Tarixən Azərbaycanda yadelli işğalçılara qarşı güclü hərəkatlar
olmuşdu. Bu azadlıq hərəkatları içərisində istər iştirakçılarınının sayına,
istərsə də yönəldiyi dövlətin dayaqlarının zəiflətməsində Xürrəmilər
hərəkatı qədər güclü hərəkat olmamışdır. Bu hərəkat tariximizdə xarici
işğalçılara qarşı yönəlmiş və pik səviyyəyə yüksələn azadlıq hərəkatıdır.
Biz Xürrəmilər hərəkatının gedişinə keçməzdən əvvəl bu hərəkatın
adının haradan yaranması, hərəkatın yaranma tarixinə nəzər salaq. Bu
hərəkatın başlaması haqda ilk dəfə hicri 162- ci(778- 779- cu illərdə) ildə
bəhs olunub. Ərəb dilində yazan tarixçi, qanunşünas və ilahiyyat
mütəxəssisi Əbu Cəfər Məhəmməd ibn Cərir ət- Təbəri (839- 923)
“Tarix-ər-rüsul və- l- mülk” (Peyğəmbərlərin və padşahların tarixi)
əsərində bu hərəkatın 778- 779- cu illərdə başladığını bildirir. Bir sıra
tarixçilər “xürrəmi”, “xürrəmmədini” və ya “xürrəmdinlər” sözlərini
işlədərək yalnız Babəkin izi ilə gedənləri nəzərdə tuturlar. Belə olduqda gəlin biz “xürrəmi” anlayışının
mənşəyinə diqqət yetirək. Xürrəmi və xürəmməddin terminini tədqiq edəndə bu adın mənşəyi haqqında
mənbələrdə 3 məqam göstərilir. Məsudi, Yaqut əl- Həməvi, Sadiq əl- İsfərani kimi tarixçilər “Xürrəm” sözünün
Ərdəbil yaxınlığında yaşayış yeri olduğunu bildirirlər. Amma “xürrəm” termini haqda təkcə bu fikir yoxdur.
Xürrəm termini haqda bir fikir olsaydı məsələnin həlli daha asan olardı. Digər bir məqama görə “xürrəm” temini
kef çəkəm, əyyaşlıq edən adamlara deyilib. Lakin bu da müxaliflərin onlara atdığı bir çox böhtan və ixtilaflardan
biridir. Ərəb tarixçisi Əl- Səmani yazırdı: onların dini bundan ibarət idi ki, onlar istədikləri və arzu etdikləri hər
şeyi edirdilər. Onlara bu adı ona görə vermişdilər ki, onlar qadağa nə olduğunu bilmirdilər və şərabı, qadınlarla
yaşamağı və faydalı olub nəşə verən hər şeyi xeyirli(halal) hesab edirdilər. Belə ki, orta əsr müəllifləri
məzdəkilərə və onların xələfləri xürrəmilər haqda danışarkən onlarda “arvadların ümumiliyi” məsələsini ifrat
əyyaşlığın nümunəsi hesab edirdilər. Mütəhhər əl- Müqəddəsi yazır: “Onların(xürrəmilərin) içərisində biz
elələrini tapdıq ki, onlar qadınların ümumiliyinə öz razılığı ilə verirlər”. İbn əl- Əsir “Əl- kamil fit- Tarix”
əsərindı yazır: Xürrəmilərin kişiləri öz anaları, bacıları və qızları ilə arvad kimi yaxınlıq edirlər, buna görə onlara
xürrəm adı veriblər. Xürrəmilərdə hər hansı nigah qrup nigahlarının olması, arvadlarının ümumiliyi məsələsi o
qədər də inandırıcı görünmür. Burada bbir neçə məqama diqqət yetirmək lazımdır.
1. Sərxoşluğa, pozğunluğa və əxlaqsızlığa düçar bir toplumun 20 ildən artıq nəhəng Ərəb Xilafətinə
qarşı mübarizə apara bilməzdi. Bu kimi hərəkətlərə yol verən hər bir azadlıq hərəkatı o cümlədən Xürrəmilər
hərəkatı pozulmağa və məhvə məhkum olardı.
2. “Xürrəm” terminini əxlaqsızlıqla əlaqələndirən ənənədə feodal və burjua müəlliflərinin siyasi və
elmi məhdudluğu və sinfi qərəzkarlığı nəzərə çarpır. Belə ki, “Xürrəmilər” hərəkatı haqqında yazanların
əksəriyyəti ərəb tarixçiləri olub. Ərəb Xilafətinə qarşı yönəlmiş bir hərəkat barədə onlar ürək dolusu, müsbət
fikirlər yaza bilməzdilər. Əbül- Müzəffəri İsfərayini “Ət- təbsir fi- d- din və təmyizəl- firqət- əl- naciyyəti ən
firəq il- halikin”adlı kitabında yazır: “Xürrəmilər iki dəstəyə bölünürlər: onlarda biri İslam dövlətindən qabaq
yaşamış məzdəkilərdir ki, haram işləri halal bilirdilər və deyirdilər ki, qadınlara və mal dövlətə şərikdirlər.
Ənüşirəvan öz padşahlığı dövründə onları öldürürdü. İkinci dəstə İslam dövründə meydana gəlmiş
Xürrəmilərdir ki, bunlara da Babəkilər və ya Məzyarlılar deyilir. Lakin Babəkilər Babək Xürrəminin tərəfdarları
idilər. O, Azərbaycanda meydana gəlmişdi və tərəfdarları olduqca çox idi. O, haram edilmiş bütün işləri halal
bilirdi. İmam Fəxri Razi “Etiqadatu firəq- il müslimin və- l- müşrikin” adlı kitabında yazır:” Babəkilər Babəkin
tərəfdarları idilər. Babək özü isə Azərbaycanlı idi. Onun qüdrəti uzun müddət artmaqda idi. O, küfrün yolunu
açdı. Bir çox adam onun başına toplandı. Bu iş isə Mötəsimin zamanında oldu. Bir çox şiddətli vuruşmalardan
sonra onu tutdular və onun bəlası aradan qaldırıldı”. Əbülfərəc
Cövzi “Nəqd- əl- elm və- l- üləma ov- telbisin iblisin” adlı
əsərində bu adamlar haqqında belə deyir: “xürrəmiyan” və
“xürrəmi” yad bir sözdür. O, insanı cəzb edən ləzzətli və maraqlı
şeylər haqqında işlədilir. Bu sözün mənası insanın hər növ ləzzətə
uyması və şəhvət düşkünü olması, habelə cəmiyyətdə əxlaq
qaydaları, dini qanunları ortadan qaldırmaq demək idi. Məzdək
terminin də xürrəmi anlayışı ilə bağlılığı olduğu bildirilir.
“Xürrəmi” termini Məzdəkin arvadının adı ilə bağlı olduğu
haqqında Nizam əl- Mülk “Siyasətnamə”sində yazır: “Məzdəkin
arvadı və Fadənin qızı Xürrəmə 2 adamla Mədaindən qaçıb Rey
mahalına gəlmişdi və orada adamları öz ərinin dini təliminə dəvət
edirdi; müxtəlif adamlar bu dinə daxil oldu və adamlar onları xürrəmdinli adlandırdılar. X- XIII əsrlərdə bəzi
mənbələrdə dəfələrlə bildirilir ki, məzdəkilər və xürrəmilər atəşpərəst olmuşlar. Mütəhhər əl- Müqəddəsi bunu
belə deyir: Xürrəmilər maqların bir gözüdür. Əbül- Fərəc ibn əl- Cövzi, İbn əl- Əsir də məzdəkilərin maq
olduqlarını yazırlar. Bu əsasdan də “Xürrəm” termini “od” anlayışı əsasında təhlilini irəli sürmək olar. Farsca
“xur”, “xvar”, “xarena” – günəş, od deməkdir. Bu baxımdan hərəkatda o qədər də rol oynamayan farslar və
ermənilər “xürrəm” termininin meydana gəlməsinin mənbəyi ola bilər. Çünki qeyd olunduğu kimi “xürrəm”
termini ərəb dilinin leksikonunda olan bir söz deyildir.
Azərbaycanda xürrəmilər üsyanı öz başlanğıcını Cavidan ibn Səhl və ya İbn Şirakla bağlı idi. Baqid ibn
Əmr ət- Təmiminin itirilmiş “Babəkin tarixinə” görə Cavidan Ərdəbil mahalında yaşayırdı, onun böyük qoyun
sürüləri vardı və o, qoyunları Zəncan bazarında satırdı. Bir dəfə Cavidan Zəncanda bir qədər mal- qara satıb öz
yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babək anasının evində qalır. Görür ki, onun müxtəlif
bacarıqlarını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu
ona qulluq etməyə versin, bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ göndərəcək.
Babəkin anası Bərumənd razılaşır. Az sonra Cavidan Əbu İmranla vuruşmada ölümcül yaralanır və 3 gündın
sonra ölür. O, vəsiyyətində arvadına bildirir ki, onun ruhu Babəkə köçür. Qoy onun qoşunları Cavidana necə
tabe olurlar Babəkə də elə xidmət etsinlər. Bundan sonra bütün ordu üzvləri Babəkin qarşısında and içərək
bildirirlər: “Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!”. Mənbələrin
məlumatına görə bu əhvalat yəni Babəkin xürrəmilərə rəhbərliyə keçməsi hicri 201-ci ildə(b.e. 816-cı ilində)
olmuşdu. Əbu Cəfər Məhəmməd ibn Cərir ət- Təbəri “Tarix ər- rüsul və- l- mülk”(Peyğəmbərlərin və
padşahların tarixi) əsərində yazır: Hicri 201- ci ildə (b.e. 816- cı ilində) cavidanilər təriqətdən çıxmış Babək Bəzzin
sahibi Cavidan ib Səhlin tərəfdarlərına rəhbərlik etməyə başladı. Xürrəmilərin apardıqları müharibə dövrü dəqiq
hesaba görə 61 il olmuşdur. Çünki xürrəmilər hicri 162- ci ildə(778- 779- cu illər) baş qaldırmışdılar. Babək isə
hicri 223- cü(837- 838- ci illər) ildə əsir düşənədək bu hərəkat davam etmişdir. “Mücməli- fəsihi”nin müəllifi
xürrəmilərin ilkdəfə 162- ci ildə (778- 779) ildə üsyan etdiklərini qeyd edərək deyir: “Xürrəmilər ilk dəfə
İsfahanda üsyan etdilər”. Buradan aydın olur ki, İranda xürrəmilər ilk dəfə hicri 162- ci ildə İsfahan ətrafında
qiyam etmişlər. Ondan 30 il sonra, yəni hicri 192- ci ildə (807- 808- ci illər) Azərbaycan xürrəmiləri üsyan
etmişdilər. 9 il sonra yəni hicri 201- ci ildə(816- 817) Babək onların başçısı sifətilə ortalığa çıxmışdır. Babək hicri 223- cü
ilə (837- 838) qədər 20 il xürrəmilərə başçılıq etmişdir. Təbəri onların bütün hökümdarlığını 30 il qeyd etdikdə bu
hərəkatı Cavidanın qiyam etdiyi ildən hesablayır. Başqa tarixçilər isə “xürrəmilər 20 il hökmranlıq etmişlər”
dedikdə, bu hərəkata Babəkin başçılıq etdiyi dövrü nəzərdə tutmuşlar. Babək Bəzzdə xürrəmilər icmasının
rəhbərliyini qəbul edən vaxt, onun tərəfdarlarının sayı çox deyildi. Mütəhhər əl- Müqəddəsi yazır ki, Babək
onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün siqnallarını gözləsinlər. Əbül- Fərəc
Məhəmməd ibn İshaq ən- Nədiminin “əl- Fihrist” əsərində yazır ki, Babəkədən əvvəl “xürrəmilərin dini
etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər”. Babək
xürrəmilərə rəhbərliyə keçəndən sonra icmanın daxilində dəyişiklik əmələ gəldi. Mütəhhər əl- Müqəddəsi və
ibn İbri yazır ki, təkcə atlıların sayı Babəkin qoşununda 20min nəfər idi. Babəkin başlıca məqsədi Azərbaycanda,
sonra digər viləyətlərdə ərəb hakimiyyətini məhv etməyə tabe idi. Ərəb tarixçiləri İbn Cövzi və Məqrizi yazır ki,
Babək xürəmmilər qarşısında ərəbləri qovmaq, İslam dinini məhv etmək vəzifəsini qoyduqdan sonra öz
ardıcıllarına elan etdi ki, bu vəzifəni yerinə yetirməyi Cavidan ona vəsiyyət etmişdi. Tarixçilər Babəkin Bağdad
xəlifələri qoşunları ilə etdiyi müharibələrin bəzi təfərrüatını qeyd etmişdilər. Babək hicri 201- ci ildə(816- 817)
fəaliyyətə başladı. “Təqvim ət- təvarix” və Fəsihinin “Mücməl” əsərində qeyd olunur. Hicri 201- ci ildə (816-
817) Babək xürrəmi Cavidaniyyədə üsyan etdi. Ərəb tarixçisi Gəzdizi “Zeyn əl- əxbar” adlı əsərdə yazır:
“İsfahan, Həmədan və Masobzanın əhalisi xürrəmi dinini, xürrəmdin Babəkin məsləkini qəbul etdilər”. Babək
başına çoxlu qoşun topladı. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız
yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə (hicri 203-cü ildə) xəlifə Yəhya ibn Müaz ibn Müslimin
komandası altında Babəkə qarşı ilk nizami ordu göndərdi. Ət- Təbəri, İbn əl- Əsir və İbn Taqriberdi kimi
tarixçilərin qeydinə görə bu vuruşmada tərəflərdən heç biri məğlub olmadı. Hicri 205- ci ildə, yəni bizim eranın
820- 821- ci illərində başqa bir müharibə başladı. Bu barədə İbn əl- Əsir “əl- Kamil fit- tarix” əsərində yazır:
“məmun Ərməniyyə və Azərbaycan hökmdarlığını İsa ibn Məhəmməd ibn Əbü Xalidə verib, onu Babəkin
müharibəsinə göndərdi”. O, Babəklə müharibə üçün ordu toplayaraq 821- 822-ci ildə bir dərə ilə hərəkət etdi,
burada Babək onun qabağını kəsdi və onu qaçmağa vadar etdi. Isa da dalına baxmadan hey qaçırdı, nəhayət
zarafatcıl bir əsgər onu səsləyib dedi: “onlarla (xürrəmilərlə) müharibədə bizim işimiz gətirmir, biz ancaq
müsəlmanları qorxuda bilərik”. 823- 824- cü Züreyk(Zərik) ibn Əli ibn Sədəfə əl- Əzdi komandan oldu. Babəklə
müharibə işi ona tapşırıldı. Ərəb tarixçisi Əl- Yaqubi və İbn Təqriberdi yazır ki, Züreyk(Zərik) xürrrəmilərlə heç
nə edə bilmədi. 824- 825- ci illərdə Əhməd ibn Cüneyd İskafi Babəkin müharibəsinə getdi. Amma Babək onu
əsir götürdü. Sonra Azərbaycanın hökmdarlığı İbrahim ibn Leys ibn Fəzlə verildi. 827- ci ildə xəlifə Məhəmməd
əl- Tusini ərəb ordusunun komandanı təyin etdi. O, isə ilk əvvəl Züreyki(Zəriki) öldürdü. Məhəmməd 827-ci ildə
Babəklə müharibəyə girişdi və 2 il ərzində davam edən vuruşmada müvəffəqiyyət həmişə onun tərəfində idi. 2
illik tərəflər arasında lokal döyüşlərdəm sonra 3 iyul 829- cu ildə Həştadsər dağında ərəblərlə Babək tərəfdarları
arasında əsas döyüş oldu. ərəblərin məqsədi xürrəmilərin istehkamı Bəzzi tutmaq idi. Babək Tusini qoşunları
üçün pusqu düzəltdi. Qanlı vuruşmadan sonra ərəblər məğlub olaraq qaçmağa başladılar. İbn Xallikan, əl-
Yaqubi, ət- Təbəri, ibn Miskəveyh yazır ki, döyüşdə Məhəmməd əl- Tusi öldürüldü. Vardan məhz Məhəmməd
əl- Tusi ilə Babək arsındakı vuruşmada Babəkin 30 minə qədər İsmayıl övladını(ərəbi) qırdığını bildirir. Nizam
əl- Mülk “Siyasətnamə”sində yazır: Xəlifə Məmun Məhəmməd əl- Tusinin həlak olmasından çox kədərləndi.
Çünki o, çox bacarıqlı sərkərdə idi. 829- 830- cu ildə Məmun Azərbaycan, Cibal, İsfahana Əli ibn Hişamı hakim
təyi etdi və həm də xürrəmilərlə vuruşmağı tapşırdı. Lakin Əli ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı
sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu
xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və
830- 831- ci illərdə Bağdadda edam edildi. Dinəvəri qeyd edir ki, bu zaman “Babəkim işi böyük vüsət aldı və
adamlar ondan qorxmağa başladılar”. Xəlifə Məmun 833- cü ilin acqustun 7- də öldü, öz qardaşı Mötəsimi taxta
varis təyin edərək ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca
diqqət vermək sərəncamı idi. Təbəri yazır ki, xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz
bir adam göndər. Ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə sən öz
tərəfdarların və yaxın adamlarınla onların üstünə get”. 833- cü il avqustun 10-da Mötəsim xəlifə elan edildi. Yeni
xəlifə taxta çıxan kimi sələfinin vəsiyyətinə əməl etməyə başladı. O, xürrəmilərə qarşı müharibəyə hazırlıq
görməyə başladı. Xəlifə də başa düşürdü ki, Azərbaycan və digər əyalətlərin xalq hərəkatlarının qarşısında zəiflik
Xilafəti məhvə sürüklüyə bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Bunun nəticəsi idi ki, xürrəmilərə qarşı
onun qoşunlarının ilk hücumu uğurla nəticələndi. Ət- Təbəri “Tarix ər- rüsul və- l- mülk” də yazır: “ Mötəsim
onlara qarşı qoşun göndərdi, onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında
idi ki, onu da Mötəsim, həmin ilin(yəni 833- cü ildə) Şəvval ayında(hicri təqvimlə oktyabrın 20- si noyabrın 17- si)
Cibala hakim təyin etmişdi. O, zülqədər ayında xürrəmilərin üstünə gəldi. Onun xürrəmilər üzərində çaldığı
qələbə haqqındakı məlumat Bağdadda təvriyyə günündə (həmin gün ki, zəvvarlar Məkkədən Minaya gedirdilər)
833- cü il dekabrın 25- i oxundu. Bu döyüşdə bəzi mənbələr məsələn Nizam əl- Mülk “Siyasətnamə”sində
bildirir ki, İshaq ibn İbrahim 100 min xürrəmini məhv etdi. Təbəriyə görə 60min xürrəmi məhv edilmişdi. Bu
döyüş xürrəmilər üzərində xilafət qoşunlarının ilk böyük qələbəsi idi. Xəlifə Mötəsim Həmədan yaxınlığındakı
ilk uğurdan sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hədənbir vuruşmaq müharibənin
gedişinə təsir göstərməyəcəkdir. Mötəsim hiss etdi ki, onun qardaşının və sələfinin Babəklə etdiyi
müharibətaktikası kökündən yanlış idi. Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin qüvvələrini toplamaq üçün
Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi. Mötəsim öz
sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə xüsusi diqqət yetirdi. O, düşmənin qüvvəsi və
gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdləri
seçməkdən, köməkçi hisslərlə təmin etməkdən tutmuş Xilafətin maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər
edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi. Əz- Zəhəbi yazır: 835- ci il iyunun 3- də Xəlifə Mötəsimin
Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Xidr ibn Kavusa
tapşirdi. Afşinin adı Kavus oğlu Xidr və ya Xnidr idi. Bəzi müəlliflər Afşinin adını yalnış olaraq Heydər
yazmışlar. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin xürrəmilərlə vuruşmada girəndə gündə 10 min
dirhəm, hərbi əməliyyat olmayanda 5min dirhəm alırdı. Əz- Zəhəbi yazır ki, təkcə 837- ci ildə Mötəsim Babəklə
müharibəyə 1mln dirhəm xərcləmişdi. “Əl- Uyun və- l- hədaiq” əsərində qeyd edilirdi ki, Afşin casus məlumatı
toplamağa xüsusi diqqət yetirirdi. Afşin öz casuslarından əlavə Babəkin casuslarını da öz tərəfinə cəlb edərək,
xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi. Getdikcə
Babəkin yerli hökmdarlar sırasında olan müttəfiqləri ondan ayrılmağa başladı. Babəkə xəyanət edənlər arasında
Təbriz və Şahi qalası hökmdarı Məhəmməd ibn əl- Bəisdə vardı. Əl- Yaqubi yazırdı ki, İbn əl- Bais, xəlifə
qarşısında özünə bəraət qazandırmaq üçün “Mötəsimə məktub yazıb ona öz sədaqətini bildirir və onu əmin
edirdi ki, Babək və onun tərəfdarlarına qarşı lazımı tədbirlər görəcəkdir. Məhz ibn Bais xəyanətlə qohum olduğu
İsma əl- Kürdini tutub Səmərraya xəlifənin sarayına göndərdi. Əbül Abbas Əhməd ibn Yəhya ibn əl- Bəlazuri
“Kitab əl- buldan” əsərində qeyd edir ki, xəlifə Mütəvəkkilin dövründə İbn əl- Bais Xilafətdən yenidən ayrıldı,
lakin axırda 850- ci ildə ömrünü zindanda başa vurdu. Afşin 835- ci il ərzində Bəzzə yaxınlaşma yollarındakı
istehkam məntəqələrini bərpa edir və yenisini qururdu. Ibn İbri qeyd edir: “ərəb və xürrəmi orduları arasında
kəşfiyyat xarakterli toqquşmalar olur, bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerlərə yaxşı
bələf olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri
çətin vəziyyətə qoyurdular. Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi. İbn əl- Əsirin
qeydi kimi “cismən və ruhan məğlub olurdu”. 835- ci ildə Arşak yaşayış məntəqəsində baş verən döyüşdə
xürrəmilər məğlub oldular. Buna səbəb xürrəmilərin içində xəyanətkarın olması olub. Əl- Məkin və Tarixi əl-
Salihin əsərində olan məlumata görə bu döyüşdə xürrəmilər 1000- dək itki verdilər. 836- cı illdə Həştadsər dağı
yaxınlığında xürrəmilərlə Buğa əl- Kəbrin komandası altındakı ərəb ordusu arasında vuruşma oldu. Təkəbbürlü
Buğa, Afşinin əmrinə etina etməyərək şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını
görmüşdü. Babək 2000- lik dəstə ilə gözlənilmədən Buğanın qarşısına çıxdı və onun qoşununu qapalı bir dərədə
məğlub etdi. “Böyük Buğa” çətinliklə qaçıb qurtula bildi. Bu Babəkin Xilafət qoşunları üzərində son böyük uğru
oldu. Bu məğlubiyyətdən sonra Afşin öz qoşununu Bəzzə yaxın olan Bərzəndə çəkdi. Bu, Babəlin Xilafətin
qoşunları üzərində son böyük uğuru oldu. Bu məğlubiyyətdən sonra Afşin öz qoşununu Bəzzə yaxın olan
Bərzənə çəkdi. 836- cı ildə qış aylarında xürrəmilər igid Türk olan Tarxanı itirdilər. Afşin başa düşürdü ki, Tarxan
xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Nəhayət, buna
müvəffəq oldular. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı
axırıncı il 837- ci il gəlib çatdı. Mötəsim Cəfər Xəyyatı bir qədər qoşunla Afşinin köməyinə göndərdi. Xəlifə
onlarla Afşinə qoşun maaşı və təchizat üçün 30mln dirhəm pul da göndərdi. Köməkçi qüvvənin gəlmiş olmasına
baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını tamamilə dəyişdirdi. Müharibənin uğurlarına hələ də
inanmayan xəlifə Mötəsim Afşinə bir- birinə zidd olan müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə
yerinə yetirirdi ki, az sonra ərəb qoşunlarında komandana qarşı narazılıq başlandı. Afşin əsgərlərin
narazılıqlarına baxmayaraqverdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi. Ərəblərin qida təchizatı da yaxşı
deyildi. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini
məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb
görsün. Təbəri qeyd edir ki, xürrəm ətraflı baxdıqdan sonra Afşin onu geri buraxdı və xahiş etdi ki, “qardaşı
Babəkə onun salamını yetirsin”.
Afşinin Babəklə bu cür münasibəti ərəb qoşununa və xüsusən sərkərdələrdə şübhə doğurmaya bilməzdi.
Sonralar məlum oldu ki, Afşin Babəklə müharibənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli
danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Əbu Mənsur əl- Bağdadi bildirir ki, Afşin
“Babək ilə gizli qəsd hazırlamışdı”. Mötəsim Afşini Babəkə qarşı göndərəndə “belə düşünürdü ki, o
müsəlmanlara səmimi münasibət bəsləyir”. Əslində isə Afşin Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı.
Yalnız müharibə qurtardıqdan sonra Xəlifə Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara
xəyanət etdiyini oyrəndi. Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Babək, Afşin və Məzyər
arasında gedən gizli danışıqmvə yazışmalar bir nəticə vermədi. Odur ki, Afşin də özünü tamamilə ifşa etməmək
üçün, Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl- Həyyat, Əbu Səid, Buxara Xudatın
komandası altında olan Türk qoşunları və könüllülər qalanı mühasirəyə aldılar. Bəzz uğrunda uzun sürən
vuruşmalar başladı. Bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri tələfat verməyə məcbur etdilər. Ərəblər
mancanaqları işə salaraq hasarı sökməyə başladılar. Xürrəmilər sona qədər mübarizə aparsalar da getdikcə
qalanın davam gətirməyəcəyini görən Babək Afşinlə şəxsi danışıqlara girdi. Əl- Yaqubi bu danışıq barədə yazır:
“danışıqlar zamanı Afşin “Babəkə aman təklif etdi””. Lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin belə dedi:
“sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə çayı keç”. Lakin o uzaqlaşdı.
Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq Afşin bir müddət sonra onun yanına adam
göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Nizam əl-
Mülk “Siyasətnamə”sində yazır: Afşin babəkin elçisinə dedi: “Babəkə bunları söylə: hər başlanğıcın bir sonu
var. Insanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır. Sənin
vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq”. Babək Afşinin təklifini ikinci dəfə rədd etdi, amma bir neçə
gündən sonra Türk qoşunları şəhərə girən zaman Babək özü Afşinlə görüşməyi xahiş etdi. Görüşdə Afşinə dedi:
“mən əmir əl- mömindən aman istəyirəm. Afşin cavab verdi: “ mən sənə təklif etmişdim və sən nə vaxt istəsən
sənə aman veriləcəkdi”. Lakin Afşin qabaqcadan danışdığı kimi Babəkdən tələb etdi ki, onun yanına girov
adamlar göndərsin, amma bundan bir əməl hasil olmadı, çünki girov göndəriləcək şəxslər vuruşmada idilər və
onları çağırıb girov göndərmək mümkün deyildi. Əbu Hənifə Dinəvari “Əxbari ət- tival” əsərində yazır: Babək
Afşinlə danışıqdan sonra qalaya getdi, orada isə, tarixçinin dediyinə görə “elə vuruşma gedirdi ki, bunun mislini
heç kəs görməmişdi”. Afşin şəhərə neft atanlar dəstəsini gətirdi və onların köməyi ilə Bəzz 837- ci ilin avqust
ayının 26- da ərəb qoşunu tərəfindən tutuldu(Ət- Təbərinin qeydi). Afşin əmr etdi ki, şəhərin qalalarını
dağıtsınlar və şəhəri 3 gün ərzində yandırsınlar. Əz- Zəhəbi, Yaqut əl- Həməvi yazır ki, Babəkin oğulları onların
ailə üzvləri şəhərdə tutuldular. Nizam ül-Mülk “Siyasətnamə”sində verdiyi məlumata görə Bəzz alınarkən
80mindən artıq xürrəmi öldürülmüşdü. Əl- Bağdadi, Dinəvəri, əl- Məsudi kimi tarixçilər qeyd edirlər ki, ərəblər
Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Babək Bizansa getmək
istəyirdi, çünki Bizans imperatoru ilə çox yazışırdı. Bizans imperatoru Feofil Bizans tərəfdən Xilafətə hücuma
çətin vəziyyətdə olan Babəkin ona məktub yazmasından sonra göndərdi. Ət- Təbəri Feofilin Babəkə kömək üçün
etdiyi hücum tarixini hicri 223(838- ci il) göstərir. Əbu Səid əl- Qədrizi “Zeyn əl- əkbar” adlı əsərində yazır:
“Babəklə Bizans imperatoru Feofil arasında yazışma var idi, Feofil gec də olsa, Babəkə qoşunla kömək etdi. Afşin
Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət
paytaxtından xilafətin qızıl möhürü ilə bir məktub gəldi. Ət- Təbəri yazır ki, xəlifə Mötısim Babəkə aman bəxş
edirdi. Afşin bu əhvalatdan lap çaşıb qaldı. Afşin Babəkin əsir edilən oğluna xəlifənin məktubunu atasına
çatdırmasını tələb etdi. Amma o buna razı olmadı. Afşin digər iki xürrəmi ilə məktubu Babəkə göndərdi. Babəkin
oğlu da atasına xəlifənin məktubuna müsbət cavab verməsi üçün məktub göndərdi. Lakin Babəkin cavabı nə
xilafətin, nə də oğlunun düşündüyü kimi oldu. Belə bir rədd cavabı Afşinin, əlbəttə, xoşuna gəldi, çünki Babəklə
danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarının
axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babəkin azuqəsi qurtaranadək Azərbaycanda Ərməniyyə
vilayətinə gedən dərədə gizləndi. Babəklə birlikdə onun 2 qardaşı- Müaviyyə və Avdullah, anası, arvadı və bir
neçə xidmətçi vardı. Babəkin Sünik knyazı Vasaqın qızı olan İbnət əl-Kədəniyyə təkidi ilə Bizansa getməyi qərara
aldı. Ibnət məcbur edirdi ki, Babək yolu onların knyazlığından- Sünikdən salsın. Amma Babək və onunla
gedənlər yolda ərəblər tərəfindən təqib olunurdu. Afşinin dəstəsi yolda onlara hücum etdi. Babək, Abdullah və
xidmətçilərdən biri qaçıb aradan çıxdı. Babək ilə qardaşı gizlincə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi
ki, açıq yola çıxsınlar. Bu yerdən bir az aralı sərhəd məntəqəsi vardı və həmin vilayətin Şəki hökmdarı knyaz
Səhl ibn Sunbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan
Babəki tanıdı. İbn əl- Əsir “əl- Kamil fil Tarix” kitabında yazır: “Babəkin Bizansa getdiyini Səhl bilirdi. O,
Babəki qalasına dəvət edərək dedi: Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə
edəcəyini qət edəcəksən. Ac və yorğun olan Babək Səhlə inandı və onunla razılaşdı. Səhl Afşinə Babəkin onun
yanında olduğunu xəbər verdi. Bir neçə gündən sonra Səhl qurduğu tələdə Babək tutuldu. Dinəvəri və İbn İbri,
eləcə də Alban tarixçisi Musa Kalankatlu (Moisey Dasxuranlı) Babəkin Səhl tərəfindən əsir edildiyi və Afşinə
təhvil verildiyi yazılır. Tarixçi Vardan yazır ki, Səhl “qiyamçı Babəki tutdu və Afşinə verdi”. Az sonra Afşinin
tələbinə görə İbn İstifanus Babəkin qardaşı Abdullanı da təslim etdi. Vardan deyir ki, Babəki tutmaq üçün Səhl
“Afşindən bəxşiş olaraq 1000 kişr gümüş və bir daha 100min aldı”. Afşin babəkin və onun qardaşının tutulmasını
xəlifə Mötəsimə xəbər verdi. Ət- Təbəri yazır: “Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: mən səninlə
İraqa yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin yerə axırıncı dəfə baxa bilərsən.
Babək belə cavab verdi: Mən öz şəhərimə baxmaq istərdim. 837- ci ildə sentyabrın 15- də Babək bir zaman
alınmaz qala olan Bəzzin dağıdılmış mənzərəsini yad edəndən sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və
onun qardaşı 838- ci ilin yanvarın 4- də Səmərraya(Samirə) gətirildi. Məsudi yazır ki, xəlifə Babəkin əsir
alındığını xəbər alan kimi “onu sevinc bürüdü və öz sevincini açıq bildirdi”. Qələbə haqqında ölkənin hər yerinə
xəbər göndərildi. Ərəb tarixçiləri əl- Məkin, İbn Təqriberdi və Məsudi qeyd edir ki, Babək müxtəsər
dindirildikdən sonra şaqqalandı, onun başı əhalini qorxutmaq üçün Xorasana göndərdi, bədəni isə Səmərrada
asıldı. Babəkin edam zamanı göstərdiyi mətanət, dözümlülük orta əsr ərəb tarixçilərinin əsərlərində də qeyd
olunub. İbn Təqriberdi deyir ki, Babək öz zəmanəsini qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi.
Mütəhhər əl- Müqəddəsinin məlumatına görə: “Babəkin üzərində qələbə İslam dövlətində ən böyük qələbə idi,
onun əsir olduğu gün isə müsəlmanların bayram günü idi”. Nizam əl- Mülk dediyini də qeyd etmək olar:
“Mötəsimin 3 böyük qələbəsi olmuşdur, hamısı İslamın Şöhrəti idi: birincisi Rum üzərində qələbə, ikinci Babək
üzərində qələbə, üçüncüsü Təbəristanlı Məzyər Kəbr üzərində qələbə idi. Bu 3 qələbədən lap biri baş tutmasaydı
İslam məhv olardı. Gördüyümüz kimi, Azərbaycan xürrəmiləri üzərində qələbə xilafət üçün asan başa gəlmədi.
Bunun üçün əsasən yüksək döyüş qabiliyyətləri ilə seçilən türk hərbi dəstləri səfərbərliyə alınmışdı. Babəkin
rəhbərliyi ilə xürrəmilərin azadlıq hərəkatı Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu hərəkat
sarsılmaz qüdrəti ilə seçilən ərəb xilafətinin dayaqlarını zəiflətdi. Azərbaycanda və Rusiyada şərqşünaslıq
elminin banisi olan Mirzə Kazım bəy “Bab və babilər” xilafətdə olan üsyanlar haqqında qeyd edir ki, Abbasilər
xilafətində xalq üsyanlaının müvəfəqiyyətləri “qısamüddətli və keçici olsa da, heyrətli idi”. Babəkin hərəkatı
digər hərəkatlar kimi müəyyən səbəblər üzündən müvəffəqiyətsizliyə uğramasına baxmayaraq, xilafətin şimal
vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırlarınadək Xilafətdə
baş verən bütün yeni üsyanların özəyi oldular. G. H. Sadigəni “Le Mouvements religilux iraniens” və E.
Basworth “The Rise of the Karamiyyah in Khurasan” adlı əsərlərində qeyd edirlər ki, xürrəmilər bir çoxları
kimi X əsrdə İsmaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimal- şərq və şimal- qərb “Xəzər
dənizi sahili və Kuhistan rayonları” sonralar xürrəmilər ardıcılları olan batinilərin dayağı oldu.
Nəticə
Babəkin başçılığı altında Azərbaycanda Ərəb xilafətinə qarşı azadlıq hərəkatının baş verməsi böyük
əhəmiyyətə malik bir hadisə olmuşdur. Xürrəmilər bir hərəkat kimi sosial bərabərlik, ədalətli cəmiyyət uğrunda
mübarizə aparırdılar. Onlar məzdəkilər kimi Allah nemətlərinin insanlar arasında bərabər bölünməsini
istəyirdilər. xürrəmilərin apardığı mübarizədə İslamın bəzi ehkamlarını ləğv etmək istəmələri və ya rədd
etmələri fikri kimi iddialar irəli sürülür. Əslində babəkilər tərəfindən İslamın bəzi ehkamlarının ləğv edilməsinə
müəyyən qədər haqq qazandırmaq olar. Çünki uzun müddət ayrı- ayrı dini dünyagörüşlərə xidmət edən xalqın
nümayəndələrini birdən- birə İslamın bütün ehkamlarını qəbul etməsi mümkün deyildi. Bu heç də Babəkin ateist
olması fikrinə gətirib çıxarmır. Bir qədər hadisələri qabaqlayaq. Belə ki, XIII əsrdə Azərbaycana hücum etmiş
monqollar nə üçün onların dini olan şamanizmi Azərbaycanda rəsmi din elan etmədilər və ya edə bilmədilər?
Çünki XIII əsrdə artıq Azərbaycan altı əsrə yaxın idi ki, İslamı qəbul etmişdilər. Ona görə də monqollar
şamanizmi azərbaycanlılara qəbul etdirmədilər özləri İslamı qəbul etdilər. Elə cə də xürrəmilərdə. Uzun əsrlər
ayrı- ayrı dini əqidələrə xidmət edən xalq ərəb xilafətinə qarşı mübarizədə qəbul etmədikləri ehkamları irəli
sürür və xalqın azadlıqsevər təbəqələrini bu ehkamlarını ləğv etmək uğrunda mübarizəyə çağırırdılar.
Xürrəmilər hərəkatının özəyində məzdəkilər dururdu. Cavidanın dövründə mübarizəni başlayan xürrəmilər
alovlu vətənpərvərlər kimi əsas güclərini məhz 816- cı ildə Babəkin bu hərəkata rəhbərliyindən sonra göstərməyə
başldılar. Babəkin hərəkata rəhbərliyi hərəkatın genişlənməsində mühüm rol oynadı. Güclü ordu yaradan Babək
bir- birinin ardınca 819- cu il, 820- 21- ci illər, 825- 26- cı illər əməliyyatlarında uğurlu qələbələr qazandı.Ən böyük
ilk qələbəsini 829- cu ildə Həştadsər döyüşündə qazandı. Ərəblərin Bəzzi tutmaq cəhdi baş tutmadı. 830- cu il
Həmədan döyüşündə babəkilər yenidən uğur qazandı. 833- cü ildə II Həmədan döyüşündə Babək ilk dəfə
uğursuzluğa düçar oldu. Bu ərəb xilafətinə öz səhvini anlatdı. Bütün qüvvələr xürrəmilərə qarşı yönəldildi.
Qüvvələr nisbəti getdikcə xürrəmilərin əksinə, ərəblərin xeyrinə gedirdi. 836- cı il II Həştadsər döyüşü Babəkin
son böyük uğuru oldu. Afşin ərəb qoşunlarına rəhbərliyə gələndən sonra Babək haqqında kəşfiyyat məlumatları
toplamağa, onun sərkərdələrini aradan qaldırmağa başladı. Üzücü müharibələr artıq Babəkin tərəfdarı olan sadə
xalq nümayəndələrinin ondan uzaqlaşmasına gətirib çıxarırdı. 837- ci il avqustun 26- sı Babəkin Bəzz uğrunda
döyüşü onun son döyüşü oldu. Bəzz tutuldu. Ərəb xilafəti Bizansa qarşı mübarizədə Babəkdən istifadə etmək
cəhdləri baş tutmadı. Babək ən son anlara qədər Vətənin azadlığını öz şəxsi maraqlarından üstün tutdu. Babəkin
edamı ərəb Xilafətinin ən böyük qələbəsi oldu. 20 illik ərəb Xilafətinə qarşı mübarizə ərəblərin 225500 nəfər əsgər
və çoxlu ərəb sərkərdəsi məhv edilmişdi. Babək hərəkatı Abbası xilafətini kökündən sarsıtdı. Bu sarsıntı o qədər
güclü oldu ki, Xilafət bir daha özünün əvvəlki qüdrətini bərpa edə bilmədi. Məhz Babək hərəkatı Azərbaycanda
və digər Xilafət ərazilərində xilafət əleyhinə hərəkatlara bir ideya mənbəyi və təkan oldu. Xürrəmilər və onun
rəhbəri Babək Azərbaycanın mübarizə tarixində şərəfli bir ad kimi daxil olmuşdur.
Yazıya 1358 dəfə baxılıb