Albert MALTS məşhur Amerika yazıçısıdır. Onun hekayələrini ingilis dilindən Azərbaycan türkçəsinə Akif ABBASOV tərcümə etmişdir. İlk olaraq yazıçının “Küçə tinində hadisə” adlı hekayəsini təqdim eidrik:
Yanvar ayı… Adi bazar günlərindən biri… Günorta vaxtı… Qaranlıq küçənin üstünü duman almışdı. Adətən burada gediş-gəliş az olsa da, bu gün nədənsə tinə bir dəstə adam yığışmışdı.
Gənc kişi lül-qəmbər idi. Sifəti küt və donuq ifadə almışdı. Gözlərinə baxanda elə bilirdin yatıb. Yuxulu adamlar kimi tərpənirdi. Bununla belə, özünü həddindən artıq inadlı və tərs aparırdı. Belə möhkəm inadkarlıq və tərsliklə nəsə bir oyun düzəltmək istəyirdi.
Aradan çıxmaq istəyəndə, iki polis nəfəri onun qarşısını kəsdi. Onlar gənc və qüvvətli idilər. Birinin otuz yaşı olardı. Yaraşıqlı, əzələli sifəti vardı. Dodağında balaca bir çapıq da görünürdü. O biri nisbətən yaşlı, üzü isə ətli və turp kimi qıpqırmızı idi. Sanki uzun illər küləyin, şaxta və sazağın qabağında əsir-yesir olmuşdu.
Hərəsi sərxoşun bir qoluna girdi. Kefli var qüvvəsilə, inadla o yan, bu yana dartındı. Polis nəfərləri də onunla birgə ləngər vurdular. Onlar su keçirməyən plaş geyindiklərindən sərbəst hərəkət edə bilmirdilər. Hərdən plaşın düymələrini açmağa cəhd göstərsələr də, sərxoş var gücü ilə çabalayır, Onlar istədiklərinə çata bilmirdilər. Ətrafda böyük bir izdiham əmələ gəlmişdi. Kişilər sükut içərisində idilər. Bəziləri intizar və təşvişlə baxsalar da, başqalarının gülməkdən dodaqları əyilmişdi. Hamı diqqətlə və inadla baxırdı.
Birdən sərxoş arxası üstə yıxıldı. Polis nəfərləri onun müvazinətini güclə tarazladılar. O əzilmədi, çünki onu havada tutdular. Sonra qırmızısifət polis nəfəri özünü cəmləşdirib yoldaşına :
-Bir az onu saxla, dedi və plaşını soyunmağa başladı. Kefli özündə deyildi. Gözləri yumulu olduğundan, sarı saçları sifətinə töküldüyündən lunatikə oxşayırdı. Lakin yenə də inadından əl çəkmir, öz xoşuna polis nəfərləri ilə getmək istəmirdi.
Qırmızısifət kişi plaşını soyunub tamaşaçılardan birinə – şlyapa qoymuş balaca kişiyə sarı döndü:
– Xahiş edirəm, saxlayın.
Kişi plaşı alıb qolu üstə aşırdı. Polis nəfəri acığından zəncir çeynəyə-çeynəyə dizlərini azad edib var gücü ilə yuxarı qaldırdı:
– Al, məlun.
Dizin sümüyü zərblə sərxoşun sifətinə toxundu və burnunu əzdi. Kütlədən boğuq qışqırtı qopdu. Bu yalnız təəssüf hissi idi. İrəli yeriyib kömək əlini uzadan tapılmadı.
Sakitlik çökdü. Polis nəfəri qalxanda sərxoş da əllərini özünə dayaq edib qabağa əyildi. Daha canını qurtarmaq hayına qalmırdı. Başı sinəsinə dirənmişdi. Sanki ağır olduğundan onu boynunun üstündə saxlaya bilmirdi. Boynunun ağ dərisi altında ölgünləşmiş əzələlər titrəyirdi. Burnundan axan qan kəsildisə də, ara-sıra iri qırmızı damcılar səkidəki qan “gölməçəsinə” düşməkdə idi.
Bir dəqiqə keçdi. Yoldan ötənlər camaata yan alır, bu mənzərəyə daha yaxından tamaşa etmək üçün münasib yer axtarırdılar. Tezliklə, səkidəki sərxoşu üzük qaşı kimi dövrəyə aldılar.
Polis nəfərləri dönüb əvvəlcə divar dibinə toplaşmış adamlara, sonra yenidən aşağı baxdılar. Divar dibindəkilər get-gedə sıxlaşdıqca, polis nəfərləri də geri çəkilirdilər. Birdən sərxoş başını qaldırıb, ucadan zarıdı:
– Ay ana! Ay-y…
İzdiham canlandı. Səslər eşidilməyə başladı. Cavan kişi adamları yarıb irəli çıxdı. Qəzəbindən onun sifəti səyriyirdi:
– Nə edirsiniz? Onu bu vəziyyətdə qoymaq olmaz. Nə edirsiniz?
Polis nəfərləri cəld ona baxdılar. Baxışlarından görünürdü ki, özlərini itiriblər. Nə edəcəklərini bilmirdilər. Qırmızı sifət əl-qolunu ölçdü:
– Düz yarım saatdır onunla çənə-boğazıq.
Sərxoş təzədən inildədi. Aldığı zərbənin gücü və keçirdiyi ağrı onun zarıltısından bilinirdi. Biçarənin başı aşağı sallanmışdı. Burnundan axan qan nimdaş paltosunun yaxalığında laxtalanmışdı. Camaatın arasından bir kişi qışqırdı:
– Onu yerə uzadın, başının altına bir şey qoyun.
Kimsə irəli yeriyib sərxoşa sarı əyildi və dəsmalı onun burnuna tıxadı. Sonra onu çəkib səkiyə uzatdılar. Polis nəfərləri təlaş içərisində baxırdılar. Onların alınları düyünlənmişdi.
Yenə bir müddət sakitlik oldu.
Naməlum qadın tini burulub adamlara yaxınlaşdı. O, 35 yaşlarında zəif, əldən düşmüş, balaca bir qadın idi. Eybəcər dişləri dodaqlarından kənara çıxırdı. Onun solğun sümüklü sifətində mərhəmət qığılcımları parladı. Özünü camaatın arasına soxdu. Divara söykənmiş bədənlər arasından yapışqan içərisindən keçən nazik məftil kimi sivişdi. Səkidə uzanmış kişiyə baxdı. O dəqiqə rəngi ağardı. Sonra elə bil onun bədəninə elektrik cərəyanı buraxdılar. Çığırmağa başladı.
– Polislər, sizin dabbaqda gönünüzə bələdəm! Binəva kişini siz döymüsünüz! Bilirəm! Belə əclaflıq ancaq sizin əlinizdən gələr.
Gənc polis nəfəri ona tərəf çevrildi. Sifəti hirsindən od tutub yanırdı:
– De görüm, nə bilirsən?
– Bilirəm, bəli, – deyə qadın onun üstünə çımxırdı. -Bir gün siz də al qanınıza bulaşarsınız! Darıxmayın, bu gündən sizin üçün də var.
Polis:
-Xarabana get! – deyə bağırdı. Onun səsindən hədə yağırdı. – Yaxşısı budur çıx, get.
Qadın isə dil boğaza qoymurdu. Onun kəskin səsi getdikcə artır, bədəni əsim-əsim əsirdi:
– Donuzlar! Pinti donuzlar! Bir vaxt iki dənə pinti donuz məni də dustaqxanaya salmışdı…
Polis qışqırdı:
-Xarabana get. – Səni də tanıyarıq. Get evə, çıx get.
Acığından oğlanın sifəti öz görkəmini itirmişdi. Qırmızısifət polis izdihamın arasına soxuldu. O:
– Küçəni tamam tutmusunuz. Dağılın! – deyə bağırdı. Dağılın!
Onun qarşısındakı adamlar ikiyə bölündülər. O, dar küçəni təmizləyib geri qayıtdı. Düzbucaq şəkilli divarın ətrafı yenə də adamla doldu. Üzükvari mühasirə yenidən bərpa olundu. Polis heyrət və diqqətlə baxdı. Sonra əl-qol atıb:
– Yarım saatdır onunla əlbəyaxayıq, – dedi.
Cavab verən olmadı. Bayaq qışqıran qadın sərxoşu süzdü. Sərxoşun köpü çoxdn yatmışdı. Yalnız dikəlmək istəyirdi. Sifəti və pencəyi qana bulaşmışdı.
Qadın qətiyyətlə və eyni zamanda, gözlənilməz sakitliklə danışırdı:
– Eyib etməz. Gözləyin. Sizin də burnunuzu ovan tapılar.
Sonra o buraya necə gəlmişdisə, eyni cəldliklə çıxıb getdi. Yenə sakitlik… Polis nəfərləri camaata baxdılar. Əksəriyyəti kişi idi. İrland fəhlələrinə oxşayırdılar. Bazar günü olduğundan təmiz paltarlarını geyinmişdilər. Enlikürəkli, ağırtəbiətli bu adamlar bir-birlərinə söykənərək, qaş-qabaqlı halda onlara tamaşa edirdilər. Qırmızısifət polis nəfəri barmağını silkələdi:
– Arvad ağzının sözünü bilmir. – O, üzüristəyici tərzdə danışırdı. – Heç bilmir nə var, nə yox, başlayıb…
Qabaq cərgədə dayanmış bir qadın canıyananlıq göstərib polisin tərəfini saxladı:
– Yaxşı, yaxşı bilirik. Hamımız bilirik ki, sərxoş adam dəlidən də pisdir…
Sükut… Adamların sərt, tutqun nəzərləri bu dəfə ona sarı tuşlandı. Qadın:
– Sərxoş dəlidən də pisdir, – deyə təkrar etdi.
Kişilərdən biri cibindən kağız parçası və karandaş çıxartdı. Polislərə baxaraq yazmağa başladı. Gənc polis ona tərəf gəldi:
– Nə edirsən?
Kişi cavab verməyib yazmaqda davam etdi.
– Nə edirsən? – polis təzədən soruşdu. – İstəyirsən səni qoduqluğa salım?
Kişi rişxəndlə:
– İstəsən, əlbəttə, salarsan, dedi. -Mən sizin nömrənizi götürdüm.
O, kağızı cibinə qoydu. Polis dayandığı yerdən tərpənmədi. Yoldan ötən birisi yaxın gəlib ucadan nə hadisə baş verdiyini xəbər aldı. Ona arxa cərgədəki kişi cavab verdi:
– Yazıq oğlan içib, bu polislər də onu ölüncə çırpıblar.
Cavab çox ucadan verilmişdi və həm də çağırış kimi səslənirdi. Qırmızısifət polis nəfəri:
– Sizin axı nədən xəbəriniz var? – deyə soruşdu və həm də kəkələdi. – Biz onunla yarım saatdır çənə-boğazıq. Onun barəsində nə bilirsiniz, axı?
Həmin adam sakitcə dedi:
– Bilirik, bilirik. Siz polissiniz, elə deyilmi?
– Bununla nə demək istəyirsən? – polis nəfəri soruşdu. – Özü də burada?
– Siz polissiniz, elə deyilmi? – həmin səs təkrar eşidildi.
Sakitlik…
Gənc polis nəfəri deyindi:
– Heç bilirsiniz bir az əvvəl bir qadının üstünə necə xoruzlanırdı?!
– Nə olsun ki?..
– Nə olsun? Necə yəni nə olsun? Buna bax. Biz asayişi qorumalıyıq, elə deyil? Biz qanun keşikçiləriyik…
-Sizi görüm lənətə gələsiniz!
– Onu kim dedi? Hə, kim dedi? – yaşlı polis dava edəcək tərzdə irəli yeridi.
Enlikürəkli, boylu-buxunlu, ortayaşlı, yekəbaş kişi qabağa çıxdı:
– Mən dedim. – O, ayaqlarını aralı qoyub, əlini belinə vurdu. – Mən dedim.
Polisin dili topuq çaldı:
– Oh, siz dediniz? Deyəsən, könlünə həbsxana yatmaq düşüb?
– Sənin hədə-qorxun vecimə də deyil.
– Vecinə deyil? Hə?.. Başına hava gəlməyib ki?..
Araya sükut çökdü. Polis nəfəri:
– Bura niyə gəlmisən? Şuluq salmağa? – dedi və sonra o biri adamlara sarı dönüb bağırdı: – Siz niyə dağılışmırsınız?
Enlikürək kişi nəzakətlə cavab verdi:
– Biz bura şuluqluq salmağa yığışmamışıq, zabit. Yığışmışıq ki, daha sərxoşu döyməyəsəniz.
– Düzdür, – kimsə söz atdı.
Yaşlı polis yoldaşına sarı döndü:
– Görürsən? Eşitdin? Görürsən?
Gənc polis razı halda gülümsədi. İzdiham sakit idi.
– Elə danışırsınız, elə bil meymun-zadıq, – yaşlı polis acı-acı dilləndi. -Mən irlandam. Həm də katolik. İndi öz xidməti borcumu yerinə yetirirəm.
– Qardaş, sənə bir şey deyəcəyəm, – orta yaşlı kişi dedi. – Bir irland təki… Sənin kimi bir yaşlı irland katoliki, 1914-cü ilin dok tətilində mənim kəlləmi yardı. İrland katoliki polis forması geyən kimi olur polis. Onun nə irlandlığı, nə də katolikliyi uzun sürür…
Yaşlı polis donquldana-donquldana dedi:
– Gərək səni qoduqluğa basım ki, ağlın başına gəlsin!
– Bu saat sənin adını yazaram…
– Əlindən gələni beş qaba çək!..
Polis nəfəri izdihama – adamların gözlərinə baxdı. Kişilər də gözlərini ondan çəkmirdilər.
– Ey şöhrətli irland katoliki! Təcili yardım çağır!– ortayaşlı kişi dedi. – Əzişdirdiyin adam hələ də yerdə qalıb.
Polis nəfəri diqqətlə onu nəzərdən keçirdi.
– Get təcili yardım çağır!– bir nəfərin də səsi gəldi.
-Çağıraram, çağıraram! Qulaq-başımı aparmayın. Öz vəzifəmi də mənə öyrətməyin.
O, kütləyə sarı yeridi. Kimsə qışqırdı:
– Dedik ki, təcili yardım çağır!
Polis ayaq saxladı. Əlini tapançasına atdı. Orta yaşlı kişi lağ elədi:
– Xox, qorxduq!
Üzük tən yarı bölündü. Polis küncdəki telefon budkasına sarı addımladı. Üzük təzədən bitişdi.
Polisin plaşını qolu üstündə saxlayan şlyapalı balacaboy kişi irəli yeridi və plaşı yerə atdı.
– Nə oldu? – gənc polis soruşdu. – Yerə niyə qoyursan?
Kişi dinmədi. İzdiham onunçün aralandı. O, tələsik çıxıb getdi. Üzük təzədən bitişdi.
Güclü yağış yağmağa başladı. Amma kimsə tərpənmədi. Artıq qaranlıq idi. Hamı dayanıb təcili yardım maşınını gözləyirdi.
– Sizə nə olub? – gənc polis birdən bağırdı. – Nə vermisiniz ala bilmirsiniz???
Heç kim ona cavab vermədi…
Yazıya 877 dəfə baxılıb