NƏZAKƏT MƏMMƏDOVA- SEV Kİ…

Nezaket

Esse

Həyatımızda baş verən sosial , maddi , mənəvi problemlərdən bezirik , yoruluruq və tədricən  həyat eşqimiz sönür .  Amma bir az fərqli yanaşsaq , hər şey başqa cür olar . Məncə, hər bir çətinliyi sevgi ilə dəf etmək olar. Sevin, ürəkdən sevin, qarşınızdakı düşməni sevin . Onu dəli edəcək, özündən çıxaracaq qədər sevin . Bu sizə rahatlıq gətirəcək qəlbiniz  yükdən, nifrət hissindən azad olacaq . Sizin sevginiz onun nifrət dalğasının qarşısına bənd çəkəcək, zaman keçdikcə o ya sizi sevməyə, ya da sizə qarşı etinasız  olmağa çalışacaq. Bəzən işlərimizin çoxluğundan, uğursuzluğumuzdan, ətrafımızda bizi qane etməyəcək hər şeydən gileylənirik. Ancaq fikirləşmirik ki, məğlubiyyətimizi belə sevməliyik . Həyatda çox zaman itirdiyimizə sevindiyimiz itgimizi belə sevmək cəsarətdir. Çünki itirdiklərimiz bizə əlimizdə olanların dəyərini bilməyi öyrədir , ona qiymət verməyə məcbur edir.  İşdən yorğun qayıtmaq, ayaqqabılarımızı çıxarıb evimizin döğma qoxusunu hiss edib sabahı düşünərək süfrə arxasıa keçmək nə böyük xöşbəxtlikdir. Bax həmin yorğunluğu, işlərimizin yükünü sevmək lazım .

Evimizin, əşyalarımızın dağınıq halını belə sevməliyik . Səhəri gün hər şeyi qaydasına saldıqda gözlərimiz sevinsin, dərindən bir ah çəkib rahat divanda oturaq deyə, o rahatlığın fərqinə varaq deyə . Qışın sərt soyuğunu, yayın qızmar istisini eyni ilhamla sevmək çoxmu qəribədir?!  Torpağın qoxusunu  içimizə çəkib, yağışın altında körpə uşaqlar kimi islanmaq nə gözəldir. Yaz yağışı, islanmış torpağın qoxusu, eyvana düşən damcıların səsi, gecənin qaranlığı …. və nəhayətində sən. Ən xırda problemdən, özünə həyat faciəsi yaradan insan . Zövq al bu gözəllikdən , hiss elə, üstündə boy  atıb böyüdüyün torpağın ətrini hiss elə. Səncə nəyə bənzəyir bu qoxu ? ….

Onu satın ala bilərsənmi və ya kimdənsə aldığın ən bahalı parfümlə əvəz edə bilərsənmi ? Yağış yağır deyə qapı-pəncərəni bağlayan insan, aynaları aç , ürəyini , ruhunu, düşüncələrini aç.  İslan , qoy yağış yusun sənin o sevmədiyin, daşıya bilmədiyin həyat yükünü . Ətrafa dağılan qoxu ruhunu təzələsin. Təbiəti sev, gülü – çiçəyi, hətta ən lazımsız bitkini, ən yırtıcı heyvanı da sev. Cəsarətsiz addımladığın o döngələri , küçələri , dalanları sev . Bir zamanlar qorxaq, çarəsiz, aciz olmağını sev. Sev ki, həmin küçələr, yollar, dilini, dodağını çeynədiyin zaman saatlarca altında qaldığın o ağaclar belə sənin cəsarətin iradən, həyata meydan oxuyan sevgin qarşısında mat qalsınlar . Sev ki, bir zamanlar səni məğlub kimi  yola salan həmin illər, aylar, dəqiqələr, saniyələr…- zaman özü utansın.  Əzilə -əzilə bərkidiyin məğlub ola-ola qalib gəlməyi öyrəndiyin, çarəsizlikdən göz yaşı axıtdığın  üçün sev. O məsum göz yaşlarını sev. Sən dəfələrlə məğlub olmalı, qırılmalı, yıxılmalı idin ki, qalib gəlməyi bacarasan.

Özünü  sev, həyatı, yeri, göyü sev. Bacardıqca çox, dayanmadan, usanmadan, yorulmadan sev. Hər qaranlığın bir gözəlliyi, hər cətinliyin öz şirinliyi var. Bəzən xəstə halını belə sev. Sağalanda daha xöşbəxt olmaq üçün. Şəhərin xaosunu gör ki, kəndin tozlu-torpaqlı yollarının, sadəliyinin, insana mənəvi qida verən səssizliyinin qədrini biləsən.

Topla muncuq kimi dağlmış duyğularını. Yenidən sapa düz və həmin duyğuların saflığından bax dünyaya. Bax o zaman sevəcəksən həyatı, dünyanı, yaxşını, pisi…

 

Yazıya 979 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.