(Qışın oğlan çağında Gün pəncərəmi döyməyə başladı. Halbuki bir gün əvvəl lopa-lopa qar yağırdı. Bu günəşli qış günündə böyük şairimiz Məmməd İsmayılın yataq xəstəsi olduğunu eşitdim. Həyat məni elə üşütdü, elə üşütdü ki, iliyimə qədər dondum və bu ikiüzlü dünyadan əlimi üzdüm. Hiss etdiklərim isə misralara çevrildi…)
Dünən bu vaxt qar yağırdı aynama,
Bu gün sanki bahar-yazdan öynədir.
Dünən bu vaxt yar baxırdı aynama,
Bu gün həsrət iliyimi göynədir…
Atmamışdan qoşa gələ gərək zər,
Haqq işisə, pambıq dönüb baş kəsər.
Bu dünyanın ipinə ha odun sər,
Sirr də tutmaz, ağzı yırtıq heymədir.
Əzəl gündən dolaşıqsa taleyin,
Açammazsan, çatmaz ona güc, heyin.
Sinən üstə çarpaz düşən sal düyün,
Qara keşiş bağladığı düymədir.
Bəxtin dönüb yuvarlansa cığrından,
Dağda-düzdə tək qalarsan doğrunla.
Ha asılsan bir ümidin bağrından,
Gor da qazmaz, gözü bağlı iynədir.
Yazıya 89 dəfə baxılıb