Aprelin 26-da Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu keçirilib.
www.kultur.az Anaib.az-a istinadən xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən forumunun ideya müəllifi ANAİB idarə heyətinin sədri Şəmil Sadiqdir.
Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verən Azərbaycan Naşirlərinin I Forumunun açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, AMEA prezidenti İsa Həbibbəyli, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin başqanı Mustafa Karagüllüoğlu çıxış edib, ölkə tarixində ilk olan bu mötəbər tədbirin ölkə mədəni-ictimai həyatına, nəşriyyat və kitabçılıq işinə göstərəcəyi təsirdən danışıb, öz təkliflərini irəli sürüblər.
Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunub.
5 paneldə ümumilikdə 15 spikerin çıxış etdiyi, xarici mütəxəssislərin də cəlb olunduğu forum yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
İlk – “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusundakı panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu olub.
İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu olub.
Üçüncü panel isə “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”a həsr edilib. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməd olub.
Dördüncü paneldə “Tərtibat, dizayn və qrafika” mövzusu müzakirəyə çıxarılıb. Panelin moderatoru “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Coders” şirkətinin art-direktoru Rəsul Həsən olub.
Sonuncu – beşinci paneldə “Uşaq nəşrləri və yeni yanaşmalar” mövzusu ətrafında müzakirələr aparılıb. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov olub.
Bundan başqa, XAN, “Parlaq İmzalar”, MİMTA, “Ağıllı bala”, “Libra” nəşriyyatlarının direktorları – Səbuhi Şahmursoy, Nurman Tariq, Əsəd Aslanoğlu, Fatimə Alxaz, Veysəl Məmmədov, D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, həmin nəşriyyatın baş dizayneri Aişə Adaş, “Coders” şirkətinin art-direktoru Rəsul Həsən elm, təhsil və mədəniyyət sahəsindəki fəaliyyətlərinə görə “Hədəf-15” döş nişanı ilə təltif olunublar.
Əlavə məlumat üçün qeyd edək ki, forumun dəstəkçiləri “Badamlı”, “Oyal”, “Hədəf Group”, Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan” və “Globalsoft”dur.
Forum 09:00-dan 19:00-dək davam edib.
Yazıya 18 dəfə baxılıb