Vasif Zöhraboğlu — Darıxarsan ürəyimin başında

428318_325651720886916_1171540538_n

Heykəl qadın

Gör necə kiriyib göz-qaşı, əli,
Bu əsər önündə necə məst oldum…
Bu heykəl gözəli, bu daş gözəli,
Sevib tapınmaqdan bütpərəst oldum.

Daşlara tapındım, daş ömrü sürdüm,
Mənim tək daşlara inanan varmış.
Usta əlləriylə yonuldu, gördüm
Hər daşın içində bir insan varmış..

  • Sənin də daş olmaq imiş taleyin,
    Məni unutmağa yaddaşın  yoxdu.
    Yaşasam sevməyə qəlbin, ürəyin,
    Ölsəm ağlamağa göz yaşın  yoxdu.

    Daha tapındırma məni özünə,
    Daha daş gözlərin mənə baxmasın….
    İlahi, rəhm eylə bu yer üzünə,
    Analar qız doğsun, heykəl doğmasın!

  • Men bütün qızları aldadıb sevdim…

    Min yalan uydurdum, min yalan qoşdum,
    Dərd verib, qəm verib ağladıb sevdim.
    Mən bütün qızlara yalan danışdım,
    Mən butun qizları aldadıb sevdim.

    Əlindən varını, yoxunu aldım,
    Canından can çəkib, ruhunu aldım,
    Mən bütün qızların ahını aldım,
    Mən bütün qızları aldadıb sevdim.

    Eh.. kimi yarıtdım, kimdən yarıyam,
    Neçə göz yaşının səbəbkarıyam.
    Mən də bu sevginin inadkarıyam,
    Mən butun qızları aldadıb sevdim.

    Ay Allah, bilmədim, Allah bilmədim,
    Bilmədim, bilmədim, Vallah bilmədim.
    Aldadıb sevməyi günah bilmədim,
    Mən bütün qızları aldadıb sevdim.

    Gəl daha son qoyaq sevgi nağlına,
    Vasif, nələr geldi sənin ağlına.
    Qızlar inanmayın Zöhraboğluna,
    Mən bütün qızları aldadıb sevdim…

  • Darıxarsan

    Darıxarsan, çarpayında uzanıb,
    Xəyalında yaxınlaşar uzaqlar.
    Küçənizin səkisində dayanıb,
    Pəncərəni daşa basar uşaqlar.

    Daşlar dəyib pəncərənə qayıdar,
    Daşlar gəlib ürəyinə toxunmaz.
    Nə səni atılan daşlar ovudar,
    Nə də ki, taleyin daşdan oxunmaz.

    Udum-udum yanağıma tökülüb,
    Əriyərsən gözlerimin yaşında.
    Gecələri yorğanına bükülüb,
    Darıxarsan ürəyimin başında.

    Səni sevdim ötüşmədi gün ahsız,
    Bundan belə bu sevgidə yoxamda.
    Yuma mənim günahımı günahsız,
    Ölsəm gedər iki əlin yaxamda…

    Üşüməyəsən

    O yarpaq qızları, xəzəl qızları,
    Küsdürdüm könlümün budaqlarıyla.
    Eh… daha dünyanın gözəl qızları,
    Yeriyir payızın ayaqlarıyla…

    Ay yaşıl geyimlim, ay yaz nəfəslim,
    Ömrümə gəlməyə bir azda ləngi.
    Ay vüsal həvəslim, sevgi həvəslim,
    Axı ayrılığın sarıdı rəngi…

    Sənin həsrətindən qəm yemirəm ki,
    Dərdimə bir ürək daş yonan olar.
    Daha ömrüm günüm istəmirəm ki,
    Qurunun oduna yaş yanan olar.

    Payızdan da keçdi daha mənim ki.
    Gülüm, siz tərəfdə qışdı deyəsən.
    Bilmirəm əynimə nə geyinim ki,
    Sinəmin altında üşüməyəsən…

    O yarpaq qızları, xəzəl qızları,
    Küsdürdüm könlümün budaqlarıyla.
    Eh… daha dünyanın gözəl qızları,
    Yeriyir payızın ayaqlarıyla…

Yazıya 705 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.