Səni arzularda itirmişəm mən,
Kim tapar əbədi itik düşəni?
İllərlə saxlanan şərab kimisən,
Hər gecə yuxumda içirəm səni.
Sərxoş ümidlərin qar alıb başın,
İsinə bilmədim son baxışına.
Sənsiz keçirəcəm yenə bu qışı,
Gözümü dikəcəm qayıdışına.
Niyə ayrılığa isinmədik biz?
Qapımı qar alıb sən gedən gündən.
Adam tək yaşaya bilmədim sənsiz
İntihar edirəm şeirlərimdə.
***
Mən gerçək bildikcə dünya dəyişdi.
Həqiqi bildikcə nağıla döndü.
Şirinim zəhərmiş, qəribə işdi.
Zəhərim şip şirin noğula döndü.
Mən doğru bildikcə yalanlaşırmış,
Çiynimdə iki cüt mələk deyilmiş.
Hansisa yad gəlib doğmalaşırmış,
Hansısa bir doğma gərək deyilmiş.
Yaxşının,yamanın fərqi yox imiş.
Özu öz çərxində yellənir dünya.
Sən demə dünyanın dərdi yox imiş,
Sən demə bizimlə əylənir dünya.
***
Ömürlük məhəbbət olmur, əzizim,
Hər yazın qış payı, payız payı var.
Mürgülü dənizin, susqun dənizin
Küləklər yuxusun oğurlayırlar.
Bir də görürsən ki, boşalıb için, –
Əlindən salmısan, düşüb dağılıb.
Daha heç kim deyil o kəs səninçün,
Baxırsan, yerində sınıqlar qalıb.
Toxunsan, əlini yaralar o qəm,
Qınayıb qalarsan hədər illəri.
Bir də görərsən ki, tamam sökmüsən
İçindən o bəyaz xatirələri…
Bir də baxarsan ki, daşa dönmüsən,
Daşlaşıb içində inamın, sözün.
Elə bil bahardan qışa dönmüsən,
Yanan da özünsən, yaman da özün.
Yollar uzaqlaşır, dəyişir fikir,
Zaman dəyirmandı, əriyir izim.
Bütün ayrılıqlar ömürlük çəkir,
Ömürkük məhəbbət olmur, əzizim.
***
Bəxtim yenə payızdadır,
Xəzəl olub tökülürəm.
Məndən sənə yuva olmaz, –
Kərpic-kərpic sökülürəm.
Yamadılar sözə məni,
Gətirdilər gözə məni.
Bir sənim yox dözə məni,
Sınağamı çəkilirəm…
Şər atdılar, şərə düşdüm,
Bir Allahsız yerə düşdüm.
Haqsızlıqdan üşümüşdüm,
Haqq olana bükülürəm.
Şeytanlar palçığa qatdı,
Mələklər təzədən yapdı.
Yaradan, üzlü yaratdı, –
Əzildikcə dikəlirəm.
***
Sınıq ümüdlərdi bizi incidən,
Arada sızlayan ürəkdir, ürək.
Bu gecə üz-üzə külqabım və mən,
Səni unutmağa cəhd edək gərək.
Dünya fırlanacaq əsrlər boyu,
Bizi də torpağa göməcək zaman.
İnsan hisslərindən kimə nə axı?
Kimə nə, ürəkdə nə çəkir insan?
Məsələn külqabım, bir də mən və sən.
Dəlilik, qəzəblər, bir də ki, həblər.
Mənə içməyi də sən öyrətmisən,
Sərxoşam dərdindən, dözmür əsəblər.
Asdım bu dünyanın dar ağacından,
Bütün sevgiləri, ayrılıqları.
Həsrət bir yumaqdır, tutub ucundan
Gedirəm işıqdan zülmətə sarı.
Mən sənsiz çətin ki, azadlıq dadım,
Özümü gömmüşəm bir daş qəfəsə.
Nə mən susasıyam nə də külqabım,
Sonuncu siqaret külə dönməsə…
Yazıya 922 dəfə baxılıb