İlin təzələnməsi ömrümüzdən keçən zamandır. Fərqinə varmadığımız zaman. O, hər şeyi hiss olunmadan çalıb aparır, sanki yol kəsən quldurbaşıdır, xoşuna gələni də, gəlməyəni də götürüb gedir. Gözəlliyimizi, uşaqlıq, gənclik təravətimizi. Şəvə kimi qara saçlarımıza illərin tozu ələnir. Bəmbəyaz, qar kimi ağappaq tozu. Dağların başına qonan zirvə qarına bənzəyirik. Parlayan günəş də qızılı-çəhrayı şəfəqləri ilə o bəyazlığı əridə, dəyişdirə bilmir. Zaman fəsil-fəsil dünyanın rəngini dəyişdirir. Payız qışa ömrünü qatır, qış bahar sevgisinə qovuşur. Dünya bəyazlıq içində yuyunur, bahar yelləri külli-kainatı silkələyib oyadır. Sanki dağlar da bir boy boy atır, irmaqlar çayların ürəyinə yol tapır. Kükrəyir, çağlayır çaylar. Yatağına sığmır, laləli, kəklikotulu, yarpızlı düzlər üçün darıxır. Şırım-şırım, şırıl-şırıl axan sular dəyişib tanınmaz olur. Yay istisiylə, bürküsüylə gedən baharın həsrətini içimizə doldurur. Dağlara, düzlərə çıxırıq, sulara baş vururuq, yaşıl ormanlar ruhumuza sərinlik qatır. Təbiət min adda, min dadda süfrəmizi bəzəyir. Dünyanın rəngi, gərdişi çoxumuzu aldadır. Günəşə bənzəmək üçün altuna bürünürük, bir insanın bir anlıq sevincinə, kədərinə dəyməyən kirli kağız əskinaslarına kor oluruq. Saraylarda, qala-qala düzülən villalarda gizlənib, sanki özümüzdən, ömrümüzdən qaçırıq. Zaman axıb gedir, ay-ay, il-il, qərinə-qərinə, əsr-əsr keçib gedir. Onun sürətinə sürətimiz çatmır. Bir insan ömrünə bir içimlik su qədər zaman qatıb saxlaya bilmirik. Könlümüzdən, gözümüzdən sevincimiz, kədərimiz dünyaya boylanır. Axı yazıqdır, yazıqdır dünya! Bizi yaratdı ki, quraq, yaradaq! Bizi yaratmadı ki, vuraq, dağıdaq. Viranə bayquşları kimi xarabalıq axtaraq. Müharibə deyib ocaq altı qalayaq, taleləri yandıraq, arzuları kül edək. Durna qatarı kimi köçüb gedir zaman. Bizə ancaq onun arxasınca baxıb, əl yelləmək qalır. Zamanın zəngi çalınır. Hansı dayanacağındasa, bizi düşürüb, yoluna baş alıb gedir. Zaman ümid soraqlı olur, inama bükülüb əməllərimizi qoynunda saxlayır. Xoş əməl ölmür, xoş ovqat yaradıb yaşayır. Qırıq bir iynənin ucu qədər bir şey özüylə apara bilməyən insan, bəs niyə, niyə bu qədər sərvətə aldanır, təkəbbür atına minir? Allahın nifrətini, qəzəbini qazanıb, qara daş kimi torpağın altına köçür! Qarışır, qarışır torpağa insan! Biri gül olub günəşə boylanır, biri tikan, kol olub küləklər ağzında seynənir. Əllərə, ayaqlara bulaşır. Zaman yel qanadlı at kimi çapıb gedir, ay insan! Ağlın varsa, bir düşüncənə boylan. Hər ötən il ömründən, günündən bir pay qoparıb gedir. Bir də qayıtmayacaqsan bu ağlı, qaralı dünyaya. Hər ötən ili ömürdən sana, çal da, çağır da, ancaq bil ki, sənin içindən keçib gedəcək zamandır. Tanrı dərgahından gəldiyin, Tanrı dərgahına uzanan yoldur zaman! Zamana aldanma, bir əməl qoy, xoş əməl səni yaşada bilsin! Bir arzu çırağı yandır, gələn nəsillərin o çırağın işığına yığışsın! Ehhey, eşidirsənmi məni, ay insan?! Bir il də ötdü, bir də qayıtmayacaq il! Xoş əmələ bürün, xoş istək, xoş arzu olub günəş kimi zamanın üfüqündən boylan, fəcrin qızılı şəfəqləri kimi elə alış, elə yan ki, izin qalsın!!!
Bakı şəhəri, 01.01.2025.
Əzizağa Elsevər
Yazıya 30 dəfə baxılıb