İlqar Kamil — Köhnə bir şəkil

385976_457557094274931_2039058549_n

Gəl qalaq, şair,
getməyək;
qoy qalanlar deməsinlər ki,
dara düşən kimi bizi darda qoydular
Görmədinmi
“Dünya duracaq yer deyil ey can, səfər eylə!”
-deyən Nəsiminin dərisini soydular…?!

Bilirəm, şair,
bilirəm,
burda ən azad insanlar
ən darısqal məhbəslərdə yatırlar
and olsun çinarın
günəşin qabağını tutur deyə kəsilən gövdəsinə
burda su kimi saf insanları
elə su qiymətinə satırlar…

Gəl dözək şair,
getməyək
Qoy həyatın ağırlığını dadmayan
yeni doğulmuş “körpələr” deməsinlər ki
gül kimi həyatı qoyub, qara ölümü seçdilər,
özlərinə qıymadılar
və ayaqlarını çırmayıb həyatlarından keçdilər…

Görürəm, şair,
görürəm
burdakı ocaqlar isinmək üçün deyil
bişmək üçündü;
sonsuza uzanan uzun-uzun nərdivanlar
quyuların ta dibinə düşmək üçündü…

Gəl dözək, şair,
getməyək
Qoy elə bilməsinlər ki
ayaqlar ancaq getmək üçündü;
düz anlamısan:
getmək bəzən
səni itirənləri saf-çürük etmək üçündü…

Burdakı sevgilər dağların zirvələri kimi
buludludu,
dumandı, çəndi;
burda
ürəklərin yolları çox sürüşkəndi…

Gəl dözək, şair
ölməyək
Əminsənmi biz öldüyümüz yerdə daha qəm olmayacaq,
səhər-axşam elə hey deyib-güləcəyik…?
Birdən ordakılar da etibarsız çıxdılar
bəs onda necə olacaq,
ordan hara öləcəyik…?!

Gəl dözək, şair,
gəl getməyək…

***

Sən haqlı çıxdın, ustad!
adi bir hörümçək yuvası dözümlükdə oldu bəzi dirənişlər
qardan-borandan sağ çıxmadılar,
devrildilər!
Qəzəbdən düyünlənmiş yumruqlar
dəmir qapılara dəyən kimi
laybalay açılıb dilənçi ovucuna çevrildilər.

Sən haqlı çıxdın, ustad!
kişilər susdular deyə
kişiqırıqları qudurdular!
“Pərvanələr” şamı tərk edib,
neftlə yanan odun başına dövrə vurdular.

Sən haqlı çıxdın, ustad!
Oxumaqla olmur;
odun nə olduğunu bilmək üçün yanmaq lazımmış
Dağın dibindən görünmürmüş onun böyüklüyü;
onu tam görə bilmək üçün
uzağında dayanmaq lazımmış…

Sən haqlı çıxdın ustad!
Sürət –qarşısını görməyənlərə təhlükə amili oldu
O qədər sürətlilər haq karvanından ayrı düşdü ki
Yoldan saxlamadı, amma
hürən itlər o qədər karvanın istiqamətini dəyişdi ki…

Sən haqlı çıxdın, ustad!
Çox – yanırmış kimi görünənlər
sadəcə tüstüləndilər,
yanmadılar,
xoş gündə haqqın qucağında olanlar
dar gündə onun yanında dayanmadılar.

Sən haqlı çıxdın, ustad!
Ən yaxşısı heç kimdən heçnə ummamaq –
insan diqqət və məhəbbətdən doymurmuş,
istilik isidirmişsə
soyuqluq da xarab olmağa qoymurmuş…

Sən haqlı çıxdın, ustad,
sən, haqlı çıxdın!

***

KÖHNƏ BİR ŞƏKİL

Bayaq köhnə bir şəklinə baxdım,
elə darıxdım ki, səninçün;
Gözünə gün düşürdü elə bil,
başını aşağı əyib,
balaca əlinlə əl eləyirdin uzaqlara, gülə-gülə.
Düzünü desəm,
mən yalnız sənin üçün darıxıram hər darıxanda
yar, sevgili, filan nafilə.

Dostum da əlimdən qapıb sənə baxdı diqqətlə,
bir fərq görmədi aramızda
güldüm acığımdan qara-qara:
axı sən hara,
axı mən hara?…

Məsələn, yadımdadı
sənin bircə qorxun vardı – qaranlıq
mənimsə…
ehh
müqayisə etdim bir anlıq;
Sənin cəmi 7 sualın var idi aşırmaq üçün
mənimsə minlərlədi sualım – aşıra bilmədiyim.

Ey, illərdir yanına gəlmədiyim!
Məni bağışla!

Böyümək istəyərdin hey, yadındamı?
kaş bir qoca sənə başa salaydı ki,
bala, getmə, getmə,
uşaqlığını tərk etmə,
ordan geriyə yol yoxdur!

İndi isə at əlindən bütün oyuncaqlarını –
tel arabanı, taxta avtomatını, kirli topunu
çıx şəkildən,
qaça-qaça gəl yanıma
o çirkli əllərinlə nə olar, qıdıqla məni bir az
bəlkə gülə bildim bunca il sonra…

Ehhh, axı niyə belə uzaqsan,
ey uşaqlığım!

***

Bir gün qəfil
məchula çevrilsə bütün bildiklərin,
uçub getsə başındakılar,
bilməsən,
sən heç nə bilməsən
Qarşında nəhəng bir qaranlıq olsa sadəcə…

Bir gün aynanın qabağında dayanıb
əlini üzünə sürsən
və düşünsən:
əcəba sən xəyalsan, yoxsa gərçəksən?!
Bir gün görsən ki, aman Allah,
az qala Allah kimi təksən…

Bir gün zamanın ayaq səsini duysan
anlasan ki,
ömür veyillənə-veyillənə gedir, sənsə
qurumuş ağac kimi donub dayanmısan yerində
həyatın anlaşılmaz olduğunu anlasan günlərin birində;
düşünsən ki,
görəsən niyə hər şey elə deyil də belədi?
Suallarına cavabın olmasa
sualların olmasa…

Kimin haqlı olduğunu ayırd edə bilməsən bir gün
bütün danışanların ağzına baxsan mat-mat
gülsən dəli-dəli
vecinə də olmasa nə danışır Əli, Vəli, Qulamseyin;
heç birini danmasan,
heç birinə inanmasan…

Saçlarına dən düşüb desələr bir gün, sən də
“zəkadandı” desən və gülsən xəfifcə
özün özünə lağ etsən
özün özünü bəyənməsən
zəhlən getsə özündən…

Bir gün məlum olsa ki, sənə
ilişmisən öz əlində;
haçansa qəhrəmanlıq xəyalları quran sən
indi özünü belə qoruya bilmirsən
yarıya bilmirsən
onu bilmirsən
bunu bilmirsən…

…o zaman yaxın gəl
və bil ki,
sən də mənim günümə düşmüsən!!!

Yazıya 1032 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.