Kəmaləddin Qədim — Gedək özümüzə bir gün ağlayaq

OLA

Əkməyə bağçan – bağın,

Kəmaləddin Qədim

Kəmaləddin Qədim

Biçməyə zəmin ola.
Batmağa dəryan hazır,
Üzməyə gəmin ola.

Bütövdümü, kəmdimi,
Səninlə həmdəmdimi.
Bu gələn ilk qəmdimi,
Sonuncu qəmin ola?..

Son olar sondan savay,
Beş arşın dondan savay.
Bir də O… Ondan savay
Kimin var, kimin ola?..

TUTURAM

Mən sözə sürgünəm, sürgün, beləcə,
Sözlə oynayıram, əza tuturam.
Dəli könlümü də hər gün beləcə,
Dilə tutmuram ki, sözə tuturam.

Udduğum hava qəm, içdiyim su qəm,
Bu sonsuz göylərdi, mən tənha qu, qəm.
Sən qoyub gedəndi bu kədər, bu qəm,
Mən onu hələ də təzə tuturam.

Yaşayıb əllilər, yüzlər içində,
Ölürəm düz oğlu, düzlər içində.
Üzü üzlər görən üzlər içində,
Abrımı, həyamı üzə tuturam.

Bir az seçilmir ki, halı halımdan,
Canı canımdandı, qanı qanımdan.
Qoymuram səssizcə ötə yanımdan,
Sovuşa başımdan qəza, tuturam.

Gözəl oyun açdın, gözəl, başıma,
İlkin başımayam, əzəl başıma.
Gündə dörd dolanır əcəl başıma,
Özümü hələ ki, naza tuturam.

BILMIŞƏM

Dünya, zavalını bulub gedirəm,
Nəyi bilmişəmsə, boşa bilmişəm.
Helmindən ikimi alıb gedirəm,
Çox da ki elmini beşə bilmişəm.

Elə keçmişəm ki, bu yol, bu səki
Məndən inciməsin, küsməsin təki.
Düşüb də sehrinə, kölgəsindəki
Beş – altı ağacı meşə bilmişəm.

Ən gözəl sözü də, öpüləndə yox,
Şabaş tək başlara səpiləndə yox.
Zornan gözlərimə təpiləndə yox,
Yatanda sinəyə, döşə, bilmişəm.

Keçib vaxtdan keçən, vədədən keçən,
Anadan doğulan, dədədən keçən.
Ağıldan keçən yox, mədədən keçən
Ən kəsə yol imiş başa, bilmişəm .

Bu tordan, tələdən, qarmaqdan belə,
Dərs aldım saralan yarpaqdan belə.
Nədən yapışmışam torpaqdan belə,
Nədən sığınmışam daşa, bilmişəm…

GEDƏK ÖZÜMÜZƏ
BIR GÜN AĞLAYAQ

Bu qədər yaşadıq, həvəsdi – bəsdi,
Burdaca bağlansın bu kitab, gedək.
Zamanmı gecikdi, bizmi tələsdik,
Nə fərqi, çəkilsin haqq-hesab, gedək.

Daha nə işimiz bir başqasınnan,
Mənim gördüyümü sən görmədinmi?
Öyrənib bir qara qarışqasınnan,
Necə ürətilir dən, görmədinmi?

Gedək özümüzlə qalaq baş – başa,
Qurtarsın – bitsin bu sürgün, ağlayaq.
Burda yiyə durmur qardaş-qardaşa,
Gedək özümüzə bir gün ağlayaq…

Hər günü əhləddi başa toxunan,
Şərin gur yeridi, şölən yeridi.
Bura arzuların daşa toxunan,
Bura ümidlərin ölən yeridi.

Namərd körpüsüdü hər addım başı,
Qoy alıb aparsın sel bizi, gedək.
Sındırdım ürəyi, ucaltdım başı,
Dedim, qınamasın el bizi, gedək.

Hələ ki, cavandı işğalın yaşı,
Hələ göyərməyib sinədə dağlar.
Tutub yaxamızdan bir gün, qardaşım,
Şuşanı bizlərdən soruşacaqlar…

Gəl də bu çarəsiz gecədən çıxıb,
Gəl də bu ümidsiz sabahdan gedək.
Deyirsən, nə çıxır, gecədən çıxır,
Nə olar, lap elə sabahdan gedək.

Gedək özümüzlə qalaq baş-başa,
Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
Nə sülhə meydan var, nə də savaşa,
Gedək özümüzə bir gün ağlayaq…

ADAMI

Necə qələm çəkib gör qələm çəkən,
Adam heyran edib, heyran, adamı.
Elə ustasından, yaradanından,
Baxıb öyrənsinlər deynən adamı.

Gör necə sığala, darağa çəkib,
Nur da öz nurudu yanağa çəkib.
Halalnan, haramnan sınağa çəkib,
Yoxlayıb şərbətnən, meynən adamı.

Boşu boş, dolunu dolu yaradan,
Ədəbi, ərkanı, yolu yaradan.
Deyirəm bəlkə də Ulu Yaradan,
Özünə bənzədib eynən adamı ?…

Yoğrul torpaq ilə, bərki daş ilə,
Oxşan da, sevil də gözlə-qaş ilə.
Belə ayırmazlar əyin-baş ilə,
Seçməzlər maşınnan, öynən adamı.

Bu kimdi təriflər yağır başına,
Alın tərifləri çaxın başına.
Belə qaldırmazlar dağın başına,
Belə gəzdirməzlər göynən adamı…

Nəyini ötürdün, tutdun nəsindən,
Bu dünya çoxdumu son nəfəsindən?
Bu boyda adamlıq mərtəbəsindən,
Gör nəynən salırlar, nəynən adamı?..

İÇIMƏ

Mənə dos-doğmadı bu kədər, bu qəm,
Qənim kəsilmişəm müdam içimə.
Elə divan tutub, zülm eyləmişəm,
Elə bil ögeyəm, yadam içimə.

Bu dünya boşalıb gedəndən bəri,
Gözümü yaş alıb gedəndən bəri.
Alanı baş alıb gedəndən bəri,
Bir batman yük olub qadam içimə.

Soyuqdu, bumbuzdu varlığı, neynim,
Asılıb yaxamdan yarlığı, neynim,
Bitib – tükənmədi darlığı, neynim,
Neynim, bənzəmədi bu dam içimə.

Hələ Qarabağım, gözüm, qaradı,
Qaradı, bu çarə, çözüm qaradı.
Hələ ki, yanında üzüm qaradı,
Nə üzlə çıxıram adam içinə?…

GƏLƏNDI

Kimdi ki, nədi ki, adam deyilən,
Vardan çıxıb gedən, yoxdan gələndi.
Nəyin seviləndi, nəyin öyülən,
Nəyin var taledən, baxtdan gələndi.

Saçında bu qırov, dən qazandığın,
Üstündə bu duman, çən qazandığın.
Günahlar, savablar sən qazandığın,
Hökmlər zamandan, vaxtdan gələndi.

Al da qadasını elə bu dərdin,
Qoyma səsi çıxa çölə bu dərdin.
Çiçəyi burnunda hələ bu dərdin,
Bu qozbel, qartımış çoxdan gələndi.

Bu köhnə atandan, anandan gələn,
Bu təzə dos-doğma balandan gələn.
Üzün qırmızısı yalandan gələn,
Sözün qırmızısı haqdan gələndi.

Daha ölç, daha biç dilindən çıxar,
Çıxsa sənin deyil dilindən çıxan.
Yaydan çıxıb gedir əlindən çıxan,
Qarşına gələnlər oxdan gələndi…

ŞÜKÜR

Yazıb qismətini Allah hərənin,
Necə ki ölümdən bəri var, şükür.
Kimə nə dərdindən, vallah, hərənin
Çəkməyə öz dərdi, səri var, şükür.

Qəlbin kövrəlməsin, gözün dolmasın,
Qanın qaralmasın, rəngin solmasın.
Səninçün darıxan olmur – olmasın,
Sənin darıxdığın biri var, şükür.

Ölçün içindədi, biçin içində,
Ha yansın, qovrulsun için içində.
Ölsün, ümidlərin ölsün içində,
Şükr elə sabaha diri var, şükür.

Doymayan gözündən taxtın, tacların
Axı nə fərqi var qarnı acların?
Baş alıb əlindən ehtiyacların
Qaçıb qurtarmağın yeri var – şükür.

 

Yazıya 1143 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.