Yenə də başladı payız yağışı
Yenə də başladı payız yağışı,
Gecəli, gündüzlü narın yağacaq.
Yenə də başladı payız yağışı,
Yenə sevənlərin günü doğacaq…
Təbiət rəngbərəng, boya üstündə…
Sönən ocaqlarda köz qalacaqdır.
Xınası islanan qaya üstündə,
Kəklik ayağından iz qalacaqdır.
Dağların nəğməsi dodaqlarında,
Bir həsrət tutacaq daş yuvaları.
Çılpaq ağacların budaqlarında
Yağışla dolacaq quş yuvaları.
Buludlar sallanıb yerə dəyəndə,
Göylər göz yaşını tökəcək yenə.
Yalçın qayaları yağış döyəndə,
Duman dərələrə çökəcək yenə.
Meşənin islanan qızılı donu
Bu gündən sabaha nəmli qalacaq.
Ellərin arana düşəcək yönü,
Yaylaqlar nisgilli, qəmli qalacaq.
Quşların qalxacaq ərşə, yuxusu,
İsti yuva üçün kol gəzəcəkdir.
Yağışı bəhanə edib çoxusu,
Sevgisin açmağa yol gəzəcəkdir.
SÜPÜRGƏÇİ, YOVŞAN İLƏ SÜPÜRMƏ…
Uzaq bir şəhərə səfərim ərəfəsində uzun illərdi orada yaşayan bir dostuma:-«kənddən nə istəyin var?»-deyəndə,-«mənə dağlarımızda bitən bir kol yovşan gətir»-dedi. Dostumun istəyini yerinə yetirdim. Ancaq, iylədiyi yovşanın üstünə tökülən göz yaşları da nəzərimdən yayınmadı… Geri qayıdanda isə rayonda süpürgəçinin yanından keçərkən yovşan iyi hiss etdim. O, bir neçə yovşan kolundan bağladığı süpürgə ilə küçəni süpürürdü…
Sən o kolu belə ucuz eyləmə,
Süpürgəçi, yovşan ilə süpürmə.
Öz işindi, iyləmirsən iyləmə,
Süpürgəçi, yovşan ilə süpürmə…
Bu nə saray, nə imarət, kaşanə,
Söylə görüm o bitkiylə qoşa nə?
O kol axı, o dağlardan nişanə,
Süpürgəçi, yovşan ilə süpürmə…
O bitkini nə becərən, əkən var,
Ancaq, onun həsrətini çəkən var.
İyləyəndə göz yaşı da tökən var,
Süpürgəçi, yovşan ilə süpürmə…
Nə çox gözəl, nə düz deyil o nemət,
Çörək deyil, nə duz deyil o nemət.
Sən biləntək ucuz deyil o nemət,
Süpürgəçi, yovşan ilə süpürmə.
Bil, o kolun illər ötən iyi var,
Qəribliyə gedib çatan iyi var.
Yovşanda da biraz Vətən iyi var,
Süpürgəçi, yovşan ilə süpürmə…
O KİŞİLƏR GEDİBDİ
Yuxuda atamı gördüm. Məndən öz yaşıdlarını -kəndin
köhnə kişilərini soruşurdu…
Daha o dağların əriyib qarı,
Gördüyün bağların sovulub barı,
Yormur daşıqçılar yorğun yolları,
Sən görən kişilər gedibdi daha…
Cığırı ot basıb, iz də qalmayıb,
Arxaclar dağılıb, küz də qalmayıb.
Ocaq yerlərində köz də qalmayıb,
Sən görən kişilər gedibdi daha…
Biçənək yerini biçən azalıb,
Arandan yaylağa köçən azalıb,
Köhləni dayçadan seçən azalıb,
Sən görən kişilər gedibdi daha…
Dəyirman yerində daş qalıb indi,
Obalar, oymaqlar boş qalıb indi,
O yerlər yağıya tuş qalıb indi,
Sən görən kişilər gedibdi daha…
O gür ocaqların közü də gedib,
Buzlu bulaqların buzu da gedib,
Elə bil çörəyin duzu da gedib,
Sən görən kişilər gedibdi daha…
Kişnəyən atları minib gediblər,
Şam kimi əriyib, sönüb gediblər,
Şirin xatirəyə dönüb gediblər,
Sən görən kişilər gedibdi daha…
BU PAYIZ GÜNÜNDƏ…
Bu payız günündə,
xəzan günündə
Elə qəribsədim,
sanki, xəyalsan.
Biraz da geciksən,
biraz da qalsan,
Surətin gözümdən
çəkilə bilər.
Ya da sənsizliyə
dözə bilməyib,
Ömrüm yarpaq-yarpaq
tökülə bilər….
Bu payız günündə,
xəzan günündə
Qəm-qüssəm çoxalıb,
sevinc azalıb.
Görəsən havadır
üşüdən məni,
Yoxluğun canıma
üşütmə salıb?…
Bu payız günündə,
xəzan günündə
Bəxtimə hicrandan
bəhər-bar düşüb.
Gözlərim dikilib,
uzaq yollara,
Dağlara qar düşüb,
yada yar düşüb…
QORXDUM BİR AZ…
Mən qorxu bilmədim qanana qədər,
Odu tanımadım yanana qədər…..
Bəxtiyar Vahabzadə
Mən dünyaya gələndə,
Diləkdən qorxdum biraz.
Məni elə sıxdı ki,
Bələkdən qorxdum biraz.
Ağlayanda, küsəndə,
Söz bıçaqtək kəsəndə,
Qəfil yellər əsəndə,
Küləkdən qorxdum biraz.
Ürəyimə dəyən gün,
Düzə əyri deyən gün,
Nahaq haqqı əyən gün,
Kələkdən qorxdum biraz.
Boş təknələr dolmadı,
Dünya vecə almadı,
Urvalıq un qalmadı,
Ələkdən qorxdum biraz.
Çox ürəklər daş oldu,
Vədlər, sözlər boş oldu,
Durna oxa tuş oldu,
Lələkdən qorxdum biraz.
Bu biçilən zəmisə,
Bu qəm elin qəmisə,
İblis mələk kimisə,
Mələkdən qorxdum biraz.
Bazarın nırxın gördüm,
Dəhnənin arxın gördüm,
Fələyin çarxın gördüm,
Fələkdən qorxdum biraz.
SƏN MƏNİM ÖMRÜMÜN PAYIZ NƏĞMƏSİ
Sən mənim ömrümün payız nəğməsi,
Mənim payızımda açan çiçəksən,
Sən mənim dünyamın bayatı səsi,
Kövrəksən, zərifsən, tənhasan, təksən.
Sən elə yağışsan bir dəfə yağsan,
Quruyan budağın butası çıxar.
Sən elə gözəlsən bir dəfə baxsan,
Sənin baxışının xatası çıxar…
Sən elə gülsən ki, tikanların var,
Hər görən, ətrini iyləyə bilməz.
Sən elə çaysan ki, qopsa tufanlar,
Səni öz məcrandan eyləyə bilməz.
Sən elə bağçasan, bəhər, barın da
Tənəli bir sözdən saralar, solar.
Sən elə ocaqsan, qışın qarında
Qəlbinin oduna isinmək olar.
Sən elə səmasan, üfüqlərində,
Günəşin, ulduzun, ayın var sənin.
Sən elə dünyasan, sirrin dərində,
Baharın, payızın, yayın var sənin.
DƏNİZ DƏ NİGARAN, SƏN DƏ NİGARAN
Çox dərdi dənizlə sən bölüşübsən,
Sirdaşın, həmdəmin o olub hər an.
Nə vaxtdı, dənizdən ayrı düşübsən,
Dəniz də nigaran, sən də nigaran.
Nə əli yetişir, nə ünü çatır,
Həsrət ümidini kəsiIb bəlkə də.
Dalğalar sahilə baş qoyub yatır,
Səndən dalğalar da küsüb bəlkə də…
Hər Günəş çıxanda, hər Ay batanda,
Ləpələr rəsmini hörür, bilirəm.
Sənin həsrətinlə dəniz yatanda,
Səni yuxuda da görür, bilirəm.
Tək qalan dənizin ayrı dərdi var,
Tənha sükutunda özünü görür.
Səni soraqlayıb gəzən dalğalar,
Sahildə qum üstə izini görür…
Həsrətin üstünə çökür bir anda,
Çoxalır sahilin dumanı, çəni.
Nigaran xəyallar səni yoranda,
Sən onu anırsan, o da ki, səni…
Çox dərdi dənizlə sən bölüşübsən,
Sirdaşın, həmdəmin o olub hər an.
Nə vaxtdı, dənizdən ayrı düşübsən,
Dəniz də nigaran, sən də nigaran.
Yazıya 959 dəfə baxılıb