Sabit Rəhmanın Seyid Hüseyn haqqında xatirələri

sabitrəhman  “Yeməkdən sonra yan otağa keçdik. Burda onun yazı masası dururdu, divarlarda da yağlı boya ilə, karandaşla çəkilmiş şəkillər asılmışdı. Mənim diqqətlə baxdığımı görüb dedi: -Oqtayın şəkilləridir, yaxşı ki, yazıçı olmayacaq. Rəssamlıq gözəl sənətdir. Hər nadan ora burnunu soxa bilmir”. 

Üç yazıçı mənim ədəbiyyat müəlimim olmuşdur. Seyid Hüseyn, Hüseyn Cavid və Abdulla Şaiq mənə məktəbə dərs deyiblər. Onların haqqında xatirələrimdən qısa epizodlar danışmaq istəyirəm.
Seyid_Huseyn_(Baki_Baghlari._Buzovna_(2007)) Ali pedaqoji institutun nəzdində Abdulla Şaiq adına nümunə məktəbi  vardı. Bakıda bu, “Şaiq məktəbi” adı ilə məşhur idi. Mən 1923-cü illə 1924-cü il arasında bu məktəbdə oxumuşam, Seyid Hüseyn o zaman  hələ bədii yaradıcılıq ilə məşğul olmurdu. Müəllimlik eləyirdi, bizə ədəbiyyat dərsi deyirdi. O zaman  ilk dəfə Nuxadan Bakıya gəlmişdim və elə şuluq sinfə düşmüşdüm ki, rayonda gördüyüm məktəb ilə, şagirdlərlə müqayisə etmək mümkün deyildi. O müəllim yox idi ki, bizim sinifdən şikayət eləməsin. Məktəbin müdiri yazıçı Qantəmir idi. O qədər zarafatçıl adam idi ki, bizə öyüd-nəsihət verəndə sakitləşdirmək əvəzinə, bir az da odun üstünə nöyüt tökürdü.
Yalnız Seyid Hüseynin dərsində şuluqluq olmurdu. Özü çox sakit adam idi. Birisi bir layiqsiz hərəkət eləyəndə, ya da icazəsiz söz danışanda üzümüzə elə məzlum-məzlum baxırdı ki, biz istər-istəməz susmalı olurduq. Bir də Seyid Hüseyn şagirdləri məşğul eləməyi, nəzərlərini özünə cəlb eləməyi bacarırdı; müxtəlif yazıçıların hekayələrini, povestlərini sadə və maraqlı dil ilə danışardı, bu hekayələrə özündən əlavələr eləyərdi. Danışığını məzhəkələrlə, xalq məsəlləri ilə zənginləşdirərdi. Ona görə də hər gün səsdən qulaq tutulan sinifdə Seyid Hüseyn dərs verdiyi zaman tam sakitlik olurdu. Elə bil bu nadinc uşaqlar müəllimlərinin gələcəkdə böyük yazıçı olacağını hiss eləmişdilər. Hətta bir dəfə ona sual da verdilər:
-Mirzə, bəs siz özünüz niyə yazmırsınız?
Seyid Hüseyn gülümsündü və lap yavaşdan cavab verdi :
-Hələ düşünürəm.
Bu söhbətdən dörd il sonra  mən Nuxada müəllimlik elədiyim zaman “İnqilab və mədəniyyət” məcmuəsində “Gilan qızı” adında bir hekayə çap olunduğunu gördüm. Oxudum və ayrı-ayrı tanış epizodlardan – təhkiyə üsulundan başa düşdüm ki, Hüseyn Sadiq imzası ilə yazan müəllim bizim müəllimimiz Seyid Hüseyndir.
“Gilan qızı” ndan sonra Seyid Hüseynin duzlu, maraqlı hekayələri dalbadal çap olunmağa başladı. Mən institutda oxuyanda bizim tələbələrin arasında ən şöhrətli nasir Seyid Hüseyn hesab olunurdu.  Xüsusən “Yatmış kəndin qış gecələrində” povesti əldən-ələ gəzirdi.
Bir iclasda onun “Çarxların hücumu” hekayəsinə haqsız yerə hücüm elədilər. Heç kəs müəllifi müdafiə eləmədi. Çıxanda biz təsadüfən yan-yana gedirdik. Rəngi ağappaq ağarmışdı, həyəcanlı idi.  Dönüb mənə baxdı, farsca bir şeir oxudu, sonra da tərcümə elədi. Məzmunu belə idi: Vay o gündən ki, ağı qara deyələr, qaranı ağ. Mən dedim:
-Ağa (hamı ona ağa deyirdi ) ürəyini sıxma!
Heç bir cavab vermədi, gülümsündü, susdu. Düşündüm ki, yəqin tək qalmaq istəyir, odur ki, Qoşaqala qapısının yanında ondan ayrılmaq istədim. Ancaq tamamilə əksinə imiş, tək qalmaq istəmirmiş. Odur ki, məni saxlayıb dedi:
-Gedək, məni evə qədər ötür.
İçərişəhərdə yaşayırdı, Xan sarayı tərəflərdə dolambac küçələrdən keçib onun mənzilinə çatdıq. Məni güclə içəri apardı, qonaq elədi. Yeməkdən sonra yan otağa keçdik. Burda onun yazı masası dururdu, divarlarda da yağlı boya ilə, karandaşla çəkilmiş şəkillər asılmışdı. Mənim diqqətlə baxdığımı görüb dedi:
-Oqtayın şəkilləridir, yaxşı ki, yazıçı olmayacaq. Rəssamlıq gözəl sənətdir. Hər nadan ora burnunu soxa bilmir.
İndi istedadlı rəssam olan Oqtay Sadıqzadə Seyid Hüseynin oğludur, atası o vaxt onun çəkdiyi rəsmlərdən elə fərəhlə danışdı ki, mən onun artıq öz dərdini unutduğunu hiss elədim.
O gün biz xeyli söhbət elədik, ədəbiyyatdan, sənətdən. Ən çox o danışırdı, mən dinləyirdim. “Şaiq məktəbi”ndəki ədəbiyyat dərsi davam eləyirdi.

Kultura.az

Yazıya 866 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.