Müşfiq XANdan…
Onu öldürmüşdülər. Öldürmüşdülər deyəndə ki, qanına qətlan eləmişdilər əslində. Gözünü oymuşdular. Sağ gözünü. Sonra sağ qulağını, sağ qolunu, sağ ayağını. Ölümə doğru cəmi 2-3 addım, 3-4 ah, 4-5 tələsik nəfəsalma və cəmi 5-6 ürək döyüntüsü ayırırdı onu həyatdan.
Bir ölüm ancaq bu qədər ucuz, bu qədər sadə və bu qədər mənasız ola bilərdi. Qatil onun sonuncu varlığını – tənhalığını ikiyə bölmüşdü. İndi tənha deyildi – sağa sola bölünmüşdü. Düşünməyə bəzən macal olmur. Onda indi beləydi. Düşünə bilmirdi. Düşünə bilsəydi, əslində tənhalığın nə qədər gözəl həyat tərzi olduğunun fərqinə də varardı. Tənhalığının, kimsəsizliyinin sağını sol gözü ilə sonuncu dəfə yola salırdı, torpağa tapşırırdı.
1,2,3,4,5,6,7… qəribədi, ölə bilmirdi. Birdən-birə daha miskin tənhalaşma hiss etdi ürəyindən sol ayağına doğru. Səssizlikdi. Qatil yoxdu. Sağ yarısını da yığıb müəmmalara qarışmışdı o. Yox, qatil ümumiyyətlə olmamışdı. Xatırlaya bilmirdi onun üz cizgilərini. Şəffaf bir boşluq var idi yerində. Amma belə ola bilməzdi, yuxu görmüş olmalıydı. Ayılmağa çalışdı. Şiddətli ağrıdan sarsıldı. Yuxu deyildi. Sol əli ilə özünü yoxladı. Yarısı yox idi həqiqətən də. Ən pisi burasındaydı ki, bu hala necə düşdüyünü xatırlaya bilmirdi. Gözü toranlaşmağa başladı. Şəffaf insan silueti görünməyə başladı tədricən. Nəsə deyirdi. Yox, danışmırdı, gülürdü. Tanış səs idi. Bayaqkı qatil olmalıydı. Diqqətini topladı. O yaxınlaşırdı. İndi daha yaxşı seçə bilirdi. Gözünə inanmadı. Gülə-gülə ona doğru gələn qatilin yarısı yox idi. Solu yox idi bu əcaib varlığın. Gülməyi gəldi. Uğunmaqdan özünü zorla saxladı. Onun gülüş səsləri yüksəldikcə qatil susqunlaşırdı. Üz-üzə dayandılar. Bir-birini xatırlamağa çalışdılar. Çox çəkmədi, ani sürdü. Hər ikisinə elə gəldi ki, min ildir tanışdırlar. İndicə ayrılmışdılar biri o birinə çox bənzəyən bu yarılar. Solun qolları deşik-deşik idi. Sağın əlində tiyəsinə qədər qana bələnmiş balta vardı. Sümükləri sızıldadı. 1,2,3,4… alınmadı, hava çatmırdı sanki… Son taqətlərini toplayıb yanaşı dayandılar. Dayandılar deyəndə ki, birləşib sonuncu dəfə bütövləşdilər. Ətrafa ağappaq pərdə çökdü. Qandan əsər-əlamət yoxdu. Səda eşidildi bircə addımlıqdan. Tanış səsiydi. Ötənlərdə gəlib-getdiyi çox olmuşdu. “Yox”, – deyə bilmədilər, uzanan tanış əldən yapışdılar. Bərk-bərk. Gələn ölüm idi. Rəngi dördyanlarını saran qatı pərdədən seçilmirdi – ağappaq idi. Getdilər…
Yazıya 656 dəfə baxılıb