Qərib Mehdi – EVRİKA! – İRADƏ AYTEL

qerib mehdi

Özünü şəxsən tanımırdım, sadəcə adını eşitmişdim. Özü də elə-belə, yaddaşın ucqarlığında  – itərliyində qərar tutacaq bir nöqtə kimi. Bir dəfə təsadüfən “Divani-hikmət” məclisinin yığıncağında rastlaşdıq. Oxunan yazılar haqqında çılğın və güzəştsiz fikirlər söyləməsi onun kəskin xarakterindən xəbər verirdi. Deyə bilmərəm ki, o, bütün iddialarında haqlıydı. Xoşuma gələn oydu ki, fikirçi, dayaqsız, şirin söz oyununu fırlatmaqla ucuz rəğbət qazanma fürsətinə imkan vermədən öz mövqeyini ortalığa qoyurdu. Mənə elə gəldi ki, onun qərəzsizliyi ədalətindən çəkilidir. Həmin ədəbi-bədii meyarlara rəğbətli olduğumdan dərhal gənc şairə diqqətimi çəkdi və yaddaşımın uzaq ucqarlığından könül evinə qədər yaxın gəldi. Fasilədə aramızda təbii söhbət şəraiti yarandı. Mənəvi sərvətini oxucu sərgisinə çıxarmaq istədiyim gənc istedad şairə İradə Aytel idi.

Sonra o, yenidən “qeybə” çəkildi, ta bu günlərə kimi. 2010-cu ilin zirvəsində – dekabr ayında İradə Aytellə bir də görüşdük. Şəxsən yox, mənə təqdim olunan avtoqrafsız “İkimizin bir evimiz varıydı…” kitabı ilə. Sevindim. Nəzəri fikirlərini eşitdiyimin indi bədii məhsulları ilə tanış olacaqdım. Oldum da. Ətrafa bir “Müjdə!” nidası ilə səslənmək istədim. Az qala, Arximed kimi “Evrika!” – İradə Aytel deyə qışqıracaqdım. Gələcəkli yeni bir imza ilə üzləşmişdim. Deyəsən narahatçılığıma son qoyulacaqdı. Səbəb ciddiydi.

XX əsrin doxsanıncı illərindən üzübəri Azərbaycan ədəbiyyatının bir qolu sayılan Gəncə ədəbi mühitində xoşagəlməz bir mənzərə yaranmışdır. Bütövlük naminə bu mühit üç nəsillə təmsil olunmalıydı – gənc nəsil, orta nəsil və yaşlı nəsil. Onlardan ikisinin fəaliyyəti nəzərə çarpsa da, gənc nəsil qrafasının qarşısında sıfırdan (0-dan) başqa rəqəm görünmürdü. Nəhayət, dayanış ölü nöqtəsindən tərpəndi. Bu qrafanı yoxluqdan varlığa çevirən imzanın sahibi İradə xanım Aytel idi. Birazdan bu ciddi istedada Firəngiz İdrisqızının “Gəncliyin səsi” ədəbi birliyində yetişən Xəyalə Sevil və Vüsal Hicran da qoşularaq onu təklikdən xilas etdilər.

Aytelin kitabına görkəmli şairimiz Aləmzər xanım Əlizadə olduqca maraqlı bir ön söz yazıb. Daha təcrübəli olan Aləmzər xanım daha gerçək, təbii və təhlili ön sözündə həm müəllif şəxsiyyətinin, həm də onun zərifliklə, kövrəkliklə yoğrülmüş “dəli-dolu” poeziyasının xarakteristikasını əks etdirib. Bu təsirli yazıdan sonra söhbəti həmin istiqamətdə davam etdirməyə ehtiyac qalmırdı. Məhz buna görə mən sadə yola – müəllifin yaradıcılığına ümumi şəkildə münasibət bildirməyə üstünlük verdim.

Iradə xanımın könül çırpıntılarından doğan şeirləri oxucu üçün etibarlı bələdçidir. Oxucu onun poetik dünyasına rahatca səyahətə çıxa bilir. Və mənəvi yükünü qədərincə və gərəyincə tutduğuna görə peşiman olmur. Necə ki, sıravı bir oxucu kimi mən də peşiman olmadım. İlk təəssüratım belədir: sanki Tanrı ona sözlə yalnız bədii şəkildə davranmaq ixtiyarı verib.

Aytel sözün bütün imkanlarından – aydınlıq yaradan sadəliyindən, cilvələnmək təsiri bağışlayan qafiyələnməsindən, zövqü zinətləndirən obrazlılığından, təşbehlənməsindən və s. məharətlə istifadə edir. Adama elə gəlir ki, müəllif poetik fikrinin ifadəçisi olan bədii sözlə sehrli bir sevdadadır. Bu sevda olmasaydı, söz bunca onun sözünə baxmazdı.

İradə xanım həm sərbəst, həm də heca vəznində yazır. Tələblərə əməl olunanda heca vəznli şeir daxili məzmunla zahiri gözəlliyi birləşdirərək önə çıxır. Bu səbəbdən mən şairənin hecalı-qafiyəli şeirlərinə daha çox üstünlük verdim.

O, insani duyğularını, könül istəklərini, qarşı tərəfi vəfalı sevdaya çağıran arzularını obrazlı şəkildə ifadə edir. Bu sahədə uğurlar qazanan qələm nadir halda büdrəyir. “Sənsiz xəyal da uçuq”, “Qapımızı eşq döyür”, “Sevgilənək durulaq”, “Göz yaşını çək başına” anlaşılan mücərrəd deyimləri gözəldirsə, “Boyum dünyadan sürüşdü” kimi anlaşılmayan mücərrəd deyimi bir o qədər qeyri-gözəldir.

Eşq bəlasından kənarda dayanmağı ağlına gətirməyən Məhəmməd Füzuli aşiqin kamalını canını canana verməkdə görür. M.P.Vaqlf bu sevdada xeyli fərqlənir. O, vüsalda çox götürən, həsrətdə az itirən şairimizdir. Lap bu günümüzün qələm sahibi İradə Aytelin lirik qəhrəmanı (bəlkə də həmin taleyi yaşayan özü) daha çox arzu və şübhə ilə yaşayır. “Səni gözləyir” şeirinin iki bəndinə diqqət yetirək:

Gözlərini  Bənövşən
Аçмır,  səni  gözləyir.
Yаz  оlsа  dа  ətrini,
Sаçмır,  səni  gözləyir.

Qоrхur  yаd  əllər  dəyər,
Qurur  kоl  аltdа  dəyə,
“Sözlüм  gələcək”  –  dеyə,
Köçмür,  səni  gözləyir.

 

“Dərd” kəlməsi poeziyanın ən işlək, ən çox müraciət edilən atributudur. Hərə onu bir məna ilə yükləyib, öz bildiyi istiqamətə yönəldir. Iradə xanım da bu məsələyə müxtəlif bucaqlardan nəzər yetirə bilir. Dərdi həmdəm də sayanlar var, rəqib də. Hətta onu “bəxtəvər” edib vəzifədə – vəzirlik, vəkillik təxtində əyləşdirənlərə də təsadüf olunur – Ş.İ.Xətai kimi. Aytel isə dərdi mənəviyyata zərbə vuran sırf mənfi obraz timsalında ifşa edir, damğalayır. Bəlkə də bu hal onun insani hissə qarşı üsyanıdır:

 

Həyat sınaq meydanıdır,

Ər olanı hey tanıdır.

Dərd fələyin şeytanıdır,

Sınma dərdə, dərdin alım.

 

“İkimizin bir evimiz varıydı…” kitabında Vətən, Qarabağ mövzulu şeirlər də yer almışdır. Lakin kitabın əsas lokomotivi – dartıcı, aparıcı qüvvəsi lirikadır. Bu sitayiş olunası hiss adsız bir şeirində lap epogeyinə qalxır:

 

Səni  еlə  gəzirəм,
Qürbətdə  Vətən  kiмi.
Səni  еlə  gəzirəм,
Bülbülə  çəмən  kiмi.
Səni  еlə  gəzirəм,
Хəstəyə  dərмаn  kiмi.
Səni  еlə  gəzirəм!
Səni  еlə  gəzirəм!
Səni  sеvən
Мən  kiмi.

İradənin poeziyasında qadın psixologiyası bütün çalarları ilə müşahidə edilməkdədir. Qarşı tərəf çiskin, duman içərisində gah itib-batır, gah da ötəri görünür. Bu da lirik Məni qayğılandırır, üzür, başlıcası şübhəyə salır. O, bu uc verməyən, çözülməyən şübhələrin içində həqiqəti – bir-birindən ayrı düşmüş çağdaş Adəm və Həvvanın yerini, mövqeyini aramağa çalışır. Hələ vaxtilə qüdrətli şairimiz Hüseyn Cavid “Şeyx Sənan” dramında Şeyx Kəbirin dili ilə deyirdi: “Şübhədir hər həqiqətin anası, şübhədir əhli-hikmətin babası”.

Lirik Mən hisslər burulğanında çırpınır. Müəllif qəhrəmanını (və ya özünü) fərqli mövzulara lazımınca istiqamətləndirmir. Ona görə də onun könül şəhərindəki prospektlərin, küçələrin, döngələrin, dönəmlərin sayı azlıq təşkil edir. Qorxmağa ehtiyac yoxdur. Məhəbbət tufanı, qasırğası sevən qəlbi nə qədər sovursa da, yenə tükənən deyil. Əksinə, eşq birini aparırsa, yerində minini bitirir. Bu fikri vaxtilə yazdığım bir şeirin bir misrasında təsdiqləmişəm: “Abad oldum  bu talandan, zülümdən”. Qələm adamında mövzu rəngarəngliyi bəhrəyə aparan vacib şərtdir. Belə olanda lirik Mənin sevdalı könül şəhərinin küçələri də, prospektləri də, işıqları da artır, zənginləşir. Elə Aytelin “Evim” şeirində olduğu kimi:

 

Bir  libаsdа,  bir  gеyiмdə,
Həмişə  kаsıb  еviм.
Еvlərə  bаyrам  gələndə,
Bоynunu  qısıb  еviм.

Pərdəsi  qəмnən  çözülü,
Içini  yаndırır  çölü,
Göz  görəndə  kinаyəli,
Əzilib,  susub  еviм

Əl  аçıbdı  səsə-küyə,
Duа  еdib  üzü  göyə,
Qаpıмı  bəхt  döyər  dеyə,
Səbrini  bаsıb  еviм.

 

Evrika! Deyəsən, “Tapdım!” deməyə tələsmişəm. Vüsalın, Xəyalənin oxucu gözünün axtardığı imzaları xeyli vaxtdır ki, görünmür. Ümid Gəncə ədəbi mühitinin gənc nəsil qarafasını rəqəmləşdirən, insanlaşdıran, sənətləşdirən İradə Aytelə qalmışdı. Bəlkə, bu şam, bu işıq pərvanəli olacaqdı? Eşitdiyim bir xəbər təəssüf mehi kimi ürəyimi titrətdi: “İradə xanım da Gəncəni tərk etmişdir”. Deyirlər, yalan danışmaq, yalan eşitmək günahdır. Elə bu məqamda yalan eşitmək üçün burnumun ucu göynəyir. Həmişə qanad arzuladığım, İradə, kaş səni vecsiz, səmərəsiz uzaqlara uçuran qanadların ərimiş olaydı…

 

Qərib Mehdi

Yanvar-2011

Yazıya 810 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.