəyəm?Əllərini ver mənə.Əllərin nə yaman soyuqdur,gülüm?

Gülümsədi:

-Nüsrət Kəsəmənlinin misraları..Hə,onunla görüşdə dediyin şeir maraqlı idi.

-Sağ ol,gülüm,elədir,Nüsrət sevənlərin şairidir.

Başını dünyanın ən ağır yükü kimi aataca  çiynimə söykədi:

-Sevməklə sevilməyin fərqi nədir ki?

-Bilirsən,sevilmək isti otaqda pəncərə önündə dayanıb yağışı seyr eləməkdir.

-Bəs sevmək?

-Sevmək o yağışın altında dayanıb pəncərə önündə dayanan adama baxmaqdır.Sevmək hamının başı üçün deyil,istedaddır sevmək,korun daxilində doğan günəşdir. Bethovenin ..

-Bəsdir,bidim,-dərindən köks ötürüb davam elədi,-elə istəyirəm ki,həmişə birlikdə olaq.Əllərimdən tutub gözlərimin içinə baxa-baxa şeirlər deyəsən.Bir də saçların həmişə belə olsun.

-Necə?

-Gur,dalğalı.Aha,yaxşı yadıma düşdü,tamaşadan sonra rejissor elə bil sənə nəsə dedi.

-Dedi ki,sən Romeo rolunu oynaya bilərsən?

Sevincək uşaq kimi:

-Doğrudan?Deməli,səni Romeo  rolunda görürlər.

-Məni  Romeo  kimi də görərdilər,əgər sən məni Cülyettanın gözü ilə gösəydin..

-Kinayə…Deməli,fikir vermişəm,mən gələcəyimizdən danışan kimi sən yolu-izi bağlayırsan,yenə keçmişə qaydırsan.Həmişə qorxmuşam səni itirməkdən.Söz ver ki,heç vaxt,heç vaxt məndən ayrı qala bilməzsən.

-Söz verirəm ki,səndən ayrı qalsam da,sənsiz qala bilmərəm.

-Sözə bax.Nə?Hə.Anladım.Dəli.

-“Dəli” sözündən xoşun gəlir,deyəsən.Professor Nizamidən danışanda “dəli” sözünü mühazirə dəftərinə böyük hərflərlə yazırdın.”Dəli” sözü hamnın xoşuna gəlir, Leylinin ata və anasından başqa.

-“Əli və Ninonu” çoxdan oxumusan?

-Təzəlikcə.Niyə soruşdun ki?

-Bax keçən dəfə hətta kitabxanaya qaytardığın “Əli və Nino”kitabının içində mənim saçım çıxdı.

-Nə danışırsan?Onlar nə bilirlər  ki,saç kimindir?

-Nə biləcəklər,saçı qoyduğun səhifəyə şeir yazmısan.

İkimiz də biri-birimizə baxıb güldük.

-Deyirlər Müşfiqlə Dilbər buraxılış gecəsində tanış olublar,Dilbər saçını geriyə atanda Müşfiqin üzünə dağılıb,şairin qəlbini ovsunlayıb Gəncəli qızının şahmar saçları. Sən də mənim saçımı çox sevirsənmi?

-Bəs nə,altı saylı məktəbdə praktikaya gedəndə sənə yazmışdım:

Baxsan ürəyimə,necə ağlayır,

Gündüz nalə edir,gecə ağlayır.

Bir telin düşəndə küçə ağlayır,

Töküb  saçlarını məktəbə gəlmə…

Sənin saçların mənim ilham bulağımdır…

Burnumu saçlarına söykədim,o ətri heç bir çiçəkdə görməmişdim,cənnət qoxusu saçan qalın,gülab nəfəsli,qar suyunda yuyulmuş saçlarının hər  teli gözlərimdə   bir sətir kimi canlanırdı.

 

Bu həftənin ikinci günü  dünya ədəbiyyatı mühazirəsində tənqidçi alim bizi ayağa qaldırmışdı:

-Şair,niyə mənə qulaq asmırsan?

-Bağışlayın,bir daha olmaz,-dedim.

Əl çəkmədi:

-İkiniz də yazdığınızı oxuyun:

-Mən :Əzizim,sənin gözlərinin içində üzüntülü bir hekayə yazılıb.

Qız: Bu gözlər o  hekayəni oxuyanındır.

Müəllimin üzündəki qəzəb silindi,alqış səsləri .

Qar dayanmaq bilmirdi.

Paltomun yaxasını açdım,əllərini sal içəri.

-Üşümürəm.

-Yaxşı,utanma…

-Müəllimlərdən söz düşmüşkən,keçən həftə Xan bağından gəlirdik,yadında?Veteranlar evinin qabağından keçəndə rus ədəbiyatını tədris edən müəllim bizi gördü.

-Hə.Yadımda.

-Dəqiq?Yaxşı, nə dedi?

-Dedi ki,sən bu eybəcər qızın əlindən niyə tutmusan?

 

Bunu deyəndə özümdən asılı olmadı,elə pis güldüm ki.

-Nə?

Qarı ovcu ilə başıma səpələdi.

-Küsəyən olma.Yaxşı,yaxşı, dedi ki,sənin kimi gözəl qız bu qara oğlanın qoluna niyə girmisən?Yaxşı,küsmə,hələ  de görüm,sənin də gözünə qara görünürəm?

-Hə,bax belə.Yadıma düşdü Qoca şairin misraları:

Mavi göz aləmi mavi  görməyir,

Ala göz də ala,qara göz qara.

Mən bir gün ölsəm də,bu,ölüm deyil,

Təslim olmağımdır bu suallara.

 

-Nə gözəldir.Sən də şair olacaqsan axırda.

-Mən sənin şeirlərini hər kəsdən daha çox sevirəm,çünki onları mənə həsr  etmisən.Müşfiqə yazdığın nəzirə necə idi?

-Uzun şeirdir.

-Vağzalda məni gözlədiyin yeri var e.Onu deyirəm…

Şeiri oxudum.Heyrət dolu  baxışlarla məni süzür və bu filmə bənzəyən günü doya-doya,sevə-sevə yaşayırmış kimi həzz alırdı.

 

Keçən  bazar vağzalda dayanıb həsrətlə onun yolunu gözləyirdim.

Müşfiqə nəzirə oıaraq  yazdığım ”Yenə o bağ olaydı”şeirinin bir parçası da belə yarandı:

 

Yenə o bağ olaydı!

Vağzalda boynubükük görüşünə tələsən,

Gəlişinə tələsən,

Bir oğlan dayanaydı o kənddən gələn oğlan,

Səninçün ölən oğlan

 

-Səndən bir söz soruşum,biz niyə gələcəkdən danışanda sən mövzunu dəyişirsən?

-Necə dəyişməyim axı. Bilə-bilə  belə danışırsan,bilirsən ki..

-Hə,bilirəm ki,siz məcburi köçkünlər qəsəbəsində yaşayırsınız,eviniz yox,bunları bilirəm,mən axı hər şeyə,səninlə olan hər əzab-əziyyəti çəkməyə razıyam.

-Yaxşı,sən bilirsənmi ki,bizim qəsəbədə evlər çadıdandır,biz özümüz bir balaca vaqonda yaşayırıq,əlli dərcə istidə nəfəs almaq olmur,toy edəndə gəlini çadırdan çadıra köçürürlər,vaqonda övlad dünyaya gəlir,böyüyür,çətin həyat gözləyir o uşaqları.

-Bildim,olsun,biz orda da xoşbəxt ola bilərik,mən o vaqonun əbədi sərnişini olmağa razıyam.

-Sənin bu dünyaya sığmayan gözəlliyini bir vaqon küncünə sığışdıra bilmirəm axı.

-Qarabağa yollar açılanda biz o vaqonun içində  sənin Kəlbcərinə,sonra da mənim  Laçınıma gedərik.Bilirsən,mən necə xəyallar qurmuşam,övladlarımızın adlarını sənin adının baş hərflərinə…

Utancaq baxışlarla gözlərini razılıq və xoşbəxlik yağan üzümə zillədi.Elə bu dünyada ikimizdən başqa heç kim yox idi.

Bu sözlərdən sonra şəhərin işıqları yandı,bütün meydanlar,küçələr,yollar-hər yer işığa qərq oldu.

Heç vaxt  olmadığı bir cəldliklə ayağa qalxdı,uşaq kimi hoppanıb-düşdü.

-İşıq  da yandı.Hər şey yaxşı olacaq.Gördün?İşıq da yandı.

Boynumu qucaqlayb uşaq kimi sevindiyi ilə qaça-qaça getdiyi bir oldu.

Şəhərin işıqları yanmışdı,taleyimizin isə…

Kirayə qaldığı Sabir küçəsinə tərəf  sevinə-sevinə yüyürən qızın ayaq izlərinə qar yağırdı…

☆☆☆

Sumqayıtlı əsgər yoldaşım kazarmanın qapısında göründü:

-Gəlirsən?

-Hekayəmin son cümləsini yazıb gəlirəm.

-Onu yazma,qalsın,sonra tamamlayarsan,Kəlbəcərdə,Laçında bir cümlə yazmağa  yer saxla!

 

2006.Noyabr.Bərdə.

 

Yazıya 98 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.