Olmadı
Mərdi ocaqda qaladı,
Yurdunu çapdı, taladı.
Namərd haqqı tapdaladı,
Ona söz deyən olmadı.
Qəmə tuş görüb anımı,
Dişimə çəkdim canımı.
Həqiqətin ünvanını
Sordum, düz deyən olmadı.
Yatmışıq, şirin röyadan
Yoxdu bizi bir oyadan.
Çıxıb gedək bu dünyadan,
Dünya biz deyən olmadı.
***
ÖLÜM…
Canım zülümdən qurtulur,
Ötüb çagla dil-dil, ölüm.
Sevincimdən aglayıram,
Sen də mənə bax, gül, ölüm!
Üstümə ağ kəfən sərib,
Dostunu çox sanma qərib.
Mübarək əlinlə dərib,
Başım üstə səp – gül, ölüm…
Düşünmə ki, yerim dardır,
Tanrım hər vaxt mənə yardir.
Gözüm üstə yerin vardır,
Nə vaxt gəlirsən, gəl, Ölüm!
Yazıram
Səslər məni, gəlib-gedən;
Nədir, məni vadar edən?
Sual eylər, yoldan ötən:
– Nəyin üzündən?.. Yazıram.
-Bağda gülün, dağda qarın,
Əhdə dönük çıxan yarın,
Ruhumu ağladan tarın;
Neyin üzündən yazıram.
Edən kimi günəş, qürub,
Könlümdə söz mülkü qurub,
Mən yerin üstündə durub;
Göyün üzündən yazıram!
***
Məndən sonra….
Sagkən qara olan bəxtim,
Ağ olacaq məndən sonra.
Daşlara tuş gələn canım,
Dağ olacaq məndən sonra.
Görün, nələr deyir səbrim:
-Döz, bilinər bir gün- qədrin!
Güllərə qərq olan qəbrin,
Bağ olacaq – səndən sonra…
Qulağıma gəlir səslər:
Nədəndir bu bəhsəbəslər?..
Demə məni sevən kəslər
Doğulacaq- məndən sonra.
***
Ağlayar …….
Mən öləndə, dönüb qara,
Göy üzünü yara-yara,
Həmdəm olub buludlara,
Hönkürüb ahım ağlayar.
Ömrüm sona çatıb yetər,
Bu adətdir, gələn gedər.
Savabıma qibtə edər,
Baxıb, günahım ağlayar.
Bir evin sönüb çırağı,
Neçə qəlbə çəkər dağı.
Keçən günə deyib agı,
Gələn sabahım ağlayar.
Sığal çəkib başdaşıma,
Qərq olacaq göz yaşına.
Dönər qəbrimin başına,
Cismimə ruhum ağlayar.
Yazıya 664 dəfə baxılıb