Afət Mingəçevirli – Sənə ürəyimdə bir ev tikmişəm (şeirlər)

Buludmusan ,yağışmısan çənmisən?
Kədərmisən ,istirabsan qəmmisən?
Qəmli-qəmli notlara söykənmisən,
Susqunluğun adı nədi de, bilək?

Bəlkə qəlbin düşüb çətinlik,dara?
Səssiz, səmirsiz getmisən de, hara?
Nədən belə çəkilmisən kənara?
Susqunluğun adı nədi de, bilək?

Çağır, barı,qohum,qonşu ,yadını!
Saytlar da susub çəkmir adını,
Bəlkə könlünün başqa var qadını?
Susqunluğun adı nədi de, bilək?

Arayımmı görən polislə səni?
Salıblarmı qara saçına dəni?
Zalım ,niyə aramırsan ki,məni?
Susqunluğun adı nədi de,bilək?

Sən ki,mənim halımı soruşardın,
Bir həmdəmim,könlümə dostum,yardın,
Sən çox çətin Afəti unudardın…
Susqunluğun adı nədi de, bilək?

***
Dərd könüldən istirabı salası,
Ürək qəlbin hey yanında qalası,
Sevmə məni a zalımın balası,
Mən sevəndə dəli kimi sevirəm .

Sevgimizi bələyərəm beşiyə
Mat qalarsan baxışımda keşiyə,
Baxanmazsan pəncərədən eşiyə,
Mən sevəndə dəli kimi sevirəm.

Dəniz kimi çağlayıram bir anlıq,
Gülür günəş, işıqlanır qaranlıq.
Qocalıqdan geri dönür cavanlıq.
Mən sevəndə dəli kimi sevirəm .

Əzab dərdimi yuyuram bilirsən ?
Çaylar kimi qaynayıram bilirsən?
Uşaq kimi oynayıram bilirsən?
Mən sevəndə dəli kimi sevirəm.

Eşq paymın çoxumusan, azısan?
Fəsilimin baharısan, yazısan.
Afət dedi:-” hə ,de görüm, razısan”?
Mən sevəndə dəli kimi sevirəm.
***

Sənə şeir yazıram
Sevgim söz sətirimdi
Duyğularım bəndidi
Hecası ətirindi.

Sənə şeir yazıram
Misralarımda sənsən
Hər rədifdə,təkrirdə
Qafiyələrdə şənsən

Sənə şeir yazıram
Oxuyan duyur səni
Afətin ilhamında
Hamı oxuyur səni
***

Yollarımda çən görünür
Həyatıma qəm bürünür
Saçlarımda dən görünür
Yavaş yavaş qocalıram

Vərəqlədim sətir-sətir
Günlərimdən saat ötür
Bax deyəsən ömür bitir
Yavaş yavaş qocalıram

Hər dərd qəmə alış deyir
Talehinlə barış deyir
Alnımdakı qırış deyir
Yavaş yavaş qocalıram

Afətəm,gəl dinlə məni
Hər səhəri,hər gecəni
Gəmimdə yıxıb yelkəni
Yavaş yavaş qocalıram
***

Sənə ürəyimdə bir ev tikmişəm
Qapı,pəncərəsi yadımdan çıxıb.
Eşidən qınayıb,- əyridir deyib,
Ustalıq haçandan qadından çıxıb?

Sənə ürəyimdə bir ev tikmişəm.
Başında ban yoxdu, işığı qalıb.
Süfrə bəzəmişəm,hər şey düzmüşəm.
Canımı yeməyə qaşığı qalıb.

Sənə ürəyimdə bir ev tikmişəm.
Qidalan onunla,nuş olsun ömrüm!
Qoyma, sən yiyəsiz eşq yuvamızı,
Yadlar uçub ona quş olsun ömrüm.

Sənə ürəyimdə bir ev tikmişəm,
Qoy görən olmasın səni demişəm.
Hər şeyi bacardım,sevgidən başqa.
Üzməsin həsrətin məni demişəm.

Sənə ürəyimdə bir ev tikmişəm.
Başqa, özgələrdə gözüm olmasın.
Əgər ki mən sənə xəyanət etsəm,
Afət yaşamasın ,özü olmasın!

Yazıya 67 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.