…Mənim nağıllarım başqa cürəydi
İçində
Yaz otu,
Çol iyi vardı
Adi adamların hekayətləri
Adi adamların ürəyi vardı…
Bir budaq sınanda anamın əli
Sehirli olurdu
Sirli olurdu
Ölümdən, məzardan qorxmayım deyə
Mənim nağıllarım diri olurdu…
Bir çoban,
Bir qoca,
Bir də bir ağac
Mağara
Dağ çayı
Arı pətəyi
Davadan qayıdıb ölən bir ata
Bir də bir zülmkar əmi varıydı…
Ağır illərinin əhvalatları
Anamın qorxulu nağıllarıydı…
…Nağıla inanan vaxtı deyildi
42 yaşında
Bir qış gecəsi
Yorğun saçlarında dən doğulmuşdum
Bir uzun nağılın sonu çatmışdı,
Alma düşməliydi
Mən doğulmuşdum…
…Sonra
Nağllların məndən əvvəli
Məndən sonrasına qarışdı getdi
Anam…
Bir yaz günü…
Son nağılını…
Son nağıl dadında
Danışdı getdi…
***
Eyyyy…
Şaman…
Adıma əkilən sidr ağacı kimi yaşılam
Ruhum…
Kök atıb dərinlərə…
Budaqlarım
Dualar pıçıldayır
Küləklərin təmasından…
Gözünü zillədiyin ocaqda yanmaq istəmirəm hələ…
Hələ ümüdüm üzülməyib göylərin yaxasından…
Eyyyyy….
Şaman…
Gözlədinmi,
Boylandınızmı üfüqə
Sən və Sidr ağacı…
Ucsuz-bucaqsız çöllər saralarkən
Gördünmü,
Gördünmü gələcəyəm?…
Oynayan alov dilimləri nə söyləmişdi sənə,
Dərin bir yuxuya dalarkən?…
Eyyyyy…
Şaman….
Ayıl…
Mən gəldim…
***
Heyyy….
Bu uzun yolçuluğun
Harasına gəlib çatdıq?
Dilək qapısının bağlı
Sırasına gəlib çatdıq…
Ömür dediyimiz nə ki,
Dönüb, uşaqlaşdıq bir az
Yoxa yaxınlaşdıq bir az
Vardan uzaqlaşdıq bir az…
Özümüzə bir qıraqdan
Baxdığımız yerə gəldik
Hər gecənin səhərindən
Qorxduğumuz yerə gəldik…
Ey yerin-göyün sahibi
Bizdən xəbərin oldumu?
Ruhumuza hopdurduğun
Sözdən xəbərin oldumu?…
Heyyy…
Zamansız!
Heyyy…
Məkansız!
Zərrə-zərrə işıq adam
Səmaların qapısına
Çatıb dayanmışıq, adam!
…Bu yuxudan ayılmazlar…
Çaşıb
Oyanmışıq, adam…
***
Hər gələn bir daş götürüb
Atır-Ay adam, necədir? !
Sağdan dəyir
Soldan dəyir
Daşlar ağlını itirib
Çatır-Ay adam,
Necədir?
Kələkötür
Ya hamarı
Ya qarası,
Ya da ağı
Nə fərqi var-
Daş ki, daşdı
Atılıbsa dəyməyi var
Dəyibdirsə ağrıtmağı…
Uşaq atır
Böyük atır
Daşlar incidir, ay adam
İçimizi o daş atan
Başşlar incidir,
Ay adam!
Vaxtında çox daş atmısan
İndi çoxu acığını
Sənin öz daşınla çıxır
Görürsənmi necə olur?
İçin götürmür daşının
Ağrısını
Nisgilini-
Axır,
Göz yaşınla çıxır…
Nə yaxşı ki, hələ sənin
Ağlamağın var
Ay adam …
Yoxsa yenə atmağa daş
Saxlamağın var, ay adam?
Hər adama daş atmazlar,
Hər adamdan daş yeməzlər
Qırılmağın
Tökülməyin
Sonra düşüb öz-özünü
Toplamağın var
Ay adam…
Yazıya 970 dəfə baxılıb