Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu

Ulu Öndər Heydər Əliyevin misilsiz şəxsiyyətinin xalqımız üçün etdiyi möhtəşəm xidmətlərdən ən əsası ədəbiyyat, teatr və kino, musiqi və rəssamlıq kimi sahələrin dövlət tərəfindən qorunub, mühafizə olunması olmuşdur. Azərbaycan ədəbiyyatı mədəni-mənəvi dəyərlərin daşıyıcısı kimi ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin və ideologiyasının əsasını təşkil etmişdir. O, xalqın misilsiz sərvəti olan ədəbiyyata xüsusi önəm verərək, zəngin söz sənətimizi xalqımız üçün zəngin sərvət olduğunu qeyd etmişdir. Ədəbiyyatımızı xalqımızın milli sərvəti və intellektual mülkiyyəti hesab edən Heydər Əliyev şairlərimizə və yazıçılarımıza və onların əsərlərinə xüsusi dəyər vermişdir. O, bildirirdi ki, xalqımızda, millətimizdə milli hissiyyatları oyatmağın və milli özünüdərki, oyanışı, dirçəlişi saxlamağın ən əsas yolu ədəbiyyatdan keçir. Azərbaycan ədəbiyyatının tarixdəki ideya-bədii rolunu son dərəcə yüksək qiymətləndirən Heydər Əliyev Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm kimi XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılıqlarını dövrün ən qiymətli mükafatları ilə dəyərləndirmişdir. Ədəbiyyatımız daim onun diqqət mərkəzində olmuşdur. Tarixi şəxsiyyətin dünyanın qədim, böyük türk eposu olan “Kitabi–Dədə Qorqud”un 1300 illiyini dünya səviyyəsində təşkil edərək, dastanın azərbaycanlılara aid olduğunu bütün dünyaya sübut etmişdir. Bütün türk dünyası “Kitabi–Dədə Qorqud” dastanının ətrafında bir cəm olaraq, türk birliyini dünyaya nümayiş etdirmişdirlər. Ulu Öndərin müdrik Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyini 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsinin iştirakı ilə təntənəli şəkildə qeyd etdirməsi bütün dünyaya ədibin tarixinə, adət–ənənəsinə uyğun təfəkkürə sahib olduğunu sübut etdi. Heydər Əliyevin ədəbiyyata yanaşma şəkli demək olar ki, tamamilə siyasi idi. O, romantik Hüseyn Cavidin nəşini çox böyük çətikliklərlə uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağına qovuşdurdu. Azərbaycanda ədəbiyyatımızın görkəmli nümayəndələrinə İmadəddin Nəsimiyə, Hüseyn Cavidə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya, Səməd Vurğuna heykəllər qoydurması ədəbiyyata qayğısının bariz nümunəsidir. H.Əliyev müasiri olduğu ədəbiyyat adamlarına daim xüsusi qayğı ilə yanaşaraq, onları yüksək dövlət mükafatları ilə mükafatlandırmışdır. Müasiri olduğu İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Anarın, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun, Maqsud İbrahimbəyovun, Hüseyn İbrahimovun, Məmməd Arazın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Məhəmmədhüseyn Şəhriyarın, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun təntənəli surətdə yubileylərinin keçirilməsini təmin etmişdir. Ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət H.Əliyev Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində ədəbiyyatın əvəzsiz və misilsiz rolunu daim yüksək qiymətləndirmişdir. O, ədəbiyyatımıza göstərdiyi dəyərlə Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə də yüksək qiymət vermişdir. O, ədəbiyyatı xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan, inkişaf etdirən, yüksəldən kimi dəyərləndirmişdir. Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin bir kökdən qidalandığı fikrində olmuşdur. Ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz sözünü deməsində, dünyanı heyran qoymasında, şöhrətini qaldırmasında onun rolu danılmazdır. Azərbaycan ədəbiyyatının bütün sahələrinin sürətli inkişafında, geniş miqyasda təbliğində və böyük nailiyyətlər əldə etməsində Heydər Əliyevin xidmətlərinin rolu çox böyükdür. Onun himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan ədəbiyyatı dünya miqyasında tanınmışdır. Heydər Əliyevin ədəbiyyatımıza olan ən əsas qayğılarından biri də Molla Pənah Vaqifin məqbərələrinin inşa edilməsidir. O, çox sayda ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılmasında təşəbbüskar olmuşdur. Bununla da Azərbaycan milli ədəbiyyatının misli görünməmiş yüksəlişinə səbəbkar olmuşdur. Azərbaycan ədəbiyyatına yetərincə qayğı və diqqət göstərərək, gənc istedadlıların tapılıb üzə çıxarılması üçün xüsusi şərait yaratmışdır. Dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutan ədəbiyyat Heydər Əliyevində rəğbət bəslədiyi sahələrdəndir. Buna görə də, o, ədəbiyyatı dövlət siyasətinin bir parçası kimi qəbul edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biri olmuşdur. Onun dünyabaxışının formalaşmasında ədəbiyyatın xüsusi yeri olmuşdur. Dahi şəxsiyyət bədii ədəbiyyatın onun şəxsi taleyindəki böyük rolunu etiraf edərək, ədəbiyyatı çox sevdiyini və həqiqi insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın böyük rolu olduğunu bildirmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan şairlərinə və yazıçılarına qarşı olan xüsusi rəğbəti onun şəxsi keyfiyyətlərindən də xəbər verir. O, Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasına, Səməd Vurğunun “Azərbaycan” əsərinə, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına, “Molla Nəsrəddin” jurnalına, Üzeyir Hacıbəyovun “Koroğlu”suna, Hüseyn Cavidin “İblis” əsərinə xalqın milli-tarixi varlığının, mənəviyyatının tərkib hissəsi kimi baxmışdır. Azərbaycan ədəbiyyatını xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib gələcək nəsilərə çatdıran, xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi analiz etmişdir. O, ədəbiyyatda bədii düşüncəni, tarixililiyi, milliliyi və müasirlik prinsiplərini xüsusilə dəyərli sayırdı. Azərbaycan ədəbiyyatında millilik, tarixilik və müasirlik Heydər Əliyevin ədəbiyyat siyasətinin əsasını təşkil edirdi, çünki bu prinsiplər onun siyasi fəaliyyətinin təməlini təşkil edirdi. Heydər Əliyevin ədəbiyyata dair fikirləri onun geniş dünyagörüşündən xəbər vermişdir. “İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır” [4, s.251]. Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsasını millilik amili, tarixilik anlayışı və müasirlik prinsipi, ənənələrə bağlılıq təşkil edir. Onun əsas məqsədi Azərbaycanda möhkəm milli əsaslara malik, tarixi ənənələri qoruyub saxlaya bilən və müasir inkişafın önündə gedən ədəbiyyat formalaşdırmaq olmuşdur. O, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Sabir Rüstəmxanlı kimi sənətkarların ədəbiyyat vasitəsilə milli mücadilədə göstərdikləri xidmətləri yüksək qiymətləndirmişdir. Heydər Əliyevin ədəbiyyat uğrunda apardığı mübarizə dövlətimizin maraqlarına, respublikamızın reallıqlarına tamamilə uyğun olmuşdur. Ona bu çətin yolda ən böyük köməyi məhz ədəbiyyat xadimləri göstərmişdirlər. Millətin və ölkənin bütöv düşüncəsinin formalaşdırıldığı cəmiyyət ədəbiyyat faktorundan bivasitə asılıdır. Ədəbiyyatdan bu baxımdan məqsədyönlü şəkildə faydalanmağın mövcudluğunu dərk edən Heydər Əliyev Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində xüsusi diqqət yetirirdi. O anlayırdı ki, Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq üçün ədəbiyyatdan güclü vasitə yoxdur. Buna görə də, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasında ədəbiyyatçıların daha da məhsuldar olmalarına göstəriş vermişdi. Ədəbiyyat vasitəsilə Cənubi Azərbaycanla ədəbi əlaqələr möhkəmləndirildi, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində əlaqələr inkişaf etdirilib, genişləndirildi. Cənub ədəbiyyatı vasitəsilə Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atıldı və Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarlarla əlaqə yaradıla bildi. Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində Azərbaycanın xalq şairləri olan Süleyman Rüstəmin, Məmməd Rahimin, Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin xidmətləri danılmazdır. Onlar ictimai-ədəbi mühiti nəzarətdə saxlayaraq, əslən cənubi Azərbaycandan olan, lakin Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Bülluri, Söhrab Tahir, Əli Tudə kimi ədiblərin dəstəkləyiciləri olmuşdurlar. Dövlət xadimi Heydər Əliyevin ədəbiyyat sahəsində atdığı qətiyyətli addımlar sayəsində Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoyulmuş və möhkəm təməli atılmışdır. Onun məqsədyönlü siyasətinin genişlənib, möhkəmlənməsi nəticəsində Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi keçirilmişdir. Onun ədəbiyyat siyasəti Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Süleyman Rüstəmin, Qabilin, Məmməd Arazın, Mirvarid Dilbazinin ədəbi qayəsini xalqımıza daha aydın şəkildə çatdırmışdır. Bu sahədə aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılmasında, Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasında və dərindən mənimsədilməsində mühüm rol oynamışdır. Heydər Əliyev Azərbaycanı dünyada tanıtdırmaq üçün ədəbiyyatı bir vacib vasitə kimi seçərək onun sayəsində milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsinə və Azərbaycançılıq məfkurəsinin mənimsədilməsinə nail olmuşdur. Dahi şəxsiyyətin ədəbiyyat siyasətinin əsas prinsipləri odur ki, ədəbiyyat həm tarixi vəzifəsini ölkə daxilində, həm də Azərbaycandan kənarda həyata keçirə bilir. Bu prinsiplərin həyata keçirilə bilməsi baxımından Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların beynəlxalq miqyasda Azərbaycan xalqının və ölkəsinin nümayəndəsi kimi tanınmasına nail olunmaq çox vacib addımlardan olmuşdur. Ümumilikdə, H.Əliyev Əlyazmalar İnstitutunu, oradakı fondu, sənədləri, tarixi əsərləri Azərbaycan xalqının milli sərvəti kimi yüksək qiymət verirdi. O, Əlyazmalar İnstitutunun Azərbaycanın elmi potensialını yüksəltməsini və maddi və mənəvi mədəniyyətini qoruyub, inkişaf etdirilməsini həmişə dəyərləndirmişdir. Əlyazmalar Fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi və 1986-cı ildə paytaxtın ən gözəl binalarından birində yerləşdirilməsi H.Əliyevin misilsiz xidmətlərindən biridir. Əlyazmalar İnstitutunun Məhəmməd Füzulinin adını daşıması Heydər Əliyevin məntiqli qərarı ilə olmuşdur. Ədəbiyyat İnstitutunun Nizami Gəncəvinin, Dilçilik İnstitutunun İmadəddin Nəsiminin adını daşıdığını bildirən Heydər Əliyev Əlyazmalar İnstitutunun da məhz Məhəmməd Füzulinin adını daşımalı olduğunu vurğulamışdır. Onun bu qərarı Azərbaycan ədəbiyyatının inkişafında çox mühüm rol oynamışdır.

Ədəbiyyat siyahısı:

1. Heydər Əliyev və Azərbaycanda ədəbi proses // Heydər Əliyev zirvəsi (Naxçıvan Dövlət Universitetinun Elmi Əsərlərinin xüsusi buraxılışı). Naxçıvan: Qeyrət, 2008, səh. 89-90.

2. Heydər Əliyev və Azərbaycan folkloru // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 2, s.106-109.

3. Heydər Əliyev və klassik Azərbaycan ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 1, s.6-10.

4. Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı: Ozan, 1999, s.251.

5. Ümummilli lider Heydər Əliyevin Mirzə Fətəli Axundzadənin ədəbi irsi haqqında fikirləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2012, № 1, s. 8-11.

6. Ümummilli liderin ədəbi fikirləri haqqında / Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları, Bakı: 2012, s. 306-308

Nəsibə Murtuzayeva

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

 

 

 

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.