Seymur Su — Saçlarını çiynimə sıxacam

Gözümə sığal çək,
bəlkə qalar əl izləri..
Yaşlara toxun bir-bir,
xatırla dənizləri.

Saçıma sığal çək,
Təsəllim olsun əlin..
Heç mənim olmasan da,
Nazını çək dəcəlin..

Üzümə diqqətlə
Baxaraq məhv etmə.
Bir dəfə alınmadı,
Bu dəfə səhv etmə

Demirəm sev məcbur.
Nə qədər yanındayam,
Bacarırsan öldür,
Son dəfə əfv etmə..

****

Ağac
(“Səndən öncə, səndən sonra..” kitabından.)

 

Mən sevgiliyəm qağayıların səslərinə.
sən mənim içimdə çağlayan dənizim olmusan..
ölülər günlərlə unudulur,
üçü, yeddisi, qırxı unutdurur onları..
axı sən ölü deyilsən,
axı sən illərlə doğmalaşırsan..
artıq neçə illik əzizim olmusan..
keçib illərin:
birin, ikin, üçün..
metro çıxışlarında axtarırsan məni,
sənsizliyimin borcunu almaq üçün..
qarğışlarını sırala,
arxamda qalan yollara..
deyəsən elə təkcə mənə çatır gücün..

heç bir şerə, mahnıya sığışmır
tənha gecələrin tək yolçusunun
yalnızlıq ölçüsü..
o qədər uzaqsan ki,
o qədər gedər-gəlməzdir ki, yolların
tapa bilməz sənin gəzdiyin küçələrin
mənsizlik harayını,
Bakının ən tanınmış görücüsü..

təqvimlərin də bitdiyi bir nöqtə var
bir rəqəmi dəyişməyə görə nələrindən keçir bu insanlar
özlərinə saxta gülüşlər
rəngli geyimlər alır ağ-qara fikirlərin arasından sızaraq..
dünyanın da sona çatdığı ölkə var
bu şəhərlərin də sonuna çıxacaq
bu yolların da ipini tutub saxlayacaq
bir yer var,
binaları ucaldır,
dabanların altını qazaraq..

haralardasa günəşi məğlub edə biləcək kiçik kölgə var
paxılam onun sərinliyinə..
həyatın sirrlərini saxlamışam,
ovcumda,
bir gün üzümə dayanarsa yaşanılanlar..
o qədər kin yığılıb ki, faşistlərtəki
arada ağızdan çıxır,
getmir heç harasa,
dəyir çiyinə..
bəzən sadə günlər,
sadə, sözü üzdə olan insanlar axtarışındayam,
yorulmuşam dayaz boğazların
kəlmə dərinliyinə…

sanki
gölməçələr – yeməyim
sanki
ayaqqabılar – çörəyim
arada dabanlarımı iştahla batırmaq istəyirəm
quma, suya, gölməçələrə..
arada batmaq istəyirəm başdan ayağa kimi
palçığa.
aclar belə
istəyirəm, bu sözümü duya:
o qədər acam ki..

hər əşyanı üst-üstə yığacam ki,
yandırarsan.
Yanmış parçaları toplayıb
bu qalmış son xatirələri
özünə çox əziz olduğu üçün
muzeyə bağışlayarsan..
Güneydəki günəşin gülüşündəki əzginliyi
hopdurarsan əllərinə
məni görən quzeyə bağışlayarsan..
mənzərəm böyümür sevgi obyektivimdə şair olmaq üçün
o qədər yığcam ki..

bir qaralamalıq
kağızım, vərəqim var.
gülüşümdə heç kəsin görmədiyi
şüam, işığım, şəfəqim var
bir dərmanlıq gün qalıb,
bir dualıq məscidə gedişim.
nə söz qalıb,
nə də onları saxlayacaq dişim..
bir nəfəsim var
küləklərin içimdəki var gəlinə uyğun
fırtına dolu..
bir yuxum var
bir ömürlük həyatın ağrılarına dözmək üçün
yaşayıram gözü yumulu..
bir gün elə yatacam ki…

sağım solla qalıb mübahisədə,
altım üstümlə müharibələrdə,
hələ qarşıdan gələn sənsizlik yumruğunu,
girməyimə qadağa qoyulan
xoş günlər qoruğunu,
arxadan gələn
gediş peşmançılıqlarını demirəm..
ümid çağırışları,
nifrət siqnalları,
sevgi qışqırıqlarını,
qanımın damarlarımla olan
düşmənçiliklərini demirəm..
mən xaraba şəhərdə
heç kəsin sevmədiyi tıxacam ki..

içmişəm Xəzərdən,
içim titrəyir.
deyəsən bu günlərdə yanından keçmişəm
ayaqlarım hər addımında büdrəyir..
dişlərim..
sabah xoşbəxtliklərini
acımasızcasına çeynəyir..
yemişəm ümidlərdən bir neçə qaşıqlıq,
mədəm deyəsən göynəyir.
içmişəm Xəzərin çirkini..
– Neynirsən, bilmirsən intihardı bu etdiklərin?
– Ehh, onsuz da hər yer bulaşıqlıq..

Sərxoşam bilirsənmi?
bu günlərdə Kafkaya döndüyümdən qorxuram.
qapanmışam qapının arxasına..
şəhərim, evim, içim, sözüm yoxdu – bir sözlə boşam
heç həvəsim də qalmayıb
hansısa bir xəbər üçün dağılam, töküləm, coşam..
gəl qapımı döy
bütün hər şeyin
hirsini, əsəbini səndən çıxacam
saçlarını çiynimə o qədər sıxacam ki..

parça-parça, hissə-hissə olub
evinin damına yağacam ki,
əllərini göyə qaldırıb
dua edəsən Allaha
mənim üçün
neçə illərdən sonra
birinci dəfə..
belə bir savaba bataram sənin kimi dindar dilindən belə desək..
bəlkə dua edəsən Allaha
məni səbəb gətirərək?
mən qalmamağa hazıram uzağında..
bəlkə o sevdiyin Allaha doğru tələsək?
tövbə etmək istəyirəm
sənin əllərinlə gedim onun hüzuruna
mən günahlarımın sayını-hesabını itirən
sayğacam ki…

Qayıdacam,
gözlərinə bir daha elə baxacam ki,
qorxmayacaqsan əvvəlkitək..
işıqlı prospektin
maşın şüşələrinə, fotoqraflara baxması kimi
mən elə bir ağacam ki,
yarpaqlarımı alıb aparan qızıl payızın
qışdan qorxub qaçdığı
daldalandığı
sınıq, sökük daxması kimi..
əriyib, əriyib, süzülmək istəyirəm
köynəyimin içində
yağış damcılarının ürək boşluğumdan
döş qəfəsimə şırıltıyla axması kimi..

 

 

Yazıya 969 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.