“Səssiz oxu ürəyimi…” – Musa Ələkbərli yazır…

Musa E(Rəfail İncəyurdun yubileyi münasibətilə…)

Aramızda çay var – adda,

Közüm qaldı, üfür, odda.

Ya ahıma can ver udda,

Ya havalan bu sazda gəl.

 

Nolar, çəkmə dara vaxtı,

Qoyma üzə dura vaxtı.

Dur, indi gəl – ura vaxtı,

Nə qış gözlə, nə yazda gəl…

 

“Nə qış gözlə, nə yazda gəl…” – deyə, bizi səsləyən bu misraların doğulduğu cənnət məkana – Qazax mahalının İncə dərəsinə yol aldıq. Səfərimizin reallaşması üçün bütün ağırlıq ixtisasca maliyyəçi, auditor olsa da, şeiri-sənətə, sazı-sözə, Azərbaycan ədəbiyyatına, folkloruna dərindən bələd olan, sənətkarları daim diqqətində saxlayan “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini, “Tərəqqi” medallı auditor Çingiz Abbasovun üzərinə düşmüşdü. Fəsil nə qışıydı, nə də yaz, isti bir yay günüydü. Hava bürküyə bürünsə də, İncə dərəsi bizi sərin qoynunda ağırlamağa çalışırdı. Zarafat deyil, ağır yerişli, batman gərdişli, sözü qayalar kimi möhkəm, dağlar kimi uca, bulaqlar kimi duru kişilərin – Ağamalı Sadiq Əfəndinin, Məmməd Dəmirçioğlunun, Akif Səmədin, Eldar Nəsiblinin, Osman Sarıvəllinin, Babək Qurbanovun, Aslan Kəmərlinin və bir çox dünyasını dəyişmiş söz sənətkarlarının, söz azmanlarının görüşünə sözün qədrini bilənlər –  Çingiz Abbasov, Avdı Qoşqar, Ramiz Hümmətov (ruhu şad olsun!), İradə Aytel, Kamal Qurbanov, Bəhlul Ataxallı, Qiyas Nazarlı, bacarıqlı operator Gündüz Şahvələdov… təşrif buyurmuşdu. İncə dərəsinə ayaq basar-basmaz gözüm bu incəliklərin, gözəlliklərin tanınmış, istedadlı şair oğlu Rəfail İncəyurdu gəzdi. Üzümü Çingizə tutub: “Ay Çingiz, bəs Rəfail niyə gəlməyib?” – deyə, sual etdim.  Dostum dedi: “Rəfailin Bakıda çox vacib işi çıxdı, gələsi olmadı”. Bu müqəddəs gündə, müqəddəs ziyarətdə Rəfailin bizimlə olmayacağına təəssüfləndim. Üzümü ruhu, nəfəsi Rəfailin ruhunda, nəfəsində, misralarında yaşayan, şeir dünyasının, söz dünyasının, saflıq, bəkarət dünyasının özü olan Ağamalı Sadiq Əfəndiyə tutub:

 

Bundan anrı ucalım yox,

Dayanmağa macalım yox,

Yüz dəfə öldüm, dirildim,

Mənən adəməm, acalım yox

Əyil səndən keçim, dünya!

(Ağamalı Sadiq Əfəndi)

 

– dedim, Rəfailin misraları cavab verdi mənə:

Dönənlərdən dön də, doy da,

Yuvasızlar hoydu-hoyda.

Axı, sənin dünya boyda

Öyün var, Rəhim Yiyəsi!

Dünya boyda şeir öyümə, içimdəki dünya quran, dünya yaradan söz adamlarının misralarına şükür edərək, gözlərimdə gilələnən yaşı dostlarımdan gizlətməyə çalışdım və gəlişimizdən xəbər tutan, baş daşından dost yollarına boylanan rəssam-şairin – Məmməd Dəmirçioğlunun sözlərini pıçıldadım:

Perikdi yuvalardan

Qərib quşlar hürkərək.

Perikirəm içimdən,

İçimə sığınan tək.

Bu dəfə də Rəfail misralarıyla:

Tanrı haqdı, – ya bulma da, ya bul da,

Güzgü birdi ya sultanda, ya qulda.

Boylanmağın yeri yoxdu o yolda,

Gedənlərə, gələnlərə inandım.

– cavab verdi…

Gözüm Akif Səmədi gəzdi. Akif Səməd bizi Aslanbəyli kəndində – düz yolun kənarında gözləyirdi. Gözləməkdən daş olan adama:

Könlümə baxdım, görmədim,

Əfəndim, xocam, hardasan?

Ömür binama hörmədim,

Yüksəyim, ucam, hardasan?

(Akif Səməd)

– dedim. Gənclik dostum, həmişə gəncim, hardasan? – dedim. Gəncliyimi məndən alan, şeirlərimdəki ilham pərilərini perikdirən zamandan şikayət etmək istədim. Bu dəfə də Rəfail misralarıyla “o yaralara toxunma” – dedi:

Dağ könlümə qış yeriyib, çən gəlib,

O çiskində itən karvan çəmlənib.

Sən ki bildin onda nələr cəmlənib –

Gözlərimin damlasına toxunma.

Elə bu məqamda Eldar Nəsibli Sibirelin səsi gəldi qulağımıza.

Uzaqda dayanma, bir yaxına gəl,

Gəl, qorxma, sirrini yayan deyiləm.

Onsuz da o qədər aldanmışam ki,

Mən daha hər sözə uyan deyiləm.

İkinci Şıxlıdan bizi səsləyən şair gecikdiyimizə görə qınayırdı bəlkə də bizi. Onunla da görüşdük, ona da dərdimizi, acımızı söylədik. Sonra Babək Qurbanovun elm dünyasının dərinliyindən çəkinərək, Osman Sarıvəllinin məzarı başında sözü-sözə caladıq, nəfəsimiz təngiyəndə qocalıqdan şikayət etmək istədik, bizi diqqətlə dinləyən ədib, qaşlarını çatıb dedi:

Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Hər kim yüz il yaşamasa

Günah onun özündədir.

Osman qağaya da Rəfailin misraları cavab verdi:

Döyünə-döyünə,

deyinə-deyinə,

söyünə-söyünə

üyünür ömrümüz

dənvarı.

Bəli, bütün səfərimiz boyunca bir səs bizimlə addımladı. Əbədiyyətdən boylanan bu səs  Nəsiminin, Mövlanənin, Ağamalı Sadiq Əfəndinin, Akif Səmədin… səsi, nəfəsiydi sanki – səmazənlərə qoşulub göylərə ucalır, irfanlara qoşulub ərşlə-gurşu birləşdirirdi. Bu səs fani dünyanın “gəl-gəl”inə uymayan, faniləri hərf-hərf, sətir-sətir, misra-misra göylərə, əbədiyyətə, ən uca, ən ali məqamlara səsləyən İncə dərəsinin incə ruhlu oğlu Rəfail İncəyurdun səsiydi.

Rəfaili ötən əsrin 80-ci illərindən tanıyıram. Onda mən “Gənclik” nəşriyyatında böyük redaktor işləyirdim və ədəbi almanax tərtib etmişdim. Bir gün şair dostlardan biri mənə zəng etdi, “Bir tanışım var, ixtisasca riyaziyyatçıdır, ancaq çox gözəl şeirlər yazır, imkanın olsa, onun şeirlərindən də almanaxa daxil elə” dedi. Dedim, “Əlbəttə, göndərsin, ancaq bir neçə yox, çox şeir göndərsin ki, mən onlardan seçə bilim”. Elə həmin günün səhərisi Rəfail qapımı döydü, əlində də şeirləri. Üzündən-gözündən təvazökarlıq, saflıq, səmimiyyət yağan Rəfailin bir şeirini oxudum, sonra ikincini, üçüncünü… gördüm ki, bu şeirlərin heç biri kənarda qalınası deyil. Dedim, “Dostum, sənin şeirlərinin hamısı bir-birindən gözəldir. Əlim gəlməz hansınısa kəsib çıxarmağa. Bu şeirlərin hamısını almanaxda oxuyarsan”. Elə də etdim, Rəfailin gətirdiyi şeirlərin hamısını almanaxa daxil etdim.

Elə həmin gündən bu günə qədər Rəfail İncəyurdla ünsiyyətimiz davam edir. Rəfail mənə “abi”, “ustad” deyə xitab edir. Mən də almanaxda şeirlərini verdiyim şairlə, dostumla fəxr etmişəm, harada rastlaşsaq, onun yaradıcılığı ilə maraqlanmışam, yeni şeirlərini böyük şövqlə dinləmişəm. Mətbuatda, sosial şəbəkədə Rəfaili daim izləyirəm. Şair ömrünün yetkin yaşını yaşadığı kimi yaradıcılığının da yetkin dönəmindədir. Şeirləri bitkin, könül oxşayan, məntiqə söykənən, ən əsası, ürəklə yazılan şeirlərdir. Onun hər bir misrasında ürəyinin çırpıntılarını eşidirik. Etiraf edim ki, Rəfailin yaradıcılığında nəyinsə, kiminsə, hətta qafiyələrin xatirinə yazılan sözə rast gəlməmişəm.

Mən əziz dostumu, qələm yoldaşımı 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edirəm. Onunla bağlı arzularımı şeirimin dili ilə söyləməyə çalışmışam:

 

Sən bahara kökləmisən özünü,

Saya salma qışı, qarı, İncəyurd!

Könüllərə çiləyirsən sözünü

İncə-incə, narın-narın, İncəyurd!

 

Söz söz olsa, qafiyəsi tapılır,

Kündə təndir közərəndə yapılır,

Daş külçəli qayalardan çapılır,

Zər mayalı misraların, İncəyurd!

 

Yaş 70-dir, sən babasan, sən ata,

Arzulusan neçə toya, büsata.

Elə vurul, elə bağlan həyata

Dil-dil ötsün könül tarın, İncəyurd!

 

Küyə gedib, yerli-yersiz dinməyək,

Şax dayanaq, zirvəmizdən enməyək,

Nə şairik, yağmuruna dönməyək

Doluxsunan ruzigarın, İncəyurd!

 

Dostun Musa günü-ayı ov sanır,

Əsil ovçu ovdan çətin ovsanır,

Ətəkləsin qoy səksəni, doxsanı,

Tükənməyən arzuların, İncəyurd!

 

Mənbə: “525-ci qəzet”

Yazıya 26 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.