Xətayi Allahverdi – Heyrətverici olmalı

xetayi

Ədəbiyyata-həyata dair müxtəsər məktublar silsiləsindən

                 Məktub – 1

“Elmi-texniki tərəqqi dövründə müasir təfəkkür Planetin təkində yeni daxili enerji ehtiyyatı və imkanları axtardığı kimi, bədii fikir də İnsanın, Şəxsiyyətin,”Mən”in təkində daha dərin bədii tədqiqat aparmaya bilməz. Mənəvi sərvətlərin qəlbin daxilində gizlənən ehtiyyatı elmi tərəqqi epoxasında da əxlaq sahəsində bədii  təfəkkürün əsas axtarış hədəfi kimi qalır”    Y.Qarayev

“Gələcək nasıl isə, şimdiki ədəbiyyat və fəlsəfənin təsir və nüfuzuna qoşulur və hiç bir dürlü də qurtuluş imkanı bulamaz” H.Cavid

        ( Hüseyn Cavid və  filosof – tənqidçi  Yaşar Qarayevin unudulmaz anısına)

        Ədəbiyyat nədir?! Ədəbiyyat çox geniş semantik çalarlar ifadə edən məfhumdur. Lakin bütün millətlərin mədəni simasının göstəricisi olan bədii ədəbiyyata nəzər salsaq deyə bilərik ki, bədii ədəbiyyat, bədii fikir ” bir millətdəki əhvali-ruhiyyənin inikası” deməkdir.  Ədəbiyyat  fikrin təbii bir biçimdə cilalanaraq təzahür etməsidir. Ədəbiyyat estetik və yaxud qeyri-estetik zövqlərin polifoniyasıdır, qarışımıdır. Ədəbiyyat müəyyən məna ifadə edən hər bir sözə həyat surətlərinin, fraqmentlərinin, lövhələrinin bədii ümumiləşdirmə ilə əsaslı şəkildə yüklənməsidir. Ədəbiyyat həyatın  mücərrəd və konkret, mistik və qeyri-mistik yönlərinin kəşşafıdır: ”Mən” və “Mən”, “ Hak” və” Mən” arasındakı rabitənin  sevgi və nifrət, sevinc və kədər, əsəb və səbr, şübhə və inam, sual və cavab, günah və savab… müstəvisində şərhsiz təsvirçisidir. Qısacası: ədəbiyyat cismani dünyanın fikrin əsas qəlibi olan sözlə daha dolğun ifadəsi deməkdir.

      Elə bu səbəbdən bədii düşüncə kainatdakı nizamdan, həmahənglikdən, ritmdən, maddi-mənəvi  aləmləri qaplayan eşq cazibəsindən, estetik zövqdən ərsəyə gələn duyğuları, hissləri, fikirləri  ifadə edir. Yəni bədii təfəkkürün hüdudları sonsuz və əbədidir. Zaman və məkan qrafikində  bədii təxəyyülün sərhəd tanımamasının ən böyük səbəblərindən biri “İnsan”ın bütün əda və davranışlarının sözlə yenidən canlandırılmasıdır. Ölmüş zamanın sözlə həyat tapması və efirə ötürülməsi(Hər hansı bir ədibin əlinə qələm alaraq həyatın müəyyən bir problemini sözə çevirməsi belə həmin ölməkdə olan zamanı o an yazmış olduğu bədii mətnlə yenidən dirildir.Və  o  vaxt, o zaman ən azından sözdə yaşayır. İlk baxışda absurd görünən bu qavramın elmi yöndən də izahı var: Çünki insanın bütün yaşantısı, keçirdiyi bütün hisslər dalğa implusları vasitəsi ilə kosmosa-efirə yayılır və heç bir itki baş vermədən daima qapalı çevrədə dövr eləyir… Elə hər bir  yazarın mətn dünyasını belə bir  çevrə kimi düşünə bilərik. Bəlkə də bu gerçəklik bütün insanlığa ilahi bir ərməğandır…) bədii təfəkkürə əbədilik qazandırır. Elə buna görə də, ədəbiyyat ən az elm qədər bəşəriyyətin istiqbalına təsir edən canlı refleks rolunu oynayır. Əgər elmi təfəkkür insanda məntiqi təfəkkürü formalaşdıraraq maddi aləmi dərkə yönləndirirsə, bədii təfəkkür ruh dərinliyi yaradaraq təkcə maddədən ibarət olmayan insanda ruhla cəsəd arasında vəhdət yaradır. Ümumiyyətlə, bu özəllikləri nəzərə alaraq deyə bilərik ki, insan həyatını bədii ədəbiyyatsız düşünmək əbəsdir. Məhz əsrlərdən bəri bəşəriyyətin şəxsi-ictimai, siyasi-iqtisadi həyatında, qəlbində ,ruhunda böyük bir təsir qüvvəsi olaraq yaradılışı dərkə yönləndirən “Qurani-Kərim”in belə ilahi kəlam olmaqla yanaşı, bədii keyfiyyətlərlə diqqətimizi cəlb etməsi və könül oxşaması bədii fikrin aliliyinə və təsir gücünə əyani sübutdur. Ədəbiyyatın təsir gücünü nəzərə alıb deyə bilərik ki, hər hansı millətdə bədii fikir adamları əsl sənət örnəkləri ortaya qoya bilirlərsə, bu həmin millətin psixologiyasına, etik mədəniyyətinə, milli varlığın özünü dərkə yönlənməsinə, dünyaya inteqrasiyasına əsaslı şəkildə təsir göstərir. Lakin bunu da nəzərə almalıyıq ki, sözün təsir gücü bədii meyarlara da cavab verməlidir. Əgər bir ədib qələmə aldığı hər hansı fərdi və yaxud ictimai problemi tam dolğun bədii boyalarla ifadə edə bilmirsə, deməli həmin əsər poetik ifadəsini tapmış təsir gücünə malik deyildir. Və yaxud həmin mətn bədii keyfiyyətlərlə zəngin olsa da, qələmə alınan mövzu  ideya baxımdan da həyati əhəmiyyət kəsb etməli, sənət və həyat həqiqətlərini mənalandırmalıdır. Əks təqdirdə həmin mətn ciddi qüsurdan xəbər verir. Bu xüsusiyyətləri gözlərimiz  önündə canlandıraraq bütünlükdə ədəbiyyatı dərk yolunda söylənən fikirlərdən birini xatırlaya bilərik: XX yüz ilin yetmişinci illərindən ədəbiyyatımıza yön verən tənqidçilərdən prof. A.Hüseynli “Ocağa Bağlılıq” adlı məqaləsində buyurur ki, ”sənətdə də saf, doğru söz qədər heç nə cəlb etmir, həmçinin yalan, suni bəzək-düzək qədər heç nə ikrah hissi oyatmır” və yaxud tənqidçi doğru bədii sözün “ciddi ictimai-estetik qayğılarla yüklənmiş əsl sənətə qovuşdura bilən etibarlı yol” olduğunu vurğulayır. Bu ifadədən aydın olur ki, bədii əsərdə sənətkar hansı mövzuda yazırsa yazsın, cəmiyyətin hansı yönünü qələmə alırsa alsın bununla yanaşı heyrətverici sənət abidəsi yaratmağın zəruriliyini dərk etməlidir. Nə üçün heyrətverici? Çünki bədii mətndə heyrətvericilik ən mükəmməl tərzdə ifadə olunmursa, mücərrəd deyimlərlə könül oxşayan zövqlər aşılanmırsa, insan ruhuna, mənəviyyatına təsir edən ahəng yaradılmırsa, xəyal gücü ilə yaranan sehrli bəyanatlar və mənalar təcəssümü ilə cansız əşyalara belə bir baxımdan ruhi canlılıq qazandırılmırsa ortaya qoyulan mətləb nə qədər əhəmiyyətli olsa da, söz sənəti olan ədəbiyyat insanlığa təsir baxımından əsl sənət nümunəsi sayılmır.    

      Məhz dünya klassiklərinə bu prizmadan baxsaq görərik ki, onların insanlığın və öz millətlərinin gələcəyinə qazandırdıqları böyük ədəbi örnəkləri “ciddi ictimai-estetik qayğılarla yüklənmiş”dir. Nizminin islam və peripateizmə əsaslanan yüksək bədii nizam axtarıcılığı, Nəsiminin “Hak” və “Mən” irtibatına verdiyi semantik bədii yozumu, Füzulinin madii və mənəvi baxımdan dünyanı əhatə dairəsində saxlayan eşq fəlsəfəsi, Şekspirin bir üzü kədər, bir üzü sevinc olan dramaturgiyası, Dostoyevskinin ümumbəşəri məzmunlu lirik-psixoloji təfəkkürü məhz hər şeydən əvvəl öz millətinin ədəbi istiqbalına əsaslı təməl olmuşdur.

      Ədəbiyyatda millilik ən önəmli faktorlardan biridir. Çünki millilik doğmalıqdır. Nümunə üçün böyük rus yazıçısı Tolstoy yaradıcılığında nə qədər bəşəriyyəti maraqlandıran, düşündürən mətləblər olsa da, öz milli mentalitetizmi ilə diqqət cəlb edir və sonrakı rus ədibləri və ədəbiyyatı üçün özül rolunu oynayır. Rus ədəbiyyatının Puşkin, Qoqol, Dostoyevski,Tolstoy kimi klassikləri Şoloxov, V.Nabokov, M.Bulqakov, M.Qorki kimi sənətkarları tələb edirdi. Məhz XIX əsrdə yaranan böyük rus ədəbiyyatı onların sonrakı ədəbiyyatına da, mədəniyyətinə də, hətta millət və dövlət kimi formalaşmasına da təkan verdi. Və yaxud yaratmış olduğu ədəbi nümunələrlə dünya ədəbiyyatında məxsusi yerə malik İtalyan ədəbiyyatı Avropa rezonans ədəbiyyatının ilk nümayyəndəsi Danteyə qədər Antik yunan ədəbiyyatının təsiri altında idi .Lakin Dante yaradıcılığında dönüş baş verdi və italyan ədəbiyyatı milli xarakter sərgiləməyə başladı ki, əsrlər sonra İtalo Kalvino, Umberto Eko kimi ədəbi simalar bu köklü ədəbiyyatın meyvələri kimi təzahür etdilər. Bəs milli ədəbiyyat necə yaranır və öz milli mənşəyini hardan alır? Hər millətin ədəbiyyatı tarixin dərin qatlarına enərək öz kökünü, mənşəyini, ilkin rüşeymini həmin millətin əsatirlərindən, folklorundan, mifik düşüncə tərzindən alaraq əks olunur. Elə bu səbəbdən milli obraz, milli həyat tərzi, milli psixologoya, milli kolorit olduqca önəmli mahiyyət kəsb edir. Hətta təsvir edilən ən kiçik detalda belə milli məzmunlu həyat lövhəsinin olması oxucuya doğma hisslər aşılayır. Milli səciyəli ədəbiyyatda ən zəruri meyarlardan biri, bəlkə də ən əsası həmin ədəbiyyatın milli ana dilində yaranmasıdır. Çünki müəyyən ədəbiyyatdakı bədiilik ölçüləri o ədəbiyyatı yansıdan millətin hisslərinin mənşəyi olduğu üçün milli dili də həmin millətin hissiyyatının əks olunma vasitəsi olmalıdır. İnsan xəyalı və qəlbinin məhsulu olan duyğu və düşüncələrin həyatı dərk etdiyi bir dildə verilməsi əsərin təsir qüvvəsin artırır. Milli ana dili vasitəsi ilə yaradılan bədii örnəklər millətin fikir abidəsinə çevrilərək həmin millətin milli kimliyini müəyyənləşdirir. Bəli, milli şəxsiyyəti ən parlaq bir özəlliklə sərgiləyən milli ədəbiyyatın tikinti materialı milli dil olmalıdır. Bizim milli ədəbiyyata nəzər salanda görürük ki, Xaqani, Nizami, Nəsimi, Füzuli kimi sənətkarlarımızın yaradıcılıq sferası türk-islam kontekstində formalaşmışdır. Bu ənənə milli ruhlu poeziyamızın zirvə nöqtələrindən birində – Vaqif şeiriyyətində sındırılır. Həyatdakı natura Vaqifin qoşmalarında folklor örnəkləri  səviyyəsinə yüksəlir və o nisbətdə doğmalıq kəsb edir.

        XIX yüz ildə mədəni – ədəbi, ictimai – siyasi həyatımızda böyük inqilab edən M.F.Axundovun komediyaları isə F.Köçərlinin deyimi ilə “Azərbaycan xalqının həyatını göstərən reflektor”a çevrilir. Axundov dramaturgiyası  milli cəhalət və maarifin qarşıdurması, milləti vəba xəstəliyi kimi öz əhatə dairəsində saxlayan cəhalətdən qurtuluş yolu kimi yaddaşlara həkk olunur… Axundovdan sonra ədəbiyyatımızın istiqbalının milliləşməyə doğru səmtlənməsi, XX əsrin əvvəlində Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev kimi sənətkarların qələmində ədəbi-əbədi məzmunlu portret və fraqmentlərin yaradılması, 50-60 cı illərə qədər sosrealizmin sifariş ədəbiyyatı mündəricəsinin formalaşması, İsa Hüseynovun müqtədir qələmi ilə yenidən milli səciyyəli obrazların yaradılması, Anar nəsrində psixoloji – intellektual özəlliklərin təzahürü və həmçinin bütün bu dəyərlərin Elçin, İsi Məlikzadə, Vidadi Babanlı, Sabir Əhmədli, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Ramiz Rövşən… kimi sənətkarların qələmində təsvir və tərənnüm edilməsi göstərir ki, bir millətin bu günkü ədəbiyyatı həmin millətin sabahkı ədəbi təfəkkürünə də çox qüvvətli təsir göstərir. XXI yüz ilin ilk on dörd ilində ədəbiyyatımızda kifayət qədər parlaq ədəbi nümunələr olmasa da, ədəbiyyatımızın sağlam təməllərə əsaslanan keçmişi bizləri gənc ədəbi simalara (Gənc şair və yazarlar haqqda üçüncü məktubda bəhs edəcəyik – A.Xətayi)   ümidlə  baxmağa səsləyir…      

Yazıya 1201 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.