AVQUST
Kütləvi intiharın sübutudu üzüm salxımı.
Günəş büsbütün açıb yaxasını-
Hərarətini ölçür budaqlar.
Əmzik kimidi ağaclar,
Ya da bunun kimi bir şey…
Göylər beləcə aldadır yerləri.
Sentyabrdan teleqram alıb avqust:
İkicə söz:
Qayıt, gəl!
***
AQŞİN YENİSEYİN TƏBƏSSÜMÜ
Sandıqların qıfılları
Xırda açarların təbəssümləriylə açılır!
İçərisindəkilər qəddar olsa belə…
Mənə təbəssüm göstər, təbəssüm!
Təbəssümlər gülüşlərdən uzunömürlüdü.
Təbəssümlər qıyılmış gözlərdi –
Sifətlərimizin qayıqlarıdı!
Təbəssümlər üzür…
Nəyim vardı bir gülün dibində qoymuşam,
Mən yekəlib 14-15 yaşa çatmadım.
Bütün qocalardan qocayam!
Mən başmaq yığıram!
Mən pinəçiyəm,
Təbəssümüm kimi…
Qələmim tacir libası geymədi!
Çək bala,
Təklik üçün yemək çək…
Komamızın başına dövrə vuran sözü tanımaq istəyirsənmi?
Budur, bax:
Çörəkpulu…
Çörəkpulu…
Məni şəyird götürmədi amansız qəhqəhələr…
Heç bir evdə yaşamadım…
Təbəssümümdən başqa.
Əl saxlayın!
Divarlarımı niyə uçurursunuz?
Təbəssüməm!
Mənimki burayacanmış –
Dişlərimin ağlığınacan…
***
ÖLÜM
Ölüm üçün ağlamaq ağacların yarpaqlanmasına ağlamaq kimi bir şeydi!
Səni niyə sətirdən-sətrə keçirmək olmur, ölüm?
Gedək. Bir yerdə bölünək,
Gedək! Düş qabağıma!
De, de, sular niyə axır?
Otaqların işıqları niyə öz özlərini söndürə bilmir?
Ölüm sözü səcdədi!
Çiynimizdə əkdiyimiz təkotaqlı evləri
Küçə-küçə gəzdirib deyək ki:
Mən də bir vaxtlar yaşadım burda!
Ömrün boyu gözlədim ki, uşaqlar daş atıb pəncərəmi sındırarlar,
Qapımı açıb qurşaq atan da olmadı!
Mən ki aylıq maaşımdan yığıb saxlamışdım.
Buyur, karvanbaşı,
Deyirlər, gözlərimizin dərmanı
Atın dırnaqları dəymədiyi yerdədi!
Salam olsun sənə, ey at dırnaqları!
Bax, bax, əvvəllər heca vəznində döyünürdü nəbzim,
İndi sərbəstədir.
Mən əruzu sevmədim,
Saitlərə zülüm verib uzatmaq istəmədim…
Cəmi üçcə vəzn!
Az deyilmi?
Gülabla yuyun saçlarımı,
Qoy saçlarıma əl uzatsın ağaclar, otlar.
Bağdan kim qaçacaq, kim?
Nə div var, nə də pəri,
Ağacların dalında qısılanları çağırın gəlsin!
Deyin ki, ürəyim gedib…
Gör kimlər keçdi böyrümdən:
Dostlarım
Mənim ən müqəddəs yerim böyrümdü, böyrüm…
Ağ yalanmış, ağ yalan bədənnüma güzgülər
Torpaqdan özgə nə bədənimizi bütöv göstərər, nə?
Fərş kimi döşəyin bədənimi…
Hər şey qayıdır, qayıdır,
Niyə barmaqlarımın sızıltısı qayıtmadı?
Ədəbnən xörək yeyə bilmirəm.
Mən ki min dəfə ölüb dirilmədim,
Bircə kərəm öldüm və dirildim…
Yığışdırın sürfəni!
Özümü elə aparıram ki, ölməyəcəyəm,
Özümü elə aparıram ki, yorğunam, yatacağam.
Gözlərimi yumuram ki, dostlarım gedib yatsın!
Heç xırıldamadım.
Nəvəmdən qorxdum –
Ölümdən qorxmadığım qədər.
Şükür! Hər şey bitdi belə,
Nə edim, gözlərim dolur.
Eynəyimi də çıxarsam, yaza bilmərəm…
Məni bağışlayın….
***
AYRILIQ DƏRSİ
Vaxtdı,
Ayrılaq!
Gözünü yum
Say onacan…
Yum,
Yum gözlərini
Qoy rəqəmlər halımızı görməsin!!!
Bizə birhecalı sözlər gərəkdi!
Tez!
Tez!
Tez ol!
Bir…
İki..
Üç…Dörd…
On…
Qaç!
Qaç!!!
Və qaçdığın yerdəcə dur!
Dur!!!
Və yerindəcə say:
Bir…iki…üç…
Bir…
İki…
Üç…
Mən də burda sayıram…
Sa-yı-ram…
****
MƏRHƏMƏTLİ İNSANLAR
Tanrım,
Sən mənə söz verib getdin,
Əlimdə qalıb o söz!
Heç kəs onu götürmür.
Günə tutub,
Bu üz,
O üzünə baxırlar.
Hərdənbir altdan-altdan,
Gözucu
Mənə də baxırlar.
Qalsam,
Asacaqlar!
Getsəm,
Satacaqlar…
Yazıya 756 dəfə baxılıb