Günay Səma Şirvan — Mənə “Günəş” gətir

DSCN6042
Sinif iclasında  valideyn himayəsindən məhrum uşaqlara mənəvi dayaq olmaq üçün Uşaq evlərindən birinə getmək qərara alınandan qəribə hisslər keçirirdim. Oxuduğum müxtəlif kitablar, seyr etdiyim filmlər, oradakı uşaq evlərinin təsviri, tərbiyəçi – uşaq münasibətləri və s. haqqında düşüncələr beynimi yorur, psixoloji gərginliyimi artırırdı. Nəhayət,həmin gün yetişdi.
Bizi həyətdə Uşaq evinin müdiri qarşıladı. Təbəssüm və xoş sözlərlə addımımızı alqışlayıb, təşəkkür etdi. Əslində,32 sinif şagirdi və 8 valideynin iştirak etdiyi qrupumuzla görüş həyətdə keçirilməli idi. Sinif rəhbəri ilə öncədən razılaşdırıldığı üzrə, biz, 3-7 yaş arası 43 uşaqla görüşməli, müəyyən oyunlar oynamalı , gətirdiyimiz hədiyyələri onlara bağışlayıb, geri qayıtmalı idik. Əsas məqsəd, həm, Yurdda olan uşaqların özlərini tənha hiss etməmələrini saxlamaq, həm də, bizim uşaqlara sahib olduqlarını dəyərləndirmək bacarığını aşılamaq idi. Lakin dünyaya göz açandan, onun ağır sınaqları ilə üzbəüz qalıb, ayaqda duran uşaqları sevindirməyə o qədər tələsirdik ki, həyəcandan bir qədər tez gəlmişdik. Ona görə, müdirə xanım bizi Uşaq evini gəzməyə dəvət etdi.
Şəkilli divarlarlla bəzənmiş uşaq otaqları, təmiz dəhlizlər, oyun, kitab zalı, əl işləri ilə bəzənmiş otaqlar bir-birini əvəzlədikcə uşaq evinin əməkdaşlarının valideyn himayəsindən məhrum balacalara nə qədər qayğı, sevgi göstərdiklərinin şahidi olduq.
Əvvəlcə qızlardan ibarət azyaşlıların, sonra isə oğlanların qrupunu  ziyarət etdik.
10 yaşlı şagirdlərin 3-5 yaşlı körpələrə necə qayğı ilə yanaşdıqlarını, nəvazişlə danışdıqlarını, qısa vaxt ərzində maraq dairələrini onlarla paylaşmağa çalışdıqlarını  görəndə kövrəlməmək mümkün deyildi. Hədiyyə yağışına düşmüş azyaşlılara şirin sözün, mehriban təbəssümün nə qədər önəmli olduğunu hər kəs hiss edirdi.
Uşaq evini gəzərkən,yataqları təmiz, qrupları qənaət bəxş görünən körpələrin qida ilə təmin edildikləri yeməkxananı görməsəydik kaş…  (amma bu nəyi dəyişir ki?)Burada bütün valideynlərin diqqətini üstünün emalı qopmuş dəmir fincanlar çəkdi. Hər kəsin sinəsindən bir odlu “ah” qopdu. Nə qədər ailə və uşaq evləri arasındakı fərq azaldılmağa çalışılsa da, “Detdom”un acı üzü görsənirdi.
Elə alındı ki, geri qayıtmağa hazırlaşan zaman çoxu ilə indicə görüşdüyümüz körpələri gəzintiyə çıxardılar. Təbiətən xeyirxah olan 3″b” sinfinin şagirdləri  onları əyləndirməyə, kiminə maşın sürməyi öyrətməyə(balacalara aldıqları hədiyyələri özləri ilə götürməyə icazə vermişdilər), kimi ilə asfalt üstündə şəkil çəkməyə başladılar.
Bir qrup balacanın şən oyununa qoşulmaq üçün onlara yaxınlaşdım.. Elə bu vaxt kimsə ayağıma sarıldı. İLAHİ!?! Balaca bir qız idi. Aşağı əyildim, qollarını açdı. Qucağıma aldım, boynuma sarıld. Düzü gözləmirdim. Gözlərim doldu.
Qızım  yaxınlıqda idi: -Ana, ağlama, o səni sevdi, sadəcə..
Özümü ələ almalıydım. Uşaq qorxa bilərdi.
–Sənin adın nədir? -sordum.
-Sonya.
Balaca əlləri ilə üzümü ovcuna aldı. Barmaqları islandı, deyəsən. Əllərinə baxdı.
–Sonya, gedək şəkil çəkəkmi?
–Gedək.
Təbaşir götürürük.
–Gəl Günəş çəkək.
–Çəkək.
Və birlikdə həyat rəmzi olan gülümsəyən bir Günəş çəkirik. Onun sehrli qüvvələrin köməyi ilə Sonyanın həyatına doğacağı inamı ilə. (Sonya dedi ki, “bu sadə Günəş deyil, sehrlidir.”)

Uşaq evləri… Yəqin dünyanın ən qəmli köşəsi buradır. Görməməli olduqlarını görən, görməli olduqlarına həsrət qalan uşaq evlərinin suçsuz sahiblərinin günahı kimdədir: onları atan,aramayan bioloji  valideynlərdəmi,  bəxtdəmi, taledəmi, Tanrıdamı? – Bilmirəm.
Divarlardakı bütün rəngli rəsmlərə, pəncərələrdəki həmişəyaşıl bitkilərə, yataq üzlərindəki  cizgi qəhrəmanlarının gülümsər, xoşbəxt simalarına baxmayaraq Yurddakı uşaqların gözündə silinməyən bir qüssə vardı: taleyin onlara hazırladığı gələcək zərbələrə qarşı duk dura bilmək üçün içində bərkidikləri qəm-qüssə.

Ayrılanda, Sonya boynuma sarılır.
— Sən yenə gələcəksən?
–Gələcəyəm, Sonya. Sənə nə gətirim?
–Günəş.

Sinəmdən asılmış ağır bir daşla  maşın karvanına sarı yollanıram. Yolda 8 yaşlı oğlum doluxsunmuş halda  köksümə sıxılır:

— Ana, Tanrının  onlardan xəbəri varmı?
Sən həmişə deyirsən, Tanri hər şeyi görür, bilir. Gəl onlar üçün dua edək.

P.S. 5-6 ilin söhbətidir.İnəyimizin  üç günlük buzovu ölmüşdü.  Heç kimi yaxına qoymur, balasını dayanmadan yalayır, öz dilində nəsə deyir, onu ayağa qaldırmağa çalışırdı. Heyvanın gözündən yaş sel kimi axırdı. Bir gün sonra onu bir təhər aldadıb suvarmağa çıxardılar, balanı götürüb basdırdılar. Qayıdıb, balasının ölüsünü görməyən inək, yerə-göyə sığmırdı. Sonra buzovunun yerinə uzalı qaldı üç gün… Anam onun ölmüş balasına ağı deyə-deyə birtəhər özünə gətirdi heyvanı…
Anam hey təkrarlayırdı: İnsanlar daşlaşıb, heyvan balasını insandan çox istəyir.

Yazıya 943 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.