Anar müəllimin yeni hekayəsi haqqında düşüncələr – Asif Hacılı yazır

Dövrümüzün böyük yazıçısı, ədibi Anar müəllimin “Qatardan qalan adam” adlı hekayəsini oxudum və nəsrimizdə yeni sayılacaq poetik üslubun şahidi olduğumuzu anladım. Bu əsərdə durmadan cərəyan edən kəskin hadisə-süjet müstəvisi kifayət qədər lakonik və dinamik, bədii intriqa diqqətiçəkən olsa da mətni yaradan həlledici amil başqadır. Hadisələr, süjet və intriqa mətnə dinamika verən üst qatdır.

Yəni əsərin mənası, mətləbi təsadüf, qəfil olay, gözlənilməzlik kimi anlayışlardan ibarət deyil. Süjet və fabula daha dərindəki fəlsəfi, sosial, psixoloji məzmunu və mənaları aşkarlayan vasitələrdir. 60-70-ci illərdə də Anarın olduqca maraqlı və orijinal süjetləri əsərdəki fəlsəfi-mənəvi, sosial-psixoloji məzmunu bəyan etməyə xidmət edirdi. Lakin həmin dövrdə Anar qaynar şəhər mühitində və “şəhər nəsrində” “özü ilə görüşə” macal tapmayan, “homo-sovetikusun” əxlaq kodeksinİ rədd edən, “ağ liman” həsrətiylə qovrulan, ancaq daxili azadlığını, özlüyünü faş etməyə taqəti çatmayan, daxilindəki etnik-sosial yasaqları aşa bilməyən və mahiyyət etibarilə aşmalı olmayan personajları və lirik-realist psixologizmi gətirdi ədəbiyyata və bu kimi meyllər sosialist realizmini sarsıdan amillərdən oldu.

Altmışıncılar nəsli – xüsusən, “şəhər” və “kənd” nəsrinin nümayəndələri ədəbiyyatda və həyatda insanın özü olmaq, millətin etnik mənliyini saxlamaq hüququnu təsdiqlədi. Lakin bu hüququn təsbitini vermədi və ya bütün sovet ədəbi mühiti miqyasında faciəvi, əzablı, bəzən, deyək ki, Şukşində sərsəm təzahürlərini təqdim etdi. Zaman keçdi, dövr dəyişdi, lakin bir çox şüuraltı komplekslər keçmiş sovet əhlinin beynindən çıxmadı. “1939-da doğulub, 1937-də tutulanların” nəsli kimi şüurumuzun alt qatında yenə də ədəbiyyatı öz yolu ilə buraxmadıq. Ümumi ədəbi meyarlar, qanunlar axtardıq və erkən mərhələsi 1950-ci illərdən başlamış postmodernizmi də 2000-cilərdə az qala növbəti sosialist realizminə çevirdik. Magik realizmi bütləşdirdik. Hazırda da üslub, daha doğrusu terminologiya axtarışları bitməyib. Ədəbiyyatşünaslıq üçün bu axtarışlar təbii idi və sonda kompromis və optimal variant olan “çoxmetodlu ədəbiyyat” (İsa Həbibbəyli) konsepsiyasında qərarlaşdı. Lakin yazıçı, şair, dramaturq nəzəriyyələrə uyğunlaşaraq, izmləri düşünərək yazmamalıdır.

Qəlbinin səsini, həyatın çağırışlarını dinləyib yazmalıdır. Alimlər, tənqidçilər onun əsərini çözələyib “…lzmini” müəyyənləşdirə bilər. O cümlədən bu hekayəyə də elmi münasibətlərin olacağına əminəm. Anarın dərc olunmuş bu yeni hekayəsi, fikrimcə, əsərin ümumi məzmunu, poetik özəlliyi ilə yanaşı, həm də ədəbi-estetik baxımdan – ədəbi yaradıcılığın mövcud nəzəriyyələrə, izmlərə boylanmadan öz təbii, azad stixiyası ilə hərəkət etməsi hüququnu təsdiqləməsi ilə əhəmiyyətlidir. Əsərin “ütülü, rəndəli” olmamağı da bu sərbəstliyə dəlalət edir. Və hekayə məzmun və poetika xüsusiyyətləri ilə yanaşı, həm də bədii mətninin mövcud nəzəriyyələrə yatmayıb, əksinə yeni nəzəriyyə yarada biləcək potensialı baxımından diqqətəlayiq və dəyərlidir. Hekayənin xronikal, sərt, yığcam, bəzən qırıq, məqsədyönlü şəkildə sxematikləşdirilən, ancaq mənaya, batinə yönələn təsvir üsulunun mahiyyəti ədəbiyyatşünaslığımızda çox hallanan postmodernizm, mifopoetika, magik realizm kimi meyllərə deyil, azad mətn kimi özünə, öz paradiqmatik və sintaqmatik mahiyyətinə yönəlməsindədir.

Geniş biliyə, dərin savada, böyük istedada və ədəbi üsluba malik görkəmli yazıçı Anar Rzayev gənclik dövründən hansısa izmə uyğunlaşmır, tavtalogiya olmasın, onun bədii mətnləri öz fenomenini təsdiqləyir və yeni izmlərə, ədəbi cərəyanlara rəvac verir. Bu hekayədəki yazı üslubunu da müqayisə təriqi ilə müəyyən qədər sürrealizmlə tutuşdura bilərik. Bütövlükdə isə, bu hekayənin mənası və bədiiyyatı ilk növbədə müəllifin ədəbi səciyyəsi, onun dünyaya fərdi poetik baxışı və özünüifadəsi ilə müəyyənləşir. Rəşad Məcidin təsdiqlədiyi kimi, Anar həqiqətən bu əsərində özünü yazdığını və baş qəhrəmanının da özü olduğunu deyir. Bədii mətn müəllifin daxili yaşantısını ifadə edir. Konflikt də kədərli qəhrəman və əcaib mühit arasındadır, eyni zamanda həm də müəllif-qəhrəmanın daxilindədir.

Ziyalı müəllif obrazı özü ilə mənəvi-psixoloji konfliktdədir. Anarın bu mətndəki bədbin yaşantısı və əsərin kədərli pafosu isə emosional və  aksioloji baxımdan, əvvəllər izlənən tənqidi, maarifçi, satirik deyil, sərt, sarsıdıcı, amansız realizmin əlamətidir. Məhz buna görə də mətn ənənəvi ifadəliliyə, söz sığalına yaddır. Hükayənin mətn kompozisiyası sivilizasiyanın bu ağır dövrünə xas mozaik biçimdə, təhkiyə isə qlobal şəbəkə təfəkkürünə uyğun fraqmentar formadadır. Beləliklə, bu hekayədə ənənəvi bədiiyyatı – ahəngə əsaslanan klassik estetikanı inkar edən “sərt”, “ağrılı”, bir anın belə hökmündən qorxuya salan sarsıdıcı realizmlə qarşılaşırıq. Burada postmodernə xas işarəvilik, fövqəlmətnlik, sitatçılıq, irrasionallıq, nüsxəçilik, mərasimilik, oyun prinsipi yoxdur. “Uzaq, yaşıl ada”, “beşmərtəbəli evin altıncı mərtəbəsi”, “ağ liman” axtarışında olan saf və sadəlövh, ancaq savadlı və istedadlı ədəbi nəslin lirik-psixoloji duyumu, divara dirənən romantik xəyalları da yoxdur. Gerçəkliyin sərt və amansız, boz üzü var. Öz məkanında, evində, şəhərində düşdüyün yad aləmin, ögey mühitin “dilini bilməzliyin” var.

Ünsiyyətin virtuallaşdığı zamanda telefonun və telefondakı real insanların işarələndiyi nömrələrin əlçatmazlığı var! Ünvanı bəlli yeganə məkan, kölgə kimi tapındığın evin isə boşdur, kimsəsizdir! Anarın fəlsəfi kədərə mübtəla olmuş qəhrəmanı İshaqın daxili kimi. Bu boşluqda sanki hər şeyin olduğu halda, heç nəyin və ilk növbədə öz ilkin arzularının sahibi olmamağın, çabaların əbəsliyinin ağrılı, əzablı və öldürücü dərki var. Klassik mədəniyyət, humanist ideallar, bəşəri kitablar mühitində yetişmiş, lakin mistik qısqanclıq mərəzindən xəstəlik tapmış, geriyə yol qoymayan çərxi-fələyin dövranında yuvasından qoparılmış, içini göynədən ağrıya (məcazi siqaret yanğısına) görə qatarından qalmış, alış-satış dünyasında insanlığını qoruyub saxlamış, lakin gəldi-gedər dünyada ailə dözülməzliyi və “vağzal” yadlığı burulğanında boğulmuş, həqiqi sevgisini vüsalə çatmadan itirmiş şəxsiyyətin və əslində postsovet nəslinin faciəsi var. Eyni zamanda həyatın faniliyi, gəlimli-gedimli dünyada insanın “iki qapı arasında” vurnuxaraq yaşadığı ömrün bir ilğım olmasının, istək və arzuların, axtarış və çabaların yanıb kül olacağının dərkindən doğan faciəvi fəlsəfi kədər var.

Bu mühitdə zaman da yoxdur: “Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı “Roleks” saatını Ədhəm bəyə bağışlamışdı” Vahiməli yuxu kimi, qarabasma kimi xatırladığı qısa sürən uğursuz nigahdan sonra tapdığı sevgi də əlçatmazdır. Kamillanın xəyalını vağzal reallığında “saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan” qadının siması əvəz edir. Dairə qapanır, idillik Eger şəhərində qovuşacağı saf məhəbbət və həyat xəyalları puç olur. Əslisinə qovuşa bilməyən Kərəmi öz ahı, müasirimiz İshaqı isə ətrafına və özünə yadlaşması yandırıb kül edir. Bu faciənin bədii təsvir üslubunun özünəməxsusluğu isə iki amildən – hələ də aktual olan postsovet sindromundan, eyni zamanda ikiləşən qəhrəmanın əsərlərdən tanıyıb ideallaşdırdığı başqa dünyaların acı reallığından və həyata kədərli fəlsəfi baxış bucağından törəyir və bununla da bu hekayə müasir nəsrimizdə yeni yaradıcılıq meyllərinin gəlişməsindən xəbər verir.

(Hekayənin linki) və səsli

Asif Hacılı

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

 

 

Yazıya 18 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.