Zaman Əsgərli — Bir daha Natəvan haqqında

Bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlayan Xurşidbanu Natəvan Azərbaycan Zaman_Esgerli_(Qudsi_(2007))ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairələrdən biridir. Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən gerçək, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca özəlliklərindəndir.

 

Natəvan Azərbaycanın ictimai həyatında, xüsusən Qarabağın mədəni inkişafında, Şuşa şəhərinin abadlaşdırılmasında önəmli xidmətlər göstərmiş, bir sıra xeyirxah tədbirlər həyata keçirmişdir. Onun rəhbərliyi və bilavasitə hamiliyi ilə 20 ildən artıq bir müddətdə fəaliyyət göstərən “Məclisi-üns” ədəbi məclisinin şöhrəti Qarabağın, ümumiyyətlə, Azərbaycanın sərhədlərini aşaraq bütün Zaqafqaziyaya, Krıma və Dağıstana yayılmışdır.

 

Tarixi arayış:

 

Xurşidbanu Natəvan 1832-ci ilin avqust ayının 15-də Şuşa şəhərində anadan olmuşdur. O, mənşə etibarilə tanınmış bir nəsildən idi. Babası məşhur Qarabağ xanı İbrahimxəlil Cavanşir idi. Atası Mehdiqulu xan Cavanşir də 17 il Qarabağda hakimlik etmişdi. Şairin anası Bədircahan bəyim Gəncə hakimi Cavad xanın nəslindən olan Uğurlu bəyin qızıdır. Mehdiqulu xan Bədircahan bəyimlə evləndikdən bir qədər sonra Qafqaz canişini, general Yermolovun Qarabağ xanlığına qarşı yeritdiyi qərəzli siyasət nəticəsində, 6 min evlə İrana köçüb mühacirətdə yaşamaq məcburiyyətində qalmışdı. Yermolov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onu əvəz edən general Paskeviç Mehdiqulu xana bəraət qazandırıb, öz vətəninə qaytarmışdı. Bu ailə uzun müddət – təxminən 25 il övlad həsrəti ilə yaşamış, nəhayət, Xurşidbanu dünyaya gəlmişdir. Natəvan ailənin yeganə övladı idi. Onun uşaqlığı sarayda keçmiş, ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiləri olmuşlar. Natəvan ilk təhsilini də atasının sarayında xüsusu müəllimlərdən almış, hələ kiçik yaşlarında oxuyub-yazmağı, dini və dünyəvi bilikləri, habelə, klassik poeziyanı öyrənmiş və bir tərəfdən yüksək ədəb-ərkanına, biliyinə, savadına, digər tərəfdən, ictimai mənşəyinə görə Qarabağda “Xan qızı” ləqəbi ilə tanınmışdır.

 

Sarayda doğulub böyüməsinə baxmayaraq, Natəvanın ömrünün çoxu qəm-qüssə və iztirablar içində keçmişdir. 1845-ci ilin may ayının 15-də şairənin atası Mehdiqulu xan Ağcabədi kəndində qəflətən vəfat edir. Xurşidbanu Mehdiqulu xanın yeganə varisi olduğu üçün, xanlığın mülklərinin idarə hüququ ona keçir. Amma çar Rusiyasının Qafqazda yeritdiyi müstəmləkəçilik siyasəti, Qafqaz hakimi Vorontsovun Qarabağ xanlığını həm siyasi, həm də iqtisadi cəhətdən tamamilə Rusiyaya tabe etdirmək niyyəti xanlığın sərbəst fəaliyyəti üçün açıq-aşkar maneə törədirdi. Vorontsov Qarabağ xanlığına siyasi təsir göstərmək məqsədilə xanlığa məxsus torpaqların bir çoxunu dövlətin xeyrinə müsadirə edir. Bundan bərk narahat olan Bədircahan bəyim hökümət dairələrinə şikayət ərizələri göndərir. Ancaq bu ərizələr nəticəsiz qalır. Buna görə o, 1848-ci ilin yazında qızı Xurşidbanu ilə bərabər Tiflisə gedir. Onlar avqust ayına qədər Tiflisdə qalıb öz mülklərini geri, vərəsə Xurşidbanunun ixtiyarına qaytarırlar.

 

natəvanTiflisdə olarkən Xurşidbanu Vorontsovun şəxsi yavəri general-mayor Xasay xan Usmiyevlə tanış olur. Əslən qumıq olan Xasay xan Usmiyev Bədircahan bəyimə Vorontsovla əlaqə yaratmaq işində kömək edir və bunun əvəzində Xurşidbanu ilə evlənmək istədiyini bildirir. Çıxılmaz vəziyyətdə qalan Xurşidbanu Xasay xana ərə getməyə razılıq verir. 1850-ci ilin payızında Xasay xan Şuşada toy edib, Xurşidbanu ilə evlənir və onu götürüb əvvəlcə Dağıstana, öz doğma yurduna, oradan da Tiflisə aparır. Natəvan iki ilə qədər Tiflisdə yaşayır. Amma Tiflisin ab-havası ona düşmür, səhhəti pozulur. Qan azlığından əziyyət çəkir və 1852-ci ildə həkimlərin məsləhəti ilə doğma Şuşaya qayıdır. Bir müddət Şuşada müalicə olunduqdan sonra tamamilə sağalır.

 

Ana olmaq arzusu ilə gecə-gündüz Yaradana dua edən Xurşidbanu 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edir, 1855-ci ildə onun oğlu, 1856-cı ildə isə qızı dünyaya gəlir.

 

X.Natəvanın həyatında maraqlı hadisələrdən biri də onun 1858-ci ildə Bakıda böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşməsidir. Bu haqda A.Dümanın xatirələrində deyilir: “Mənim dəvət olunduğum evdəki məclisdə iki tatar (azərbaycanlı-Z.Ə.) knyaz qadını və kiçiyinin əri iştirak edirdilər. Açıq deməliyəm ki, onlar gəlişimizi səbirsizliklə gözlədiklərindən, bizi sevinclə qarşıladılar. Knyaz qadınlarından biri Qarbağın son hakimi Mehdiqulu xanın arvadı, digəri onun qızı idi. Anasına 40, qızına isə 20 yaş vermək olardı. Hər ikisi milli paltar geymişdi. Qızı bu bahalı, həm də zərif paltarda olduqca cazibədar görünürdü. Öz anası kimi geyinmiş 3-4 yaşlı qız uşağı təəccüb doğuran iri qara gözləri ilə bizə baxırdı. Həmçinin 5-6 yaşlı oğlan nənəsinin dizi üstündə oturub, instinktiv olaraq hər cür təsadüfə hazır vəziyyətdə öz xəncərinin dəstəyindən yapışmışdı. Hər iki tərəfi iti olan həqiqi xəncəri fransız ana heç vaxt uşağının əlinə verməz. Heyrət edirəm ki, tatar (azərbaycanlı-Z.Ə.) analar üçün bu bir uşaq oyuncağı idi. Ataları Xasay xan Usmiyev… Andreyova kəndində doğulmuş, 35 yaşlı, yaraşıqlı, məğrur bir kişi idi. Fransızca əsl parisli kimi danışırdı. O, əyninə qara kostyum geymiş, başına zərlə işlənmiş sivri uclu şapka qoymuşdu. Belindən fil sümüyündən dəstəsi və qızıla tutulmuş qını olan xəncər asılmışdı” (A.Düma.Kavkaz (Puteşestvie Aleksandra Düma). Tiflis, 1861, səh. 285).

 

Bəli, dediyimiz kimi, 1872-ci ildə Şuşa ziyalılarının təşəbbüsü, Natəvanın köməkliyi və maddi təminatı ilə “Məclisi-üns” (“Dostluq məclisi”) adlı ədəbi məclis təşkil edilir. Şuşa ziyalılarının həvəslə toplanıb şeirləşdiyi bu məclisin rəhbərliyini və bütün xərclərini Natəvan öz öhdəsinə götürmüşdü. Məclisə şairlərlə bərabər, musiqi biliciləri və ifaçıları da toplaşır, şeirlə musiqinin qarşılıqlı əlaqəsi barədə ədəbi, elmi söhbətlər aparırdılar. Belə canlı ədəbi mühitdə fəaliyyət göstrəməsi Natəvanın yaradıcılığını cilalayır, istedadını daha da püxtələşdirirdi. Onun şöhrəti Qarabağın sərhədlərini aşaraq Şamaxıya, Bakıya, Tiflisə, Irəvana, Krıma – Baxçasaraya yayılırdı. Əliaçıq olduğu, sənət adamlarına ehtiram göstərdiyi üçün hər yerdə böyük şöhrət qazanmışdı. Müasirləri onun şeirlərini yüksək qiymətləndirir, poetik isteda­dını tərifləyirdilər.

 

Natəvan şairliklə yanaşı, musiqiyə, rəssamlığa və bədii tikməyə, parça üzərində bəzəkli şəkillər çəkməyə də meyl göstərirdi. O, naturadan çəkməyə, obyekti birbaşa təsvirə üstünlük verir, real rəssamlıq nümunələri yaradırdı. Onun çəkdiyi “Budaq”, “Üzüm salxımı”, “Ağac”, “Ev”, “Gül”, “Çiçək” rəsmləri təbii, lirik və inandırıcı ovqatı ilə diqqəti cəlb edir.

 

1873-cü ildə Natəvan Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirimiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirmişdi. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırmışdı.

 

1885-ci ildə Natəvana ağır bir bədbəxtlik üz vermişdi; onun ikinci əri Seyid Hüseyndən olan 17 yaşlı oğlu Mirabbas xəstələnib vəfat etmiş, bu hadisə şairəni tamam sarsıtmışdı. Əziz övladının vaxtsız ölümündən sarsılaraq dərin iztirablar, mənəvi böhranlar keçirən ana özünün daxili üzüntülərini, oğul itkisindən doğan qüssə və kədərini şeirlərində əks etdirirdi. Onun “Ağlar”, “Əfsus”, “Getmə”, “Sənsiz” rədifli qəzəlləri oğlunun ölümü münasibətilə yazılmışdır.

 

Yüksək sənətkarlıq nümunələri olan bu şeirlər özünün bədii məzmununa, poetik gözəlliyinə görə XIX əsrin bir sıra söz ustalarının diqqətini cəlb etmiş, Azərbaycan şairlərindən Seyid Əzim Şirvani, Ağaəli bəy Naseh, Molla Ağa Bixud, Əbülhəsən Vaqif, Ibrahim bəy Azər və başqaları “Ağlar”, “Əfsus”, “Getmə”, “Sənsiz” , “Ölürəm”, “Bülbül”, “Neçin gəlməz” şeirlərindən təsirlənərək, onlara cavab-nəzirələr yazmışıar.

 

Tarixi arayış:

 

Oğlunun ölümünə görə dərin mənəvi iztirablar keçirən Natəvan daxili üzüntülər, iztirablar nəticəsində xəstələnərək bir ilə qədər yataqda qalmışdır. Səhhəti bir qədər yaxşılaşdıqdan sonra Tiflisə gedib, həkimlərin məsləhəti ilə bir müddət orada müalicə olunmuşdur. Ancaq şairənin səhhəti getdikcə pisləşir, o, günlərlə, bəzən həftələrlə xəstə olurdu. 1891-ci ildə ərinin ölməsi Natəvanın vəziyyətini daha da pisləşdirdi. O, Mir Möhsün Nəvvaba göndərdiyi bir mənzum məktubda öz vəziyyətini təsvir edib yazırdı:

 

 

Qəmi-əyyamidən çox Natəvanəm,
Əliləm, naxoşam, əfsürdə canəm.

 

 

Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.

 

Şairənin həyatının son illəri daha acınacaqlı keçmişdir. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxmış, borca düşmüşdü. Hətta mətbuatda xəbər verildiyinə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu. (Bax: “Bakinskie quberrnckie vedomosti” qəzeti, ¹ 43; Yenə orada, 1896, ¹ 5.)

 

 Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənmiş, və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur.

 

Natəvanın ölümü müasirlərini, xüsusilə ziyalıları, şair və ədibləri ürəkdən kədərləndirmiş, Tiflisdə çıxan “Kafkaz”, Bağçasaryda çıxan “Tərcüman” qəzeti onun vəfatını öz oxucularına təəssüflə bildirmişdi. Azərbaycan şairlərindən Məhəmməd ağa Müştəri, Mirzə Rəhim Fəna və başqaları Natəvanın ölümü münasibətilə mərsiyə və növhələr yazmışlar.

 

Xurşidbanu Natəvan bədii əsərlərinin əksəriyyətini klassik sənətkarların, xüsusilə Məhəmməd Füzulinin ədəbi təsiri ilə yazmışdır. Şairin qəmli, kədərli həyatı, çəkdiyi möhnətlər, keçirdiyi iztirablar, könül narahatlığı onu ruhən Füzuliyə yaxınlaşdırmışdır. Ustadın qəzəllərində Natəvan özünün ürək tərcümanını, qəlb duyğularının ifadəsini görmüş, buna görə əsərlərində həmişə Füzuli şeirinin poetik xüsusiyyətlərindən, bədii leksikasından, təsvir və ifadə vasitələrindən gen-bol bəhrələnmiş, bəzən hətta müəyyən hissələri təkrar etmişdi. (Bu haqda ətraflı bax: Mirzağa Quluzadə. Füzulinin lirikası. B., 1965, s.394-395)

 

Füzulinin ədəbi təsiri Natəvanın məhəbbət şeirlərində daha güclüdür. Dahi sələfinin ənənələrini davam etdirən Natəvan məhəbbəti yüksək bəşəri hiss, insanı ucaldan əxlaqi keyfiyyət kimi qiymətləndirir. Onun vəsf etdiyi məhəbbət insanlara sədaqət, vəfa, etbar, inam hissləri aşılayır.

 

Şairin səmimi məhəbbətlə sevən lirik qəhrəmanı səciyyəvi xüsusiyyətləri baxımından Füzuli qəzəllərində təsvir olunan aşiqi xatırladır. Həmişə vüsal arzusu ilə yaşayan bu gənc istəyinə çata bilmədiyi üçün əzab-əziyyət çəkir, iztirab keçirir. Hicran, ayrılıq qəmindən onun könül mülkü viran olur. O, çöllərə düşərək, bütün rahatlığını ititrir. Buna baxmayaraq, məhəbbətindən dönmür. Eşq yolunda həyatını qurban verməkdən çəkinmir:

 

 

Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,
Ki qəmi hicrdə dil mülkünü viran etdim.

 

Mümkün olmaz mənə vəslin, bilirəm, həşrə kimi
Ol səbəb məskənimi kuhü biyaban etdim.

 

Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.

 

Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri-sidq ilə dilü canımı qurban etdim.

 

 Natəvanın qəzəllərinin mərkəzində insanpərvərlik, xeyirxahlıq, səmimi ülfət, dostluq ideyalarının tərənnümü dayanır. “Ey dost”, “Xudahafiz” rədifli qəzəllərində o, bir-birini sevən insanlar arasına təfriqə, ayrılıq salmağa cəhd edən rəqibin xain, yaramaz əməlini pisləyir. Müasirlərinə riyakar, ikiüzlü, aravuran adamlardan uzaq gəzməyi təkidlə tövsiyə edir. Şair, eyni zamanda, dostluq ülfətini tutan kəsləri ehtiyatlı olmağa, rəqib fitnəsinə uymamağa çağırır. “Xudahafiz” qəzəlində ayrılıq vaxtının çatdığını duyaraq, vidalaşmaq üçün yar-yoldaşını başına toplamış xəstə, gücsüz bir aşiqin əhvalı təsvir edilir. Həyatdan “getmək növbəti” çatmış bu aşiqin dilindən söylənən qəzəl dünyada qalanlara vəsiyyət kimi səslənir. Məşuqəsinin biganəliyindən, mehrsizliyindən inciyən aşiq onu başa salır ki, sevən kəslər həmişə bir-birinə vəfa göstərməli, dostluğun, məhəbbətin qədrini bilməlidirlər.Insanlar xudbin hisslərdən çəkinməli, mehriban olmalı, bir-birinin qədrini bilməlidirlər.

 

Qəzəldə vəslə yetə bilməyən gözü yaşlı nakam aşiqin iztirabları da çox təsirli verilmişdir. Ömrünü sevgilisinin xəyalilə keçirmiş bu gəncin səbri və taqəti kimi, ağıl və huşu da tükənmişdir. O, həyatdan əlini tamam üzmüş, ümidini itirmişdir. Dünyadan ürəyi qəmli, ciyəri qanlı, yana-yana ayrılır:

 

 

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə,
Xəyalinlə keçirdim ömrümü nalan, xudahafiz!

 

Nə səbrü taqətim qaldı, nə əqlü huş bilmərrə,
Onunçün çeşmi-pürxunim olur giryan, xudahafiz!

 

Üzüb əl Natəvan candan, ki ta ümmidi-vəsl etməz,
Dili qəmgin, cigər pürxun, olub suzan xudahafiz!

 

 

Natəvanın məhəbbət mövzusunda yazdığı qəzəllərində həyatdan şikayət, peşmançılıq, yalvarış, nigarançılıq, təəssüf hissləri, zəmanədən, dövrandan narazılıq motivlərinə də gen-bol yer verilmişdir. İnsan taleyinə həssaslıqla yanaşan şair ictimai ədalətsizliyə, mənəvi buxovlara qarşı çıxaraq, oxucusuna zülmkarlıqdan, xudpəsəndlikdən uzaq olub, eşqi, məhəbbəti əziz tutmağı, şərəf və ləyaqətlə yaşamğı tövsiyə edir. Arzuladıqlarını həyatda görməyən şair lirik qəhrəmanın dili ilə dünyaya gəldiyinə, sevib-sevildiyinə təəssüf edir. Bu ruh “Olaydı” rədifli qəzəlində özünü aydın büruzə verir.

 

İlahiyə müraciətlə deyilən bu qəzəldə şairin lirik qəhrəmanı maddi və mənəvi aləmdə qarşıalşdığı ziddiyyətlərə – “eşq içrə” şadlıqdan sonra axan göz yaşlarına, sərv boylu gözəl qamətin əlçatmaz olmasına, bülbülün güldən kənarda, gülün isə xar əlində qalmasına etiraz edir. O, həyatdakı ziddiyyətlərin səbəbini göylərin iradəsində görür, hicranla vüsalın, gülşənlə bülbülün möhnətinin, şadlıq və sevinclə bəlanın bir yerdə olmasına təəssüflənir. Yar vüsalından, gülşən seyrindən sonra gələn həsrət iztirablarını, ayrılıq dözülməzliyini, həyatın insana zindan kəsildiyini görəndə aşiq bədbinləşir, rəhmsiz dövranın alt-üst olmasını, ədalətsiz cəmiyyətin dağılmasını istəyir:

 

 

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı!

 

 

Qəzəldə cəfakeş aşiqin taleyi klassik ədəbiyyatda məşhur olan əfsanəvi Yəqub, Yusif, Züleyxa kimi məhəbbət, inam, sədaqət və gözəllik qəhrəmanlarının adı və taleyi ilə müqayisə edilir. Həmin əfsanəyə görə kənanlı Yəqub peyğəmbərin istəkli oğlu Yusifi qardaşları paxıllıqdan kor bir quyuya atmış, oğlunun ayrılığına ağlamaqdan atasının gözlərinə ağ gəlmişdir. Misirə gedən karvanın adamları təsadüfən Yusifi görüb quyudan çıxarmış, özləri ilə Misirə aparıb, orada qul kimi satmışlar. Onu alan Əziz ləqəbli vəzirin arvadı Züleyxa Yusifin gözəlliyini görəndə bu gəncə vurulmuşdur. Lakin Yusif Züleyxanın arzusunu yerinə yetirmədiyi üçün qadın ona böhtan atmış, nəticədə, Yusif zindana salınaraq yeddi il orada qalmışdır. Bu hadisə Züleyxanı kədərləndirmiş, onu qəm dəryasına qərq etmişdir. “Olaydı” qəzəlinin son beytlərində Natəvanın lirik qəhrəmanı bu hadisələri xatırlayaraq, hər sevincdə hökmən bir kədərin, hər gülüşdə bir göz yaşının olduğunu görür. Həm də kədər, qəm həmişə sevincdən, şadlıqdan sonra başlanır. Məhz bu xüsusiyyət onu daxilən bədbinləşdirir, məyus edir və o, kədərlə, qəmlə, məyusluqla nəticələnən sevinci, şadlığı istəməyib onlardan imtina edir:

 

 

Nə Misr olaydı, nə Kənan, nə həsrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

 

Nə çah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada görən bir adəm olaydı!

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!

 

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!

 

XIX əsr Azərbaycan lirikasının gözəl nümunələrindən biri olan “Olaydı” qəzəlinin dərin ictimai məzmunu vardır. XX əsrin görkəmli söz ustadı Səməd Vurğun “Xurşidbanu Natəvan” məqaləsində bu şeiri “böyük insanın qüssə və kədəri” kimi mənalandıraraq demişdir: “Şairəmizin bu acı sətirlərində feodal dünyasının düşüncə və hiss adamlarına nə qədər darlıq etdiyini görürük. Onların kədəri ictimai ədalətsizliyə qarşı, insanın köləliliyinə və onun ləyaqətinin alçaldılmasına qarşı olan protest formalarından biridir”. (Səməd Vurğun, Əsərləri, 6 cilddə, 5-ci cild, B., 1972, s 147)

 

M. Füzuli poeziyasının təsiri Natəvanın şeirlərinin yalnız məzmununda, mövzu və ideyalar aləmində deyil, onun yaradıcılığının formasında, bədii strukturunda, qəzəllərinin vəznində, daxili bölgüsündə, habelə poetik dilində, təsvir və ifadə sistemində də aydın müşahidə edilir. Onun “Bilin yaran, bu dünyada hərə bir kar ilən oynar”, “Olmuşam dəhri-bəla içrə bu gün divanə mən”, “Dilbəra, dərdi-dilimdən belə ünvan etdim”, “Zəmanə saldı əcəb möhnətü məlalə məni” misraları ilə başlanan qəzəlləri bilavasitə Füzulinin təsiri ilə yazılmış, Natəvan ustadın sənətkarlğından yüksək bacarıqla bəhrələnmişdir.

 

Şairin “Olan könlüm” rədifli qəzəli də Füzulinin “Könlüm” rədifli qəzəlinə nəzirə kimi yazılmışdır. Müəllif özünün daxili təlatümlərini, könül çırpıntılarını, qəlb dünyasının təzadlarını əks etdirərkən dahi sələfinin poetik təcrübəsindən, bədii idrak və inikas üsullarından, fikri ifadə etmək, oxucuya çatdırmaq tərzindən faydalanmışdır. Natəvanın şeirində işlənən rədif və qafiyələrin bir qismi, xüsusilə “mənim bu şad olan könlüm”, “ustad olan könlüm”, “abad olan könlüm” kimi ifadələr dərhal Füzulinin “Tutuşdu qəm oduna şad gördüyüm könlüm” misrası ilə başlanan qəzəlini yada salır. Aydın görünür ki, Natəvan Füzulinin poetik cazibəsindən uzaqlaşa bilmir.

 

XIX əsr Azərbaycan poeziyasında Füzuli yaradıcılığından bəhrələnmənin, füzuliyanə yazılmış qəzəlin gözəl nümunələrindən biri kimi diqqəti cəlb edən bu qəzəldə Natəvanın yaradıcılıq özünəməxsusluğu da nəzərə çarpır. Sələfindən fərqli olaraq o, daxili qafiyədən istifadə etməklə, misralardakı poetik yükü daha da zənginləşdirmiş, şeirin axıcılığını qüvvətləndirmişdir:

 

Yenə, ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.

 

Görübdür yari əğyarə, olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

 

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

 

Fəraqın ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir,
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

 

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

 

Natəvanın təbiət gözəlliyinə, bənövşəyə, qərənfilə, bülbülə həsr etdiyi şeirləri də vardır. Doğma təbiətin gözəlliklərindən ilham alan şair düşüncələrinin bədii inikası kimi yaradılan bu əsərlərdən həyat ətri, gülün, çiçəyin xoş rayihəsi gəlir. Şair təbiət gözəlliklərini sevən aşiqin mənəvi dünyası, qayğıları ilə təmasda, möhkəm əlaqədə təsvir edir. Təbiət gözəlliklərinin tərənnümünə həsr edilməsinə baxmayaraq, bu şeirlərdə həm də güclü bir insan əhval-ruhuyyəsi vardır. Onlarda insana və təbiətə məxsus xüsusiyyətlər, əyilməyən, məğrur mənəviyyat, nəcib duyğular, incə hisslər, ehtiras və məhəbbətlə dolu həyat, hicran, vüsal, etiraf, narazılıq, göz yaşları, yalvarış, ümid, nisgil, səadət həsrəti görmək mümkündür. Bu şeirlərin mərkəzində insan əhval-ruhiyyəsi, onun könül dünyası, mənəvi tələbatı dayanır. Şairin təbiət gözəlliklərinin təsvir və tərənnümünə həsr edilmiş əsərlərində çöl, çəmən, gül, çiçəklə bağlı təsvirlər çox vaxt sevən aşiqin ürək çırpıntıları, keçirdiyi hiss və duyğularla əlaqələndirilir; bu şeirlərin mərkəzində insan, onun böyüklüyü və əvəzsizliyi ideyası dayanır.

 

Natəvanın yaradıcılığı ilə XIX əsr Azərbaycan şeirinin lirik qəhrəmanı bədii struktur baxımından daha da zənginləşir; bu tərkibə əvvəlki aşiq və məşuqə surətlərindən fərqlənən tamam yeni bir insan – dərdli, kədərli ana surəti daxil olur. Əlbəttə, bu surətlə aşiq surəti arasında oxşar, ümumi cəhətlər tapmaq mümkündür. Romantik hiss və duyğularla yaşayan, səmimi və odlu məhəbbətlə sevən, lakin əli məşuqəsinə çatmayan aşiq kimi ana surəti də kədərli və dərdlidir. Onların ikisini də hicran ağrıdır, ikisi də ayrılıqdan iztirab çəkir, qovrulur. Lakin kimin hicrinə ağrımaq, kimin həsrətini çəkmək məsələsində bu surətlər bir-birindən seçilirlər. Aşiqi sevgilisinin, ananı isə, dünyadan cavan köçmüş övladının ayrılığı yandırır. Onun sinəsinə çalın-çarpaz bir oğul dağı çəkilmişdir ki, yarası gecə-gündüz göynəyib sızıldayaraq, ana qəlbinin fəryadlarına çevrilir. “Əfsus”, “Sənsiz”, “Getdi”, “Getmə” rədifli və “Yanar canım, oğul, daim sənin nari-fərağında” misrası ilə başlanan qəzəlləri həmin fəryadların bədii əksi kimi yaranmışdır. Bu şeirlərin hər misrasında müsibət içində olan ananın odlu qəlbi çırpınır.

 

Məlum olduğu kimi, Natəvanın yaratdığı ana surətinin prototipi şairin özüdür. Qəzəllərində xatırlanan övlad-oğul isə ikidir. Onlardan biri ömrünün bahar çağında, yeniyetməlik dövründə həyata əlvida demiş, torpağa qovuşmuşdur. Ikincisi isə, ananı həsrətdə qoyaraq, uzaq bir diyara getmişdir. Bu övladlardan birincisi Mir Abbas, ikincisi isə Mehdiqulu xandır. Şairin “Əfsus”, “Sənsiz”, “Getmə” rədifli qəzəlləri Mir Abbasın ölümü münasibətilə yazılmışdır. Bu şeirlərin birincisində ananın bahar fəslində, təbiətin canlandığı, gözəlləşdiyi bir vaxtdakı əhvalı-ruhiyyəsi təsvir olunmuş, təbiətin şadlığı ilə ana qəlbinin kədəri arasında qüvvətli bədii təzad yaradılmışdır. İkinci şeirdə isə Natəvan öz kədərini bilavasitə dünyanın, cahanın və insanların vəfasızlığı ilə əlaqələndirir. Həyatın gedişatından, mövcud şəraitdən narazı qalan kədərli ana gördüklərinə təəssüf edir.

 

Şair klassik ədəbiyyatda geniş yayılmış bədii təsvir və ifadə vasitələrindən istifadə edərək oğlunun ölümünü gül mövsümünün keçməsi, baharın solub getməsi, bülbülün xəstə halda tək-tənha qalması ilə müqayisə edir. Ana oğlunu əzəmət və şərafət bağında açılmış, lakin dövranın bağbanı tərəfindən çox tez qopardılmış gülə bənzədir. Oğlunu həzin, kədərli bir dillə yuğlayan ana torpağa yalvararaq bu “gülbədən” cavanı əziz saxlamağı xahiş edir:

 

Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!
Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

 

Riyazi-izzü şərafətdə bir gül açmışdı,
Qopardı ol gülü gülçini-ruzigar, əfsus!

 

O gülbədən ki ipək köynək incidərdi onu,
Olubdur indi o, torpaqla xakisar əfsus!

 

Sən Allah, ey qara torpaq, onu əziz saxla!
Odur mənim gözümün nuru, ey məzar, əfsus!

 

Oğlunun ölümü münasibətilə yazdığı şeirlər Natəvanın müasirlərinə dərin təsir göstərmiş, Qarabağ şairlərindən Mirzə Rəhim Fəna, Mirzə Sadiq Piran, Mir Möhsün Nəvvab, Katib və başqaları, Şamaxıdan Seyid Əzim, Bixud, Bakıdan Vəhdəti, Dilxun, Müniri, Qubadan Xəyali Nətavana nəzirələr yazıb, ona təsəlli və təskinlik vermişlər.

 

Xurşidbanu Natəvanın böyük oğlu Mehdiqulu xana həsr etdiyi şeirlərdə övladı üçün darıxan, onu görməyə, bağrına basmağa can atan, lakin arzusu gözündə qalan ananın daxili iztirabları əks olunmuşdur. Həmin şeirlərdə Natəvan müqəddəs ana-oğul məhəbbətini aşiq-məşuq dastanları səviyyəsinə qaldırır və Yaxın Şərq ədəbiyyatı tarixində qadın-ana ilk dəfə olaraq övlad vəslinə yetmək üçün bütün varından, hətta şəxsi ömründən keçən fədakar aşiq zirvəsinə yüksəlir. Bu cəhətdən “Ölürəm” rədifli qəzəli səciyyəvidir. Övladını görmək üçün çırpınan ananın dilindən deyilən bu qəzəldə onun daxili-mənəvi aləmi, həsrət və intizarı real bədii lövhələrlə verilir.  Yüksək bədiiliklə yazılmış bu şeirin misralarında “fəraqdan gecələr səbahə kimi” yatmayan, ayrılıqdan “bahar laləsi tək bağrı qan” olub əli qoynunda qalan, sinəsi dərdlə dolu ananın kövrək qəlbi, həsrət gözləri görünür:

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali – zülfünə bağlı gedibdir can, ölürəm.

 

Çəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvü fəğan, ölürəm.

 

XIX əsr Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələri kimi, Natəvan da öz yaradıcılığında dini mövzulara müəyyən yer vermişdir. Onun “Əli Əsgər”, “Zeynəb”, “Qasim”, “Gəlməsin” rədifli şeirləri Kərbəla hadisələrinə və imamların müsibətinə həsr edilmişdir. Müsəlman adətlərini, dini ayin və mərasimləri yaxşı bilən, islam tarixinə yaxından bələd olan şair Kərbəla hadisələrini təsvir etməklə müasirlərinə mənəvi təmizlik, əxlaqi gözəllik, xeyirxahlıq, insanpərvərlik duyğuları aşılamaq istəmişdir.

 

Natəvanın əsərləri bədii sənətkarlıq baxımından kamil şeir nümunələridir. İncə mətləbləri, dərin hissləri qüvvətli lirika, poetik coşqunluqla cana gətirmək, şeirdə ifadə yığcamlığı, fikir əlvanlığı və məna dərinliyi yaratmaq onun sənətkarlığının əsas məziyyətləridir. Şifahi xalq ədəbiyyatından və klassik irsdən ustalıqla bəhrələnən şair, yeri gəldikcə bədii sual, xitab və nidalar işlətməklə, lirik qəhrəmanın daxili aləmini, onun hiss və duyğularını, heyrət, həyəcan, yalvarış və təəssüflərini canlı, təsirli əks etdirə bilmişdir. Şeirlərindəki bədii ifadə vasitələri, xüsusilə təkrirlər, qoşa qafiyələr, rədiflər, metafora və təşbehlər onun əsərlərinin şeiriyyətini, bədii-estetik təsirini daha da qüvvətləndirir. Bütün bu keyfiyyətlərinə görə, Xurşidbanu Natəvanın poeziyası bu gün də bəşəri arzularla, təmiz və pak hisslərlə, yüksək əməllərlə yaşayan insanların qəlbini, ruhunu oxşayır, onların mənəvi dünyasını zənginləşdirir.

 

Yazıya 1529 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.