Bakının sakit küçələrindən biri.
Küçənin ağzında iki böyük ev qarşı-qarşıya durub – ütü kimi ağır iki ev.
Evlərdən o tərəfə balaca bir bağ var.
Torpaq suyu hopduran kimi küçə də gündüz səslərini – danışıq, addım, təkər səslərini elə bil canına çəkib udub.
Bağ boşalıb, gülüşsüzləşib: skamyanın zolaqları yazı – ləkəsiz mil-mil dəftər vərəqlərinə oxşayır.
Tək bircə skamyada – üstünə qırıq qanad kimi ağac budağı sallanmış skamyada – iki nəfər bir-birinə qısılıb; oğlan qızın saçını sığallayır,
Bağ, küçə, evlər qaranlığa qərq olub. Yalnız sağ əldəki dördmərtəbənin bir pəncərəsindən gecəyə zəif işıq süzülür.
Hamı yatıb. Amma hamı səksəkəli yatıb.
Gecə təxminən saat iki radələrində küçənin səssizliyi xırçıltıyla iki bölündü – dördmərtəbəli binanın qabağında maşın dayandı.
Yeyin gələn və qəfil dayanan maşından paslı tormoz səsi ev sakinlərinin yuxularını sanki bıçaqla kəsib atdı.
Heç kəs yatağından durmadı. Heç kəs eyvana çıxmadı. Heç kəs pəncərəyə yanaşmadı.
Çarpayılarında uzanmış adamlar qulaqlarını bir nöqtəyə zillədilər.
Dördmərtəbəli evin birinci mərtəbəsində bir nömrəli mənzildə sinli ər-arvad yaşayırdı.
Bəşir kişi domkom idi.
Arvadının adı Züleyxa idi.
Züleyxa yuxuda kəndlərini görürdü. Komalarının bacasından ağappaq tüstü qalxırdı. Kimsə bərkdən çığırdı: ay qız Züleyxa, apar bu qab-qacağı pak elə, gətir, harda qaldın, ay qız? Züleyxa yaxınlaşıb çağıranı tanıdı – anası idi.
Domkom Bəşir yuxuda çay içirdi. Pürrəng çay armudu stəkanda ləzzətlə buğlanırdı.
Maşın dayanışı ikisini də birdən oyatdı. Dinləməyə başladılar: maşının qapıları açıldı.
Züleyxa pıçıltıyla:
–Allah, sən özün xətadan saxla, – dedi. İndicə gördüyü yuxunu yada salmaq və yozmaq istədi: Su – aydınlıqdı, anası…
Maşının qapısı çırpıldı.
Züleyxa:
–Allah, sən özün xətadan saxla, – dedi.
Addım səsləri eşidildi. Addım səslərinə görə Bəşir gələnlərin neçə iəfər olduğunu təyin etməyə çalışırdı: üç, ya dörd.
Binanın giriş qapısı açıldı.
Addımlar lap yaxında eşidilirdi – Bəşirgilin qapısının ağzında.
“Görəsən bu gecə kim getdi?” – Bəşir bu barədə düşünürdü.
Addım səsləri onların qapısından ötdü.
Bəşirin qapısıyla üzbəüz iki nömrəli mənzildə qoca dul bir arvad – Zəhra qarı yaşayırdı. Onun iki otağı vardı. Kişisi rəhmətə gedəndən bəri otaqlarının birini kirayə vermişdi.
Zəhra xalanın qulağı bir az ağır eşidirdi, özü də bərk yatırdı. Qulağının dibində top da atsaydılar oyanmazdı. İndi də oyanmadı.
Kirayənişini Səkinə adlı makinaçı idi. Səkinə otuz iki yaşlı, mülayim xasiyyətli, sifəti çirkin, başıaşağı bir qız idi.
Maşın qapıda dayanan kimi o dərhal oyandı. Nigarançılıqla dinləməyə başladı. Addım səsləri onların mənzilinə yanaşdığı müddətdə Səkinənin başından əlli iki min fikir keçdi. Fikirlər onun beynində civə kimi xırda-xırda bölünüb dığırlanır, yenə qayıdıb toplanır, yenə parçalanır, yenə birləşirdi… Yaxşı, bircə hərfin üstündə ola bilməz, Əhmədovdan başqa heç kəs bilmir, Əhmədov heç belə şey edər? Yox-yox, düzdü söz mühüm sözdü, gərək elə-belə sözdə çaşaydım, andıra qalmış “z” hərfi gərək elə “p” hərfinin yanında olaydı. Yox, inanmıram, Əhmədov elə şey etməz. Amma adamdı bilmək olmaz, bəlkə öz canının qorxusundan… yox, qorxaq adam deyil, yaxşı, axı kabinetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə məndən ürküb. Mən də gərək elə–belə sözdə səhv eləyəydim, yəni kimin ağlına gələ bilərdi ki bir hərflə belə məna dəyişər indi necə isbat eləyəsən ki qəsdən yox, təsadüfən belə çıxıb, axı niyə qəsdən eləyim. Balaca adamam kimlə nə işim var, yüz varaq şey yazıram bir hərf, əşi yox Əhmədov kişi adamdır məni teztez danlasa da elə namərdlik eləməz, yox, yox, ola bilməz inanmıram, amma nə deyəsən yox axı…
Səkinə başının altından özü tikdiyi naxışlı dəsmalını çıxarıb alnından soyuq təri sildi, addım səsləri pilləkənlərdən eşidilirdi.
İkinci mərtəbədə üç nömrəli mənzil Surxayın mənzili idi. Surxay subay bir memar idi. Küçəyə süzülən işıq onun pəncərəsindən süzülürdü. Surxay işləyirdi. O, yeni məktəb binası layihəsini qurtarıb sabah təhvil verməli idi. Odur ki, bütün gecəni işləyirdi.
Surxayın başı layihəyə elə qarışmışdı ki, heç nədən xəbəri yoxdu. O nə qapılarında dayanan maşının tormoz xırçıltısını, nə də addım səslərini eşitmişdi. İndi addımlar lap onun qapısının ağzında səslənəndə də eşitmədi, addım səsləri ötüb keçdi. Dörd nömrəli mənzilə tərəf yönəldi.
Dörd nömrəli mənzildə yaşayan Qurban kişi köhnə firqəçi idi.
Son üç ay ərzində hər gecə Qurban kişi çarpayının yanına iki dəst təmiz alt paltarı, diş tozu, dişsilən və üç parça sabun qoyurdu – hələ lap cavanlıqdan dostları ona vasvası deyirdilər.
Maşın dayanan kimi Qurban kişi gözlərini açdı. O hələ yuxulamamışdı. Axır vaxtlar pis yatırdı. Amma sakit və toxtaq idi.
Addım səsləri pillə-pillə qalxanda Qurban kişi: deməli, 37-ci il aprelin 14-ü, – deyə düşündü.
İnsan ömrünün bir neçə ən vacib günü olur – yaddaşında həkk olunan günlər, doğulduğu gün, ilk sevgi günü, ata-analıq günü, əzizinin matəm günü, böyük ümidinin doğulduğu gün – yaddaşında həkk olunan günlər, bir də bir gün – yaddaşda həkk olunmayan, yaddaşın sönən günü – ölüm günü – insan ömrünün ən vacib günləri.
Addım səsləri Qurban kişinin qapısına tərəf yaxınlaşdı.
Qurban kişi: “14” aprel deyə bu rəqəmi təkrar edir və nədənsə ömrünün ən vacib günlərini yaddaşında canlandırırdı.
7 dekabr. 1903-cü il. İlk gizli tələbə yığıncağı. 18 avqust.
1904-cü il. İlk tələbə nümayişi.
28 aprel. 1920-ci il. Bakı. İnqilab səhəri.
22 fevral.10 sentyabr. 8 iyul.
çar sürgünləri, inqilab illəri vətəndaş müharibəsi.
5 oktyabr. Filankəslə son ciddi toqquşma.
Bu gündən bəri keçən yeddi ay ərzində Qurban kişi ömrünün bir vacib gününü, daha doğrusu, bir vacib gecəsini də gözləmişdi. Hər gecə gözləmişdi. Bu gecəni gözləmişdi.
“Deməli 14 aprel gecəsi”.
İndi artıq Qurban kişi bu tarix haqqında yox, başqa bir tarix haqqında düşünürdü. O bilirdi ki, bu gecə ömrünün vacib tarixlərindən biri olsa da, son vacib tarix deyil. O bilirdi ki, ömrünün bir vacib günü – bir vacib səhəri də var. Doğruya, ədalətə açılan səhər. Bu səhər haçan açılacaq? Hansı gün?
Hansı ay? Hansı il?
Addım səsləri Qurban kişinin qapısına dirəndi.
Qurban kişi qapıya durmaq üçün çarpayısında dirəkləndi, ayağını sallayıb qaranlıqda gecə məstini axtardı. Yalın ayaq döşəməyə toxunub üşüdü, əsasıyla yol axtaran kor kimi qaranlıqda vurnuxub məsti tapdı.
Qurban kişi sağ ayağını məstə keçirdi, sol ayağını keçirmədi, hərəkətsizləşib qaldı, pillə-pillə uzaqlaşan addım səslərinə təəccüblə qulaq verdi.
Üçüncü mərtəbədə iki mənzil vardı.
Beş nömrəli mənzil iki həftə bundan qabaq boşalmışdı. Orda Fərəc adlı bir bəstəkar yaşayırdı. Hələ mənzilə heç kəs köçməmişdi.
Altı nömrəli mənzildə isə Cavanşir adlı bir nəfər, onun arvadı Tavus və altı yaşlı qızı Rəna yaşayırdı.
Maşın döngəni burulan kimi Tavusun belində gəzən əl – Cavanşirin sağ əli – hərəkətsizləşib dondu. Bir az sonra Cavanşir arvadından aralanıb dik atıldı. Tavus da gərginləşib susdu. Dinləməyə başladılar.
Balaca Rəna mışıl-mışıl yatırdı: yuxusunda böyük, işıqlı, mavi rəngli pəncərə görürdü – pərdəsiz bir pəncərə. Kimsə ona say öyrədirdi: bir, iki, üç, dörd, beş.
Bir, iki, üç, dörd, beş. Bir, iki, üç, dörd, beş.
Maşın dayanıb addım səsləri binada eşidilən kimi Cavanşir Tavusa yalnız bircə kəlmə söz dedi:
–Qurban.
Yəqin bunu deməyə onun əsası vardı. İki həftə bundan qabaq beləcə maşın səsi gələndə də Cavanşir arvadına bircə kəlmə söz demişdi:
–Fərəc.
Mətləbdən təzə agah olanda Tavus bir müddət qaş-qabağını salladı. Cavanşir “Sən arvadsan, – dedi. – kişi işinə qarışma”. İki gündən sonra Tavusun qaş-qabağı açıldı. “Mənim nə işimə, – deyə fikirləşdi. – Kişidi, özü bilər”. Həm də bu müəyyən dərəcədə arxayınçılıq demək idi. Onlar barışan gecə Cavanşir arvadının boynunu öpə-öpə pıçıldayırdı: “Mən heç nə uydurmuram, artırmıram, soruşanda bax, bu iki qulağımla eşitdiyimi deyirəm”.
Addım səsləri Qurbanın qapısından ötüb pilləkənləri qarmaqlayanda yataq ər-arvadı dalamağa başladı? Cavanşir əlini çarpayının yanından asdığı pencəyinin cibinə atdı, titrəyən barmaqlarıyla damağına papiros apardı. Yandırmadı, quruyub qaldı, dinlədi, pusdu, diqqətlə, diqqətlə dinlədi.
“Bəlkə səhv salıblar, – deyə düşündü, – yaxşı, bilmirlər məgər ki, bu mərtəbədə yalnız iki mənzil var. Beşinci boşdu, altı da ki, mənimkidi…”.
–Bura bax, Tavus, sən artıq-əskik danışıb eləməmisən ki…
–Nə deyirsən, ay Cavanşir.
–Axı sənin o podruqaların ağızlarını allah yoluna qoyub axvayı danışmağa pərgardılar.
–Ay Cavanşir, iki ay bundan qabaq səninlə danışdıq qurtardıq. Ondan sonra heç biri buraya ayaq basmayıb, mən də ki, onların üzünü görməmişəm. Özün ki, məndən yaxşı bilirsən bütün tanışlarla, qohumlarla salam-kəlamı kəsmişik. Heç kəslə durub-oturmuruq.
Addım səsləri beşinçi mənzilin qabağından ötdü.
–Ay Cavanşir, – Tavusun səsi əsirdi. Bilmirdi desin, deməsin. Axır qərara gəldi, hər halda Cavanşir bilsə yaxşıdır, – Bilirsən, Rəna köpəyin qızı yenə o havanı oxuyurdu.
–Nə? – Cavanşir yerindən dik atıldı.
Sonsuz, dul bəstəkar Fərəc nədənsə bütün mehrini balaca Rənaya salmışdı. Təzə yazdığı məzəli uşaq mahnılarını ona öyrədirdi.
Srağagün Cavanşir qəzetlərə baxıb dünyanın işlərindən xəbərdar olurdu, birdən ilan çalmış kimi sıçradı: dünyanın işlərindən bixəbər olan Rəna balaca gəlinciyini yatızdırır, layla çalır, xalq düşməni Fərəcin yazdığı mahnını zümzümə edirdi.
Cavanşir özünü elə itirdi ki, qızına, ya arvadına bir şey izah etməmişdən qabaq o biri otağa atılıb Rənaya, bir–iki şapalaq çəkdi, handan-hana sakitləşəndən sonra Tavusa dedi ki, bir də küçüyünün dilindən belə şey eşitsəm özündən küs.
Addım səsləri Cavanşirin qapısına yapışdı.
Tavus nəfəsi kəsilə-kəsilə:
–Dünən gördüm yenə oxuyur, – dedi. – Yapışdım qulağından, deyir, ana, mən yadımdan çıxarmışdım, indi oxuyuram görüm hamısı yadımdan çıxıb, yoxsa yox.
Bu sözləri deyib Tavus əcaib bir iş etdi – gülümsündü.
Bu il, bu gecə, bu dəm bu mənzildə gülüş Cavanşirə ən ağır xəyanət idi. O, Tavusun qolundan tutub:
–Sus görüm, – dedi və söydü.
Addım səsləri onların qapısından qopub aralandı. Cavanşir əsəbi hərəkətlə papirosunu odladı.
–Ay-hay, kül ağlıma, – dedi və güldü. – Tamam yadımdan çıxıb. Axı yuxarıda bir mərtəbə də var.
–Dördüncü mərtəbədə, – deyə Tavus ağlamsındı. Söyüşü hələ də onun qulağını yandırırdı.
“Dördüncü mərtəbə!” – deyə Cavanşir düşündü. Dördüncü mərtəbə? Kim ola? Kapitan? Neftçi?”.
Dördüncü mərtəbədə iki mənzil vardı.
Yeddi nömrəli mənzildə Salayev yaşayırdı. O, Həştərxana gedib-gələn gəminin kapitanı idi. Həftədə üç gün evdə olurdu. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə – dörd gün dənizdə.
“Bu gün cümədir – deyə Cavanşir fikirləşdi. – Deməli neftçi Zeynallı? İşə bax. Kim deyərdi. Forsu adamı yıxırdı. Axır vaxtlar heç salam–zad da almırdı”.
Cavanşir qulağını şəkləyib dinləməyə başladı.
Addım səsləri yeddi nömrəli mənzilin qabağından ötüb səkkiz nömrəli mənzilin qarşısında susdu.
Sonra səkkiz nömrəli mənzilin qapısı döyüldü. Bərkdən döyüldü. Bütün ev eşitdi.
Altı nömrəli mənzildə Cavanşir düşünürdü: deməli belə. Vətəndaş Murad Zeynallı. Forsuva ki! Üç böyük işıqlı otaq da boşaldı. Görəsən kim köçəcək. Amma heç Zeynallının bozburutundan deyərdin ki, işləri yaşdı?”.
5 nömrəli mənzildə… 5 nömrəli mənzilin qapısı möhürlənmişdi.
4 nömrəli mənzildə Qurban kişi var–gəl edir, düşünür, düşünürdü. “Bəlkə, birtəhər eləyib Moskvaya gedim, məktubu şəxsən özüm aparım. Görək…”.
3 nömrəli mənzildə Surxay işləyirdi.
2 nömrəli mənzildə Səkinə için-için ağlayırdı. Zəhra qarı yatmışdı. Yuxu görmürdü.
1 nömrəli mənzildə domkom Bəşir arvadına öyüd-nəsihət verirdi:
–Arvad, boş-boş danışma, – deyirdi. – Təqsirsiz heç kəsi aparmazlar. Görəsən nə qələt elayib. – Sonra o, dərindən ah çəkib əlavə etdi: – Eh! Süleymana qalmayan dünya, kimə qalacaqsan?
Dördüncü mərtəbədə 8 nömrəli mənzilin qapısı açıldı, içəri girdilər. Bir qədər sonra addım səsləri eşidildi.
Addım səsləri mərtəbə-mərtəbə endi. Binanın çöl qapısı açıldı, bağlandı. Maşın işə salındı. Maşın hərəkətə gəldi. Maşın səsi uzaqlaşıb itdi.
Küçənin sükutu sanki səsləri canına çəkib hopdurdu.
Qaranlığa qərq olmuş binada yalnız bircə pəncərədən gecəyə işıq süzülürdü.
Bağda – üstünə qırıq qanad kimi ağac budağı əyilmiş skamyada – oğlan qızın dodaqlarından öpürdü.
Səhər tezdən domkom Bəşir fırça və rəng dolu vedrə götürüb dəhlizə çıxdı.
Dəhlizdə qara bir lövhə üstündə ağ hərflərlə ev sakinlərinin ad-familləri yazılmışdı. Yalnız 5 nömrəsinin qarşısındakı famil qaralanıb oxunulmaz olmuşdu. Domkom Bəşir onu iki həftə bundan qabaq qaralamışdı.
Bu səhər də domkom Bəşir qara vedrəsini və fırçasını götürüb dəhlizə çıxdı.
Saat yeddi idi.
İşə tələsən ev sakinləri Səkinə, Cavanşir, Tavus dəhlizdə rastlaşdılar. Bir an ayaq saxlayıb domkom Bəşirə baxdılar.
Səkinə üşüdü, örpəyini boynuna bir də doladı.
Bəşir kişi fırçanı qaldırıb “Zeynallı” familinə yaxınlaşdırdı.
Birdən…
Cavanşir və Tavus diksindilər.
Səkinə örpəyinin saçaqlarından yapışdı.
Domkom Bəşir durduğu yerdə mat-məəttəl donub qaldı.
Dəhlizin çöl qapısından boz sement döşəməyə çəpəki işıq düşürdü. Qapının açıq qanadından küçənin bir hissəsi, qarşıdakı evin pəncərəsi, pəncərənin məhəccərinə düzülmüş yaşıl səmənilər görünürdü.
Ancaq dəhlizdəkiləri mat-məəttəl qoyan başqa şey idi.
Qapıda 8 nömrəli mənzilin sakini neftçi Murad Zeynallı dayanmışdı.
Murad domkom Bəşirə, lövhəyə, fırçaya, vedrəyə baxdı və dərhal hər şeyi başa düşdü, ancaq qapıdan çəkilmədi.
Cavanşir:
–Bəs… siz… dünən gecə… maşın… – deyə dolaşıq kəkələdi.
Bəşirin arvadı Züleyxa da qapıya çıxdı. O da təəccüblə Murada və dəhlizdəkilərə baxdı.
Yuxarı mərtəbədən pillələri tez-tez düşən bir adamın addım səsləri eşidildi. Surxayın qoltuğundakı layihə kağızları boru şəklində burulmuşdu,
Murad güləndə ağzı qulaqlarının dibinə gedirdi, dümağ sağlam dişləri görünürdü. Murad:
–Bədniyyət olmayın, – dedi. – Təcili yardım maşını idi. Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu.
Tavus əlini alnına çırpdı, – aaa, vaxsey, – dedi..– Tamam yadımdan çıxıb. Fəridə axı qarnı burnunda gəzirdi.
Züleyxa:
–Doğrudan a, heç ağlımıza gəlməyib, – dedi. – Allah saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla.
Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı.
Səkinə nədənsə qızardı. Başını aşağı saldı.
Taqqıltı eşidildi, fırça domkom Bəşirin əlindən sürüşüb yerə düşdü.
Surxay:
–Gözün aydın, təbrik edirik, – dedi və tələsik çıxıb getdi.
*** Bu gecə dünyaya gələn uşaq mən idim.
*** Hər ildə müxtəlif günlər olur, sevincli, kədərli günlər.
İş günləri, bayram günləri, matəm günləri.
Amma elə illər var ki, insanların hafizəsinə birrənglə həkk olunur.
Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq.
Biz böyüyəndə bildik ki, bu qara il olub, xalq yaddaşında qorxu, nigarançılıq ili kimi qalıb.
Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir. Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il.
1964
Yazıya 52 dəfə baxılıb